İslam Evi - bizi birləşdirən ev  
         
ANA SƏHİFƏ   MƏQALƏLƏR    SUAL-CAVAB    FAYL ARXİVİ    QONAQ KİTABI    BİZİMLƏ ƏLAQƏ 
 
 
WAPPDARSS
Başlanğıc səhifə et | Seçilmişlərə əlavə et  | www.islamevi.biz | www.islamevi.info 
      
   ƏSAS MENYU
 
 

  MƏQALƏLƏR:  İslam tibbinin əsasları (Peyğəmbərimizin (s.ə.s.) xəstəliyi müalicə forması

[ Sayta qoyulub: 15:05 17.03.2008 ] : [ Oxunub: 860 dəfə ] 

Peyğəmbərimizin (s.ə.s.) xəstəliyi müalicə forması üç cürdür:
a) təbii əlaclarla
b) ilahi əlaclarla
c) ikisinin qarışığı ilə.


Bu müalicə növlərinin hamısını nəzərdən keçirəcəyik. Ancaq əvvəlcə təsvir etdiyi təbii dərmanlardan (əlaclardan) başlayacaq, sonra ilahi dərmanlardan bəhs edəcək və ən axırda da hər ikisinin qarışığı olan təbii-ilahi dərmanlarla tanış olacağıq.

Peyğəmbərimizin (s.ə.s.) müsəlmanların sağlamlığının müalicəsi qayğısına qalması onun peyğəmbərlik vəzifəsi ilə bilavasitə əlaqədardır. Muhəmməd Peyğəmbər (s.ə.s.) insanları Allaha, Onun vədə verdiyi Cənnətə dəvət edən, onları xəbərdar edəndir. O, Allahı insanlara tanıtmış, ümmətinə Allahın bəyəndiyi şeyləri izah edib onları yerinə yetirmələrini əmr etmiş, Allahın xoşlamadığı, haram etdiklərini də izah etmiş, onlara qadağa qoymuş və onlardan uzaq olmağı tapşırmışdır. Peyğəmbər (s.ə.s.) insanlara peyğəmbərlərin (onlara salam olsun) tarixini, onların, onların xalqlarının başına gələn əhvalatları danışmış, insanlara bu dünyanın necə yaradılmasını izah etmiş, Qiyamət gününün nə olduğunu, insan ruhunun xoşbəxtliyi əldə etmək və bədbəxt olmasının necə baş verdiyini təsvir etmişdir. O həm də insanların Allaha itaət etməsi və onu unutmaması haqqında da tarixi hadisələri açıqlamışdır.

Insanın müalicəsi ilə əlaqədar üsulları ancaq zəruri olduğu zaman tətbiq etmək Peyğəmbərimizin (s.ə.s.) müsəlman xalqına rəhbərlik etmək məqsədinin tələblərindən və İslam dininə uyğun olaraq intişar etmişdir. Orqanizmi o ehtiyac duyduqda müalicə etmək lazımdır. Bundan sonra qalan bütün vaxt və qüvvələr qəlbin və ruhun mərəzlərini müalicə etməyə, onları sağlam saxlamağa və onlara zərərli təsir göstərən amillərin qarşısının alınması üzrə profilaktik müayinələrə səfərbər olunmalıdır. Peyğəmbərimizin (s.ə.s.) müalicəsinin məqsədləri əsasən bunlardır. Sübut olunmuş faktdır ki, qəlbi sağaltmadan orqanizmin müalicəsi faydasızdır. Qəlb sağlam olduğu halda canın xəstələnməsinin zərəri o qədər də çox olmur, hətta hansısa xoşagəlməz hallar baş versə də, sonradan aradan qaldırılır və nəticədə əbədi səadətlə qovuşmağa yönəlir. Bütün uğurlar ancaq Allahdandır!

