featured-image-1087

NƏBƏ surəsinin təfsiri
Məkkə surələrindəndir.
Bismilləhir Rəhmanir Rəhim!
1) Bir-birindən nə haqqında soruşurlar? 2) O, böyük xəbər haqqındamı? 3) O, elə bir xəbərdir ki, onun barəsində ixtilafdadırlar. 4) Xeyr, onlar yaxında mütləq biləcəklər! 5) Yenə də xeyr, onlar yaxında mütləq biləcəklər!

6) Məgər Biz yer üzünü döşək; Məgər Biz yeri üzünü döşək; 7) Dağları isə dirək yaratmadıqmı?! 8) Biz sizi cüt olaraq yaratdıq. 9) Yuxunuzu da istirahət etdik. 10) Gecəni bir libas; 11) Gündüzü isə güzaranı yaxşılaşdırmaq vaxtı etdik. 12) Üstünüzdə yeddi möhkəm tikdik. 13) Par-par parıldayan bir çıraq düzəltdik. 14) Sıx-sıx dayanmışlardan şırıl-şırıl axan yağmur endirdik; 15) Ki, onunla dən və bitki çıxardaq, 16) Sarmaşan bağlar yetişdirək”.

Allah təala müşriklərin Qiyamət gününün baş verməsi haqqında bir-birilərinə sual vermələrinə inkar cavabı olaraq buyurur: “Bir-birindən nə haqqında soruşurlar? O, böyük xəbər haqqındamı?” Yəni, onlar bir-birilərindən hansı məsələ haqda soruşurlar? Onların soruşduqları Qiyamət günü haqqındadır. Bu, böyük xəbərdir. Yəni, dəhşətli, əsrarəngiz və vahiməli bir xəbərdir.
Qatədə və İbn Zeyd deyirlər ki, böyük xəbər ölümdən sonra yenidən dirilmədir. Mucahidin sözlərinə görə isə bu xəbər Qurandır. Lakin əsas olan birinci fikirdir. “O, elə bir xəbərdir ki, onun barəsində ixtilafdadırlar”. Yəni, insanlar bu barədə bir-birinə zidd iki fikirdədilər: Ona iman gətirənlər və onu inkar edənlər.
Sonra Uca Allah Qiyaməti inkar edənlərə xəbərdarlıq edərək buyurdu: “Xeyr, onlar yaxında mütləq biləcəklər! 5) Yenə də xeyr, onlar yaxında mütləq biləcəklər!” Bu, şiddətli xəbərdarlıq və güclü əzab qorxusudur.
Daha sonra Allah təala qəribə şeylərin və fövqəlbəşər işlərin yaradılması üzrə qayıdış və sair məsələlərlə bağlı Öz qüdrətinə dəlalət edən məqamları bəyan edərək buyurdu: “Məgər Biz yeri üzünü döşək yaratmadıqmı?!” Yəni, Allah təala Yer üzünü məxluqatın sərancamında olan sakit, əmin və sabit bir məkan olaraq yaratmışdır. “Dağları isə dirək yaratmadıqmı?!” Yəni, Uca Allah dağları Yeri möhkəmlədən, onu bərkidən bir dirək olaraq yaratmışdır ki, Yer möhkəm olsun və üzərində mövcud olanları qarışıqlığa uğratmasın.
“Biz sizi cüt olaraq yaratdıq”. Yəni, kişi və qadın yaratdıq. Bu cütlüyün hər biri digərindən həzz alar, bununla da nəsil artımına nail olunar. Allah təala buyurur ki, “Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!” (ər-Rum, 21)
“Yuxunuzu da istirahət etdik”. Yəni, gündüz vaxtı yaşam güzəranını səhmana salmaqdan ötrü çoxlu iş-gücdən, əmək sərf etməkdən qurtulub istirahət tapmaq üçün gecəni yaratdıq. Əl-Furqan surəsində buna oxşar daha bir ayə var.
“Gecəni bir libas etdik”. Yəni, gecə öz kölgəliyi və qaranlığı ilə günəşi örtür. Necə ki, Allah təala buyurur: “And olsun onu (günəşi) örtən gecəyə…” (əş-Şəms, 4) Şair öz şeirində bu hala toxunaraq demişdir: “Gecəni geyindirdiyimiz zaman…”
Qatədə Allah təalanın “Gecəni bir libas etdik” ayəsi barədə deyir ki, libas sakitlik və rahatlıq anı deməkdir.
