featured-image-1341

1.Əbu Hüreyrədən rəvayət olunur ki, Allahın elçisi(sav) buyurmuşdur: «Müntəzəm olaraq oruc tutan şəxsi çıxmaq şərtilə heç kəs Ramazan ayını bir və ya iki gün öncə oruc tutmaqla qarşılamasın».
Hədisi Buxari və Müslim rəvayət etmişdir.
2.Səhl ibn Səddən rəvayət olunur ki, Allahın elçisi(sav) buyurmuşdur: «İnsanlar iftarı tezləşdirəcəkləri təqdirdə, əmin-amanlıq içində yaşayacaqlar».
Hədisi Buxari və Müslim rəvayət etmişdir.

3.Əmmar ibn Yasirin belə deməsi rəvayət olunur: «Kim Ramazanın gəlişini tam yəqin etmədən oruc tutsa, Əbul-Qasimə(sav) asilik etmiş olar». Hədisi Buxari isnadsız, Əhməd, Əbu Davud, Tirmizi, Nəsai və İbn Macə isə mövsül isnadla rəvayət etmiş, bunula belə İbn Xüzeymə və İbn Hibban isə səhih hesab etmişdir.

4.İbn Ömər Allah elçisinin(sav) belə deməsini eşitmişdir: «Yalnız təzə ayı gördükdə oruc tutun, iftarınızı da yalnız onu gördükdə açın. Hava buludlu olsa, onda günləri sayın». Hədisi Buxari və Müslim rəvayət etmişdir.
Müslimin rəvayətində deyilir: «Hava buludlu olsa, onda otuz gün hesablayın».
Buxarinin rəvayətində isə deyilir: «Ötən ayı otuz gün hesablayın».
Buxarinin Əbu Hüreyrədən rəvayət etdiyi digər bir hədisdə isə belə deyilir: «Şaban ayını otuz gün hesablayın».

5.İbn Ömərin belə deməsi rəvayət olunur: «Adamlar təzə ayın çıxıb-çıxmamasını aydınlaşdırdıqları vaxt, Peyğəmbərə, (sav), təzə ayı görməyim barədə xəbər verdim. O bunu eşidən kimi oruc tutdu və adamlara da oruc tutmağı əmr etdi». Hədisi Əbu Davud rəvayət etmiş, Hakim və İbn Hibban isə səhih hesab etmişdir.

6.Ənəs ibn Malikdən rəvayət olunur ki, Allahın elçisi,(sav), buyurmuşdur: «Səhur edin, çünki onda bərəkət vardır». Hədisi Buxari və Müslim rəvayət etmişdir.

7.Əbu Hüreyrənin belə deməsi rəvayət olunur: Allahın elçisi(sav) visal etməyə (səhur və iftar etmədən oruc tutmaq) qadağa qoydu. Belə olan halda müsəlmanlardan biri Peyğəmbərə dedi: «Ey Allahın elçisi! Axı sən özün belə edirsən!» Peyğəmbər(sav) də belə cavab verdi: «Hansınız mənim kimisiniz. Mən gecə yatıram, Allah-taala isə məni həm yedizdirir, həm də içizdirir». Bəziləri visalın nəhy olunmasına öz etirazlarını bildirdilər. Onda Peyğəmbər(sav) onlarla bir gün, sonra o biri gün də visal etdi. Üçüncü gün onlar təzə ay gördülər. Allahın elçisi dedi: «Əgər təzə ay gec çıxsaydı, mən sizin üçün bu müddəti uzadardım».
Hədisi Buxari və Müslim rəvayət etmişdir.

8.Yenə də Əbu Hüreyrədən rəvayət olunur ki, Allahın elçisi(sav) buyurmuşdur: «Kim yalan danışmaqdan, yalana əməl etməkdən və avamçılıqdan əl çəkməzsə, onun yeyib-içməkdən imtina etməsi Allaha lazım deyil». Hədisi Buxari və Əbu Davud rəvayət etmişdir. Hədisin mətni sonuncuya aiddir.

9.İbn Abbasdan rəvayət olunur ki, Peyğəmbər(sav) oruclu halda və ehramda olarkən qan aldırardı.
Hədisi Buxari rəvayət etmişdir.