Təbii dərmanlarla müalicədən ibarət olan birinci hissə bir-neçə bölmədən yaranır:

Birinci bölmə Peyğəmbərimizin (s.ə.s.) qızdırmanın müalicəsində göstərdiyi yolların və tövsiyə etdiyi dərmanların təsvir edilməsdir. Nəfinin Ibn Ömərdən rəvayət etdiyi bir şərəfli hədisdə Peyğəmbərimizin (s.ə.s.) belə buyurduğu Buxari və Müslimin “Səhihlərində” təsbit edilmişdir:

“Şübhəsiz ki, qızdırma və ya qızdırmanın yüksək hərarəti Cəhənnəmin qaynamasındandır, onu su ilə sərinlədiniz”
(Qızdırmanın bütün formaları hərarət yüksəldiyi zaman su ilə iki cür müalicə edilir: a) bədənə soyudulmuş və ya içinə buz tikələri qoyulmuş ağ sarğı istiliyin dərəcəsini salmaq üçün tətniq edilir; b) qızdırmanın şiddətləndiyi böhranlı hallarda xəstəyə su içirməklə onun orqanizminin həyat üçün əhəmiyyət kəsb edən orqanlarının vəzifələrini yerinə yetirməsi təmin edilir. Eyni hədisi Nəsəi, Ibn Macə, Malik və Əhməd də vermişlər.)
Uca Allahın köməyilə bu hədisin hansı istiqamətdə və hansı mənada deyildiyini açıqlayır və deyirik ki:

Peyğəmbərimizin (s.ə.s.) xitabı iki cürdür: biri ümumidir – bütün bəşəriyyətə müraciətdir; digəri – xüsusidir, ayrı-ayrı insanlara və hallara aiddir. Ümumi müraciəti həmişə eşitdiyimiz sözlərinə oxşayır. Xüsusi müraciəti isə aşağıdakı kimidir:

“Böyük və ya kiçik dəstəmazınızı pozarkən qabağınızı və arxanızı qibləyə tutmayın, şərqə və qərbə tərəf dönə bilərsiniz”. Bu müraciət şərq və qərb ölkələrində yaşayan müsəlmanlar və iraqlılar üçün deyil, ancaq Mədinə, Şam və onlar kimi Mədinənin vəziyyətində olan yerlərə aiddir. Buna bənzər “Şərq və qərb arasında qiblə yoxdur” ifadəsi də xüsusi deyimdir.

Bu xüsusiyyət aydınlaşdırıldıqdan sonra Peyğəmbərimizin (s.ə.s.) yuxarıda qeyd edilən müraciətin Hicaz və ətrafındakı müsəlmanlara aid olduğu aydınlaşır, çünki burada yaşayanlara düçar olan qızdırma xəstəliklərinin çoxu qızmar günəşin istisinin şiddətindən doğan gündəlik xəstəliklərdəndir. Soyuq su içilməsi və ya soyuq suda çimmək yolu ilə müalicə olunan qızdırma xəstəliyi budur. Qızdırma qəlbi alovlandıran, ürək və arterial damarlardakı qan vasitəsilə bütün orqanizmə yayılan, bədəndəki hərarəti qaldıraraq adi əmək fəaliyyətinə maneə yaradan qəribə bir istilikdir. Bu istilik iki növdür. Birincisi, sanki xəbərdarlıqdır. Üzə çıxması bəzən şişməklə, bəzən hərəkət, bəzən gün vurması, bəzən də güclü əsəbiliklə və buna oxşar hallarla müşahidə edilir. Ikincisi isə, xəstəlik kimi qəbul edilir. Onun da üç növü vardır. Hərarətin bu növü mütləq orqanizmdəki əhəmiyyətli bir maddədə yaranır və sonra bütün orqanizmin hərarəti yüksəlir. Qızdırmanın başlanğıc nöqtəsi ruh olduqda “gün qızdırması” adlanır. Bu cür qızdırma ümumiyyətlə gün ərzində keçir, ən çoxu üç gün davam edir. Əgər yoluxması qarışıq vasitələrlə olursa, “eşşəksiz qızdırma” adlanır. Bu qızdırma dörd yerə ayrılır: ödü artıran, malxulya yaradan, insanın təbiətini ağırlaşdıran və insanı dalaşqan edən. Qızdırma orqanizmin bərk orqanlarında başlayarsa, ona “incə ağrı” adı verilir. Bu növ qızdırmalar da bir sıra növlərə ayrılır.