“Gündüzü isə güzaranı yaxşılaşdırmaq vaxtı etdik”. Yəni, insanların dolanışıq üçün gedib-gəlmələri, hərəkətdə olmaları, qazanc əldə etmələri, alış-veriş və digər şeyləri yerinə yetirmələri üçün gündüzü işiqlı və aydın yaratdıq.
“Üstünüzdə yeddi möhkəm tikdik”. Yəni, geniş, yüksək, möhkəm, dəyişilməz, habelə ulduzlar və kametalarla bəzədilmiş yeddi qat səmanı yaratdıq. Ona görə də uca Allah buyurdu ki, “Par-par parıldayan bir çıraq düzəltdik”. Yəni yerin bütün sakinlərinə öz işığını saçan və yerin hər nöqtəsinə çatan parlaq, nurlu günəşi yaratdıq.
“Sıx-sıx dayanmışlardan şırıl-şırıl axan yağmur endirdik”. Ovfi İbn Abbasdan rəvayət edir ki, ayənin ərəbcəsində (الْمُعْصِرَاتِ) kimi keçən sıx-sıx dayanmışlar külək deməkdir.
Ibn Hatim İbn Abbasdan rəvayət edərək bildirir ki, bu sözün mənası küləklərdir. Eyni zamanda bunu İkrimə, Mucahid, Qatədə, Muqatil, Əl-Kəlbi, Zeyd ibn Sabit və onun oğlu Əbdürrəhman da söyləmişdir. Bu fikrə görə, külək buludlardan suyu toplayaraq yerə endirər.
Əli ibn Əbu Talha Allah təalanın “Sıx-sıx dayanmışlar” ayəsi barədə İbn Abbasın belə dediyini də rəvayət etmişdir: O, buluddur. Bunu İkrimə, Əbul Aliyə, Dahhak, Həsən, Rabi ibn Ənəs və Sövri də söyləmişdir. İbn Cərir bu mənanı seçib qeyd etmişdir.
Fərra deyir ki, bu, yağışın bir yerə toplandığı, lakin hələ yağmadığı buludlardır. Belə ki, ərəblər aybaşı vaxtı çatan, amma hələ aybaşı olmayan qadına “sıxışdırılmış qadın” — deyərlər.
Həsən və Qatədə isə bunun göylər olduğunu söyləmişlər. Lakin bu görüş yanlışdır.
Belə aydın olur ki, “sıxışdırılmış” — dedikdə, buludlar nəzərdə tutulur. Necə ki, Allah təala buyurur: “Buludları hərəkətə gətirən küləkləri göndərib onları göy üzündə istədiyi kimi yayan və topa-topa edən Allahdır. Artıq buludların arasından yağış çıxdığını görürsən. Onu (yağışı) bəndələrindən istədiyinə verən kimi onlar sevinərlər”. (ər-Rum, 48)
“Şırıl-şırıl axan yağmur” sözləri haqda Mucahid, Qatədə və Rabi ibn Ənəs deyirlər ki, bu, axan sudur. Sövri bunun ard-ardına axan, İbn Zeyd isə çoxlu axan su olduğunu bildirmişdir.
İbn Cərir ət-Təbəri demişdir: “Ərəblərin dilində çoxluq mənasında işlənən “səc” (ayədəki söz) sözü yoxdur. Bu söz dalbadal axan mənasını daşıyır. Belə ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) bu sözü öz kəlamında işlədərək buyurmuşdur: “Həccin ən fəzilətlisi yüksək səslə təlbiyə gətirilən və dəvə qanları axıdılan həcdir”. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) bu kəlməni qan axıdılması və tökülməsi mənasında işlətmişdir. Həmçinin, aybaşı olan bir qadın Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) yanına gəlib bu haqda ondan soruşduqda, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) ona pambıqla ört demişdi. Həmin vaxt qadın belə cavab vermişdi: “Ey Allahın elçisi, qan daha çox gəlir, dayanmadan axır”. Bu ona dəlalət edir ki, ayədə “səcc” olaraq qeyd olunan söz dayanmadan, şırıl-şırıl axmaq mənasındadır. Doğrusunu Allah bilir.
