featured-image-896

Bu dinin gözəlliklərindən biri də gözəl əxlaqa, yüksək ədəbə dəvət etməsi, pis əxlaq və xüsusiyyətlərdən isə çəkindirməsidir. Bu din kamil din olduğundan, şəriət və ağıl baxımından bəyənilən hər şeyi özündə cəm etmişdir. Həmçinin fərdlər və toplumlar üçün məsləhətli və xeyirli olanları da özündə toplamışdır. Bu dinə iman gətirib, ehkamlarına riayət edən hər kimsəyə Islam gözəl həyat bəxş edər. Allah taala buyurur:
“Mömin olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Və ya gördükləri yaxşı işlərin əvəzində onlara daha yaxşı mükafatlarını verəcəyik!)” (əh-Nəhl: 97).

Bu ayədə Allah taala dinə riayət edən kişi və qadınlara dünyada xoş həyat, axirətdə isə etdiyi əməllərin bol savabını vəd edir. Yaxşı həyat hərtərəfli rahatlığı əhatə edir. Gözəl əxlaqa yiyələnmək xoşbəxt həyatın səbəblərindəndir. Hikmətli insanların bildiyinə görə insanın əxlaqı kamilliyə doğru getdikcə onun həyatı daha rahat və ləzzətli olar.
Bu şəriət, müsəlman ictimaiyyətinin bir-birlərinə qarşı mərhəmətli, şəfqətli, mehriban olmalarını öyrətmək, onların bədəninin bir üzvü ağrıyarkən digərinin ona cavab verdiyi bir bədən kimi olduqlarını çatdırmaq, bir-birini möhkəm saxlayan bina divarı kimi olmalarını çatdırmaq üçün gəlmişdir. Bu mənada Qurani Kərimdə belə bir ayə vardır.
Allah taala buyurur:
“Həqiqətən, möminlər (dində) qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, (əvvəlki günahlarınız bağışlanıb) rəhm olunasınız!” (əl-Hucurat: 10).
Həmçinin bu şəriət kasıb, fağır, miskin, yetim, aciz kimi zəiflərə qarşı mərhəmətli olmağı, böyüklərə, fəzilətli və elmli adamlara hörmət etməyi əmr etmişdir. Bu şəriət, müsəlman cəmiyyətlərin gözəl və xoşbəxt həyat yaşamaları üçün, cəmiyyətin hər bir fərdinə nəzər salıb, hüquqlarını onlara bildirməyi əmr edən kamil düsturdur.
Allah taala Peyğəmbəri Məhəmmədi  təkəbbürlük, zalımlıq, düşmənçilik və yekəxanalıq edən Cahillik dövrü cəmiyyətinə göndərmişdir. O, bu sifətlərin hamısını rədd edib onları gözəl və misli olmayan əxlaqla əvəz etmişdir. Həmçinin onlarda olan bəzi gözəl əxlaq keyfiyyətləri olan qeyrət, hamilik, vəfalılıq kimi xüsusiyyətləri isə tamamlamışdır. Peyğəmbər  gözəl əxlaqı ən başlıca vəzifə, mühüm qayə edən bir din ilə göndərilmişdir. Onun şəriətinə görə əxlaqı yüksələn insanın imanı da bir o qədər yüksələr.
Peyğəmbər (sav) buyurmuşdur: “Möminlərin ən kamil imanlısı, gözəl əxlaqa sahib olanlarıdır”(Əbu Davud: 5\ 60\ ? 4682. Tirmizi: 3\ 466\ ? 1162. Tirmizi, bu hədisin həsənun səhih olduğunu demişdir.)
Peyğəmbər (sav) insanlar arasında ən kamil iman və ən gözəl əxlaqa sahib olandır. Rəbbi onu tərifləyərək buyurmuşdur:
” Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!” (əl-Qələm: 4).
Peyğəmbərin  belə olmasına səbəb, onun Qurani Kərimdə buyurulan gözəl sifətlərə, xüsusiyyətlərə və fəzilətlərə yiyələnməsi, qadağan edilmiş pis və kobud xüsusiyyətlərdən əl çəkməsi olmuşdur. Ona görə də ona ən yaxın olub, onu gözəl tanıyan zövcəsi Aişədən (r) Peyğəmbərin (sav) əxlaqı haqda soruşulduqda belə demişdir:

“Onun əxlaqı Quran idi”(Müslim: 1\ 513\ ? 746.)
Yəni, o Quranda buyurulan ədəb-ərkan, əmr və qadağalara riayət edərdi. Peyğəmbərin  Quranda buyurulan hər hansı bir (digər) peyğəmbərin gözəl əxlaqı xüsusiyyətlərinə, gözəl əxlaqa yiyələnməsi, bütün qadağalardan çəkinməsi məsələni daha da açıqlayır.
İslam ədəbi və əxlaqı özünün orta mövqeyi və ədaləti ilə digərlərindən fərqlənir. O yerində mərhəmət və şəfqəti əmr edir, lazımi məqamlarda, cəza tədbirlərini tətbiq edərkən, Allah yolunda cihad edərkən və s. – vaxtlarda isə qətiyyətli olmağı tələb edir. Nəfsə görə qəzəblənməyi qadağan edir, pis əməllərin şahidi olduğu zaman Allah xatirinə qəzəblənməyi tələb edir. Allahın Öz kitabında və Peyğəmbərinin  Sünnəsində bizə çatdırdığı bütün işlərdə belə olmaq lazımdır. Allah taala buyurur:
“Həqiqətən, bu Quran (bütün bəşəriyyəti) ən doğru yola (İslama) yönəldir, …” (əl-İsra: 9).
Allah taala Öz kitabı Quranın ən gözəl, adil və doğru yola dəvət etdiyini vurğulayır. Bu, bütün işlərdə, ibadətlərdə, əlaqələrdə, ədəb və əxlaqda öz əksini tapır.
Bu din insanları ən gözəl əxlaqa səsləyir. Elə bir gözəl əxlaq və ya xüsusiyyət yoxdur ki, İslam şəriəti onun yerinə yetirilməsini tələb etməsin. Həmçinin elə bir şər və pis sifət yoxdur ki, İslam şəriəti ondan çəkindirməsin. Hətta bu din ən gözəl əxlaqı imanın əsaslarından biri etmiş və belə əxlaqa yiyələnənin ən kamil iman sahibi və başqalarından daha üstün olduğunu buyurmuşdur. Bu yerdə Peyğəmbər (sav)buyurmuşdur:

“Möminlərin ən kamil imanlısı, gözəl əxlaqa sahib olanlarıdır”(Əbu Davud: 5\ 60\ ? 4682. Tirmizi: 3\ 466\ ? 1162. Tirmizi, bu hədisin həsənun səhih olduğunu demişdir.)

Hazırlayan:
R.Muradlı
www.islamevi.az

Bənzər Məqalələr