Bəzən orqanizm qızdırmadan dərman vasitəsilə əldə edilə bilməyən səviyyədə fayda götürür. Əksər hallarda gün qızdırması və iylənmə verən qızdırma orqanizmdəki bərk maddələrin inkişafına səbəb olur ki, bu maddələrin bu xəstəliyi keçirmədən inkişafı mümkün deyil. Eyni zamanda dava-dərmanların açıb girə bilmədiyi qapıların açılmasına da səbəb olur. Traxoma deyilən göz ağrısının əsas növlərini qızdırma sürətlə müalicə edir. Iflic, üz siniri iflici, qıc olma və bərk artıqlardan əmələ gələn xəstəliklərin çoxuna qızdırma faydalı təsir bağışlayır.

Qabaqcıl həkimlərin bəziləri mənə : “Biz, xəstəliklərin çoxunda qızdırmanın olmasının yaxşı nəticə kimi xəbər verilməsinə görə xəstənin sevindiyi kimi sevinirik” deyiblər. Adı qeyd olunan xəstəliklərdə qızdırma bir çox cəhətlərinə görə dərmanlardan daha yararlıdır. Orqanizmdə fizioloji fəaliyyət nəticəsində ayrılan zərərli ifrazatı və bərk maddələri neytrallaşdırır. Bayıra çıxmağa hazırlanmış maddələr rast gələn dərman onları orqanizmdən xaric edərək xəstənin yaxşılaşmasına səbəb olur (Xroniki oynaq revmatizmində və ya sinir sistemindəki sifilisdə olduğu kimi, xroniki xəstəliklərin bir qismi, əksər hallarda, qızdırmanın verdiyi yüksək hərarət sayəsində yaxşılaşır. Buna görə müalicə metodu kimi, bu cür xəstəliklərdə imalə vasitəsilə və ya orqanizmə müəyyən maddələri iynə ilə yeritməklə qızdırma halı yaradılmağa çalışılır.)
Bu vəziyyəti aydınlaşdırdıqdan sonra, şərəfli hədisdə bəhs edilən qızdırma kimi, ərazilərə məxsus qızdırmaların olması da istisna edilmir. Çünki bu cür qızdırmalarda soyuq suya girib, üstünə soyuq və ya buzlu su tökməklə gözlənilən effekti almaq, yəni hərarəti müəyyən səviyyədə saxlamaq mümkündür. Qızdırmalı adamın belə tədbirdən sonra başqa bir dərmana ehtiyacı qalmaz. Bu, müalicə üsulu ruhu öz təsirində saxlayan soyuqluqdan ibarətdir. Xəstəliyin yaxşılaşması üçün təkcə soyuğun hiss edilməsi kifayət edir. Soyuqluq hər hansı bir maddənin bədəndən kənar edilməsində və ya onun hazırlanmasını gözləməyə ehtiyac duyulmadan xəstəliyi sakitləşdirir və onun alovunu söndürür. Yenə də həmin hədisə görə, qızdırmanın (hummanın) başqa növlərinin olması da mümükündür. Həkimlərin görkəmli şəxslərindən sayılan Yunanıstanlı Qalinos soyuq suyun qızdırmaya xoş gəldiyini etiraf etmiş və “sağalmanın yolu” adlı əsərində verilmiş onuncu məqaləsində belə demişdir: “Yaraşıqlı və güclü gənc bir insan (daxili orqanlarında şişmə olmadığı halda) əsəbiləşdiyi və qızdırmanın ən son həddinə çatdığı zaman soyuq suya və ya soyuq suda çimməyə çox həvəskar olur və hökmən bunun xeyrini də görür” və “Biz də bunu tərəddüdsüz tələb edirik” cümləsini əlavə edir.

Razi də böyük əsəri “Havi”-də: “Güc və qüvvət yerində, od (hərarət) son həddində olduqda, (ifrazat maddələri) ixraca hazırlıqlı görülürsə, qarında şişmə və qrıja da yoxdursa, xəstənin soyuq su içməsi yararlı olur. Xəstə sağlam, vaxt günün isti saatlarına və xəstənin də xaricdən soyuq su qəbul etmə vərdişi varsa, soyuq su içilməsinə icazə verilsin” deyir.