“Onunla dən və bitki çıxardaq; Sarmaşan bağlar yetişdirək”. Yəni, bunlar dayanmadan axan və şırıl-şırıl tökülən bu bərəkətli və faydalı sularla insanların yetişdirib saxladıqları dənələr və heyvanların isə yaş-yaş yedikləri yaşıl bitkilər çıxartmağımız üçündür. Bağlar müxtəlif rənglərdən, fərqli sortlardan, növbənöv qoxu və dadlardan ibarət meyvələr bitən baxça və bostanlardır. Hamısı eyni yerdə yetişsələr də fərqli dad və ləzzətə malik meyvələrdir. “Sarmaşan bağlar yetişdirək”. İbn Abbas və başqaları deyirlər ki, sarmaşan bir-birinə bitişik mənasını daşıyır. Allah təala buyurur: “Yer üzündə bir-birinə yaxın (qonşu) qitələr, eyni su ilə sulanan üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. Halbuki Biz yemək baxımından onların birini digərindən üstün tuturuq. Şübhəsiz ki, bunda da anlayıb dərk edən insanlar üçün əlamətlər vardır”. (ər-Rəd, 4)

17) Həqiqətən, ayırd etmə günü təyin edilmiş bir vaxtdadır. 18) Sura üfürüldüyü gün dəstə-dəstə gələcəksiniz. 19) Səma qapılarla açılacaq. 20) Dağlar yerindən qopardılıb ilğıma sevriləcəklər. 21) Həqiqətən, Cəhənnəm bir pusqudur. 22) O, azğınların düşəcəkləri məkandır. 23) Onlar sonsuz müddət boyunca orada qalacaqlar. 24) Onlar orada heç bir sərinlik, heç bir içki dadmayacaqlar. 25) Yalnız qaynar su və irin! 26) Müvafiq cəza kimi; 27) Axı onlar sorğu-suala çəkilməyi hesaba almırdılar. 28) Ayələrimizi də bacardıqca yalan sayardılar. 29) Biz hər şeyi hesablayıb yazmışıq. 30) Elə isə dadın, Biz sizin üçün əzabdan başqa heç nə artırmayacağıq.

Allah təala Ayırd etmə günü olan Qiyamət günü haqda xəbər verərək buyurur. O, təyin olunmuç bir vaxtda baş tutacaqdır. Həmin günün vaxtı nə tezləşər, nə də gecikər. Onun dəqiq vaxtını izzət və cəlal sahibi olan Allahdan başqa heç kəs bilə bilməz. Allah təala buyurur ki, “Biz onu yalnız müəyyən bir müddət üçün təxirə salmışıq”. (Hud, 104)
“Sura üfürüldüyü gün dəstə-dəstə gələcəksiniz”. Mucahid bunun zəmrə-zümrə gəlmə mənasını verdiyini demişdir. İbn Cərir isə deyir ki, yəni hər bir ümmət öz peyğəmbəri ilə gələcəkdir. Çünki Allah təala buyurur ki, “Bir gün bütün insanları öz ilə birlikdə çağıracağıq”. (əl-İsra, 71)
Buxarinin Əbu Hureyrədən rəvayət etdiyi hədisdə Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) belə buyurmuşdur: “İki üfürmənin arası qırxdır”. Bu zaman səhabələr soruşdular: “Qırx günmü?” Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurdu: “Demirəm”. Səhabələr yenə soruşdular: “Qırx aymı?” Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) yenə “Demirəm” — deyə buyurdu. Səhabələr yenə də soruşdular: “Qırx ilmi?” Bu dəfə də Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) “demirəm” — dedi və bunları söylədi: “Sonra Allah səmadan bir su endirər, siz də paxla becərilən kimi becərilərsiniz. İnsanın hər yeri çürüyər, ancaq bir sümüyü çürüməz. Bu quyruq sümüyüdür. Qiyamət günü yaradılmışlar ondan təşkil olunacaqlar”.
