Zilhiccә ayı – Ramazan ayı ilә rәqabәt edә bilәcәk yeganә aydır. Buna görә dә, alimlәr arasında ‘Ramazan ayının son 10 günümü, yoxsa Zilhiccә ayının ilk 10 günü daha fәzilәtlidir” – deyә fikir ayrılığı vardır. Məşhur alim Muhəmməd Saleh, bu fikirləri bir yerə cəm edərək belə buyurmuşdur: 

“Ramazanın (son) on gününün gecələri ən üstün/fəzilətli, Zilhiccənin (ilk) on gününün isə, gündüzləri ən fəzilətlidir.” (Liqaul-Bəb’ul-Məftuh, 225)

 

Uca Allah buyurmuşdur: “Şəfəq vaxtına və on gecəyə (Zilhiccənin ilk on gecəsinə) and olsun” (əl-Fəcr surəsi 1-2). İbn Kəsir (Allah ona rəhmət etsin) ayədəki on gecədən qəsdin; İbn Abbas, İbn Zübeyr, Mücahid və başqalarının bildirdiklәri kimi: “Zilhiccənin ilk on günüdür” demişdir.

 

İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət olunduğuna görə, Peyğəmbər (ona vә ailəsinə salam olsun) belə buyurmuşdur: “Bu günlərdə edilən saleh əməl qədər, Allah-Təalaya daha sevimli olan başqa günlər yoxdur. Səhabəlәr:

– Ey Allahın elçisi! Allah yolunda cihad da mı? dedilər.

Bunun üzərinə Peyğәmbәr (ona salam olsun) buyurdu:

– Allah yolunda cihad belə! Lakin, Allah yolunda (döyüşmək üçün) canı və malıyla yola çıxan və bu ikisindən heç bir şeylə geri dönməyən (canını və malını fәda edәn) kimsə bunun xaricindədir”. (Әbu Davud, Tirmizi, İbn Macə).

 

Uca Allah belə buyurmuşdur: “Özlərinə aid bəzi (günahlarının bağışlanması, həcc ibadətinin savabını almaları və ticarətdə mənfəət etmələri kimi) faydaları yəqin olaraq görmələri və Allahın onlara ruzi olaraq verdiyi qurbanlıq heyvanların üzərinə (onları kəsərkən) müəyyən günlərdə (Zilhiccənin ilk on günündə) Allahın adını anmaları üçün …” (Həcc surəsi, 28).

 

İbn Abbas (Allah ondan razı olsun) ayədə keçən ‘müəyyən günlər’in – Zilhiccənin ilk on günü – olduğunu demişdir.

 

İbn Ömərdən (Allah ondan razı olsun) rəvayət olunduğuna görə, peyğәmbәr (ona salam olsun) belə buyurmuşdur: “Allah dərgahında, içərisində saleh əməl işlənən bu on gündən savabı daha böyük və O’nun (Allahın) daha çox bәyәndiyi başqa günlər yoxdur. O halda, bu günlərdə bol-bol təhlil (lə iləhə illəllah), təkbir (Allahu Әkbər) və təhmid (Әlhəmdulillәh) deyin”. (Әhməd, Musnәd). – Yəni bu zikrləri çoxlu deyin.

 

İbn Həcər (Allah ona rəhmət etsin) “Fəthul-Bari” əsərində belə demişdir: “Gördüyümüz kimi, Zilhiccənin ilk on gününün digər günlərdən üstün dəyərə malik olmasının səbəbi, ibadətlərin әsas dayağı olan namaz, oruc, sədəqə və həcc kimi ibadətlərin eyni zamanda yerinә yetirilmәsinә görədir. Bu üstünlükləri digər günlərdə əldə etmək mümkün deyildir”.

 

Bizdən öncə yaşamış xeyirli insanlar üç “10-luğu” əzəmətləşdirərdilər:

“Məhərrəm ayının ilk on gününü, Zilhiccə ayının ilk on gününü, Ramazan ayının son on gününü.” (Raddul-Mənsur, 8/501)

 

 

ƏRƏFA GÜNÜ

Bu, elə bir möhtəşəm aydır ki, Ərəfa kimi bir günə sahibdir.. Ərəfa günü, Zilhiccə ayının 9-cu gününə təsadüf edir. Hacıların Ərəfat dağında dua etdiyi, həcc ibadətinin zirvəsi olan bu gün, duaların qəbul olunduğu, Allah qatında ən fəzilətli gündür. Ramazanın son 10 gecəsinə, yalnız Zilhiccə’nin 10 gündüzü rəqib ola bilər.. Qədr gecəsi üstün olduğu kimi, Ərəfanın isə, GÜNDÜZÜ ən üstün hesab olunur.

