Bu, elə bir möhtəşəm aydır ki, Ərəfa kimi bir günə sahibdir.. Ərəfa günü, Zilhiccə ayının 9-cu gününə (bu il: 30 iyul, çərşənbə axşamı) təsadüf edir. Hacıların Ərəfat dağında dua etdiyi, həcc ibadətinin zirvəsi olan bu gün, duaların qəbul olunduğu, Allah qatında ən fəzilətli gündür. Ramazanın son 10 gecəsinə, yalnız Zilhiccə’nin 10 gündüzü rəqib ola bilər.. Qədr gecəsi üstün olduğu kimi, Ərəfanın isə, GÜNDÜZÜ ən üstün hesab olunur.

 

Peyğəmbərimiz (ona salam olsun) buyurmuşdur:

«Ən xeyirli dua – Ərəfa günü edilən duadır…» (Tirmizi)

Böyük alim Əvzai (Allah ona rəhmət etsin) demişdir:

“Mən özümdən əvvəlki insanları gördüm ki, onlar (həccdə olan və olmayanlar) ehtiyaclarını arafa gününə saxlayardılar ki, o günü Allaha dua edib ehtiyaclarını Allahdan istəsinlər.”

 

ƏRƏFA GÜNÜ DEYİLƏN ZİKR.

Peyğəmbərimiz buyurmuşdur:

“Ən xeyirli dua, Ərafa günü edilən duadır. Mənim və məndən əvvəlki Peyğəmbərlərin söylədiklərinin ən xeyirlisi budur:

[Lə ilahə illəllahu vahdəhu lə şəri­kə lə­hu, ləhul-mulku va ləhul-həmdu va huva alə kulli şeyin qadir]

“Allahdan başqa məbud yoxdur, O təkdir, Onun şəri­ki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir!” (Tirmizi)

 

NƏDİR BU GÜNÜN ÖZƏLLİK VƏ ÜSTÜNLÜKLƏRİ?

1- Ərafa-nemətlərin tamamlandığı və dinin kamilləşdiyi bir gündür. İbn Şihab rəvayət edir ki, yəhudilər gəlib Ömər b. Xəttaba (Allah ondan razı olsun) dedilər: “Ey möminlərin əmiri! Sizin, Kitabda oxuduğunuz bir ayə var ki, əgər o ayə bizə nazil olsaydı, biz o günü bayram edərdik”

Ömər: “Hansı ayədir o?”– deyə soruşdu. Onlar dedilər: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim” (Maidə, 3) Ömər dedi: “Bu ayənin Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) nə zaman və harada nazil olduğu bizə bəllidir. Bu ayə cümə günü Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Ərəfatda ikən nazil olmuşdur.” (Səhih əl-Buxari və Səhih Muslim)

 

2- Ərafa orada olan insanların bayramıdır. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: «Ərafa günü, Qurban günü və ondan sonrakı təşriq günləri bizim bayramımızdır. Onlar yeyib içmək günləridir.(yəni bayram günləri).

Ömər (Allah ondan razı olsun) demişdir: «Bu gün dininizi kamil etdim» ayəsi Ərafa günü cümə günü nazil olmuşdur. Allaha həmd olsun ki, onların hər ikisi bizim bayramımızdır.

 

3- Ərafa Allahın and içdiyi gündür. Əzəmətli Allah ancaq əzəmətli şeyə and içər. «And olsun vədə verilmiş günə! And olsun şahidlik edənə və edilənə!» (Buruc 2-3) Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Vəd verilmiş gün Qiyamət günüdür. Şahidlik edən gün Ərafa, şahid olan gün isə Cümə günüdür.” (Tirmizi rəvayət edib)

 

4- Ərafa günü tutulan oruc iki ilin günahlarını silir. Muslim Əbu Qatədədən rəvayət edir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Ərafa günü tutulan oruc haqqında soruşulduqda belə cavab vemişdir: «Özündən əvvəlki və sonrakı ilin günahlarına kəffarədir.» Bu orucu həcc etməyənlər tuta bilər. Çünki Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) həcc edərkən o gün oruc tutmamışdır. Hətta həcc edənə Ərafa günü oruc tutmağı qadağan etdiyi də rəvayət olunur.

