featured-image-752

İslam dininin ən gözəl və ən doğru tərifini Məhəmməd peyğəmbər (s.ə.s) Cəbrayılın (Allahın əmrlərini peyğəmbərlərə çatdıran ən böyük mələk, Ona salam olsun) “İslam nədir?” sualına verdiyi cavabda bildirmişdir ki; “İslam — özünə heç bir varlığı (heç nəyi) şərik qoşmayaraq Allaha qulluq etmək ( təslim olmaq, itaət etmək), namaz qılmaq, fərz olan zəkatı vermək, ramazan orucunu tutmaqdır. İslam dini Məhəmməd peyğəmbərin (s.ə.s) Allah tərəfindən elçi olaraq göndərilməsindən sonra təşəkkül tapmağa, tanınmağa və yayılıb möhkəmlənməyə başladı. Çünki, Allah Təala Məhəmməd peyğəmbərdən (s.ə.s) də əvvəl, insan nəslini yaradandan bu dünya həyatında xoşbəxt, səadət içərisində olmaq, rahat yaşamaq üçün insanlara onları yaxşılığa dəvət edən peyğəmbərlər göndərmişdir.

Məhəmməd peyğəmbər (s.ə.s) məhz bu peyğəmbərlərin sonuncusu, islam dininin son və kamil formasını tamamlayan bir peyğəmbər oldu. Digər peyğəmbərlər müəyyən bir xalqa, bir qəbiləyə, bir nəsilə, bir tayfaya, bir rəiyyətə göndərilmişdirsə, Məhəmməd peyğəmbər (s.ə.s) dünyanın sonuna qədər gələcək bütün xalqlara və millətlərə peyğəmbər olaraq göndərildi. O, islam dininin ən tam, kamil formasını qiyamətə qədər gələcək insanlara çatdırdı. Artıq Qiyamət gününə qədər yer üzərindən insanlara peyğəmbər göndərilməyəcək, bütün insanlıq yalnız onu tanımaqla səadətə çatacaq.
Allah Təala yaratdıqlarının ən xeyirlisini insanlığa, Onun risalətinə ən çox ehtiyac olduğu bir vaxtda göndərdi. Kitab əhli dinlərini dəyişdirib təhrif etdikdən sonra, dinə şiddətlə ehtiyac duyduqları bir vaxtda göndərdi. Bəşəriyyət şirkin və cahilliyin qaranlığında boğulmuşdu. Allah qulu Məhəmmədi (s.ə.s) bütün insanlara peyğəmbər olaraq göndərdi. Allah Təala buyurur:
“- (Ya Rəsulum!) De: “Ey insanlar! Mən Allahın sizin hamınıza göndərilmiş peyğəmbəriyəm. (O Allah ki) göylərin və yerin hökmü Onundur, Ondan başqa heç bir tanrı yoxdur. O dirildir və öldürür. Buna görə də Allah, eləcə də Onun Allaha və Allahın sözlərinə (ayələrinə, nazil etdiyi kitablara) inanan və ümmi peyğəmbər olan Rəsuluna iman gətirin və ona tabe olun ki, doğru yolu tapa biləsiniz ( Qurani Kərim (Tərcümə Vasif Məmmədəliyev və Ziya Bünyadovundur) , əl-Əraf (Sədd) surəsi, 158-ci ayə)
Məhəmməd peyğəmbər (s.ə.s) onları müxtəlif ilahlara ibadət edən gördü. Bəziləri ağaclara ibadət edir, bəziləri daşlara, Günəşə, Aya, ulduzlara, mələklərə, cinlərə, Məryəmin oğlu İsaya, qəbirlərə və vəlilərə ibadət edirdi. Allahdan başqa onlara dua edir, onlardan kömək istəyirdilər. Bəlaların və sıxıntıların dəf edilməsi üçün onlara sığınırdılar. Yaxşılıq və fayda əldə etmək üçün onlara yönəlir, onlar üçün qurban kəsib nəzir verirdilər. Onları; dualarını Allaha yüksəldən, Allaha yaxınlaşdıran vasitələr kimi qəbul edirdilər.
Onları aralarındakı anlaşmazlığın həllində kahinlərə, sehrbazlara, cadugərlərə gedən gördü. Fahişəliyi və haramları yayır, qonşularla pis davranır və qohumluq əlaqələrini kəsirdilər. Halala, harama baxmadan mal əldə edirdilər.Faiz və ticarət onlar üçün bir idi. Allahın rəsulu (s.ə.s) isə insanları Allahdan başqa ibadət edilməyə layiq ilah olmadığına, Məhəmmədin (s.ə.s) onun rəsulu olduğuna şəhadət etməyə dəvət etmək üçün gəldi. Duada, qurbanda, nəzirdə, kömək istəmədə, sığınmada, fayda istəmədə, pisliyi dəf etmədə, təvafda, səcdədə və bu kimi digər müxtəlif ibadət növlərində Allahı təkləmək kimi bu şəhadətin əhatə etdiyi hər şeyi onunla birlikdə gətirdi. Allah Təala buyurur:
“- Şübhəsiz ki, (bütün) məscidlər Allaha məxsusdur. Allahdan başqa heç kəsə ibadət etməyin!”(Qurani Kərim , əl-Cinn (Cinlər) surəsi, 18-ci ayə)və belə buyurur:
“- (Ya Rəsulum!) De: “Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin; kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Açıq və gizlin pis işlərə yaxın düşməyin. Allahın (qətlini) haram buyurduğu cana qıymayın (müsəlman və ya əhli-zimməni haqsız yerə öldürməyin). (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb anlayasınız”(Qurani Kərim , əl-Ənam (Davar) surəsi, 151-ci ayə)
