İslam Evi - bizi birləşdirən ev  
         
ANA SƏHİFƏ   MƏQALƏLƏR    SUAL-CAVAB    FAYL ARXİVİ    QONAQ KİTABI    BİZİMLƏ ƏLAQƏ 
 
 
WAPPDARSS
Başlanğıc səhifə et | Seçilmişlərə əlavə et  | www.islamevi.biz | www.islamevi.info 
      
   ƏSAS MENYU
 
 

  MƏQALƏLƏR:  "YUXU YOZMASI"

[ Sayta qoyulub: 11:37 28.03.2007 ] : [ Oxunub: 15138 dəfə ] 

Əbdüləziz ibn Abdulla ibn Məhəmməd ِِAli Şeyx tərəfindən bütün müsəlmanlara müraciət. Allah hamımızı hər cür xeyirlərə müvəffəq etsin!
Həmd olsun Allaha – aləmlərin Rəbbinə! Elçilərin və peyğəmbərlərlin ən şərəflisi olan Peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və bütün əshabələrinə salavat və salam olsun!
Son vaxtlar bizə yuxu və onun yozumu ilə bağlı bir çox suallar göndərilmişdir. Günümüzdə aktuallaşmış bu mövzu artıq qəzet, jurnal və televiziya kanallarında müzakirə edilir. Bir başqaları isə istirahət zonalarında, əyləncə mərkəzlərində insanların diqqətini bu sahəyə cəlb edərək onu qazanc mənbəyinə çevirmişlər. Bəzi təşkilatlar da gün ərzində insanların zənglərini qəbul etmək, yuxularını yozmaq üçün xüsusi telefon nömrələri ayırmışlar.
İşin bu yerə çatdığını gördükdə Allaha, və Elçisinə itaət, Kitabına riayət, müsəlmanlara və onların imamlarına nəsihət olaraq və eləcə də uca Allahın elm adamlarına vacib etdiyi, haqqı çatdırmaq əmrini yerinə yetirərək, məsələ ilə bağlı etiqad etdiyimiz inancı insanlara bəyan etmək qərarına gəldik. Uca Allah buyurur: “(Ya Rəsulum!) Allah kitab əhlindən: “Siz onu (kitabda olanları) gizlətməyib, insanlar üçün aydınlaşdırmalısınız!” – deyə əhd aldığı zaman onlar bu əhdə arxa çevirdilər və onu az bir qiymətə satdılar. Onların bu alış-verişi necə də pisdir!” (Ali İmran, 187).