Peyğəmbərimizin (s.ə.s.) yuxarıda qeyd etdiyimiz şərəfli hədisindəki “Qızdırma cəhənnəm hərarətindəndir” kimi buyurduğu sözləri, “qızdırma Cəhənnəm alovunun şiddətlənməsindədir və bu şiddətli istinin yayılmasıdır” anlamındadır. Peyğəmbərimizin (s.ə.s.):

“Günorta vaxtındakı istinin şiddəti Cəhənnəmin qaynamasındandır” buyru¬ğu da, məna baxımından yuxarıdakı sözünə bənzəyir. Bu şərəfli hədisin mənası iki cür açıqlanmışdır:

a) yer üzündəki bu hərarət qulların Cəhənnəmi (vəziyyətini) başa düşə bilmələri üçün və ondan ibrət almaları üçün Cəhənnəmdən qopardılmış bir parça və nümunədir. Böyük Allah bəzi səbəblərə görə bu nümunəni insanlara birbaşa göstərir. Allah bizə bəxş etdiyi rahatlıq, fərəhlənmə, sevinc və zövq kimi, eynilə Cənnətdəki nemətlərdən bir nümunə olan oxşarlarını asanlıqla dərk etməyimiz üçün, müəyyən səbəblərə görə, bizə nümayiş etdirir.

b) şərəfli hədisdə bildirilən əsil məqsəd bənzətmə vasitəsilə axirət dünyasının dərk edilməsini asanlaşdırmaqdır. Qızdırmanın şiddətlənməsi və hərarəti ilə, yer üzündəki istilik Cəhənnəmdə (amansız) istiliyinin qaynayıb kükrəməsinə bənzədilməklə, insanlar Cəhənnəm əzabının (necə də) şiddətli olması haqqında xəbərdar edilirlər. Yer üzündəki bu müdhiş hərarət Cəhənnəmin qaynamasına bənzədilmiş və bununla təkcə Cəhənnəmə girənin deyil, hətta onun yaxınlığından keçənin belə dözülməz hərarətə məruz qalacağı nəzərə çatdırılmışdır
(Şərəfli hədisdə “sərinlədiniz” sözü iki cür rəvayət edilmişdir: biri qəti həmzə (həmzəyi-qəti) ilə, ikincisi isə həmzənin üstün hərəkəsi ilə. Bu vəziyyətdə kəlmə “əbrədəş-şeyə” ifadəsindəki kimi dörd hərflidir ki, bir şeyi soyutduğu bu ifadə işlənilir. Bir şeyi qızdırdığını başa düşmək üçün işlədilən söz “əshamətü”-yə bənzəyir.
Ikinci rəvayət forması isə həmzəye-vasil ilə və həmzənin ötrəsi ilədir ki, bu ifadə “bərədəş-şeyə yebrüdü” kimi işlədilir. Bu formada kəlmə həm daha aydın və həm də daha içləkdir. Dördlü forma, ikinci rəvayətçilərə görə, aşağı səviyyəli insanların işlətdikləri ara sözlər kimi.
Şair Hamasiy belə deyir: “Ciyərimdə eşqin alovunu hiss etdiyim zaman, xalqın çeşməsinə yönəlib sərinlərəm, məni bağışlayın, amma ciyərimin xaricini suyun soyuğu ilə sərinlədərəm, fəqət daxili orqanlardakı oddan kim qoruyacaq?...” )
Şərəfli hədisdəki “su”-yun hansı su olması barədə iki nəzər nöqtəsi vardır:

