Allah Rəsulunun (ona salam olsun) şəhvətpərəstlik ilə ittiham olunması, xristianlar tərəfindən ona edilən ən məşhur ittihamlardan biridir. Müasir dövrdə dinsizlər də, eyni ittihamı irəli sürməkdən çəkinməmişlər. Onlar, öz dediklərini dəstəkləmək üçün, Muhəmməd Peyğəmbərin evliliklərini “dəlil olaraq” gətirməyi sevirlər. Müsəlman apologetlər bu şübhəyə cavab verdikləri zaman, Onun (ona salam olsun), Xədicə ilə evliliyini və bu evlilik dövründə ikinci dəfə evlənməməsini qeyd edirlər. Bəlkə də bu arqument, əslində müsəlman dünyasında deyil qərbdə yaranmışdır. İngilis tarixçisi Godfrey Higgins (1772-1833) 1829-cu ildə yazdığı kitabda Peyğəmbərimizi şəhvətpərəstlikdə ittiham edənlərə cavab olaraq deyir:
“O iyirmi beş yaşında – cavanlıq ehtiraslarının ən yüksək olduğu yaşda – özündən on beş yaş böyük olan Xədicə ilə evlənmişdir. Ölkəsinin qanunlarının poliqamiyaya icazə verməsinə rəğmən O, bundan yararlanmadı, Xədicə yaşadığı iyirmi iki il müddətində ona sadiq qaldı və onunla böyük ailə sahibi oldu…”
(Godfrey Higgins, 1829, An Apology for the Life and Character of the Celebrated Prophet of Arabia, Called Mohamed, or the Illustrious, London, p.26). Higginsdən 40 il sonra britaniyalı yazıçı John Davenport (1789-1877) da eyni arqumentdən istifadə etmişdir. (John Davenport, 1882, An Appolgy for Mohammad and the Koran, London, J. Davy and Sons, p. 25-26) 
Müxaliflər bu cavabla qane olmaya, Muhəmməd Peyğəmbərin Xədicə ilə – onun var-dövlətinə görə evləndiyini və buna görə də ikinci dəfə evlənmədiyini iddia edə bilərlər. Buna isə, bir çox yöndən cavab vermək mümkündür:

1) Allah Rəsulunun (ona salam olsun) Xədicə ilə var-dövlət üçün evləndiyini demək – isbat tələb edən bir iddiadır. Peyğəmbərimizin həyatından qəti məlum olan odur ki, bu evliliyi ona – Xədicə təklif etmişdir. Digər tərəfdən, Xədicə (Allah ondan razı olsun) vəfat etdiyi zaman, Allah Rəsulunun ondan geriyə qalan külli miqdarda mala varis olduğu haqda da ortada tarixi bir fakt yoxdur. Hətta xristian müstəşriqləri, Muhəmməd Peyğəmbərin Xədicə ilə evliliyinin, sevgi və hörmət üzərində qurulduğunu etiraf edirlər. Ceyms Stobart (James Stobart) belə deyir:
“Muhamməd və Xədicənin evi işıqlı və xoşbəxt, evlilikləri isə uğurlu və bəhrəli idi”. Peyğəmbər haqda neqativ nəticələrə gəlməsinə baxmayaraq James Stobart bunu etiraf etməli olur (J. W. H. Stobart, Islam and Its Founder,  1895, London and New York:Society for Promoting Christian Knowledge, p. 57).
2) Məşhur cavablardan biri – Muhəmməd Peyğəmbərin Xədicə öldükdən sonra əsasən siyasi və ictimai səbəblərə görə evlənməsidir. Diqqət yetirsək, O, özündən öncə ərdə olmamış sadəcə bir nəfər ilə – Aişə ilə evlənir. Sirr deyil ki, şəhvətpərəst birisi, evlənəcəyi bütün qadınları cavan və bakirə olaraq seçərdi. Maraqlısı odur ki, xristianlar, Allah Rəsulunun Aişə ilə evliliyini də, Əbu Bəkr ilə əlaqələrini gücləndirməkdən ötrü etdiyini deyiblər. Yəni, ailə qurduğu ən gənc qadınla belə, nəfs və arzuları xatirinə evlənmədiyini deyənlər – müsəlmanlar deyil, başqa dinin nümayəndələri olmuşlar. Muhəmməd Peyğəmbərin (ona salam olsun) digər evliliklərində də siyasi və ictimai məqsədləri göstərmək mümkündür.

