İslam dini, özündən öncəki dinlərin xurafatçı və doğru din çərçivəsindən çıxmış əməllərini inkar etmiş, son və bir daha dəyişməyəcək din modelini ortaya qoymuşdur. Bu əməllərə yüzlərlə misal vermək mümkün olsa da, bu yazımızda, özünü İslama nisbət edən bəzi qrupların da tətbiq etdikləri və bunu, hətta “ibadət olaraq” hesab etdikləri bir ritual olan – əzadarlıq mövzusuna toxunmaq istərdik. Yazımızın daha qısa alınması üçün, 4 nüansa diqqət çəkərək, düşüncələrimizi maksimum dərəcədə lakonik olaraq ifadə etməyə çalışacağıq:

 

 

İSLAMDA ƏZADARLIQ ANLAYIŞI (?)

İslam dininə görə, əmr, yasaq və həmçinin tövsiyyələr – Allahın insanlar üçün təyin etdiyi elçi vasitəsilə təbliğ olunur. Bu təbliğin müddəti qurtardıqdan sonra -istənilən bir hadisənin baş verməsindən asılı olmayaraq- həmin dinə hər hansı bir ritualın əlavə olunması qəti şəkildə qadağandır. Həmin elçi – Muhəmməd peyğəmbər , təbliğ müddəti – 23 il, həmin peyğəmbərin/elçinin – dini bir ritual olaraq etmədiyi istənilən bir şeyi dini adət olaraq qəbul etməyin qadağan olunması haqda – arqument isə, Maidə surəsinin 3-cü ayəsidir:

“..Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim.”

Qeyd etdiyimiz çox açıq arqumentdən, hər bir müsəlman çox rahatlıqla “peyğəmbərin vəfatından sonra bu dinə heç bir şey əlavə oluna bilməz” düsturunu anlaya bilər. Quran ayəsində, dinin – Uca Allah tərəfindən “tamamlandığının” (أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي) deyildiyi və eyni zamanda, göndərilmiş elçinin “məndən sonra filan bir hadisə baş verərsə, filan əməli edərsiz” – deyə bir tövsiyyəsinin olmadığı halda, “axı bunu necə etməmək olar, bu ki, zalıma tərəf olmaqdır!” və ya “axı bu gözəl bir əməldir..” – deyə nəfsi düşüncələrə tabe olmaq, İslamın təməl prinsiplərinə zidd bir anlayışdır.

Yüngül və ağır Aşura əzadarlığı. Görəsən, “ağır formada olmaz, lakin yüngül olar” – deyə iddia edənlərin, heç olmasa buna dair bir dini sübut/arqumentləri varmı?

 

Mövzuya daha açıq bir misal verəcək olsaq, “Aşura matəmi və əzadarlığı” mövzusuna dair kiçik bir bəhs aça bilərik. Zalıma boyun əyməmiş dahi bir öndər və Peyğəmbər nəvəsi olan İmam Hüseynin şəhidliyi.. Bu tarixi faciə haqda geniş olaraq yazmaq, yazımızı çox uzun edəcəyi üçün sadəcə önəmli nüanslara diqqət çəkməyə çalışacağıq (BU MÖVZU HAQDA ƏTRAFLI ARAŞDIRMALARI OXUMAQ İSTƏYƏNLƏR, SAYTIMIZDAKI BU MƏQALƏNİ OXUYA BİLƏRLƏR 👈🏻 oxumaq üçün üzərinə tıkla – red.). Konkretləşdirək: Peyğəmbərimizin yaşadığı dövrdə bir çox yaxın ailə üzvünün və ən sevdiyi əmisi Hz. Həmzənin timsalında daha yüzlərlə səhabəsinin düşmən tərəfindən vəhşicəsinə qətlə yetirildiyini yəqin ki, çoxumuz bilirik..

Suallar: Muhəmməd peyğəmbər ﷺ hər əziz adamı üçün, hər il yas tutdumu? Əzadarlıq və ya matəm etməyi, habelə qan çıxartmağın vacib olduğunu təbliğ etdimi? Hər il məscidlərdə mərsiyə oxuyaraq sinə vurdumu? Səmimi insanlardan bu suallar ətrafında məntiqlə düşünmələrini gözləyir və növbəti nüansa keçirik.