Başqa bir ayədə Allah Təala buyurur:
“- (Ya Rəsulum!) De: “Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə (bismillah deyilmədən) günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm. Bununla yanaşı, hər kəs məcburiyyət qarşısında qalsa, həddi aşmadan, zəruri ehtiyacını ödəyəcək qədər (bunlardan yesə, Allah ona cəza verməz)”. Çünki sənin Rəbbin, həqiqətən, bağışlayandır, rəhm edəndir”
(Qurani Kərim , əl-Ənam (Davar) surəsi, 145-ci ayə)
İbn Cərir, İbn Abbasın (r.a) belə dediyini rəvayət edir: “Əbu Talib xəstələndikdə aralarında Əbu Cəhilin də olduğu Qureyşin nüfuzlu insanları onun yanına getdilər. “ Qardaşının oğlu ilahlarımıza söyür, belə-belə edir, belə sözlər deyir. Onun yanına birini göndər və bundan uzaqlaşdır ki, ondan və ilahından əl çəkək” dedilər. Əbu Talib Allahın rəsuluna belə dedi: “Ey qardaşımın oğlu! Qövmünə nə olub ki, səndən şikayət edir, onların ilahlarına söydüyünü iddia edirlər”. Allahın rəsulu (s.ə.s) belə buyurdu: “Ey əmi! Mən onlardan tək bir kəlimə demələrini istəyirəm. O sözü desələr ərəblər onlara boyun əyər, bu söz ilə əcəmlər (qeyri ərəblər) onlara cizyə verər”. Əbu Cəhil: “On dəfə deyərik” dedi. Allahın rəsulu (s.ə.s): “ La ilaha illallah / Allahdan başqa ilah yoxdur deyin” buyurdu. Bundan sonra qışqıraraq və paltarlarını silkələyərək qalxdılar: “İlahları bir ilahmı etdi? Doğrusu bu təəccüblü bir işdir” dedilər”.
Onlar bu sözün mənasını, onun insanı həm ibadətində, həm sosial əlaqələrində, həm əxlaqında, ümumiyyətlə bütün həyatında islamın gətirdiyi yeni bir şəkildə olacağını bilirdilər. Allah Təalanın bu sözü buna işarə edir:
De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam!”( Qurani Kərim , əl-Ənam (Davar) surəsi, 162, 163-cü ayələr)
Bu məna müşriklərin deməkdən qaçdığı Lə ilaha illallah (Allahdan başqa ilah yoxdur) haqq sözdür. Allahın rəsulu (s.ə.s) insanların hamısını bu uca mənaya dəvət etdi. Bütün bəşəriyyət tarixinin ən uca vəzifəsi olan bu uca vəzifəni yerinə yetirdi. İnsanı ən uca məqamlara yüksəldən və axirətdə bitib tökənməyən əbədi xoşbəxtçiliyə qovuşduran doğru bir dinə çağırdı. Bir qrup mömin onun dəvətinə cavab verdi. Müşriklər onlara atəşlə yandırma, qızğın quma basdırma kimi şiddətli işgəncələr verdilər. Üç qrup insan Allah rəsulunun (s.ə.s) dəvətinə cavab vermədi: Həqiqəti bildikləri halda kibirli olduqları üçün inkar edənlər, qısqanclıqdan yananlar və cahil nadanlar. Bu üç qrup Allah yolundan uzaqlaşdırmaq üçün sınamadıqları yol və vasitə qoymadılar. Allah Təala buyurur:
“- Onlar Allahın nurunu (islam dinini) öz ağızları (öz iftiraları və şər sözləri) ilə söndürmək istəyirlər. Allah isə – kafirlərin xoşuna gəlməsə də, öz nurunu (dinini) tamamlayacaqdır”(Qurani Kərim , əs-Saff (Səf) surəsi, 8-ci ayə)
Miladi tarixlə 610-cu ildə özünə vəhy gələn Məhəmməd peyğəmbər (s.ə.s), gətirdiyi yeni dəvətin Məkkədəki dini və ictimai adət-ənənələri sarsması səbəbilə ilk əvvəl gizli təbliğ etdi və üç il müddətində yaxın qohum-əqrabalarını dinə dəvət etməklə kifayətləndi. Dördüncü ildən etibarən müəyyən bir saya və güvənmə halına çatan ilk müsəlman camaat özünü tanıtdıqdan sonra Məkkəli müşriklərin şiddətli hücum və işgəncələrinə məruz qaldı. Bunu müşahidə edən Məhəmməd peyğəmbər (s.ə.s) istəyən müsəlmanların Həbəşistana hicrət etməsinə icazə verdi (615-616- cı illər). Məkkədə qalan müsəlmanlar müşriklərin təzyiq və hücumları ilə bərabər üç il, 617-620- ci illər cəmiyyətdən təcrid edilmiş bir şəkildə həm sosial, həm də ekonomik baykot və mühasirə altında yaşadı. İslamın Məkkədə təbliğinə və möhkəmlənməsinə imkan olmadığını görən Allah rəsulu (s.ə.s) Mədinəlilərlə etdiyi birinci və ikinci Aqabə beyətlərindən sonra özlərinə himayə vəd edən Yəsribə (Mədinəyə) hicrət etmələri üçün səhabələrinə icazə verdi. Daha sonra da özü Əbu Bəkrlə birlikdə Mədinəyə hicrət etdi və islam tarixində yeni bir dövr başlandı. Bu dövr hicrət dövrü olaraq tanınır.

Hazırlayan:
AMEA M. Füzuli adına Əlyazmalarinstitunun kiçik elmi işçisi,
Əkrəm Həsənov Bəhramoğlu.
www.islamevi.az

Bənzər Məqalələr