Birincisi, “bu su hər cür sudur” deyənlərin baxışıdır ki, bizə görə doğru olan da budur.
Ikincisi isə, “bu su Zəmzəm suyudur” deyənlərin baxışıdır. Bu nəzər nöqtəsini müdafiə edənlər Buxarinin Səhihində Əbu Cəmrə Nəsr Ibn Imran əz-Zubeyrdən nəql etdiyi bu şərəfli hədisi dəlil gətirirlər.
“Əbu Cəmrə demişdir: “Məni Məkkədə qızdırma tutanda ibn Abbasla bir yerdə idim. Ibn Abbas Zəmzəm suyu ilə sərinlənməyimi məsləhət gördü və bundan sonra dedi ki: Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun): “Qızdırma Cəhənnəmin hərarətindəndir, onu su ilə sərinlədin” və ya “zəmzəm suyu ilə sərinlədin” buyur¬muşdur”. Hədisin ravisi bu zaman tərəddüd etmişdir. Əgər qəti desəydi, məkkəlilər üçün zəmzəm suyunu işlətmək əmr kimi qəbul ediləcəkdi, çünki bu onlar üçün asan idi. Məkkədən kənarda yaşayanlar isə, nə cür su tapsaydılar ondan da istifadə edəcəkdilər.
Hədisdə bəhs edilən su barəsində müxtəlif rəylər söylənirdi. “Hər cür su” tərəfdarları olanlar “suyu sədəqə kimi vermək və ya istifadə etmək?” məsələsində anlaşılmazlığa düşmüşdülər. Bu nəzər nöqtələrindən sadəcə olaraq “sudan istifadə etmək tərəfdarlarının baxışları həqiqətə uyğun idi. Belə olduqda, hesab edirəm ki, suyun sədəqə kimi verilməsini müdafiə edənlər qızdırmalı olarkən soyuq suyun qəbul edilməsinin çətinlik yaradacağını güman edirdilər. Lakin onlar şərəfli hədisin bütün təfərrüatlarını nəzərə almamış və qızdırma zamanı su içməyin məqsədini sadəcə olaraq anlamamışdılar. Bütün bunlara baxmayaraq həmin baxışın bir gözəl cəhəti var idi: cəzanın törədilmuş günaha müvafiq olmasıdır. Susayana susuzluğun verdiyi hərarətin soyuq su ilə söndürülməsi kimi, Haqq olan Allah qızdırmalının odunu qızdırmalı söndürür. Bu müvafiq olan bir əvəzdir. Ancaq bu məna şərəfli hədisi dərin araşdırılma¬sından və əlamətlərini üzə çıxartdıqdan sonra başa düşülür. Hədisdə barəsində bəhs edilən isə adi suyun istifadə edilməsidir.
Əbu Nuaym və başqaları Ənəsin (Allah ondan razı olsun) mərfu olaraq rəvayət etdiyi hədislərdən aşağıdakı hədisi söyləmişdir:
“Sizlərdən biriniz qızdırmaya tutulduğu zaman üç gecə və səhər vaxtlarında üstünə soyuq su töksün”(Əbu Nuaym “Hilyetul-Evliya” kitabının sahibidir. Bu şərəfli hədisi Nəsəi və Hakim də Səhihlərində üstün tutmuşlar. Ziayel Məqdesi də “Əl-Muxtara” adlı kitabında bu hədisi əsas götürmüşdür. Məqdesinin şərti Hakimin Səhihindəki şərtindən daha yaxşıdır. Əbu Yala ilə Taberani isə “Əvsat”-da bu hədisi üstün tutmuşlar. )
“Qızdırma cəhənnəmin körüyündəndir. Onu özünüzdən soyuq su ilə dəf edin”( ).
Müsnəddə və digər əsərlərdə Həsənin Səmurədən mərfu rəvayət etdiyi hə¬dis¬lərdən:
“Qızdırma Oddan bir qətrədir. Sizə göstərdiyi təsirini soyuq su ilə yün¬gül¬ləşdirin”( ) hədisi öz əksini tapmışdır.
Allahın Elçisini (ona Allahın salavatı və salamı olsun) qızdırma tutduğu zaman bir dəsti su istəyər, suyu başından aşağı əndərərək qüsl edərdi. Sünəndə Əbu Hureyrənin nəql etdiyi hədislərdən biri də aşağıdakı hədisdir.
“Əbu Hureyrə (Allah ondan razı olsun) belə izah edir:
“Peyğəmbərimizin yanında qızdırmadan söz düşdü. Adamlardan biri qızdırma haqqında eşidincə, onunla bağlı pis bir söz işlətdi. Ona görə Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun): “Qızdırma haqqında pis söz deməyin, çünki qızdırma –odun dəmirin pasını apardığı kimi, günahları aparır”( ) deyə buyurdu”.
Qızdırma, faydasız qida məhsullarına qarşı pəhriz olduğuna və faydalı qida maddələrinə, müalicəyə yönəldilən meyl yaratdığına görə, onun törənməsi orqanizmin təmizlənməsinə, artıq maddələrin və ekskrimentlərin xaric edilməsinə, orqanizmin digər lazımsız şeylərdən təmizlənməsinə kömək göstərir. Qızdırma, bədənin çirkləşməsindən təmizlənməsində, orqanizmin saflaşmasında – odun dəmirə göstərdiyi təsir rolunu oynayır. Qızdırma dəmir filizini saflaşdıran (dəmirçi) körüyünə ən çox bənzəyən şeylərdən biridir. Can həkimlərinə(Can həkimi – terapevt. (F.S.)
qızdırma haqqında məlum olanlar ancaq bu qədər¬dir. Lakin qızdırmanın qəlbi çirk və pasından təmizləyib arıtması məsələsini ancaq ürək həkimləri bilərlər. Bu barədə peyğəmbərlərin onlara verdiyini qəbul edərlər. Amma qəlb xəstəsi, sağalmasından ümidini kəsmiş bir vəziyyətdə olduqda, ona bu müalicə fayda verməz.
İnsanın qəlbini mənəvi çirkinliklərdən təmizləyən qızdırma yaramaz söz danış¬maq haqqa qarşı düşmənçilik etməkdir. Bir dəfə, qızdırmalı olduğum bir vaxtda, qızdırmanı söyən bəzi şairlərin sözlərini xatırladım. Şairlərdən biri belə deyirdi:
“Günahları aparan (qızdırma) ziyarət etdi və vidalaşdı,
Ziyarətçini və vidalaşanı (qızdırmanı) Allah yox etsin.
Köçməyə hazırlaşdığı vaxt (qızdırma) “nə istəyirsən?” deyə soruşdu,
Mən də ona “bir də qayıtmamağını” dedim”.
Mən isə deyirəm ki, Peyğəmbərimizin (ona Allahın salavatı və salamı olsun) barəsində pis söz deməyi qadağan etdiyini söyəni Allah yox etsin. O cür deməkdənsə:
“Günahları yox edən, günahları aparmaq üçün ziyarət etdi,
Ziyarətçi (qızdırma) və ziyarət edilən də bir-birlərini xoşluqla qarşıladılar.
Ziyarətçi getməyə hazırlaşarkən, “nə istəyirsən?” dedi.
Mən də “yayılmamağını istəyirəm dedim” desəydi həm daha yaxşı olardı, həm də mütləq yenə gedərdi. Lakin o, o cür rəftar etdiyimə görə məndən sürətlə ayrılıb getdi.
Səhihlik dərəcəsini bilmədiyim bir şərəfli hədisdə Peyğəmbərimizin (ona Allahın salavatı və salamı olsun) belə buyurduğu rəvayət edilir:
“Bir gün ərzində qızdırmaya dözmək bir illik günahların yuyulmasını təmin edir”. Bu şərəfli hədisin mənası iki formada izah edilir:
1. Qızdırma orqanizmdəki bütün orqan və birləşmələrə sirayət edərək (bədən¬dəki oynaq və buğumların sayı 360 olduğundan), onların hər birinin ağrısı bir günlük günahların silinməsinə səbəb olur.
2. Qızdırma tamamilə çəkilənədək orqanizmi bir il ərzində təsiri altında saxlayır. Belə ki, Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun):
“İçki içənin namazı qırx gün qəbul edilməz” deyə buyurmuşdur. Bu şərəfli hədisdən içkinin izinin insanın mədəsində, damar və orqanlarında qırx gün müddətində qaldığı aydınlaşır. Hər şeyi ən yaxşı bilən Allahdır.