“Səma qapılarla açılacaq”. Yəni, mələklərin nazil olmaları üçün yollara və keçidlərə ayrılacaq. “Dağlar yerindən qopardılıb ilğıma sevriləcəklər” Allah təala başqa ayələrdə bu mövzuya toxunaraq buyurur: “Dağlara baxıb onları donmuş zənn edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər”. Dİgər ayədə uca Allah buyurur: “Dağlar isə didilmiş yun kimi olacaqdır”. (əl-Qariə, 5)
“İlğıma sevriləcəklər” Yəni baxanların gözündə bir şey görsənəcək. Əslində isə heç nə olmayacaq. Bundan sonra isə tamamilə yox olacaq. Nə görünən bir şey, nə də bir iz qalacaq. Allah təala buyurur: “Səndən dağlar haqqında soruşarlar. De: “Rəbbim onları ovxalayıb havaya sovuracaq; Dümdüz bir yer edəcək və sən orada heç bir eniş-yoxuş görməyəcəksən”. (Taha, 105-107) Başqa bir ayədə uca Allah buyurur: “O gün dağları hərəkətə gətirəcəyik. Yeri dümdüz görəcəksən”. (əl-Kəhf, 47)
“Həqiqətən, Cəhənnəm bir pusqudur”. Yəni hazırlanmış bir tələdir. “O, azğınların düşəcəkləri məkandır”. Azğınlar peyğəmbərlər müxalif olan haq yoldan azmış asilərdir. Düşəcəkləri yer onların axır dönüşləri, aqibətləri və məskənləri olacaq. Həsən və Qatədə “Həqiqətən, Cəhənnəm bir pusqudur” ayəsi haqda deyirlər ki, heç kəs Cəhənnəmdən keçməmiş, Cənnətə daxil olmayacaq. Kimin keçid izni olsa, keçəcək, izni olamayanlar isə orada tutulacaqlar. Süfyan əs-Sövri deyir ki, Cəhənnəm üzərində üç körpü var.
“Onlar sonsuz müddət boyunca orada qalacaqlar”. Orada onlar sonsuz müddət qalacaqlar. Ayədə (أحقابا ) deyə qeyd olunan sonsuz müddət ifadəsi ərəbcədə (حقُب – huqb) sözünün cəmidir. Bu söz vaxtın bir hissəsi kimi məna daşısa da nə qədər olduğu haqda müxtəlif görüşlər mövcuddur. İbn Cərir Salim ibn Əbul Cəddən nəql edir ki, Əli ibn Əbu Talib Hilal Həcəriyə belə demişdi: Allahın nazil olan kitabındakı “huqb” sözünün nə məna daşıdığını bilirsiniz?” O isə belə cavab vermişdi: “Biz onun səksən il, hər ilin on iki ay, hər ayın otuz gün, ancaq hər günün min il olduğunu bilirik”.
Habelə Əbu Hureyrə, Abdulla ibn Amr, İbn Abbas, Səid ibn Cubeyr, Amr ibn Meymun, Həsən, Qatədə, Rəbi ibn Ənəs və Dahhakdan da bu cür nəql olunmuşdur. Həsən və Suddidən nəql edilir ki, daha yetmiş ildə əlava var. Abdulla ibn Amrdan nəql olunur ki, “huqb” hər gününü hesabınızda min il tutduğunuz qırx ildir. Hər ikisini də Əbu Hatim rəvayət etmişdir.
Buşeyr ibn Kəb demişdir ki, mənə bildirilənə görə, üç yüz il, hər il üç yüz altmış gün, hər gün də min il kimidir. Bunu İbn Cərir və İbn Hatim rəvayət etmişlər.
Sonra İbn Əbu Hatim nəql edərək bildirir ki, Ömər ibn Əli Əbu Uməmədən sözügedən ayə haqda Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) belə dediyini rəvayət etmişdir: “Huqb min aydır. Onun hər ayı otuz gün, ili on iki ay, üç yüz altmış gün, hər günü isə sizin hesabınızla min ildir. Huqb otuz min dəfə min ildir”. Bu mütləq şəkildə inkar olunan rəvayətdir. İstər hədisin sənədindəki Qasim, istərsə də ondan rəvayət edən Cəfər ibn Zubeyr rəvayətləri qəbul olunmayan kəslərdir.
Bəzzar Süleyman ibn Muslim Əbul Muallinin Süleyman Təmimidən belə soruşduğunu nəql etmişdir: “Oddan kimsə çıxacaqmı?” O isə dedi: “Nafi mənə danışmışdırki, İbn Ömər Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) belə dediyini eşitmişdir: “Allaha and olsun ki, heç kim Cəhənnəmdə uzun bir müddət (huqb) qalmadıqca oradan çıxmaz”. Özü isə demişdir ki, huqb səksən ildən artıqdır. Hər il isə hesabınıza görə, üç yüz altmış gündür. Süleyman ibn Muslim Bəsrəli tanınmış şəxsiyyətdir.
Suddi “Onlar orada sonsuz müddət boyunca qalacaqlar” ayəsinin təfsirində deyir ki, bu müddət yeddi yüz huqbdur. Onun hər biri yetmiş il, hər il üç yüz altmış gün, hər gün də sizin hesabınıza görə min ildir.
Muqatil ibn Heyyan demişdir ki, bu ayə Allah təalanın “İndi dadın, Biz sizin üçün əzabdan başqa heç nə artırmayacağıq” ayəsi ilə nəsx olunmuşdur.
