Allahın özəl olaraq seçdiyi torpaqlar olan Məkkə’də, yaşıl meşələr, çaylar, sərin şəlalələr yoxdur. Öz məntiqimizlə düşünsək, bu torpaqlar, daha gözəl təbiətli olmağa layiq idi..

 

Lakin Uca Allahın, bura ziyarət üçün gələnlərin fikir və düşüncələrinin yayınmaması, yalnız Allah’ı və dünyadan sonraki həyatı düşünmələri üçün bu torpaqları quraqlıq və isti iqlimli olaraq yaratması – ilahi bir hikmət ola bilər. Başqa dil ilə desək: tox və ləzzətlər içində olan insan Rəbbini çox xatırlamaz, tez unudar; aclıq və sıxıntı isə insanı Allah’a daha çox yaxınlaşdırar.f

 

Təqiyuddin Hərrani demişdir:

“Uca Allahın Kəbəni –  heç bir bitki və əkin yetişməyən bir vadidə yerləşdirməsi, Onun hikmətindəndir. Bunun səbəbi budur ki, Onun yanında nəfslərin dünya nemətləri və bəzəklərindən istəyib arzuladığı heç bir şey olmasın.. Əgər bu cür olsaydı, insanların həcci, Allah yolunda deyil, dünya üçün olardı.” (əl-Cəvəbus-Sahih,  6/436)

 

Həmməd əl-Ənsari (رَحِمَهُ الله) bu haqda belə demişdir:

“Məkkənin istisi özündə bir çox faydanı cəm edir. Məkkə və Mədinə şəhərləri gəzinti üçün deyil, ibadət üçündür.” (əl-Məcmu, 571)

 

Bunu – sıxıntı və çətinliklərin əsl məqsədinə/hikmətinə dair bir misal olaraq deyə bilərik.

 

 

Ayxan Yaquboğlu (islamevi.az)

 

Bənzər Məqalələr