Sual: Bir tanışım bu yaxınlarda müsəlmandan deistə çevirilib. İddia edir ki, dinlərin əhatə dairələri yalnız öz əraziləridir. Yəni, misal üçün Muhəmməd peyğəmbər ancaq Məkkəlilələr, ərəblərə elçi olaraq gəlib və Quranda da bu, “səni Məkkəli ərəblərə göndərdik” deyə bir ayə də var. Səhv etmirəmsə, Şura surəsində olmalıdır. Buna münasibətiniz necədir? Təşəkkürlər.

 

 

Cavab: Düşünürük ki deistlər, səmimilik baxımından ateistlərdən çox geridə qalırlar. Çünki ateistlər, bütün ilahi varlıqları kökündən inkar edirlər. Deistlər isə, bir yaradanın olduğunu qəbul etsələr də, dinləri qəbul etmirlər. Bu isə, ateistlikdən də absurd bir fikirdir. Necə ola bilər ki, bir Yaradan olsun və O, öz yaratdığı varlıqlara doğru yolu göstərəcək, onları pisliklərdən çəkindirəcək mesajlar göndərməsin? Həqiqətən də, olduqca məntiqsiz bir yanaşmadır.

 

Sualda qeyd etdiyiniz məsələ ilə bağlı ayə, Şura surəsinin 7-ci ayəsidir. Biz buna, bir neçə bənddə cavab verəcəyik:

 

 

1. Uca Allah, həmin ayədə belə buyurmuşdur:

 

وَكَذَٰلِكَ أَوْحَيْنَا إِلَيْكَ قُرْآنًا عَرَبِيًّا لِتُنْذِرَ أُمَّ الْقُرَىٰ وَمَنْ حَوْلَهَا وَتُنْذِرَ يَوْمَ الْجَمْعِ لَا رَيْبَ فِيهِ ۚ فَرِيقٌ فِي الْجَنَّةِ وَفَرِيقٌ فِي السَّعِيرِ
  • “Beləliklə, Biz sənə ərəbcə Quran vəhy etdik ki, şəhərlər anası (Məkkə) (əhlini) və onun ətrafındakıları xəbərdar edəsən və barəsində heç bir şübhə doğurmayan məhşər gününü yadlarına salasan. (İnsanların) bir qismi Cənnətdə, digər qismi isə Odda olacaqdır.”c

 

Diqqət yetirdinizsə, qeyd olunmuş ayədə, “Quran ancaq ərəblər üçündür” və ya “ancaq Məkkəlilər üçündür” deyə bir söz yoxdur. Ümumiyyətlə bu ayədə “ancaq” – ifadəsi mövcud deyildir. Əksinə, “va mən həvləhə” (onun ətrafındakıları) – ifadəsi, Quranın təkcə Məkkəlilər üçün deyil, bütün məmləkətlər üçün endirilmiş olduğunun sübutudur.

 

 

2. “Onun ətrafındakılar” – deyərkən, hər hansı bir sərhəd təyin edilmədiyi, ümumi olaraq qeyd olunduğu üçün, “yalnız ətrafdakı ərəblər üçün” – deyə anlamaq da, bütün (müsəlman və qeyri-müsəlman olan) məntiq və dilçilik mütəxəssislərin ortaq fikrinə əsasən yanlışdır.

 

 

3. Məkkə ətrafında yaşayan əhalinin hamısı, ərəb deyildi. Misal üçün, Roma İmperiyası dönəmində sürgün edilmiş minlərlə yəhudi, daima həmin ətrafların daimi sakinləri olmuşlar.

 

 

4. Bir kitabın müəllifinin arzu etdiyi məqsədi anlamaq üçün, kitabın bir cümləsini nümunə olaraq gətirmək, böyük bir yanlışdır. Çünki müəllif, bir lakonik kəlməni, növbəti sətirlərdə geniş şəkildə açıqla bilər. Bu günə qədər, Platonun bir yarımçıq cümləsini sübut olaraq göstərmiş şəxsin, “bu, Platonun fikridir” – deyə etdiyi iddia, qəbul oluna bilərmi? Bu, bütün ağıl əhlinin ortaq fikrinə əsasən, böyük bir yanlışdır.

 

 

5. Qurani-Kərimdəki digər ayələri də bir yerə cəm etdikdə, bu “iddiaların”, “Səni və Quranı ancaq ərəblərə endirdik” – kimi düşüncələrin necə də batil olduğu, daha da aydın olacaqdır:

“Səni də (Ey Muhəmməd!) aləmlərə ancaq bir rəhmət olaraq göndərdik.” (Quran, 21/107)

“(Ey elçim!) De: “Ey insanlar! Mən Allahın sizin hamınıza göndərilmiş peyğəmbəriyəm. (O Allah ki) göylərin və yerin hökmü Onundur, Ondan başqa heç bir tanrı yoxdur. O dirildir və öldürür.” (Quran, 7/158)

“(Ey elçim!) Biz səni (təkcə öz qövmünə deyil) bütün insanlara (Cənnətlə) müjdə verən, (kafirləri isə, Cəhənnəm əzabı ilə) qorxudan bir peyğəmbər olaraq göndərdik. Lakin insanların əksəriyyəti (bunu) bilməz!” (Quran, 34/28)

 

 