Xalid ibn Mədan demişdir: “Bu və “Rəbbinin istədiyi istisna olmaqla” (Hud, 107) ayəsi tövhid əhli haqqındadır”. Hər iksini İbn Cərir nəql etmiş və demişdir: “Oa bilsin ki, “Onlar orada sonsuz müddət boyunca qalacaqlar” ayəsi Allah təalanın “Onlar orada heç bir sərinlik, heç bir içki dadmayacaqlar” ayəsi ilə əlaqəlidir. Bundan sonra da Allah onlara başqa şəkildə və başqa növdə əzab hazırlayacaq. Doğru olan rəy əzabın sonunun olmamasıdır. Qatədə və Rəbi ibn Ənəs də bu cür qeyd etmişlər. daha öncə bunu xatırlatdıq.
Məhəmməd ibn Əbdürrəhim əl-Bərqi nəql edir ki, Salim Həsəndən Allah təalanın “Onlar orada sonsuz müddət boyunca qalacaqlar” ayəsi haqda soruşmuş, o da belə cavab vermişdi: “Sonsuz müddət deyiləndə sayılmayan və əbədi olan bir müddət nəzərdə tutulur. Lakin onu da qeyd etmişlər ki, bu müddət hər günü min il olan yetmiş ildən ibarətdir.
Səid Qatədədən nəql edərək bildirir ki, Allah təala buyurur: “Onlar orada sonsuz müddət boyunca qalacaqlar”. Bu müddətin sonu yoxdur. Hər dəfə qurtardıqca, yeni bir müddət əlavə olunacaq. Bizə deyilənə görə, bu müddət səksən ildir.
Rəbi İbn Ənəs deyir ki, “bu müddətlərin sayının nə qədər olduğu məlum deyil. Lakin müddətin birinin sayı səksən ildir. Hər il üç yüz altmış gün hər gün də sizin hesabınızla min ildir”. Bu iksini də İbn Cərir nəql etmişdir.
“Onlar orada heç bir sərinlik, heç bir içki dadmayacaqlar”. Yəni onlar Cəhənnəmdə qəlblərini sərinlədəcək bir şey tapa bilməyəcəkləri kimi, içmək üçün də gözəl içkilərdən dadmayacaqlar. Ona görə də Allah təala buyurur ki, “Qaynar su və irindən başqa”. Əbul Aliyə deyir ki, Allah təala sərinlikdən qaynar suyu, içkidən isə irini istisna olaraq çıxartdı. Rəbi İbn Ənəs də belə qeyd etmişdir. Ayədəki qaynar su ifadəsi hərarəti ən son həddə çatmış sudur. İrin isə Cəhənnəm əhlinin yara-xoralarından axan irindən, onların tərlərindən, göz yaşlarından və qanlarından ibarət olan qatı mayedir. O, suyuqdur, ancaq şiddətli soyuqluğuna görə dözülməz, pis qoxusuna görə yaxınlaşıla bilməz. Sad surəsində bu irin haqda lazimi məlumat verilib. Ona görə də təkrara ehtiyac yoxdur. Uca Allah Öz lütfü və mərhəməti ilə bizi bundan qorusun!
İbn Cərir deyir ki, bəzilərinin sölərinə görə, “Onlar orada sərinlik dadmayacaqlar” ayəsində məqsəd onların Cəhənnəmdə yata bilməyəcəkləridir”. İbn Cərir bunu özü qeyd etsə də kiməsə isnad etməyib. Bunu İbn Əbu Hatim Siddi vasitəsi ilə Murradan nəql etmişdir. Onu Mucahiddən də nəql etmişdir. Bəğəvi də Əbu Ubeydə və Kisaidən bu cür rəvayət etmişdir.
“Müvafiq cəza kimi” Yəni bu əzab onların dünyada etdikləri fəsadlı əməllər uyğun olaraq tətbiq olunur. Bu fikri Qatədə, Mucahid və bir neçə nəfər qeyd etmişlər.
“Axı onlar sorğu-suala çəkilməyi hesaba almırdılar”. Onlar inanmırdılar ki, əməllərinin qarşılığını alacaqları, hesaba çəkiləcəkləri bir gün olacaq. “Ayələrimizi də bacardıqca yalan sayardılar”. Həmçinin, onlar Allahın Öz peyğəmbərlərinə göndərdiyi və yaratdıqlarına lütf etdiyi dəlil və sübutları təkzib edir, onlara qarşı inadkarlıq və təzyiq göstərirdilər.