Allahdan kömək diləyərək deyirik: Mömin bilir ki, yaxşı yuxu bir gerçəklikdir. O, Allah dərgahındandır. Peyğəmbərliyin qırx altı hissəsindən biri və həmçinin müjdədir. Bütün bu deyilənlər həqiqətdir. Bu haqda açıq-aydın və etibar olunacaq dəlillər varid olmuşdur. Quran ayələrində peyğəmbərlərin və eləcə də digər şəxslərin bəzi yuxuları, onların təfsiri və yozmaları buna misal ola bilər. Peyğəmbərlərin yuxuları gerçək olur və vəhy sayılır. Məsələn, İbrahim Xəlil (Əleyhissəlam) öz oğluna belə demişdir: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu barədə) nə fikirləşirsən!” O dedi: “Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşallah, mənim səbirlilərdən olduğumu görəcəksən!” (əs-Saffat, 102). Həmçinin nöqsansız olan Allah, Yusifin (Əleyhissəlam) hekayəsi haqda bizə xəbər verərək buyurur: “Bir zaman Yusif atasına demişdi: “Atacan! Mən (yuxuda) on bir ulduz və Günəşlə Ayı gördüm. Gördüm ki, onlar mənə səcdə (təzim) edirlər” (Yusif, 4). Surənin sonunda buna yozum olaraq buyurur: “(Yusif) ata-anasını taxt (öz taxtının) üstünə qaldırdı. Onlar (ata-ana və on bir qardaş) hamısı (hörmət əlaməti olaraq) onun qarşısında səcdəyə qapandılar. (Allah onları bir-birinə qovuşdurduğu üçün şükür səcdəsi etdilər). (Yusif) dedi: “Atacan! Bu əvvəl gördüyüm yuxunun yozumudur. Rəbbim onu (yuxunu) həqiqətə çevirdi.” (Yusif, 100).
Peyğəmbər olmayan insanların yuxusuna gəlincə, Qurani kərimin Yusif surəsində iki məhbusun yuxusu və Yusifin (Əleyhissəlam) onların hər birinin yuxusunu yozması, həmçinin Yusifin (Əleyhissəlam) hökmdarın yuxusunu yozması haqda ayələr varid olmuşdur. Səhih ٍSünnədə də bu mövzuya toxunulmuşdur. Ənəs ibn Malikin (Allah ondan razı olsun) Ubadə ibn Samitdən (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: “Möminin yuxusu peyğəmbərliyin qırx altı hissəsindən biridir”. İbn Abbasın (Allah ondan razı olsun) rəvayətində isə buyurulur: İnsanlar Əbu-Bəkrin (Allah ondan razı olsun) arxasında səflərdə ikən Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) pərdəni açaraq dedi: “Ey insanlar, həqiqətən möminin gördüyü və ya ona göstərilən saleh yuxudan başqa peyğəmbərlikdən heç bir müjdə qalmadı. Həqiqətən mən, rüku və səcdə vəziyyətində Quran oxumağı qadağan etdim. Rükuda nöqsansız olan Rəbbə təzim edin ("sübhanə rəbbiyəl azim" deyin), səcdədə isə çoxlu dua edin. Bununla da duanızın qəbul olunma ehtimalını artırarsınız”.
Əbu Hureyrənin (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Qiyamət yaxınlaşdıqca müsəlmanın yuxusu təsadüfi hallarda yalan çıxacaq. Sizlərdən doğru danışanın yuxusu daha düz çıxacaq”. Hədisi Muslim rəvayət etmişdir.
Bununla aydın olur ki, yuxu bir həqiqətdir. Lakin bilmək lazımdır ki, hər yuxu doğru olmur. Əksinə ola bilər ki, insanın yuxularının bəziləri doğru çıxsın, bəziləri isə şeytanın oyunu olsun ki, onunla Adəm övladını kədərləndirir. Bəziləri də insanın oyaq ikən gördükləri hadisə və faktların yuxu şəklində təzahürüdür. Əbu Hureyrənin (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Qiyamət yaxınlaşdıqca müsəlmanın yuxusu təsadüfi hallarda yalan çıxacaq. Sizlərdən doğru danışanların yuxusu daha düz çıxacaq. Müsəlmanın yuxusu peyğəmbərliyin qırx beşdə bir hissəsidir. Yuxular üçdür: Birincisi, Allahdan müjdə olan saleh yuxular. İkincisi, şeytanın təlqin etdiyi kədərləndirici yuxular. Üçüncüsü, yaddaşa həkk olunmuş hadisələrlə bağlı yuxular. Sizlərdən biri xoşa gəlməyən yuxu görərsə, yatağından qalxsın. Sonra namaz qılsın və bu yuxunu heç kəsə danışmasın”. Hədisi Muslim rəvayət etmişdir.
Butün bu deyilənlərdən aydın olur ki, dinimiz İslam, bəşəriyyətin dünya və axirət işlərini islah etmək və onları xeyrə qovuşdurmaq üçün göndərilmişdir. Hidayət və rəhmət Peyğəmbəri (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bizə faydası və xeyri olan hər bir şeyi bəyan etmişdir. Onlardan biri də söz açdığımız bu mövzudur. Müsəlman Allahı çox zikr etməlidir. Uca Allah buyurur: “Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə rahatlıq tapar!” (ər-Rəd, 28). Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bizə səhər-axşam, yatmazdan öncə deməli olduğumuz zikrlər öyrətmişdir. Bu zikrlər Allahın izni ilə müsəlmanı şeytandan və şər qüvvələrindən qoruyur, möminlik dərəcəsini yüksəldir və imanını artırır.
Ibn Məsud (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) axşam düşdükdə belə deyərdi:
"أمسينا و أمسى الملك لله, لا إله إلا الله وحده لا شريك له، له الملك وله الحمد وهو على كل شيء قدير، ربِّ أسألك خير ما في هذه الليلة وشر ما بعدها ربِّ أعوذ بك من الكسل وسوء الكبر، ربَّ أعوذ بك من عذابٍ النار وعذاب القبر"

