Peyğəmbərimizin (ona salam olsun) öndərliyi ilə müsəlmanlar Məkkədən Mədinəyə hicrət etdikləri zaman, Mədinədə mərkəzi bir hakimiyyət sistemi yox idi. Qəbiləçilik anlayışının çox qüvvətli olduğu Mədinə, tək bir şəxs və ya qəbilə hakimiyyətinə uyğun bir vəziyyətdə deyildi. Halbuki Məkkə, artıq tam bir Şəhər dövləti idi. Şura’lı (məclis/parlament) və tək bir qəbilə idarəçiliyi altındakı Məkkə, Muhəmməd Peyğəmbər’in (ona salam olsun) varlığından çox narahat idi. Çünki O, həm cahiliyyət ideologiyaları ilə amansız mübarizə aparır, həm də hakim qəbilə’dən olmaqla müşrik Qureyşlilərin hakimiyyət taxtı üçün təhdid hesab olunurdu.

 

Məkkə’dəki dözülməz çətinliklərdən sonra, Mədinəyə hicrət edən müsəlmanlar üçün, ortaq qərarların alınacağı bir şura və ya məclisin olmadığı bu torpaqlarda hüquq sistemini qurmaq mütləq idi. Çünki, bu olmadığı halda stabil və əmin-aman yaşamı təmin etmək mümkünsüz olacaqdı. Bir tərəfdə iki düşmən ərəb qəbilə – Əvs və Xəzrəc; digər tərəfdə isə, Roma zülmündən qaçaraq öncə Qüdsə, sonra isə Mədinəyə köçmüş Qaynuka, Qurayza və Nadir adlı yahudi qəbilələri.. Məkkədən köçmüş mühacirlər gəlmədən öncə Mədinədə 6000 müşrik ərəb, 4000 yahudi və təxminən 50 xristian ərəb yaşayırdı. Təbii ki, yahudilərlə ərəb (Əvs və Xəzrəc) qəbilələri arasında münaqişələr o zamanlar da var idi.

 

Yahudilərin sayları az olduğu üçün, ərəb qəbilələri arasında ixtilaf salaraq, onları daxildən zəiflətmə siyasəti aparırdılar. Lakin, iqtisadi (ticari) güc, ərəblərdə idi. Son peyğəmbərin öz qövmlərindən çıxacağını gözləyən yahudilər, zamanın yaxınlaşdığını hiss edirdilər. Muhəmməd Peyğəmbərin isə, yahudilərdən deyil, ərəb millətindən çıxması və üstəlik, yahudilərin də yaşadığı şəhərə gələrək buradakı ərəbləri bir bayraq altında toplaması, onların kin və həsədlərini daha da artırırdı. Bir sözlə, bu xaotik vəziyyət, stabilliyin qarşısını alacaqdı.. Bu durumda Muhəmməd Peyğəmbər (ona salam olsun), burada yaşayan hər kəsi birləşdirmək və yazılı bir hüquq bəyannaməsi yaratmağı qərarlaşdırdı.

 

“Mədinə Qanunnaməsi” adlı bu konstitusiya, tək bir şəxsin tənzimləməsi nəticəsində ortaya çıxmamışdır. Məşhur səhabə Ənəs’in evində bir çox müdrik səhabənin iştirakı ilə ortaya çıxarılmış bu qanunnamə, 47 maddədən ibarət olub, tarixi mənbələrdə bəzən “kitab”, bəzən isə “səhifə” olaraq adlandırılmışdır. Qanunnamədə müsəlmanların və digər din mənsublarının haqları müəyyən edilmişdir. Müsəlmanların birliyini təmin edən yeganə vasitənin İslam olduğunun bəyan olunduğu bu qanunnamədə, şəxslər arasındakı sosial hüquq bərabərliyi, yardımlaşmanın vacibliyi, fikir ayrılığı zamanı müraciət ediləcək yeganə mənbənin Allahın dini və Peyğəmbərin şəriəti olduğu qeyd olunmuşdur. Bununla yanaşı, ərəblər arasında olan qəbiləçiliyə nizam gətirmiş, haqsızlıq edən kəsin -qohum olsa belə- cəzalandırılmasını əmr etmiş və digər din mənsublarının da hüquq azadlıqlarını təmin etmişdir. Misal üçün, yahudilərə – mülk sahibi olma və dinlərini sərbəst yaşama azadlığının verilməsi – Muhəmməd Peyğəmbərin üstün ədalətinin göstəricisidir. Gələcəkdə onlar tərəfindən bu andlaşma pozulmasaydı, bu ədalətli qanunnamənin hökmləri davam edəcəkdi. 

 

O zamana qədər Mədinəli ərəblər, tabe olduqları bir hüquqi qaydalar olmadan, aralarındakı gündəlik sosial məsələlərdə, özlərinə uyğun olaraq hökmlər verirdilər (qanunlar tətbiq edirdilər). Muhəmməd’in öndərliyi ilə, müsəlman və qeyri-müsəlmanların kompakt şəkildə yaşadığı bu cəmiyyəti bir araya toplayaraq, ‘konstitusiya’ qəbul edilmiş və beləcə, Mədinə Şəhər Dövləti’nin təməllərini atmışdır. Bu tarixi ‘sosial sözləşmə’ (contract social), məhz bu cür meydana gəlmişdir.

 

Qərb’də ilk yazılmış Konstitusiya olaraq “Magna Carta” qəbul edilir. Halbuki, müsəlmanlar “Magna Carta”-dan tam 600 il əvvəl, dini və milli ‘azlıqların’ (minority group) haqları da daxil olmaqla, hər kəsin hüquqlarını müəyyən edən bir Konstitusiya ortaya qoymuşdular.

Magna Carta (1215)

“Magna Carta” – latınca “Böyük Andlaşma” deməkdir. 1215-ci ildə İngiltərə kralı Con (John)Papa ||| Innocent‘lə, baronlar arasındakı bu sözləşmə, o günə qədər Kralın sonsuz səlahiyyətlərini, din və xalq qarşısında məhdudlaşdırmaq mahiyyəti daşıyırdı. Yəni Qərb, yalnız 13-cü əsrdə öz başçılarının xalqa qarşı amansız diktaturasının qarşısını almış ikən, müsəlmanlar bu qanunnamələri bundan düz 6 əsr (600 il) öncə qəbul etmişdilər. 47 maddədən ibarət bu qanunnamə, tarixdə mətni aşkarlanmış ilk yazılı kontitusiyadır.

 

Magna Carta andlaşması, İslam haqqında yetərsiz məlumatlara sahib olan bir çox insan üçün, xalqın hüquq və azadlıqlarını təyin edən ilk qanunnamə olaraq bilinir. Halbuki, heç də belə deyildir. Müsəlmanlar bunu çox daha öncə və daha mükəmməl şəkildə artıq edərək, bütün dünya üçün bir örnək/model ortaya qoymuşdular. İslam – getdiyi bütün torpaqlara nizam və ədalət’i apararaq, xalqların əmin-aman yaşayışını təmin etmişdir.

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad zəruridir!

Share Button
Tarix: 14.10.2019 | Oxunma sayı: 765 baxış