 

Peyğəmbərimiz (ona salam olsun) buyurmuşdur: 

«Ən xeyirli dua – Ərəfa günü edilən duadır…» (Tirmizi)

 

Həmçinin buyurmuşdur:

“Günlərin ən fəzilətlisi Ərəfə günüdür. Fazilətcə cümə gününə bənzəyir. O, cümə günü xaricində edilən yetmiş həccdən fəzilətlidir. Duaların ən fəzilətlisi isə, ərəfə günü edilən duadır. Mənim və məndən əvvəlki peyğəmbərlərin söylədiyi ən fəzilətli söz isə: Lə iləhə illəllahu vahdəhu lə şərikə ləh. (Allah birdir, ondan başqa ilah yoxdur, Onun şəriki də yoxdur) sözüdür.” (Muvatta, Həcc 246) 

 

Həmin gündüzü, məğrib (axşam) namazına qədər Quran oxuyaraq, zikr (xüsusən: «Allahu Əkbər, Allahu Əkbər, Lә ilәhə illәllah, vallahu Əkbər, Allahu Əkbər, va lilləhil-Həmd») və bol-bol dua edərək ibadətlə keçirmək lazımdır. Ərəfa gününün orucu keçmiş və gələcək 1 ilin günahların bağışlanmasına səbəbdir.

 

Bəzi alimlər aşağıdakı səbəblərdən dolayı Ərəfa gününün daha üstün olduğunu söyləmişlər:

1. Hәmin gündə tutulan oruc, iki ilin kiçik günahlarına kəffarədir.

2. Uca Allah, bu gündə qullarını cəhənnəm əzabından qurtardığı qədər başqa bir gündə bәndәlәrini bu qәdәr bağışlamamışdır.

3. Allahın rəhməti Ərəfatda olan bəndәlәrinә çox yaxın olur və Uca Allah, mələklərinin qarşısında o bәndәlәri ilә fəxr edir..

ƏRƏFA GÜNÜ HAQQINDA ƏLAVƏ MƏLUMAT ÜÇÜN BURAYA TIKLA 👈🏻

 

 

Zilhiccənin ilk on günündə edilməsi tövsiyə olan əməllər:

 

1. Nafilə namazlarını çoxaltmaq.

Fərz namazları yerinә yetirmәk üçün məscidə qabaqcadan getmək və bol-bol nafilə namaz qılmaq – ilk on gündә edilmәsi tövsiyyә olunan әmәllәrdәndir. Çünki nafilə namazlar, insanı Uca Allah’a yaxınlaşdıran ən üstün əməllәr sırasındadır. Sovbandan (Allah ondan razı olsun) rəvayət olunduğuna görə, Peyğәmbәrimiz (ona Allahın salamı olsun) belə buyurmuşdur:

“Allaha çoxlu səcdə et (namaz qıl). Çünki sən, Allaha hər dәfә səcdə etdikcə, o səcdə sәbәbilә, Allah sənin Cənnətdəki dərəcəni yüksəldir vә bir günahını silir”. Bu mükafat, hər zaman üçün etibarlıdır.

 

2. Nafilə orucları tutmaq.

Heç şübhə yoxdur ki, bu günlərin hamısını və ya gücü çatdığı qədərini, xüsusilə də Әrafa gününü orucla keçirmək – əməllərin ən dәyәrlisidir. Çünki Allah, orucu özü üçün seçmişdir. Әbu Hureyra’dan rəvayət olunduğuna görə, Allahın elçisi belə buyurmuşdur:

“Allah buyurdu: Oruc, mənimdir, onun mükafatını da mən verəcəm. Çünki oruclu insan – şəhvətini, yeməyini və içməyini mənim üçün tәrk etmişdir. Oruc, Cəhənnəmə qarşı bir qalxandır. Oruc tutan insan üçün iki sevinc anı vardır: Birincisi: iftarını açdığı zamandır vә o zaman o, sevinər. İkincisi: Qiyamət günü Rəbbinin hüzurunda orucunun savabını görәcәyi zaman sevinər. Allaha and olsun ki, oruclunun ağız qoxusu, Allah qatında müşk qoxusundan daha gözəldir” (Buxari vә Muslim).