“Axşama çıxdıq, Allahın ixtiyarında olan hər şey də axşama çıxdı. Allaha həmd olsun! Allahdan başqa haqq məbud yoxdur. O təkdir. Onun şəriki yoxdur. Mülk Onundur. Həmd Ona məxsusdur! O hər şeyə qadirdir! Ey Rəbbim! Səndən bu gecənin xeyrini və ondan sonrakı xeyirləri diləyirəm. Bu gecənin şərindən və ondan sonrakı şərdən Sənə sığınıram. Ey Rəbbim! Tənbəllikdən və rəzil qocalıqdan Sənə sığınıram. Ey Rəbbim! Cəhənnəm əzabından və qəbr əzabından Sənə sığınıram”. Səhər açıldıqda isə bu zikri belə deyərdi:
"أصبحنا وأصبح الملك لله..."

“Səhərə çıxdıq, Allahın ixtiyarında olan hər şey səhərə çıxdı”. Hədisi Muslim rəvayət etmişdir.
Həmçinin Abdullah ibn Xubeybin (Allah ondan razı olsun) hədisndə buyurulur: Yağışlı və qatı qaranlıq bir gecədə bizimlə namaz qılması üçün peyğəmbəri (ona və ailəsinə Allahın salavatı və salamı olsun) axtarmağa çıxdıq. Ona yetişdiyimiz zaman buyurdu: “De görüm namazı qıldınızmı?” Mən heç nə demədim. Sonra belə buyurdu: “Cavab ver!” Mən yenə heç nə demədim. Sonra bir daha buyurdu: “Cavab ver!” Mən dedim: Nə deyim ey Allahın elçisi? O, buyurdu: “Səhərə çıxdıqda və axşam olduqda üç dəfə qul huvallahu əhəd (ixlas surəsini) və muavizəteyni (Fələq və Nəs surələrini) oxu, səni hər şeydən qoruyar”. Hədisi Abu Davud, ət-Tirmizi və ən-Nəsəi rəvayət etmişdir.
Həmçinin Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət olunur ki, Əbu-Bəkr əs-Siddiq (Allah ondan razı olsun) demişdir: Ey Allahın elçisi, mənə bir neçə kəlmə öyrət. Onları səhər açıldıqda və axşam olduqda deyim. O, buyurdu:
" فاطر السموات والأرض، اللهم عَالِمَ الغيب والشَّهادة، رب كل شيء ومليكه، أشهد أن لا إله إلا أنت أعوذ بك من شر نفسي ومن شر الشيطان وشركه وأن اقترف على نفسي سوءًا أو أجُره إلى مسلم"

“De: Ey Allahım! Göyləri və yeri yaradan, qeybdə və aşkarda olanı bilən, hər şeyin Rəbbi və ixtiyar sahibi! Şəhadət verirəm ki, Səndən başqa haqq məbud yoxdur. Nəfsimin şərindən, şeytanın vəsvəsəsindən və şirkindən, özümə zərər yetirməkdən və ya onu bir müsəlmana yetirməkdən Sənə sığınıram”. Sonra dedi: “Bunları səhərə çıxdıqda, axşamladıqda və yatağına uzandıqda de”. Hədisi imam Əhməd, Əbu Davud, ət-Tirmizi və ən-Nəsəi rəvayət etmişdir.
Osman ibn Əffanın (Allah ondan razı olsun) hədisində isə deyilir: Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurmuşdur:
"بسم الله الذي لا يضرُّ مع اسمه شيء في الأرض ولا في السماء وهو السميع العليم"

“Kim ki, hər səhər və axşam üç dəfə adı çəkiləndə yerdə və göydə heç bir şeyin zərər verə bilməyəcəyi, Eşidən və Bilən Allahın adı ilə” - deyərsə, ona zərər toxunmaz". Abdullah ibn Ömərin (Allah onlardan razı olsun) hədisində isə buyrulur: Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) axşamladıqda və səhərə çıxdıqda həmişə belə dua edərdi:
"اللهم إني أسألك العافية في الدنيا والآخرة، اللهم إني أسألك العفو والعافية في ديني ودنياي وأهلي ومالي، اللهم استر عوراتي وآمن روعاتي، اللهم احفظني من بين يديَّ ومن خلفي وعن يميني وعن شمالي ومن فوقي وأعوذ بعظمتك أن أغتال من تحتي"