3) Xədicə vəfat etdikdə Allah Rəsulunun yenədə özündən yaşca böyük olan Sevda ilə evləndiyini görürük. Sevdanın bu zaman təxminən altmış altı yaşı olur. (Əbu Zuhrata, Muhammad b. Əhməd,  h. 1425, Xatəmun Nəbiyyin, Darul Fikril Arabi, Qahirə, p. 1097). Allah Rəsulunun bundan sonraki evliliyi üç il sonra baş verir. Sevda ilə evliliyin əsas səbəbi – onu qorumaq idi (W.M. Watt, 1956. Muhammad at Medina, London, Oxford University Press, p. 309). 

4) Allah Rəsulu nübuvvəti (peyğəmbərliyi) – qadınlar, güc və mal üçün iddia etmiş olsa idi, Mədinəyə köçmədən öncə ən azı iki dəfə bunlara nail ola bilərdi. Birinci dəfə bu imkan, Xədicənin yaşadığı dövrdə baş verir. Qureyş qəbiləsinin başçıları, iddialarından imtina etməsi müqabilində Onu başçıları edəcəklərini, Onun üçün mal toplayıb, aralarında ən varlı edəcəklərini, Onu ən gözəl qadınlarla evləndirəcəklərini deyirlər. (Siratun Nəbəviyyə libni Hişəm, 1955, Şərikə Məktəbə Və Mətbəə Mustafa Əlbəbi Əlhələbi va Əvlədih, Misir, səh. 295) Digər hadisə isə, Xədicə vəfat etdikdən sonra baş verir. Bənu Amir qəbiləsi Onu özlərinə başçı təyin etməyi təklif edir, bunun müqabilində isə, sadəcə olaraq özündən sonra səltənətini (Qureyşə deyil) bu qəbiləyə vermələrini tələb edir. Muhəmməd Peyğəmbər (ona salam olsun) hər iki təklifi kəsinliklə rədd edir (Abdus Sələm Harun, 1985, Təhzib Sira İbn Hişəm, Dar Buhus İlmiyyə, Kuveyt, səh. 100).

Allah Rəsulunun həyatı haqda yazan Betty Kelen`nin sözlərinə diqqət yetirək:
“626-cı ilin əvvəlində (Peyğəmbər) otuz yaşlı Zeynəb ilə evlənir… Zeynəb özünü xeyir işlərə və xəstə qayğısına həsr etmiş birisi idi. Ola bilər ki, o özü də əlil olub. Hər bir halda Zeynəb, evliliyindən cəmi səkkiz ay sonra vəfat etmişdir. Bu evlilik bizə göstərir ki, Muhamməd sadəcə “qadın toplamaq” üçün evlənməmiş, onun başqa məqsədləri olmuşdur. Peyğəmbərin davranışlarını bizə göstərir ki, o kiminsə düşünə biləcəyi kimi eşqbaz olmayıb, əksinə, O, gecəsinin yarısını və ya çoxunu ağrıdan şişən ayaqlar üstündə duran və Allah ilə ünsiyyət quran (gecələri namazda keçirən), və eyni zamanda bunu başqalarına da tövsiyyə edən təmkinli birisi olmuşdur.” (Betty Kelen, 1975, Muhammad, The Messenger of God, 105-106).
Bütün bunlarla bərabər biz, Hz. Muhəmmədin (ona salam olsun) qadınlarla maraqlanmadığını da demirik. Axı O özü “sizin dünyadan mənə qadınlar və ətir sevdirilmişdir..” – deyir.. Lakin biz, təəssübkeş tayfanın etdiyi kimi, hədisin sadəcə bu hissəsini nəql edib dayanmırıq. Hadisənin davamında “..lakin mənim gözümün nuru – namaz edilmişdir” – sözü vardır. O, bunları sadəcə sözdə demir, gecələrini namazlarda keçirir, bəzən bir ayə ilə bütün gecə namaz qılır, bəzən sadəcə bir rükətdə Quranın üçdə birini oxuyur, ayaqları şişir və çartlayır, lakin Ona “ey Allah Rəsulu, (özünə nə üçün bu qədər əziyyət verirsən ki..) sənin axı keçmiş və gəlmiş bütün günahların bağışlanıb” – deyiləndə “..şükür edən bəndə olmayım mı?” – deyərək cavab verir.
Qadınlara sevgisi isə, sadəcə öz həyat yoldaşlarına aiddir. Cavanlıq illərində zina evinə, şərab evinə, qadınların lüt olduqları məclislərə daxil olmayan (Qeyd: İslamdan öncə Məkkə əhli, Kəbəni lüt tavaf etməyi ibadət hesab edərdi. Allah Rəsulu heç bir zaman onlarla bərabər olmayıb), ərəblərin başçısı olduqda isə özünə halal olmayan bir qadının əlinə belə toxunmayan, saçının telinə belə baxmayan, ilk öncə özünə sonra da ümmətinə evlilik institutundan kənar münasibətləri qəti şəkildə qadağan edən birisinə şəhvətpərəst deyən şəxs – heç utanmır mı?
 
