Musa peyğəmbər, Firon və xalqını, azğınlığı, dünyaya pərəstişi, Allaha şərik qoşmağı tərk etməyə – yəni – doğru yola/dinə/tövhidə dəvət edərkən, onlar isə onu, bu işləri tərk etməyə və azğınlığa dəvət edirdilər. Bu dialoq, Qurani-Kərimdə bu cür qeyd olunur:

 

“Ey qövmüm! Bu nə işdir! Mən sizi nicata/qurtuluşa dəvət etdiyim halda, siz məni oda (cəhənnəmə) dəvət edirsiniz?!

Siz məni Allahı inkar etməyə, bilmədiyim bir şeyi Ona şərik qoşmağa çağırdığınız halda, mən sizi yenilməz qüvvət sahibi olan və çox bağışlayan Allaha (ibadət etməyə) çağırıram!

Heç şübhəsiz ki, sizin məni çağırdıqlarınızın nə dünyada, nə də axirətdə çağırılmağa haqqı yoxdur. Bizim dönüşümüz Allahadır. Həddi aşanlar isə sözsüz ki, cəhənnəmlikdirlər!” (Quran, Ğafir, 41-43)

 

Uzun illər davam edən bu təbliğdən sonra, Onun sözlərinə əhəmiyyət verilmədikdə isə, onların halına acıyaraq, belə dedi:

“(Allahın əzabını gördükdə) sizə dediklərimi mütləq xatırlayacaqsınız. Mən öz işimi Allaha həvalə edirəm. Həqiqətən, Allah bəndələrini görəndir!” (Quran, Ğafir, 44)

 

Allahın dininə əhəmiyyət verməyən, Tövhid’dən üz çevirərək ‘boş şeydir’ – deyən bütün qövmlərin, eləcə də həmin qövmün fitnələrinin və ümumiyyətlə, hekayələrinin sonu isə, bu cür qeyd olunur:

“Beləliklə, Allah onu (Musanı) onların qurduğu hiylələrin şərindən qorudu. Firon əhlini isə şiddətli əzab bürüdü (suya qərq oldular). Onları səhər və axşamüstü (qəbr həyatında) oda salırlar. O Saat (Qiyamət) gələcəyi gün isə (deyiləcəkdir); Firon nəslini ən şiddətli əzaba salın!” (Quran, Ğafir, 45-46)

 

Başqa ayədə, Musa peyğəmbərə qarşı itaətsizlik edən, Allahın dinini ələ salan və tövhiddən üz döndərən yahudilərə – öz peyğəmbərlərinin etmiş olduğu bəddua bu cür qeyd olunmuşdur:d

“Musa dedi: “Ey Rəbbimiz! Sən Firona və qövmünə dünya həyatında zinət və mal-mülk vermisən. Ey Rəbbimiz! (İnsanları) sənin yolundan azdırsınlar deyəmi (verdin)? Ey Rəbbimiz! Onların mal-mülkünü yox et və qəlblərini elə sərtləşdir ki, şiddətli əzabı görməyincə iman gətirməsinlər!” (Quran, Yunus, 88)

 

Mərhəmətli və səbrli bir Allah elçisini bəddua etməyə qədər gətirib çıxaran bir toplum, Allahın əzabından qurtula bilərmi? Halbuki, Musa onları, heç bir şeyi Allaha şərik/ortaq qoşmamağa və Allahın əmrlərinə itaət etməkdən başqa bir şeyə çağırmırdı.. Onlardan sonra gələn insanlara ibrət olsun deyə, hətta bu cür toplumların son ümidlərinin nə zaman və harada öləcəyi barədə də xəbər verilir:

“Od içində olanlar cəhənnəm gözətçilərinə deyəcəklər: “Rəbbinizə dua edin ki, heç olmasa, bircə gün əzabımızı yüngülləşdirsin!”

(Mələklər) deyəcəklər: “Məgər elçiləriniz (göndərilmiş peyğəmbərlər) açıq-aydın dəlillər gətirməmişdilər?” Onlar: “Əlbəttə (gətirmişdilər)!”– deyəcəklər. (Mələklər) (də:) “Elə isə özünüz yalvarın!”– deyəcəklər. Kafirlərin yalvarması isə boş şeydir.” (Quran, Ğafir, 49-50)

Arxeoloji qazıntılar zamanı aşkarlanmış bir Firon cəsədi. Əzabdan qorxaraq bükülmüş, əlləri ilə üzünü belə bağlamış bir vəziyyətdə..

 

Uca Rəbbimiz, bütün insanları və xüsusən də, Allahdan üz döndərənləri – bu kimi tarixi hadisələrdən ibrət almağa çağırır:

“De: “Yer üzündə gəzib dolaşın və görün günahkarların aqibəti necə olmuşdur” (Quran, Nəml, 27)

 

Xətalardan dönmək və doğru yola üz tutmaq üçün tövbə qapısı, hələ də açıqdır..

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Bənzər Məqalələr