“Allahım! Dünyada və axirətdə Səndən sağlamlıq diləyirəm! Allahım! Dinim, dünyam, ailəm və mal-dövlətim üçün Səndən bağışlanma və salamatlıq diləyirəm! Allahım! Eyiblərimi ört və qorxularımdan məni xilas et! Allahım! Məni önümdən, arxamdan, sağımdan, solumdan və başımın üstündən qoru. Ayağımın altının qazılmasından Sənə sığınıram!” Həmçinin Əbu Hureyrənin (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur:
"لا إله إلا الله وحده لا شريك له ،له الملك وله الحمد وهو على كل شيء قدير"

“Kim səhər açıldıqda on dəfə “Allahdan başqa haqq məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur. Mülk Onundur, həmd Ona məxsusdur! O hər şeyə qadirdir!” desə, ona yüz savab yazılar, yüz günahı silinər, onun üçün bir qul azad etməyə bərabər olar və axşama qədər şeytandan qorunar. Əgər kim bu duanı axşamladıqda deyərsə, o da bu savabı qazanar”. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bizi müsəlmanın yatmazdan öncə deməsi faydalı olan söz və əməllərə yönəltmişdir. Bunlardan biri də Huzeyfənin, (Allah ondan razı olsun) rəvayətidir ki, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) gecə yatağına uzananda əlini yanağının altına qoyar sonra deyərdi:
"باسمِكَ اللهم أموت أحيا"

“Allahım sənin adınla ölürəm və dirilirəm”. Oyandıqda isə deyərdi:
"الحَمْدُ لله الذِي أحْيَانا بَعْدَمَا أمَاتَنَا وإلَيْهِ النَشُور"

“Bizi öldükdən sonra dirildən Allaha həmd olsun! Son dönüş Onadır”. Aişədən (Allah ondan razı olsun) isə rəvayət olunur ki, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) hər gecə yatağına uzandıqda əllərini cütləşdirib onların içinə üfürər, sonra ora “qul huvallahu əhəd” (əl-İxlas), “qul əuzu birabbil-fələq” (əl-Fələq) və “qul əuzu birabbin-nəs” (ən-Nəs) surələrini oxuyar, sonra əllərini baş və üzündən başlayaraq bədəninin ön tərəfindən bacardığı qədər (əli çatan) hər yerə sürtər və bunu üç dəfə təkrar edərdi.
Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) Əbu Hureyrəni (Allah ondan razı olsun) zəkat malına günaşırı gözətçi təyin etmişdi. Onun növbəsində naməlum bir şəxs həmin zəkat malından oğurluq edirdi. Üçüncü gecə oğurluq edərkən Əbu Hureyrə onu yaxalayıb Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) hüzuruna aparmaq istədikdə o dedi:
{ اللّهُ لاَ إِلَـهَ إِلاَّ هُوَ الْحَيُّ الْقَيُّومُ لاَ تَأْخُذُهُ سِنَةٌ وَلاَ نَوْمٌ لَّهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ مَن ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلاَ يُحِيطُونَ بِشَيْءٍ مِّنْ عِلْمِهِ إِلاَّ بِمَا شَاء وَسِعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالأَرْضَ وَلاَ يَؤُودُهُ حِفْظُهُمَا وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ }

Yatağına uzananda “Allahu lə iləhə illə huval Həyyul Qayyum” yəni, ayatul kürsünü sonuna qədər oxusan səhərə qədər sənin üzərinə Allah tərəfindən mühafizəçi təyin edilər və sənə şeytan yaxınlaşa bilməz. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurdu: “yalançı olsa da, sənə doğru dedi. O şeytan idi”. Əbu Məsud əl-Ənsarinin (Allah ondan razı olsun) hədisində isə Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurur:
“kim gecə vaxtı əl-Bəqərə surəsinin son iki ayəsini oxuyarsa, bu ona kifayət edər”.
{آمَنَ الرَّسُولُ بِمَا أُنزِلَ إِلَيْهِ مِن رَّبِّهِ وَالْمُؤْمِنُونَ كُلٌّ آمَنَ بِاللّهِ وَمَلآئِكَتِهِ وَكُتُبِهِ وَرُسُلِهِ لاَ نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِّن رُّسُلِهِ وَقَالُواْ سَمِعْنَا وَأَطَعْنَا غُفْرَانَكَ رَبَّنَا وَإِلَيْكَ الْمَصِيرُ * لاَ يُكَلِّفُ اللّهُ نَفْساً إِلاَّ وُسْعَهَا لَهَا مَا كَسَبَتْ وَعَلَيْهَا مَا اكْتَسَبَتْ رَبَّنَا لاَ تُؤَاخِذْنَا إِن نَّسِينَا أَوْ أَخْطَأْنَا رَبَّنَا وَلاَ تَحْمِلْ عَلَيْنَا إِصْراً كَمَا حَمَلْتَهُ عَلَى الَّذِينَ مِن قَبْلِنَا رَبَّنَا وَلاَ تُحَمِّلْنَا مَا لاَ طَاقَةَ لَنَا بِهِ وَاعْفُ عَنَّا وَاغْفِرْ لَنَا وَارْحَمْنَا أَنتَ مَوْلاَنَا فَانصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ}

Həmçinin Abdullah ibn Ömər (Allah ikisindən də razı olsun!) bir kişiyə yatağına uzandığı zaman belə deməsini əmr etmişdir:
"اللهم خَلَقْتَ نفسي وأنت تتوفَّاها لك مماتها ومَحْياها، إن أحييتها فاحفظها وإن أمتها فاغفر لها، اللهم إني أسألك العافية"

“Allahım canımı Sən yaratdın, Sən də onu alacaqsan. Onu öldürmək də, diriltmək də Sənə məxsusdur. Onu diriltsən qoru, öldürsən bağışla! Allahım! Səndən salamatlıq diləyirəm”. Sonra İbn Ömər dedi: “Bunu Peyğəmbərdən (ona və ailəsinə Allahın salavatı və salamı olsun) eşitdim”. Əbu Hureyrə (Allah ondan razı olsun!) isə Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurduğunu rəvayət edir: “kim yatağına girmək istəsə, paltarının ətəyi ilə oranı üç dəfə çırpsın və Allahın adını çəksin. Çünki o, özündən sonra yatağına nəyin daxil olduğunu bilmir. Uzandıqda isə desin:
باسمك اللهم ربي وضعت جنبي وبك أرفعه إن أمسكت نفسي فارحمها، وإن أرسلتها فاحفظها بما تحفظ به عبادك الصالحين"

“Ey Rəbbim! Sənin adınla yatağıma girirəm və Sənin izninlə də qalxıram. Ruhumu tutub saxlasan, ona rəhm et! Onu buraxsan əməli saleh qullarını qoruduğun kimi onu da qoru!”. Bəra ibn Əzibin (Allah ondan razı olsun) Peyğəmbərdən (ona və ailəsinə Allahın salavatı və salamı olsun) rəvayət etdiyi hədisdə buyurulur: “Yatmaq istədiyin zaman namaz üçün dəstəmaz aldığın kimi dəstəmaz al. Sonra yatağına girib sağ tərəfi üstə uzan və son sözün olaraq bunları de:
"اللهم أسلمت نفسي إليك، و وجهت وجهي اليك, وفوضت أمري إليك وألجأت ظهري إليك رهبةً ورغبةً إليك، لا ملجأ ولا منجا منك إلا إليك، آمنت بكتابك الذي أنزلت وبنبيك الذي أرسلت"