 
Sir John Bagot Glubb`un da bu nəticəyə gəldiyini görürük. O, belə deyir:
“Onun qadınlara olan sevgisini namazla birləşdirməsi bizlərə isbat edir ki, qadınlardan xoşlanmasının məsum (hissdən) başqa bir şey olması, Onun ağlına belə gəlməmişdir. Lakin O, qətiyyən nizamsız bir sevginin tərəfdarı deyildi. Nəql olunduğuna görə O, missiyasına başladıqdan sonra həyat yoldaşı olmayan qadının əlinə belə toxunmamışdır. Maraqlıdır ki, onun xanımlarının demək olar ki hamısı, dul qadınlar idi. Çoxu, orta yaşlarda idi. Bəziləri onun oğul sahibi olmaq istədiyinə görə bu qədər qadınla evləndiyini iddia etmişdir.. Digərləri, onun siyasi səbəblərinin olduğunu deyir.. Üçüncü qrup isə deyir ki, O, vəfat etmiş müsəlmanların dul qadınları ilə evlənmişdir ki, onlara və yetim qalmış uşaqlarına baxsın.. Mədinədə (dövlət işləri və müsəlman cəmiyyətinin inşası ilə məşğulluğa görə) Onun boş vaxtı getdikcə azalır və yəqin ki, fiziki və mental olaraq çox yorulurdu. Bu isə kişilərin, həddindən artıq seksuallığa qapıla biləcəkləri şəraitlər deyil. Beləliklə, öldüyü zaman on bir həyat yoldaşı olduğuna görə, Onun sensualist (şəhvətpərəst) olması iddiası tamamilə olmasa da, ümumi olaraq imtina edilməsi lazım olan bir nəticədir. Onun əlli yaşına qədər bir qadınla evli olması, bu dediyimizi özəlliklə gücləndirən bir faktdır..” (John Bagot Glubb, 1970, The Life and Times of Muhammad, New York, pp. 238-239).
Bütün bunlarla bərabər, Allah Rəsulunun şəhvətpərəst olmadığının ən güclü arqumenti  – Onun (ona salam olsun) mal-mülkdə gözü olmamasında, ümmətinin başçısı olmasına baxmayaraq, şiddətli ehtiyac içində yaşamasındadır. Hər kəsə məlumdur ki, qida ehtiyacı, cinsi ehtiyaclardan öncə gəlir. İslam fiqh kitablarında alış-veriş bölümü, həmişə nikah bölümündən daha öncə gəlir. Çünki, hər kəsin həmfikir olduğu qaydaya əsasən: “qarnın şəhvəti (aclıq), fərcin (cinsi) şəhvətindən öncədir”. Muasir elm də bizə göstərir ki, ac olan insanın beyni “neuropetide Y” ifraz edir və bu, iştahı çoxaltmaqla bərabər, cinsi istəyi azaldır. Aclıq aradan qaldırıldıqda, “leptin” ifraz olunur. Bu hormon öz növbəsində cinsi istəkləri stimulasiya edir.

Demək istədiyimizi anlamaq, çox asandır. Muhəmməd Peyğəmbər, Mədinəyə köçdükdən sonra istəsəydi, krallar kimi yaşaya, bütün dünya mənfəətlərini əldə edə bilərdi. Lakin, tarix haqda məlumatlı və səmimi olan hər bir kəs bilir ki, O, bunu seçməmişdir. Çünki O, bütün bəşəriyyətə göndərilmiş bir nümunə, müəllim və xilaskar idi.



Bu yazı www.islamevi.az saytının elmi heyəti tərəfindən hazırlanmışdır.
Materiallardan istifadə edərkən istinad zəruridir!

Bənzər Məqalələr