“Biz hər şeyi hesablayıb yazmışıq”. Yəni biz bütün bəndələrin əməllərini bilirdik, bunları yazdıq və bunlara əsasən də cəzalandıracağıq. Əgər xeyir işlədibsə, xeyir görəcək, şərr işlədibsə, şərr görəcək.
“Elə isə dadın, Biz sizin üçün əzabdan başqa heç nə artırmayacağıq”. Cəhənnəm əhlinə deyiləcək: İçərisində olduğunuz şeydən dadın! Biz sizin üçün yalnız buna oxşar əzablar artıracağıq. Allah təala bu haqda buyurur: “Ona bənzər daha başqa-başqa (əzablar) vardır”. (Sad, 58)
Qatədə Əbu Əyyub əl-Əzdidən nəql edir ki, Abdulla ibn Amr belə demişdir: “Cəhənnəm əhlinə bu ayədən daha ağır əzablı ayə nazil olmamışdır. Onların əzabı davamiyyətli olaraq çoxaldılacaq.
Əbu Hatim deyir: Məhəmməd ibn Məhəmməd ibn Musab Həsəndən nəql edərək bizə bildirir ki, Əbu Bərza əl-Əsləmiyə Cəhənnəm əhli üçün Allahın kitabında ən ağır hansı ayənin olduğunu soruşdum. O isə cavabında Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) bu ayəni oxuduğunu eşitdiyini söylədi: “İndi dadın, Biz sizin üçün əzabdan başqa heç nə artırmayacağıq”. İnsanlar izzət və cəlal sahibi olan Allaha asiliklər etdiklərinə görə həlak oldular. Bu hədisin raviləri arasında olan Cəsir ibn Fərqad hədisləri bütünlüklə zəif olan rəvayətçidir.

31) Şübhəsiz, müttəqilər üçün bir qurtuluş vardır. 32) Bağçalar və üzümlüklər; 33) Sinələri təzəcə tumurcuqlanmış həmyaşıd qızlar. 34) Və dolu qədəhlər! 35) Orada boş söz və yalan eşitməyəcəklər. 36) Bu, Rəbbindən olan bir mükafat, bolluca verilən bəxşişdir.

Allah təala xoşbəxt insanlardan və onlar üçün hazırladığı bolluca nemət və bəxşişlərdən söhbət açaraq buyurur: “Şübhəsiz, müttəqilər üçün bir qurtuluş vardır” İbn Abbas və Dahhak bu ifadəyə gəziləcək bir diyar vardır deyə mana vermişlər. Qatədə və Mucahid isə deyirlər ki, Cəhənnəmdən xilas olub nicat tapacaqlar. Lakin ən dolğunu İbn Abbasın verdiyi mənadır. Çünki Allah təala bu ayənin arxasınca “Baxçalar və üzümlüklər” — deyə buyurdu. Bu xurma və sair meyvə bağları anlamına gəlir. “Sinələri təzəcə tumurcuqlanmış həmyaşıd qızlar; Yəni sinələri tumurcuqlanmış hurilər. İbn Abbas, Mucahid və başqaları deyirlər ki, ayədə keçən söz sinələri hələ dolmamış bakirə qızlar deməkdir. Onların hamısı eyni yaşdadırlar. Əl-Vaqiə surəsində bunun daha ətraflı izahı verilir.
İbn Əbu Hatim bunları qeyd edir: “Abdulla ibn Əhməd ibn Əbdürrəhman əd-Diştəki bizə Əbu Uməmədən nəql etmişdir ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurur: “Cəhhnə əhlinin köynəkləri Allahın baxçalarından görsənər. Buludlar onların üstünə gələr və belə səslənər: “Ey Cənnət əhli, nə fikirləşirsiniz, sizə yağış endirimmi?” Nəhayət yağış onlardan sinələri tumurcuqlanmış həmyaşıd qızların üzərinə yağar”.
“Dolu qədəhlər”. İbn Abbas deyir ki, bu, ard-ardına doldurulmuş qədəhlərdir. İkrimə isə saf və parlaq qədəhlər olduğunu bildirmişdir. Mucahid, Həsən, Qatədə və İbn Zeyd ağzına kimi doldurulmuş qədəhlər kimi məna vermişlər. Mucahid və Səid ibn Cubeyr ard-ardına gələn qədəhlər mənasını söyləmişlər.