6. Quranın ərəbcə endirilməsini “şübhə” olaraq təqdim edənlərin fikirlərinə gəlincə, deməliyik ki bu, Kitabın təkcə ərəblər üçün olmasına dəlalət etməz. Bunu daha doğru şəkildə anlamaq üçün, həmin dövrün tarixini yaxşıca oxuyub araşdırmaq mütləqdir. Ərəblər, ədəbiyyat və dilçilik sahəsində o qədər məşhur idilər ki, dövrün şairləri, cəmiyyətin ən nüfuzlu şəxslərindən hesab olunurdular. Bu zirvə, həmin ədiblərin məharətinə görə deyil, dillərinin inanılmaz zənginliklə dolu olduğuna görə idi. Yaxın coğrafiyadakı bütün millətlərin, ərəb dilindən təsirlənməsi də, məhz bunun bariz bir nümunəsidir. Doğma dilmizdəki onlarla sözün, ərəb mənşəli olması isə, məsələni anlamaq üçün daha real bir misaldır. Günümüzdə dünyanın ən məşhur dili sayılan ingiliscənin, fransız-alman-sakson-norman qarışımlı və Şekspirin yüzlərlə kəlmə icad etməsi nəticəsində yarandığını çox az bilir. Ərəbcə isə, milyonlarla sözün olduğu zəngin, bələğətli və çox geniş əhatə dairəli dil olduğuna görə, Uca Allahın insanlara çatdırmaq istədiyi həqiqət və mesajlar üçün ən ideal vasitədir.

 

Düşünün, bu gün Azərbaycan dilində 80.000 söz var. Bu sayı, Türkiyə türkcəsində 120.000 ətrafındadır. Dünyanın ən çox yayılan dili olan ingilis dilində isə sayı artıq 200.000 həddinə çatır. Təkcə Şekspir, bu dilə 1700 kəlmə uyduraraq əlavə etmiş və müasir ingiliscə’ni formalaşdırmışdır. Maraqlı bir şey də var ki, dünyada hər 5 nəfərdən 1-nin danışdığı Çin dilində isə, yalnız 10.000 min söz vardır. Gələk əsas mətləbə – ərəb dilinə. Onu deyək ki, həqiqətən də dünyanın ən zəngin dili olduğu artıq sübut edilib. Söz ehtiyatı və sözlərin məna çalarlarının dəyişməsinə görə ciddi fərq yaradır digər dillər arasında. Bu dilin cəlbedici məqamlarından biri, flektiv olmasıdır. Həqiqətən də möcüzələr dilidir. “Hökm”, “hakim”, “məhkum”, “məhkəmə”, “mühakimə”, “əhkam”, “təhkim”, “hökumət”, “hakimiyyət” – təkcə bir sözün fleksiyaya uğramış formalarıdır. Təxmini 1.200.000 söz ehtiyatı vardır. Təsəvvür edirsinizmi, Quranın təkcə bizim dilimizə tərcüməsi zamanı, 1 milyonluq nəhəng bir dil, 80 minlik söz ehtiyatı olan dil ilə qarşı-qarşıya durur və yüz minlərlə söz, tərcümə edilə bilmədən, çox quru və dar əhatəli bir çeviri ortaya çıxmış olur. Artıq geridə qalan məsələlərin müqayisəni sizə həvalə edirik.

 

Məşhur şərqşünas Q. Qrinebaum demişdir: “Zənnimcə, dünyada mövcud olan bütün dilləri öyrənmiş kəsin, ərəb dilinə oxşar bir dil tapması mümkünsüzdür.” (Cundi, “Ərəblərin ədəbi dili”, s. 308)

Biz də eynilə düşünürük ki, tarix və dil-ədəbiyyat sahəsində mütəxəssis olan şəxslərin, bu məsələdə yanlış düşüncələrə qapılmaları mümkünsüzdür.

 

 

7. Ərəbcə’nin – Quran dili olmasına görə, dilin özü də qorunmuş, əsrlər keçməsinə baxmayaraq, ayələrdə istifadə olunmuş sözlərin mənası eyni qalmışdır. Amma, başqa dillər üçün bu, deyilə bilməz. Belə ki, illər keçdikcə və fərqli milliyyətlərdən olan insanların köçü nəticəsində yeni sözlər peyda olur, bəziləri tamamilə lüğətdən çıxır və bir çox söz, illər keçdikcə mənasını tamamilə fərqli formada dəyişir. Avropa xalqlarının dillərindən, rahatlıqla buna dair minlərlə misal sadalaya bilərik. Lakin Quranda istifadə olunmuş ərəbcədəki sözlər, günümüzdə də 14 əsr öncəki mənanı ifadə edir. Təkcə bu faktın özü də, Quranın nə üçün ərəb dilində endirilməsinin hikmətini bəyan etməklə yanaşı, bu dinin – Yaradan tərəfindən göndərilmiş, habelə, bütün təhrif və yenilənmələrdən qorunmuş son din – olduğunun aşkar bir arqumentidir.

 

 

8. Müsəlmanlaşmış torpaqlarda, ərəb mədəniyyətinin deyil, ərəblərin heç görmədikləri, fərqli bir mədəniyyətin yayılması – Quranın, “yalnız ərəblər üçün olan bir nizam kitabı” olmadığının növbəti bir sübutudur. Digər millətlərin, İslamın inkişafı üçün əsrlər boyu -hətta ərəblərdən daha çox- xidmətlər etmələri, hər kəsə məlumdur.

 

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Bənzər Məqalələr