Rәvayәtә görә Peyğəmbərmizin xanımlarından (Hafsa və ya Ummu Sələmə) belə dedi: “Allahın elçisi Zilhiccənin ilk doqquz günü, Aşura günü (Məhərrəm ayının onuncu günü) və hər (hicri) ayın üç gününü oruc tutardı” (Әbu Davud vә Әhməd).

Əbu Səid əl-Xudridən (Allah ondan razı olsun) rəvayət olunduğuna görə, Allahın elçisi buyurmuşdur: “Bir qul, Allah üçün bir gün oruc tutarsa, o gün tutduğu oruc sәbәbilә, Allah onun üzünü yetmiş illik məsafə qədər cəhənnəmdən uzaq tutar” (Buxari vә Muslim).

Peyğəmbərimiz (ona Allahın salamı olsun) Ərəfa günü orucu haqqında belə buyurmuşdur: “Ərəfa günü oruc tutan insan üçün, bu gününün orucunun, öncәki il vә bir sonrakı ilin günahlarına kəffarə olacağına ümid edirəm.” (Muslim)

Lakin, Ərəfatda olan – yəni həcc edən kimsənin, Ərəfə günü oruc tutması müstəhəb deyil.

Oruc tutmaq istəyənlər, bayram günü istisna olmaqla, bu on günün hamısını (bu, ən çox tövsiyə olunur) və ya istədikləri günləri oruc tuta bilərlər. Ələxsus, qədr gecəsinə bərabər olan Ərəfa gündüzünü oruclu keçirmək – möhtəşəm bir fürsətdir.

 

 

3. Həcc və ümrə ziyarәti.

Zilhiccә ayında edilən əməllərin ən dәyәrlisi – həcc və ümrədir. Həcc və ümrənin ən fəzilətli əməl olduğuna dəlalət edən bir çox hədis mövcuddur. Bu hәdislәrdәn birində Peyğəmbərimiz belə buyurmuşdur: “Edilmiş iki ümrə ziyarәti – onların arasında edilmiş (kiçik) günahlara, kəffarə olar (günahları silər). Allah tәrәfindәn qəbul olunmuş Həccin əvəzi, yalnız – cənnətdir”. (Buxari və Muslim)

Həcc ziyarəti üçün Məkkədə olan kəslər, bu günlər daxil olduqdan sonra saç kəsmir, ətirdən istifadə etmir və dırnaqlarından tutmurlar. Yalnız bayram günü -günahlardan qurtulmanın simvolik olaraq qeyd olunması məqsədilə- insan tamamilə təmizlənir, saçlarını kəsdirir, ətirlənir və dırnaqlarını tutur.. Həccdə olmayıb, lakin qurban kəsməyə niyyət edən kəslər də (ailə başçısı), bu günlər daxil olduqda, həccdə olanlarla həmrəylik nümayiş etdirərək, bu qaydalara riayət etmələri tövsiyə olunur.

 

4. Hәmin günlərdə çoxlu-çoxlu təkbir, təhlil və təhmid etmәk.

İbni Ömərin yuxarıda qeyd etdiyimiz rəvayətində deyildiyi kimi, peyğәmbәrimiz belə buyurmuşdur: Allah dərgahında, içərisində saleh əməl işlənən bu on gündən savabı daha böyük və O’nun (Allahın) daha çox bәyәndiyi başqa günlər yoxdur. O halda, bu günlərdə bol-bol təhlil (lə iləhə illəllah), təkbir (Allahu Әkbər) və təhmid (Әlhəmdulillәh) deyin“. (Əhməd rәvayәt etmişdir)

Muhәddis Buxari (Allah ona rəhmət etsin) bu barədə belə demişdir: “İbni Ömər və Əbu Hureyra, Zilhiccənin ilk on günündə bazara çıxaraq yüksək səslə təkbir deyәr, insanlar da onlarla birlikdə təkbir deyәrdilәr”.