10.Aişədən rəvayət olunur ki, Peyğəmbər(sav) Ramazan ayında oruclu halda gözlərinə sürmə çəkmişdir.
Hədis səhihdir. Bax: “Səhih İbn Macə”, 1369; “Ər-Raud”, 759.

11.Əbu Hüreyrədən rəvayət olunur ki, Allahın elçisi(sav) buyurmuşdur: «Kim oruc tutduğu zaman unutqanlıqdan yeyib-içsə, orucunu davam etdirsin, çünki Allah-taala onu özü yedirib-içizdirib». Hədisi Buxari və Müslim rəvayət etmişdir.

12.Əbu Hüreyrədən rəvayət olunur ki, Allahın elçisi(sav) buyurmuşdur: «Kim qussa, onun üçün qəza orucu yoxdur. Bilərəkdən qusan üçün isə qəza orucu vardır». Hədisi Əhməd, Əbu Davud, Tirmizi, Nəsai və İbn Macə rəvayət etmişdir.

13.Həmzə ibn Əmr əl-Əsləminin Peyğəmbərə(sav) belə deməsi rəvayət olunur: «Ey Allahın elçisi! Mən səfərdə olarkən oruc tutmaq üçün özümdə güc tapa bilirəm. Bu mənim üçün günah sayılırmı?» Allahın elçisi(sav) belə cavab verdi: «Bu, Allahdan olan bir icazədir. Kim bu icazədən istifadə etmiş olsa, düz hərəkət etmiş olar. Oruc tutmaq istəyən isə heç bir günah işlətmir». Hədisi Müslim rəvayət etmişdir.

14.İbn Abbasın belə deməsi rəvayət olunur: «Qoca adama hər gün üçün bir kasıb doyuzdurması icazə verilir. Buna görə o artıq qəza orucu tutmaya bilər». Hədisi Dəraqutni və Hakim rəvayət etmiş, eyni zamanda da onu səhih hesab etmişdir.

15.Əbu Hüreyrədən rəvayət olunur ki, bir kişi Peyğəmbərin(sav) hüzuruna gəlib dedi: «Ey Allahın elçisi! Mən məhv oldum» Peyğəmbər(sav) dedi: «Səni nə məhv etdi?» Dedi: «Mən Ramazan ayında, oruclu halda yoldaşımla cinsi əlaqədə oldum». Peyğəmbər dedi: «Sən bir qulu köləlikdən azad edə bilərsənmi?» Kişi dedi: «Xeyr». Peyğəmbərdedi: «Altmış gün dalbadal oruc tuta bilərsənmi?» Kişi dedi: «Xeyr». Peyğəmbəryenə dedi: «Bəs altmış yoxsulu yedizdirə bilərsənmi?» Kişi dedi: «Xeyr». Sonra o oturdu. Elə bu radələrdə Peyğəmbərə(sav) böyük zənbillə dolu xurma gətirdilər və Peyğəmbər kişiyə dedi: «Bunu götür və sədəqə kimi payla». Kişi dedi: «Məndən daha kasıb olanlara paylayım? Mədinənin iki dağı arasında mənim ailəmdən kasıb ailə yoxdur». Peyğəmbər(sav) bu sözləri eşidən kimi elə güldü ki, hətta dişləri belə bir anlıq göründü. Sonra üzünü kişiyə tutub dedi: «Get və bununla ailəni yedizdir».
Hədisi Buxari, Müslim, Əhməd, Əbu Davud, Tirmizi, Nəsai və İbn Macə rəvayət etmişdir. Hədisin mətni Müslimə aiddir.

16.Aişədən rəvayət olunur ki, Peyğəmbər(sav) buyurmuşdur: «Kim oruc borcu ola-ola vəfat etsə, tuta bilmədiyi oruclarını onun əvəzinə yaxınlarından biri tutmalıdır».
Hədisi Buxari və Müslim rəvayət etmişdir.

Buluğul Məram” (Məqsədə Çatma) kitabından
Tərcümə edən :Rəsul Ömərov
www.islamevi.az

Bənzər Məqalələr

media-img_5646

Allahın elçisi ﷺ müxtəlif hədislərində Allah qatında xeyirli və yaxşı insanların kimlər olduğuna dair belə demişdir: «Ən xeyirliniz Quranı öyrənən və öyrədəndir.» (Sahih əl-Buxari, 5027). «Ən xeyirliniz əxlaqı ən gözəl […]
Daha ətraflı