Hər il təkrarlanan əzadarlıq mərasimləri | Hər il aşura günü “əzadarlıq mərasimləri” təşkil olunmasının vacibliyi haqda danışan qrupların din alimləri, istəsəydilər, yaşadıqları şəhərlərdə, qatıldıqları mərasimlərdə gözlərinin önündə baş verən bu kimi kadrların önünü bircə ‘fətvayla’ kəsə bilərdilər, elə deyilmi?

 

XRİSTİANLIĞIN HƏCCİ – “VİA DOLOROSA” ƏZAB YOLU

Xristianlar üçün Qüds şəhərinin önəmi çox böyükdür. Çünki, İsa peyğəmbərin burada yaşadığı və burada öldürüldüyünə (İslama görə, öldürülməyib – red.) inanılır. Roma vassalı olaraq yaşayan Qüds yəhudiləri, dəyişdikləri dini bərpa etməklə vəzifələndirilmiş İsa peyğəmbəri qəbul etməmiş, onun öldürülməsini qarşılarına məqsəd olaraq qoymuşdular. Lakin, Roma vassalı olaraq yaşadıqlarına görə, mühakimə etmə və öldürmə kimi bir hüquqları yox idi. İmperator Tiberi (lat. Tiberius Iulius Caesar) və onun Qüdsə təyin etdiyi vali olan Ponti Pilat’dan (lat. Pontius Pilatus) qorxduqlarına görə buna cəsarət edə bilmirdilər. “Bir peyğəmbər zühur edib” – deməklə, Roma valisinin diqqətini cəlb edə bilməyəcəklərini də yaxşı bilirdilər. Çünki, Romapaqan (çox ilahlı/müşrik – red.) inanclı dövlət olduğuna görə, dinlər arası mübarizə onları qətiyyən maraqlandırmırdı. “İsa adlı birisi çıxıb və hökmdarlıq iddia edir” – propoqandası ilə, İsanın (əslində isə, ona xəyanət etmiş Yahuda’nın – Judas Iscariot – red.) edam qərarını almağa (eramızın 30-cu ili) nail olmuşdular.

İsaya (əslində Yahudaya) “Xaç yükləmə” təsviri

İnanclarına görə, İsa (əslində Yahuda), Qüds şəhərində əzab yolu adını verdikləri “Via Dolorosa” adlı küçədən keçirilərək, Roma edam üsuluna uyğun (insanların daş atması, tüpürməsi və döyərək işgəncə etməsi – red.) bir əzabla ‘sürgün’ edilmiş və nəhayət çarmıxa çəkilərək öldürülmüşdür.

 

Günümüzdə xristianlar, həmin küçə ilə bir növ “həcc” edərək, İsaya verilən əzablara matəm tutur, əzadarlıq edirlər. Vaxtilə 8, günümüzdə isə, sayı 14-ə qədər qaldırılmış durma nöqtələri olan bu ritualın hər hissəsinə bir anlam yükləmişlər. Məsələn, durma nöqtələrinin birində Romanın edam üsulu olan çarmıxın, İsa’nın (əslində isə Yahudanın) belinə yükləndiyi üçün həmin yerdə simvolik olaraq (əllərinə və ya bellərinə) xaçla yüklənir, başqa bir durma nöqtəsində isə, İsanın (guya) anasını gördüyünə görə ağlayırlar.

Provaslav xristianlar “Via Dolorosa” yolunda

Bəzi xristian firqələrində bu rituallar daha da şiddətli əzadarlıq formalarında nümayiş etdirilir. Lakin, xristianların ilah hesab etdikləri, (əslində isə bir peyğəmbər olan) İsa, bu cür ibadət ritualları etməmiş və tövsiyyə də buyurmamışdır.

