Bәzi insanlar vardır ki, qәribә inanclara güvәnәrlәr. Bu insanlar arasında bәzәn hәtta professor vә hәkim kimi cәmiyyәtdә üstün bir kimliyә sahib olan şәxslәrin dә olması, insanı tәәccüblәndirir. Bu cür inanclar, ya elmsizlikdәn, bilmәmәzlikdәn ortaya çıxır, ya da İslam düşmәnlәrinin, müsәlmanları öz dinlәrindәn yayındırmaq üçün mәşhurlaşdırdıqları mәsәlәlәrdәndir.

Bilmәliyik k,  “düşәr-düşmәz inancı” İslam dinindә yoxdur. Nә Quran, nә dә sәhih hәdislәrdә bu haqda heç bir şey varid olmamışdır.

İslam düşmənləri hər zaman olduğu kimi zəif və uydurma rəvayətlərlə İslama hücum edərək, insanları şübhəyə salmağa çalışaraq İslamdan çıxmalarını hədəfləyirlər. Halbuki İslamda hər bir şey dəlilləri ilə izah edilmişdir. Təəssüflər olsun ki, İslamı bilməyən və dinindən xəbərsiz yaşayan bəzi müsəlmanlar, bu insanların hiylələrinin qurbanlarına çevrilirlər.

Abdullah bin Məsuddan (Allah ondan razı olsun) rəvayət olunduğuna görə Allahın Elçisi  (Allahın ona salavat və salamı olsun)  üç dəfə: «Uğursuzluğa (düşər-düşməz) inanmaq şirkdir, uğursuzluğa inanmaq şirkdir» – dedi. Halbuki, bizdən (ürəyində bu düşüncə olmayan bir kimsə) yoxdur. Lakin Allah bu duyğunu təvəkküllə aradan qaldırır. (Tirmizi, Siyər 46 / «Musnəd» 1/389, 438, 440 və s.)

Səhl ibn Sa`d əs-Səidi`dən (Allah ondan razı olsun) rəvayət olunan hədisdə buyurulur: «Әgər hər hansı bir şeydə uğur­luq olsaydı o — qadında, atda, məskəndə olardı.» (Buxari, Cihad 47)

Axı necə ola bilər ki, uğursuzluğun şirk olduğunu bildirən bir peyğəmbər — qadında, dar evdə və atda uğursuzluq olduğunu bildirsin?!..

Abdullah ibn Ömərdən (Allah ondan razı olsun) rəvayət olunur ki, Allahın Elçisi (Allahın ona salavat və salamı olsun) : «Uğursuzluq — (dar) evdə, (üsyankar) qadında, (sərt başlı) atdadır» buyurmuşdur. (Buxari, Cihad 47 və s / Muslim, Salam 115-120 / Tirmizi, Ədəb 58 və s.)

«Şu`m» ləfzi uğursuzluq, xeyirsizlik mənasınadır; bunun zidd «yumm» yəni — uğurluluqdur. Әrəblər Cahiliyyət dövründə qadında, atda, evdə uğursuzluq olduğuna inanardılar. Buna görə də İbn əl-Arabi (Allahın ona rəhməti olsun)  demişdir: «Bunlarda uğursuz­luq iddiası Cahiliyyət adətinə bağlıdır. Әslində isə, yaradılış uğursuzluğu mövcud deyil­dir..»

Hədisdə bu üç şeyin xüsusi olaraq zikr edilməsi, insanların bunlarla möhkəm və daimi əlaqədar olduğuna görədir. İnsanoğlu, içində yaşayacağı bir evdən, birlikdə ömür sürdürəcək bir həyat yoldaşından, istifadə edəcək bir heyvandan ehtiyacsız ola bilməz. Bun­lara çox yaxından və möhkəm bir surətdə bağlı olduğuna görə, bu üç şey xüsusi olaraq zikr edilmişdir. Yoxsa cahiliyyət dövründə uğursuz hesab olunanlar bununla qurtarmır; qılınc və dil kimi başqa şeylər də vardır.

O halda bu hədisdəki uğursuzluq anlayışı — cahiliyyət adəti haqqında olub, İslam inancı ilə əlaqəsi yoxdur. Dediyimizin dəlillərindən biri budur:    Tahavinin (Allah ondan razı olsun)  rəvayətinə görə Aişənin (Allah ondan razı olsun) hüzuruna Bənu Amir`dən iki nəfər gələrək:

– Ey Möminlərin Anası! Rəsulullahın (Allahın ona salavat və salamı olsun)  «Qadında, evdə, atda uğursuzluq vardır» dediy. xəbər verilir; bu haqda nə deyirsiniz? — deyə soruşurlar.