“Allahım! Sənə ümid edərək və səndən qorxaraq özümü sənə təslim etdim, işimi Sənə həvalə etdim, üzümü Sənə çevirdim. Kürəyimi sənə etibar etdim. Səndən (əzabından) xilas olmaq üçün Özündən başqa sığınacaq və nicat yeri yoxdur. Nazil etdiyin Kitaba, göndərdiyin Peyğəmbərə iman gətirdim!” Əgər bunu deyib həmin gecə ölsən fitrət üzərində (anadan doğulmuş uşaq kimi günahsız) ölmüş olarsan. Hədisi Buxari və Muslim rəvayət etmişdir.
Muslimin rəvayətində isə buyurulur: “Bunlar sənin son sözün olsun”.
Müsəlman, Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) Sünnəsinə tabe olmaq və eləcə də şeytanı və hər bir şər qüvvəni özündən uzaqlaşdırmaq üçün mövcud zikrləri həmişə deməli və buna daima cəhd göstərməlidir. Həqiqətən də, Allah onu Öz gücü və qüvvəti ilə qoruyar. Həmçinin müsəlman (pis və ya yaxşı) yuxu gördüyü zaman Peyğəmbəri (ona və ailəsinə Allahın salavatı və salamı olsun) özünə örnək tutmalı və onun Sünnəsinə uyğun əməl etməlidir. Əgər o, sevindirici və xoşa gələn bir yuxu görərsə, Allaha həmd etməli və yuxusunu onu sevənlərdən başqa heç kəsə danışmamalıdır. Yox əgər pis yuxu görərsə, üzünü başqa bir tərəfə çevirərək üç dəfə tüpürməli və həmin yuxunun və şeytanın şərindən Allaha sığınmalıdır. O, bu yuxunu heç kəsə danışmamalıdır. Belə edərsə, bu yuxu ona zərər verə bilməz. Bu haqda bir çox səhih hədislər vardır. Onlardan birində, Əbu Sələmə ibn Əbdürrəhman deyir: Əbu Qətadənin aşağıdakı sözlərini eşidənə qədər gördüyüm yuxulardan çox təsirlənirdim. O deyirdi: “Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) aşağıdakı sözlərini eşidənə qədər gördüyüm yuxulardan çox təsirlənirdim. O buyurmuşdu: “Yaxşı yuxu Allahdandır. Sizlərdən biriniz yaxşı yuxu görərsə, o yuxunu yalnız sevdiyi adama danışsın. Xoşuna gəlməyən bir yuxu gördükdə isə, həmin yuxunun və şeytanın şərindən Allaha sığınsın. O, üç dəfə tüpürsün və yuxusunu heç kəsə danışmasın. Əgər belə edərsə bu yuxu ona zərər verməz”. Hədisi Buxari nəql etmişdir. Ibn Macənin rəvayətində isə “üzünü başqa bir tərəfə çevirərək” cümləsi qeyd olunmuşdur.
Bu, Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) yuxu barəsində ümumiyyətlə söylədikləridir. Müəyyən bir yuxusunun yozumunu bilmək istəyən şəxs isə, onu, nəsihətinə və səmimiliyinə arxayın olduğu və eyni zamanda yuxu yozmağı bacaran bir alimə danışmalıdır. Bu, yuxu görmüş insana aiddir. Yuxu yozan şəxslərə gəlincə, onlar gərək Allahdan qorxsunlar və elmsiz surətdə bu sahəyə müdaxilə etməsinlər. Çünki yuxu yozmaq fitva verməkdir. Uca Allah bu haqda buyurur: “(Bir gün Misir) padşahı belə dedi: ... Ey əyanlar! Əgər yuxu yoza bilirsinizsə, mənim bu yuxumu yozun!” (Yusif surəsi, 43). Məlumdur ki, fitvanı zənn və fərziyyələrlə deyil, yalnız elmi əsaslarla vermək olar. Digər bir tərəfdən yuxu yozumunun özü, müsəlmanlar arasında yayılması müsbət qarşılanan, onların etiqadını və əməllərini islah edən elmlərdən sayılmır. Əksinə yuxu, Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurduğu kimi “müjdədir”. Bəzi sələflər yuxu haqqında demişlər: “Yuxu mömini sevindirər, lakin ona zərər verməz.”
