Ey dəmir parçasına, daşlara, qəbirlərə yönələn; nüfuzlu, zəngin birisinə ümid edən kimsə!
Ey Uca Allahdan başqasından kömək istəyən, dua edən kimsə!

Ey Allahını tərk edən kimsə!

Xitab sənədir!

 

• İbadət edilməyə, ümid bəslənilməyə bir övliya layiqdir, yoxsa Rəbb olan Allah?

• Yalvarılmağa baş daşı, qəbir, pir layiqdir, yoxsa Rahmən və Rahim olan Allah?

• Kömək istənilməyə layiq olan – aciz bunu etməyə aciz birisidir, yoxsa Qüdrət və Qüvvət Sahibi olan Allah?

• Qurban kəsilməyə Seyid, övliya layiqdir, yoxsa o qurbanı sənə nemət olaraq bəxş edən Allah?

• Dua edilməyə ölüb getmiş birisi layiqdir, yoxsa sənə şah damarından da daha yaxın olan Allah?

• Sığınmağa talisman, gözmuncuğu və ya yandırdığın şam layiqdir, yoxsa hər şeyi qoruyan Allah?

• And içməyə – aciz birisi layiqdir, yoxsa Əzəmət sahibi olan Allah?

• Heyvan nalı, göz muncuğu sənə ruzi verməyə qadirdir, yoxsa ər-Razzəq olan Allah?

 

Haqq ilah yalnız Allahdır. Ondan başqa ilahlaşdırılan hər bir şey batildir. Bizim bir Rəbbimiz var!

 

“Əgər siz onları çağırsanız, onlar sizin duanızı eşitməzlər, eşitsələr də cavab verə bilməzlər. Özləri də Qiyamət günü sizin (onlara) ibadət etdiyinizi danacaqlar…” [Quran, Fatir, 14]

 

Bu ayələri oxuduqdan sonra, yenə də Allahdan başqalarını köməyə çağıracaqsan? Rəhmli Allah, bu dəfə təhdid edir..

 

🚫 “Şübhəsiz ki, Allah Ona şərik qoşmağı bağışlamayacaq. Bundan başqa olan (daha kiçik günahları) isə istədiyi kimsəyə bağışlayacaqdır. Allaha şərik qoşan şəxs əlbəttə ki, dərin bir azğınlığa düşmüşdür.” [Quran, Nisa, 116]

🚫 “Rəbbim və Rəbbiniz olan Allaha ibadət edin! Həqiqətən də, Allaha şərik qoşan kimsəyə, Allah Cənnəti haram etmiş və onun sığınacağı yer Oddur. Zalımlara kömək edən olmayacaqdır.” [Quran, Maidə, 72]

🚫 “Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: “Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan.” [Quran, Zumər, 65]

🚫 “Allahdan savayı çağırdıqlarınız da sizin kimi qullardır. Əgər doğru deyirsinizsə, çağırın onları, sizə cavab versinlər.” [Quran, Əraf, 194]

🚫 “Ondan savayı çağırdıqlarınız nə sizə yardım edə bilər, nə də özlərinə köməkçi ola bilərlər.” [Quran, Əraf, 197]

🚫 “Haqq çağırış yalnız Onadır. Ondan başqa çağırdıqları isə, onlara heç bir şeylə cavab vermirlər.” [Quran, Rad, 14]

🚫 “De: “Allahdan başqa ilah  saydıqlarınızı çağırın. Onlar bəlanı sizdən nə uzaqlaşdırmağa, nə də (onu başqasına) yönəltməyə qadir deyillər.” [Quran, İsra, 56]

 

Bu ayələri oxuduqdan sonra yenəmi körpənin qoluna və ya boynuna gözmuncuğu vuracaqsan? O körpəni gözəl surətdə yaradan Uca Allah demədimi ki: “Onlar bəlanı sizdən nə uzaqlaşdırmağa, nə də (onu başqasına) yönəltməyə qadir deyillər..”

“O gün (Allah müşriklərə): İddia etdiyiniz şəriklərimi çağırın! – deyəcək. (Müşriklər ) onları çağıracaq, lakin onlar cavab verməyəcəklər.” [Quran, Kəhf, 52]

 

Bütün bunların şirk olduğunu bilmirsənmi? Yoxsa şirkin, təkcə bütlərə səcdə etmək olduğunumu sanırsan? Bəs Allahın şirki, ‘ən böyük zülm’ deyə adlandırdığını..?

“Həqiqətən, Allaha şərik qoşmaq böyük zülmdür!” [Quran, Loğman, 13]

 

https://islamevi.az/?p=3510

 

Allaha şərik qoşmağa dair bəzi misallar:

→Allahdan qeyrisinə dua etmək.

→Allahdan qeyrisindən şəfa istəmək.

→Allahdan qeyrisindən övlad istəmək.

→Allahdan qeyrisindən ruzi istəmək.

→Allahdan qeyrisinə (qəbir, büt, övliya, mal-mülkə və ya dünyada söz sahibi olan nüfuzlu birisinə) tam bir ümid bəsləmək.

→Allahdan qeyrisini, Onun qədər sevmək.

→Başqa birisindən – Allaha qarşı olan qorxudan daha çox qorxmaq.

→Allahdan qeyrisinə and içmək və s.

 

Rəbbimiz, düşünməmizi, ağılları işə salmamızı istəyir..

 

Sübhəsiz bütün insanlar dua və Allaha sığınmağa xüsusi bir ehtiyac duyur. Sıxıntıların aparılmasında, ehtiyacların aradan götürülməsində, onlara gələn bəla və fitnələrin qarşısının alınmasında – dua, insan üçün ən zəruri ehtiyacdır.

Dua, möminin qüvvətli silahı olaraq, bəlanı uzaqlaşdıran sağlam qalasıdır.

Dua, yolunu itirmişlərin, hüznlü və zülmə düçar olmuşların sığındığı qapıdır. Dua, ən böyük ibadətlərdən biridir. Sadiq olaraq dua edən kimsə, Rəbbinə bağlanır və yaradılmışlardan ümidini üzür.. Beləliklə də, onlara yönəlmir. Çünki yaradılmışlar ona nə zərər, nə fayda, nə ölüm, nə də həyat ver bilməzlər..

Buna görə də dua, ibadətdir. Uca Yaradan, bu ibadəti tərk edən kimsəni Özünə qarşı böyüklük edən biri saymış və onu şiddətlə təhdid etmişdir.

Uca Allah belə buyurur: “Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! (Məni çağırın, harayınıza yetişərəm, yaxud yalnız Mənə ibadət edin, sizi mükafatlandıraram!) Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!” [Quran, Ğafir, 60]

 

SON SÖZ OLARAQ, YAZIMIZA BAŞLIQ OLARAQ SEÇDİYİMİZ BU MÖHTƏŞƏM AYƏDƏN DAHA GÖZƏL BİR CÜMLƏ TAPA BİLMƏDİK:

“Məgər Allah – Öz bəndəsinə kifayət deyilmi?!” [Quran, Zumər, 36]

 

 

Məqaləni PDF formatında: YÜKLƏ

 

www.islamevi.az

Bənzər Məqalələr