 

ƏRƏFA ORUCU ÖZÜNDƏN SONRAKI BİR İLLİK GÜNAHLARI NECƏ SİLİR?

Məşhur alim Munəvi bu suala belə cavab vermişdir:

“Özündən sonrakı ildə insanı günaha düşməkdən qoruyar və ya günahlarını siləcək savab verilər. Yaxud da günaha düşsə belə, həqiqi mənada onu silər və bu kəffarə, silinəcək günahdan öncə olar.” (Feydul-Qadir, 4/230)

 

5- Bu gün, Allah Adəmin törəmələrini özlərinin əleyhinə şahid tutduğu gündür:

İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Rasulullah (ona Allahın salavatı və salamı olsun) demişdir: “Allah Na’maanda (yəni Ərafada) Adəmin belindən özlərinin əleyhinə şahid tutmuşdu. O, Adəmin belindən onun törəmələrini çıxarmış və qarşısında hamısını yaymış və sonra “Mən sizin Rəbbiniz deyiləmmi?”– deyə onları özlərinin əleyhinə şahid tutmuşdu. Onlar: “Bəli, biz şahid olduq!”– demişdilər. Bu ona görədir ki, siz Qiyamət günü: “Biz bundan xəbərsiz idik!”– deməyəsiniz. Yaxud: “Atalarımız bizdən əvvəl Allaha şərik qoşmuş, biz də onlardan sonra gələn bir nəsil olmuşuq. Məgər Sən bizi batilə uyanların etdikləri əməllərə görə məhv edəcəksən?”– deməyəsiniz.” (Əraf, 172-173 / Əhməd rəvayət edib) Bu gündən böyük gün və bu razılaşmadan böyük razılaşma yoxdur.

 

6- O gün günahlardan bağışlanma, atəşdən qurtuluş və orada duran insanlarla Uca Allahın fəxr etdiyi bir gündür. Muslimin səhih əsərində Aişədən (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: «Elə bir gün yoxdur ki, Ərafa günü kimi çoxlu insanlar Cəhənnəm əzabından azad olsunlar. Həmin gün Allah insanlara yaxınlaşır, onların çoxluğu ilə mələklər qarşısında fəxr edərək (hər şeyi bildiyi halda) deyir: “Onlar nə istəyirlər (nə üçün bura toplaşıblar)?” (Muslim) Yəni ən çox Ərafa günü insanlar Cəhənnəmdən azad olurlar.

 

Allahın, bəndələrini cəhənnəm atəşindən azad etməsi təkcə Arafatda (Həcc ziyarətindəki yer) duranlara aiddir?

 

Məşhur İslam alimi İbn Rəcəb (Allah ona rəhmət etsin) demişdir:

“Ərafa günü cəhənnəmdən azad olma günüdür. Allah o günü, Ərəfatda (həccdə) duranları (hacıları) da, dünyanın müxtəlif yerlərində yaşayan və Ərəfatda olmayan müsəlmanları da cəhənnəmdən azad edir. Ərəfatda olanlar da, olmayanlar da, hamısı Ərəfa günü cəhənnəm atəşindən xilas olub günahları bağışlanmaqda ortaq olduqları üçün, Ərəfa günündən sonrakı gün, yer üzündə olan bütün müsəlmanların bayram günü olur.” (Lətaiful-Məarif, 276)

 

Ərəfa gününün əzəmətini anlayaraq – çoxlu dua etmək, oruc tutmaq, bacardıqca çoxlu nafilə namazları qılmaq, Quran oxumaq, zikr etmək, sədəqə vermək və digər xeyirli əməllərlə keçirməklə bu böyük fürsətdən yararlanmağa çalışmaq lazımdır. Qədr gecəsi və Ərəfa gündüzü – tayı-bərabəri olmayan ən möhtəşəm və duaların qəbul olunduğu günlərdir.

 

 

www.islamevi.az

Share Button
Tarix: 28.07.2019 | Oxunma sayı: 1. 109 baxış