Katolik xristianların “İsa əzadarlığı”

 

 

YƏHUDİLƏRİN “KƏBƏ”-Sİ VƏ HƏR İL OLAN MATƏM

Yəhudilər üçün də Qüds şəhərinin önəmi çox böyükdür. Peyğəmbərlərinin həmin şəhərdə doğulub yaşadıqlarına, məbədlərinin orada olduğuna inanırlar. Diqqət çəkmək istədiyimiz nüans, Süleyman peyğəmbərin inşa etdirdiyi məbədin yeganə qalığının olduğuna inanılan – Qüdsdəki məşhur “Ağlama divarı” (The Western Wall və ya Wailing Wall) və oradakı rituallarla bağlıdır. Yəhudilər, xüsusən hər şabat (şənbə) günü (digər günlərdə də edilir – red.) divarın yanında – ağlamaq və ya ağlamağa bənzər – bir ibadət formasının səbəbini iki tarixi hadisəyə bağlayırlar:

Foto: Yəhudilərin qurtarmayan matəmi..

1) İlk Süleyman məbədinin, e.ə 586-cı ildə Babil kralı II Nebukadnezar (Nebuchadnezzar II) tərəfindən dağıdılması, yəhudilərə qarşı amansız işgəncələr verərək soyqırıma məruz qoyması;

2) İkinci məbədin isə, b.e. 70-ci ilində Roma İmperatoru Tit (Titus) tərəfindən – dağıdılması və yəhudilərin Qüds şəhərindən ağır işgəncələrlə qovulması.

Yəhudilər “Ağlama divarı”-nda matəm ibadəti edərkən.

Yenə də faciələr, işgəncələr, matəm və əzadarlıq.. Maraqlısı budur ki, nə yəhudilərin ən önəmli peyğəmbər hesab etdikləri Musa, nə də onlara göndərilmiş digər peyğəmbərlər belə bir ritual etməmiş və tövsiyyə də buyurmamışlar. Əksinə, yəhudiləri daima yanlış davranışlardan, peyğəmbərlərə qarşı çıxmaqdan, habelə qətlə yetirməkdən çəkinməyə və başlarına gələn hadisələrdən doğru şəkildə ibrətlər almağa çağırmışlar.

İnsanların daha da kədərlənmələri və matəm tutmaları üçün hər il təşkil olunan “Aşura səhnələri”

 

 

KEÇMİŞ DİNLƏRİN “MİRASI”

Qeyd etdiyimiz rituallar, həmin dinlərin mənsublarının inancıdır və biz heç kimin inacını əsla təhqir etmirik. Burada bizim üçün önəmli olan məqam – özünü İslama nisbət edən bəzi qruplarla, yuxarıda qeyd etdiyimiz tətbiqatların və ‘şəxsləri ilahlaşdırmaların’ oxşarlığı – bəzi fərqliliklər olsa da, müəyyən mənada eyni mahiyyətlərə malik olmasıdır. Bütün bunlar bizə – İslam peyğəmbərinin etmədiyi və dinimizdə buyurulmamış bu kimi ritualların, sonradan “dini bir adət” olaraq əlavə olunma cəhdi zamanı – keçmiş dinlərin ‘sonradan əlavə olunmuş’ “təcrübələrindən” istifadə olunduğunu deməyə əsas verir..

Xristian keşişlər, qəbul etmədikləri, “yalançı” olaraq adlandırdıqları bir peyğəmbərin nəvəsi olan İmam Hüseynin xatirəsini ‘yad’ (?) edərkən (Kərbəla, Aşura – 2018 | foto: “Fars” news agency)

 

Sadəcə olaraq, haqq din olan İslamın “şəxslərin ilahlaşdırılaraq ikonalaşdırılması” ideologiyalarını rədd etdiyini və bu dində olan əsas diqqətin – Yaradan və Onun göndərdiyi dinin doğru şəkildə yaşanılmasına çəkildiyini – bunu prioritetləşdirdiyini deməliyik. Bu xurafatların həmin qruplar tərəfindən İslama nisbət edilməsi, cəmiyyətə bu cür təqdim olunması – qəbul olunmazdır və bu səbəblə də, dinimizin bu kimi “iddialara” qarşı olan mövqeyi mütləq ortaya qoyulmalıdır.