“Orada boş söz və yalan eşitməyəcəklər”. Həmçinin, Allah təala buyurmuşdur: “Orada nə lağlağılıq, nə də günaha təhrik vardır”. (ət-Tur, 23) Yəni orada faydasız olan lağlağı söhbətlər və günah-yalan olmaz. Əksinə ora sülh diyarıdır və orada danışılan hər şey nöqsandan uzaqdır.
“Bu, Rəbbindən olan bir mükafat, bolluca verilən bəxşişdir”. Adlarını çəkdiklərimizin hamısı Allah təlanın onlara verdiyi mükafat, Öz lütfü, mərhəməti və xeyirxahlığı ilə əta etdiyi bəxşişdir. “Bolluca verilən bəxşiş” Olduqca çoxlu, bolluca və artıqlaması ilə verilən bəxşişdir.

37) O, göylərin, yerin və onların arasındakıların Rəbbidir, Rəhmandır. Onlar Onun hüzurunda söz söyləməyi bacarmazlar. 38) Ruhun və mələklərin səf-səf duracağı gün Rəhmanın izin verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq, danışan da doğrunu söyləyəcək. 39) Bu, haqq gündür. İstəyən, Rəbbinə tərəf qayıdan bir yol tutar. 40) Həqiqətən, Biz sizi yaxın bir əzabla qorxutduq. O gün insan öz əlləri ilə etdiyi əməllərə baxacaq, kafir olan kəs: “Kaş torpaq olaydım!” — deyəcəkdir.

Allah təala öz əzəməti və cəlaləti barədə xəbər verir, göylərin, yerin və onlar arasında olanların Rəbbi, habelə rəhmətinin hər şeyi əhatə etdiyi Rəhman olduğunu bildirir. “Onlar Onun hüzurunda söz söyləməyi bacarmazlar”. Yəni heç kəs Allahın icazəsi olmadan onun hüzurunda söz kəsib danışığa başlamağa qadir deyil. Allah təala başqa bir ayədə buyurur ki, “Allahın izni olmadan Onun yanında kim şəfaət edə bilər?” (əl-Bəqərə, 255) Habelə Allah təala buyurur: “(Qiyamət) gəldiyi gün (Allahın) izni olmadan heç kəs danışa bilməz”. (Hud, 105)
“Ruhun və mələklərin səf-səf duracağı gün…” Təfsir alimləri burada Ruh deyildiyi zaman nə nəzərdə tutulduğu barədə ixtilaf etmişlər:
Birinci: Bəğəvi İbn Abbasdan rəvayət etmişdir ki, onlar Adəm övladının ruhlarıdır.
Ikinci: Onlar Adəm övladlarıdır. Həsən və Qatədə vu cür söyləmişlər. Qatədə deyir ki, İbn Abbasin gizlətdiyi şeylərdən biri də budur.
Üçüncü: Onlar Adəm övladının surətində Allahın yaratdığı məxluqlardır, mələk və insan cinsinə aid deyillər. Onlar yeyər və içərlər. Bunu ibn Abbas, Mucahid, Əbu Saleh və Əmaş demişlər.
Dördüncü: O, Cəbrayıldır. Bu fikri Şəbi, Səid ibn Cubeyr və Dahhak səsləndirmişlər. buna Allah təalanın aşağıdakı ayəsini dəlil gətirilər: “Onu qorxudan peyğəmbərlərdən olasan deyə, sənin qəlbinə Ruhul-əmin (Cəbrail) endirdi”. (əş-Şuara, 193-194) Muqatil İbn Heyyan deyir ki, Ruh mələklərin əşrəfi, izzət və cəlal sahibi olan Allaha ən yaxın olanı və vəhyin sahibidir.
Beşinci: O, Qurandır. Bu fikri İbn Zeyd səsləndirmişdir. Buna dəlil isə aşağıdakı ayəni gətirir: “Sənə də beləcə əmrimizdən olan bir ruh göndərdik”. (əş-Şura, 52)
Altıncı: O, bütün məxluqat qədər mələklərdən bir mələkdir. Əli ibn Əbu Talha “Ruhun … səf-səf duracağı gün” ayəsi barədə İbn Abbasdan nəql edərək bildirir ki, o, yaradılış baxımından ən böyük olan mələklərdən biridir.
İbn Cərir İbn Məsudun beləd ediyini nəql etmişdir: Ruh dördüncü səmadadır. O, göylərdən, dağlardan və mələklərdən daha böyükdür. Hər gün on iki min dəfə təsbeh edər, Allah onun hər təsbeh etməsindən bir mələk xəlq edər. o, Qiyamət günü tək səfdə gələcəkdir. Bu, qərib rəvayətdir.