Əbu Hureyrə (Allah ondan razı olsun) deyir ki:
“Mənə qızdırmadan daha çox sevdiyim bir xəstəlik rast gəlməmişdir, çünki qızdırma bütün orqanlarıma yayılır. Cənab Haqq hər orqanın savabını ayrı-ayrılıqda bəxş edir”.
Tirmizi “Cami” adlı əsərində Rafi ibn Xadicin mərfu rəvayət etdiyi hədislərdən olan aşağıdakı hədisi nəql edir:
“Sizdən birinizi qızdırma tutduğu zaman, şübhəsiz ki, qızdırma Cəhənnəm odunun bir parçasıdır, onu soyuq su ilə söndürsün, axar bir çaya girsin. Şəfəqin sökülməsi ilə günəşin doğulması arasında suyun axdığı tərəfə üzünü tutaraq: “Allahın adıyla, Allahım!... quluna şəfa ver, Peyğəmbərini doğrult” deyə dua etsin. Gündə üç dəfə olmaq üzrə üç gün (ara vermədən) suya girsin. Əgər yaxşılaşarsa, çox yaxşı, yaxşılaşmazsa beş gün, yenə də yaxşılaşmazsa yeddi gün çaya girməyə davam etsin. Allahın izni ilə yeddi gün keçmədən yaxşılaşacaqdır
(Səhvən Rafi ibn Xadicə aid edilən bu nas, Tirmizinin Sevbanddan rəvayət etdiyi hədisin nasıdır. Ukbə bu hədisin ravisinin hədisin sənədindəki Sevbanı tanımadığına görə, onun “qərib” olduğunu demişdir. Əhməd bu hədisi tanınmayan bir şəxs olan və özü də Şamdan olan, adına Səid deyilən bir adamda aşkar etmişdir. Rafi ibn Xadicdən rəvayət olunan hədis isə başqa bir nasdır. O da “Qızdırma Cəhənnəmin hərarətindəndir, onu su ilə sərinlədin” şəklindədir. Bu şərəfli hədisi Buxari, Muslim və Tirmizi təshih edilərək verilmişdir. Nəsəi, İbn Macə, Darimi və Əhməd də onlara qoşulmuşlar. )
Mən də deyirəm ki, “Suya girmə, yay vaxtı isti bölgələrdə yuxarıdakı şərtlərə uy¬ğun olaraq yerinə yetirildiyi təqdirdə fayda verir. Şəfəqin açılması ilə günəşin çıxması arasındakı vaxtda su lazımi qədər soyuq olur, çünki bu arada su günəşin təsirindən hələ uzaq, bədən isə dincini almış olur, çünki yuxu, sükunət və havanın sərinliyi xəstəyə köməkdir. Soyuq su ilə olan müalicənin gücü ilə xəstənin mənəvi və cismani qüvvələri yerli olan və ya günaşırı yayılan sırf qızdırmaya qarşı birləşirlər. Sırf qızdırma ifadəsini işlətməkdən məqsədim, qızdırma ilə birgə pis bir xəstəliyin, şişmələrin, maddələr mübadiləsinin pozul¬masının olmamağını nəzərə çarpdırmaqla, mənəvi və müalicə imkanlarının birləşməsi nəticəsində, Allahın izni ilə qızdırmanın hərarətinin düşəcəyini bildirməkdir. Xüsusilə şərəfli hədisdə xatırlanan belə müalicə yay günlərində faydalı olur. Çünki yay günləri ağır xəstəliklərin törətdiyi böhranlı halların baş verdiyi günlərdəndir. İsti iqlimə malik regionlarda əhalinin yoluxmasının yüngül və faydalı müalicəyə qarşı reaksiyası özünü daha sürətlə göstərdiyinə görə asanlıqla da sona çatır.

----------------
İbn Qeyyim
əl-Cəvziyə

Türkcədən tərcümə:
FƏRAHİM SƏLƏFİ

 
 

     
Ana səhifə | Məqalələr | Sual-cavab | Fayl arxivi | Qonaq kitabı | Əlaqə
Materiallardan istifadə edərkən www.islamevi.az saytına istinad zəruridir!
© Copyright 2007-2009, Yaşar Qurbanov, All Rights Reserved.
Sual və təklifləriniz: yasareseri@islamevi.az
Telefonlar: (+99455) 201-72-70, (+99470) 301-72-70