Qəzet, jurnal və televiziya kanallarında, həmçinin istirahət zonalarında, əyləncə mərkəzlərində və s. ictimai yerlərdə yuxu yozumu ilə bağlı öz fəaliyyətlərini genişləndirərək onu qazanc mənbəyinə çevirən şəxslər şübhəsiz ki, çox fəsadlı bir iş tutmuşlar. Onlar peyğəmbərliyin bir hissəsi olan bu elmi oyun-oyuncağa çevirmişlər. Imam Malikə (Allah ona rəhmət etsin): hər adam yuxu yoza bilərmi? - deyə sual verdikdə, o demişdir: Peyğəmbərliklə oynamaq olarmı? Həmçinin imam Malik demişdir: “Yuxunu yalnız onu düzgün yozmağı bacaranlar yozsun. Əgər yaxşı yozumu varsa, onu xəbər versin. Yox əgər xoşa gəlməz yozumu varsa ya xeyir söyləsin, ya da sussun. Soruşdular ki, əgər xoşa gəlməz yozumu varsa onu yaxşıya yoza bilərmi? Çünki deyirlər ki, necə yozdunsa elə də olacaq. O, dedi: Yox! Yuxu, peyğəmbərliyin bir hissəsidir. Peyğəmbərliklə də oyun oynamaq olmaz”.
Hər bir müsəlmana bacardığı qədər bu əməlin qarşısını almaq və bu işdə digər müsəlmanlarla köməklik göstərmək vacibdir. Həmçinin səlahiyyətli şəxslər bu qapını bağlamağa tələsməlidirlər. Çünki o, insanları cinlərdən kömək istəməyə, müsəlmanları öz ölkələrində sehrbaz və kahinlərə üz tutmağa, qeyb məsələləri haqda sualların meydana gəlməsinə və sairə bu kimi fəsadlara yol açan şər qapısıdır. Gizli deyil ki, bu əməl yuxarıda qeyd olunan zərərlərlə yanaşı ərlə arvadın, qohumların, dostların arasında münaqişələrə, düşmənçiliyə və ayrılmalara da səbəb olur. Bütün bu deyilənlərin əsas səbəbi isə, yuxu yozan insanın yozmalarının birmənalı şəkildə həqiqət olması iddiasıdır. Daha sonra bu iddianın üzərində zənlər qurulmağa başlayır ki, bu da ən batil nöqtədir. Necə də yox! Axı Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu ümmətin siddiqi, peyğəmbərlərdən və elçilərdən sonra bəşəriyyətin ən xeyirlisi Əbu Bəkrə (Allah ondan razı olsun) onun yuxu yozduğunu eşitdiyi zaman: “Bəzilərini doğru dedin, bəzilərində isə səhv etdin” – deyə buyurmuşdur. Ən xeyirli nəsil sayılan, Allahdan ən çox qorxan, Peyğəmbərimizin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) sünnəsinə riayət etməyə daha çox hərislik göstərən əshabələrin yuxu yozmaq üçün ümumi məclislər qurması isə, ümumiyyətlə heç birimizə bəlli deyildir. Əgər bu xeyirli bir iş olsaydı, onlar bizdən öncə bunu edərdilər.
Mən üzərimə düşən məsuliyyəti yerinə yetirərək və ümmətə nəsihət olaraq, bu bəyanat çatan hər bir kəsi yuxu yozmaq işi ilə məşğul olan insanlarla əlaqə saxlamaqdan, onların yozumuna etimad etməkdən çəkindirirəm. Hər bir kəsə vacibdir ki, onlarla əlaqəni kəssin və onların fitnə-fəsadından uzaq olsun.
Allahdan hər birimizi görünən və görünməyən fitnələrin zəlalətindən qorumasını, İslamda da bizi sabit etməsini, Peyğəmbərimizin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) Sünnəsi və əməli saleh insanların yolu ilə getməyi bizə nəsib etməsini, həmçinin bizi peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlərlə bir yerdə həşr etməsini diləyirəm! Onlar necə də gözəl yoldaşlardır!
Peyğəmbərimiz Məhəmmədə, onun ailəsinə və bütün səhabələrinə Allahın salavatı olsun!

Bu Şeyx Əbdüləziz Ali Şeyxin "YUXU YOZMASI" haqda olan fitvasıdır

 
 

     
Ana səhifə | Məqalələr | Sual-cavab | Fayl arxivi | Qonaq kitabı | Əlaqə
Materiallardan istifadə edərkən www.islamevi.az saytına istinad zəruridir!
© Copyright 2007-2009, Yaşar Qurbanov, All Rights Reserved.
Sual və təklifləriniz: yasareseri@islamevi.az
Telefonlar: (+99455) 201-72-70, (+99470) 301-72-70