Bunu eşidincə Aişə  (Allah ondan razı olsun) son dərəcə hirslənərək belə dedi:

– Quranı Muhəmmədə göndərən Allaha and olsun ki, qətiyyən Rəsulullah  (Allahın ona salavat və salamı olsun) belə bir şey söyləməmişdir! O (Allahın ona salavat və salamı olsun), sadəcə olaraq Cahiliyyət dövrü insanlarının — qadında, evdə və atda uğursuzluğa etiqad etdiklərini bildirmişdir!

Aişənin bu cavabı, mövzumuz olan İbn Ömər hədisindəki Peyğəmbərin sözünün, yalnız Cahiliyyət adəti və anlayışı haqda xəbər verməkdən ibarət olduğunu bildirir.

İbnu Abdil-Bər, Tahavinin  (Allahın onlara rəhməti olsun)  rəvayət etdiyi hədisi gətirməklə birlikdə, Aişənin (Allah ondan razı  olsun) bu uğursuzluq inancını əl-Hədid surəsinin 22-ci ayəsini oxuyaraq rədd etdiyini də bildirmişdir. Yəni, Ləvhi-Məhfuzda yazılı olan hadisələrdən xilas olmaq mümkün deyil, yazılanlara məkan və şəxsin heç bir təsiri yoxdur:

«Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (ləvhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır!» (Hədid, 22)

Bəzilər hədisə bu mənanı verir; «Uğursuzluq qadağandır, lakin bir kimsənin yaşamaq istəmədiyi bir evi, bərabər yaşamaq istəmədiyi bir xanımı və bəyənmədiyi bir atı varsa onlardan ayrılsın» de­məkdir.

Bəziləri isə, «Evin uğursuzluğu — darlığı və qonşularının pisliyindən ibarətdir. Qadının uğursuzluğu uşaq doğmaması, boşboğazlığı və şübhəli işlərlə məşğul olmasıdır. Atın uğursuzluğu isə, üzərində döyüşə gedilməməsi yaxud qiymətinin ba­halı olması, xidmətçinin uğursuzluğu isə pis əxlaqlı olması, deyilən şeylərə qulaq asmaması kimi şeylərdir» deyiblər.

Әbu Hureyrə’dən rәvayәt olunduğuna görә peyğәmbәr (ona Allahın salavat vә salamı olsun) buyurmuşdur: “Xəstəlikdən (Allahın dilәmәsi olmadan) yoluxma, uğursuzluq, hamə və safər deyilən şey yoxdur.” (Buxari “əs-Sahih”də “tibb” kitabında (7/27) rəvayət etmişdir) Bunu həm də Muslim “əsSahih”də “salam” kitabında (2220) rəvayət edir. 

 

Zubeyr b. əl-Bəkkar “əl-Muvaffəqiyyət” əsərində qeyd edir ki, cahiliyyə zamanında ərəblər inanırdılar ki, bir kimsə qətl edilərsə və onun qisası alınmazsa, ölünün baş tərəfindən bir “hamə” – və bu, soxulcandır – çıxar və “mənə su verin” deyib durardı. Qisası alındıqda isə çıxıb gedərdi. Dil alimlərindən İbnul-Faris və başqaları da buna yaxın bir şey zikr edirlər, lakin burada artıq “hamə” sözünün soxulcan mənasında olduğunu demirlər. 

əl-Qazzaz deyir: “Hamə gecə quşlarından bir quşdur”, sanki bununla bayquşu qəsd edir. İbnul-Arabi deyir: “Әrəblər həmin quşda bir uğursuzluğun, nəsliyin olduğuna inanardılar, əgər kiminsə evinə qonarsa “mənim ya da ailəmdən kiminsə öləcəyini xəbər verir” deyərdilər. Әbu Ubeyd deyir: Әrəblər iddia edirdilər ki, insan öləndə onun qalıqları “hamə”yə çevrilir və uçur.” (Bax: əl-Hafiz İbn Hacər, “Fəthul-Bari”, 16/308)  Hədisdəki “safər” isə səfər ayında bir uğursuzluğun olduğuna etiqad etməkdir. Bu barədə başqa təfsirlər də gəlmişdir, lakin alimlərin çoxuna görə bunun izahı səfər ayında bir nəsliyin olduğuna inanmaqdır. (Bax: “Lətaiful-Məarif”, 1/18)

Rəvayətlərin bəzisində Allahın Elçisi  (Allahın ona salavat və salamı olsun) : «Әgər uğursuzluq (düşər-düşməz) olsaydı, (bu) atda, qadında, evdə olardı» buyurmuş olması, bu mövzuda şübhəyə yer qoymayacaq qədər açıqdır-aydındır. Çünki hədisin mənası budur: «Әgər uğursuzluq (düşər-düşməz) deyilən bir şey olsaydı bu üç şeydə sabit olardı, lakin uğursuzluq adına bir şey sabit olmamışdır. Buna görə də bunlarda da uğursuzluq yoxdur.»

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad vacibdir!

Bənzər Məqalələr