Təbərani Atədən, o da Abdulla ibn Abbasdan rəvayət edir ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) belə buyurmuşdur: “Allahın elə bir mələyi var ki, əgər ona “bir loxmada yeddiqat göyü və yeri ud!” — deyilsəydi, udardı. Onun təsbeh etmə forması “Sübhənəkə heysu kunt”. Bu da qərib hədisdir və isnaddakı zincirin Peyğəmbərə çatıb-çatmamasını dəqiqləşdirmək lazımdır. Ola bilsin, zincir sadəcə İbn Abbasda dayanır. Bəlkə də bu rəvayət onun İsrail mətinlərindən götürdüyü məlumatlardandır. Doğrusunu Allah bilir.
Ibn Cərir bu görüşlərin üzərində dayanmış, ancaq bunların hər hansısa birini üstün olaraq qəbul etməmişdir. Mənaya ən yaxın olanı — ən doğrusunu Allah bilir — ola bilsin ki, onların adəm oğulları olmasıdır.
“Rəhmanın izin verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq”. Buna oxşar başqa bir ayədə Allah təala buyurur: “İzni olmadan heç kəs danışa bilməz”. (Hud, 105) “Səhih” kitabında varid olan hədisdə Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurur ki, “Həmin gün peyğəmbərlərdən başqa heç kəs danışmayacaq”.
“Danışan da doğrunu söyləyəcək”. Yəni haqqı söyləyəcək. Haqq isə “Lə ilahə illallah” — Allahdan başqa ibadətə layiq ilah yoxdur — kəlməsidir. Bu fikri Əbu Saleh və İkrimə səsləndirmişlər.
“Bu, haqq gündür”. Yəni mütləq baş verəcəkdir. “İstəyən, Rəbbinə tərəf qayıdan bir yol tutar”. Yəni diləyən, Allaha qayıdan, doğru şəkildə gediləcək və izləniləcək bir yola baş qoyar.
“Həqiqətən, Biz sizi yaxın bir əzabla qorxutduq”. Yəni yaxın bir zamanda baş verəcək Qiyamət günü ilə sizi qorxutduq. Çünki hər keçən vaxt həmin günü daha da yaxınlaşdırır.
“O gün insan öz əlləri ilə etdiyi əməllərə baxacaq”. İnsanın etmiş olduğu, istər yaxşı, istər pis, istər əvvəlki, istər yeni bütün əməlləri ona təqdim olunacaq. Allah təala buyurur ki, “Onlar (dünyada) etdikləri bütün əməllərin (öz qarşılarında) hazır durduğunu görəcəklər”. (əl-Kəhf, 49) Başqa bir ayədə uca Allah buyurur: “O gün insana öncə etdiyi və sonraya qoyduğu nə varsa xəbər veriləcəkdir”. (əl-Qiyamə, 13)
“Kafir olan kəs: “Kaş torpaq olaydım!” — deyəcəkdir”. Yəni həmin gün kafir dünya həyatında yaradılmamağını, varlığa gəlməməyini və torpaq olmağı arzulayacaq. Bu hal insanın Allahın əzabına tuş gələcəyi və öz fəsadlı əməllərinə baxacağı zaman yaşanacaq. O, pis əməllərinin mələklərin əli ilə qeyd edildiyini müşahidə edəcək. Deyilənə görə, bu, Allahın dünyadakı heyvanlar barədə hökm verəcəyi və adil bir qərar çıxardacağı zaman baş verəcək. Həmin gün buynuzsuz qoş buynuzlu qoçdan öz qisasını alacaq. Allah təala onlar barədə hökmünü tamamladıqdan sonra onlara deyəcək: “Torpaq olun!” Onlar da torpaq olacaq. Bu zaman da kafir deyəcək: “Kaş torpaq olaydım!” Yəni mən də heyvan olardım ki, torpağa çevrilərdim. Bu məna məşhur sur hadisəsində varid olmuşdur. Bu barədə Əbu Hureyrə, Abdulla ibn Amr və sairlərindən məlumatlar nəql olunmuşdur.
“Ən-Nəbə” surəsinin təfsiri başa çatdı. Həmd və səna yalnız Allaha məxsusdur. O, müvəffəqiyyət nəsib edəndir, qoruyandır.

Bənzər Məqalələr