Hәmçinin demişdir:

“Hz. Ömər (Allah ondan razı olsun) bu günlərdə, Minadakı çadırda təkbir deyәr, Hayf məscidində olanlar, onu eşidən (digәr)  müsəlmanlar vә onunla birlikdә bazardakı insanlar – elә təkbir gətirərdilər ki, Mina – tәkbir sәslәrilә titrәyәrdi”. (Buxari)

Hz. Ömər Minada, bu günlərin hәr birindә, fərz namazlarından sonra, yatağında, çadırda, məclisində və yolda təkbir deyәrdi.

Ömər b. Xəttab, oğlu Abdullah və Əbu Hureyranın (Allah onlardan razı olsun) etdiklәrinә әsasәn, bu günlərdə təkbir gətirmək sünnәtdir/müstəhəbdir.

 

Hәmin günlərdə deyilәn təkbirlәr:

✔ «Allahu Әkbər, Allahu Әkbər, Allahu Әkbər»

✔ «Allahu Əkbər, Allahu Əkbər, Lә ilәhə illәllah, vallahu Əkbər, Allahu Əkbər, va lilləhil-Həmd»

✔ «Allahu Əkbər, Allahu Əkbər, Allahu Əkbər, lә ilәhə illәllah, vallahu Əkbər, Allahu Əkbər, Allahu Əkbər, va lilləhil-həmd»

 

Peyğəmbərimiz, öz səhabələrinə bu günlərdə bu zikrləri çoxlu etməyi tövsiyyə etmiş və bunu edənlərin, Cənnətlə müjdələndiyini xəbər vermişdir.

 

5. Qurban bayramı’nın ilk günü dәyәrli vә üstün hesab olunur.

İslamın iki ən böyük bayramından biri olan (Ərəfa günündən sonra (10-cu gün) baş tutan) – “adha” – yəni, qurban bayramı günü, Zilhiccə ayının ən böyük dəyərlərindən biridir. Qurban bayramının ilk gününün üstünlüyü çox açıqdır. Lakin, tәәssüflәr olsun ki, müsəlmanların çoxu, bu günün fəzilətindən, saysız dəyərindәn xəbərsizdir. Bəzi İslam alimləri bu günü, ilin ən fəzilətli günü, hətta Ərəfa günündən belə daha üstün görmüşlər.

 

Dahi alim İbn Qayyim (Allah ona rəhmət etsin) bu barədə belə demişdir:

“Allah dәrgahında günlərin ən xeyirlisi, Böyük Hәcc günü olan qurban günüdür”

Әziz Peyğəmbərimiz buyurmuşdur:

“Allah Təala qatında günlərin ən ucası: qurban bayramı günüdür. Sonra təşriq günlərinin başlanğıcı və Minada (həcc ziyarətinin simvolik məkanlarından biri) qalmağa başlanılan gün olan – on birinci gündür”. (Әbu Davud)

 

İnsan yalnız “bəlkə də bu, son böyük fürsətimdir” düşüncəsini öz qəlbində hakim etməsə, bu günləri də boşa xərcləyəcək.. Ramazanda qafillik edənlər üçün böyük bir şansdır.. Hәr bir müsəlmanın üzәrinә düşən vəzifə – hәcdә olan vә öz evindә olan fәrq etmәz – bu günlərin Allah qatındakı üstünlüyünü şüurlu şәlildә dərk edәrәk, əlinə keçən bu böyük fürsətdәn ən gözәl şəkildə istifadә etmәyә vә savablarını artıraraq, günahlarının silinmәsinә çalışmaq olmalıdır. Uca Allah, bizlәri bu gözәl günlәri anlamlı vә faydalı şәkildә keçirmәyә müvәffәq etsin!..

 

QEYD: BU İL (2022) ZİLHİCCƏ AYININ İLK 10 GÜNÜ – İYUL AYININ 30-dan (30-u artıq ilk gündür) ETİBARƏN BAŞLANIR (ƏRƏFA GÜNÜ – 8 İYUL / BAYRAM – 9 İYUL).

 

Bu yazının bəzi hissələrində böyük İslam alimi, Mәhәmmәd Saleh’in (Useymin) әsәrlәrindәn istifadә olunmuşdur.

 

 

 

Ayxan Yaquboğlu (islamevi.az)

Bənzər Məqalələr