Hər il təkrarlanan və bu qorxunc ritualları edən qrupların alimlərinin qəti şəkildə “belə etmək olmaz” demədikləri, sadəcə olaraq kiçik “çağırışların” səsləndirildiyi – uşaqların da iştirak etdiyi (!!!) məşhur baş yarma – əzadarlığı.

 

Kərbəla müsibəti, İslam tarixindəki ən dəhşətli faciələrin ilk sıralarında gəlir. İsa’nın və yahudi xalqının başına gələnlərdən əsla yüngül bir hadisə deyildir. Dahi şəxsiyyət olan Hz. Hüseynin zülm qarşısındakı duruşu və canını fəda etməsi, hər bir müsəlmanın qəlbini yaralamışdır. Əlbəttə ki bu hadisəyə qarşı ‘daş qəlbli’ davranmaq, müsəlmanlığa yaraşmaz. Lakin, bu hadisəyə dəyər vermək, məgər əzadarlıq, qan çıxarmaq və növbənöv teatral səhnələr (1) etməklə reallaşır? Axı biz, bu cür qeyri-adi tətbiqatların, bizim inancımıza görə – natamam və dəyişdirilmiş dinlər olan yəhudilik və xristianlıqdan qalma bir “miras” olduğunu görürük?!

(1) Kərbəla faciəsini anmaq üçün minlərlə əzadarın qarşısında nümayiş etdirilən “Şir və İmam Hüseyn” səhnəsi. Kərbəla, İraq.

Oxuyub düşünmədən, elmi arqumentləri cavablandırmadan –  emosianal hislərlə “axı necə İmama yas tutmamaq olar?” – deyə etiraz etməyə çalışacaq şəxslərə, bir daha təkcə Hz. Həmzə’nin vəhşicəsinə şəhid edildiyi ağır faciə zamanı, bu dinin ən böyük öndəri olan Muhəmməd peyğəmbərin ﷺ davranışının nə cür olduğunu araşdırmağa və Ondan örnək götürməyə dəvət edirik. “Əmimi sevirəmsə, onun şəhidliyinə üzülürəmsə, mütləq matəm və əzadarlıq etməliyəm” – deyə düşünmüş və ya kiməsə belə bir tövsiyyə etmişdirmi? Axı biz örnəyi kimdən götürürük? Xatirə yaşatmaq və tarixdən ibrətlər almaq üçün keçmiş dinlərdən götürülmüş və cəmiyyətimizin də qəbul etmədiyi uydurma rituallara gərək vardırmı?

Xristianların İsa peyğəmbəri ilahlaşdırmalarına etiraz etdikdə onlar biz müsəlmanlara “siz İsanı sevmirsiz, ona görə belə deyirsiz” – dediklərinin şahidi oluruq. Maraqlısı budur ki, özünü İslama nisbə edən bəzi qruplar da, yazımızdakı mövzuya dair bu kimi suallara, təəssüf ki, düşünmədən və qeyri-səmimi olaraq – oxşar cavablar verirlər.. Düşünməyə dəyər.

Xristianların tərtib etdikləri “İsaya edilən işgəncə” (yuxarıdakı şəkil) və Aşura əzadarlarının hər il tərtib etdikləri ‘İmam Hüseynə edilən zülm’ (aşağıdakı şəkil) – ‘səhnələrindəki’ epizodlar arasında bənzərlik.

 

Dinimiz, öncəki təhrif olunmuş dinlərdəki kimi – keçmiş hadisələrə görə matəm və əzadarlıq ritualları etməyə deyil, tarix və şəxsiyyətlərin həyatından ibrətlər alaraq, gələcək üçün elm və digər faydalı fəaliyyətlərlə məşğul olmağa təşviq etmişdir. Bir sözlə, bəzi qruplaşmaların -bilərək və ya bilmədən-  təqdim etməyə çalışdıqlarının əksi olaraq, İslam dini – qara rəngli matəm dini deyildir.

 

📲 Məqaləni PDF formatında:YÜKLƏ

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad zəruridir!

Share Button
Tarix: 23.08.2020 | Oxunma sayı: 2. 152 baxış