Kitabımızı bu keçidlər vasitəsilə tam şəkildə endirə bilərsiniz:

DOC | PDF

 
Oriyentalistlərin susmasını anlamaq üçün Avropada orta əsrlərdə evlilik yaşlarına nəzər salaq. Cathy Hartley`in kitabından çox qısa bir araşdırma nəticəsində qabağımıza çıxan bəzi evlilik yaşlarını qeyd edək:

9-cu əsrdə Frank şəhzadəsi Judith 12 yaşında ərə gedib; 12-ci əsrdə Siciliya kraliçası Johanna 11 yaşında, İngiltərə kraliçası İsabella of Angouleme isə 12 yaşında ərə gedib; 13-cü əsrdə Şotlandiya kraliçası Margaret 11 yaşında, İsabella Forz isə 12 yaşında ərə gedib; 14-cü əsrdə Joan of Kent 12 yaşında, İngiltərə kraliçası Isabella of Valois 8 yaşında, İngiltərə kraliçası Isabella of France isə 12 yaşında ərə gedib; 15-ci əsrdə Margaret Beaufort təxminən 12-13 yaşlarında ərə gedir və uşaq dünyaya gətirir. Lakin, bu onun ikinci evliliyi olur; 16-cı əsrdə Katherine Parr 10-11 yaşlarında, Elizabeth Clinton isə 10 yaşında ərə gedib;

Nəhayət, 18-ci əsrdə Francis Brook 12 yaşında ərə gedib.[1] Hətta 17-ci əsrdə Elizabeth Stanhope 9 yaşında ərə getmişdir.[2]

Kastiliya kraliçası Urraca 11-ci əsrdə 8 yaşında ərə gedib.[3] Navarra kraliçası Birinci Juana 1284-cü ildə 10 yaşında ərə gedib.[4] Onun nəvəsi İkinci Juana isə ümumiyyətlə 7 yaşında ərə gedib.[5] Qrafinya Auvergne Joan 1389-cu ildə 11 yaşında ərə gedib.[6] [7]

 

Bu gün cinsi əlaqə üçün minimum yaş həddini tənzimləyən qanunlara ümumi olaraq razılıq yaşı (age of consent) qanunları deyirlər. Orta əsrlərdə bu qanunları adlarında və ehtiva etdikləri məsələlərdə biraz fərqliliklər olsa da (məsələn, yaxın zamana qədər cinsi əlaqə sadəcə evlilik daxilində qəbul edilirdi), biz asanlıq üçün bütün bu qanunları razılıq yaşı kimi qeyd edəcəyik. Mühüm olan budur ki, bu qanunlar cinsi əlaqəyə girmək üçün aşağı yaş həddini təyin edirlər və biz bu qanunlara baxaraq orta əsrlərdə olan vəziyyəti öyrənmiş olacağıq.

 

Ümumiyyətlə, istər qədim dövrdə, istərsə də orta əsrlərdə qadınların ərə getmə yaşı onların menstruasiyasına bağlı olurdu, menstruasiya olan qızlar artıq həddi büluğa çatmış və ailə həyatına hazır olduğu qəbul edilirdi.[8] Orta əsrlər Avropa ölkələri arasında qızların cinsi əlaqəyə girmə yaşını məhdudlaşdıran ilk qanun 1275-ci ildə İngiltərədə qəbul edilib. Westminister Statute adlanan bu qanun 12 yaşı cinsi əlaqə üçün aşağı hədd olaraq tanıyır, baxmayaraq ki, nikah bu yaşdan aşağı da bağlanıla bilərdi.[9] Lakin görünən budur ki, bəzi hallarda bu yaşdan aşağı qızlarla da cinsi əlaqədə olanlar olub.[10]  Xüsusən, onu nəzərə almalıyıq ki, İngiltərədə 1991-ci ilə qədər ailə içində cinsi zorakılığın mövcudluğunu təsdiqləyən bir qanun yox idi.[11] Shakespear`ın məşhur Romeo və Culyetasında Culyeta 13 yaşında olub, onun anası isə 26 yaşında. Culyetanın anası onu az qala qarımış qız (old maid) adlandırsın. Bu da bizə İngiltərədə 12-13 yaşlı qızların bu yaşda artıq ailə həyatı qurduğuna işarə edir.[12] Bu əsərin baş verdiyi Venesiyanın özünə baxsaq, o zaman orada 18-ci əsrdə belə Casanova`nın 11 yaşlı qızlarla cinsi əlaqədə olduğunu və bununla öz memuarlarında fəxr etdiyini görəcəyik.[13]

 

Avropanın əksər ölkələrində isə ən azı 18-ci əsrə qədər razılıq yaşı haqqında qanunlar yox idi. Bu isə o deməkdir ki, bu ölkələrdə minimum razılıq yaşı daha aşağı idi.[14] İngiltərədə 13-cü əsrdə qəbul edilən qanun 1875-ci ilə qədər qüvvədə olub, belə ki, 1875-ci ildə Offences Against the Person Act`ı ilə bu yaş həddi 13-ə qaldırılmışdır. Sadəcə 10 il sonra isə Crimina Law Amendment Act ilə 16 yaşa qaldırılmışdır. Lakin bu qanuna görə 16 yaşdan aşağı qadınla sadəcə vajinal cinsi əlaqə cinayət hesab edilib, digər cinsi münasiblər üçün isə hədd 12 olaraq qalırdı. Cinsi əlaqə üçün 16 yaş həddi haqqında qanun bugünə qədər İngiltərədə mövcuddur.[15] Diqqət yetirdinizsə, 1875 və 1885-ci illərdə qəbul olunan qanunlar arasında sadəcə 10 il fərq var, 10 il qızların həddi buluğa çatmasına təsir göstərməyəcək qədər qısa bir müddətdir. Bunun səbəbini isə aşağıda daha ətraflı ələ alacağıq.

 

Fransada razılıq yaşı ilk dəfə Napoleon tərəfindən təqdim edilmişdir. 1791-ci ildə aşağı yaş həddi 11 idi, 1863-də isə 13-ə qaldırıldı. İspaniya, Portuqaliya, İsveç və Danimarka kimi ölkələr də ilk başda yaş həddini 10-12 kimi təyin edir, 19-cu əsrin ikinci yarısında isə 13-16 yaş arasına qaldırır.[16]

Amerika Birləşmiş Ştatlarının da qanunları maraq doğurur. Ştatlar Britaniya koloniyası olduğu üçün Britaniya qanunlarından təsirlənmişdir, lakin burada müşahidə etdiyimiz yaş həddi Britaniyadan daha aşağıdır. 1885-ci ilə qədər əksər ştatlarda qızlar üçün razılıq yaşı 10 idi, bəzi ştatlarda 12, Delaware ştatında isə 7 idi.[17] Məsələn, 1689-cu ildə Virginia`da Mary Hathaway William Williams ilə evlənəndə 9 yaşında idi. Biz onun evliliyi haqqında sadəcə iki il sonra boşanma tələb etdiyinə görə bilirik.[18] Tarixçi Holly Brewer iddia edir ki, əgər Williams Hathaway ilə cinsi əlaqəyə girsə idi hakimlər onun evliliyini ləğv etməyəcəkdilər. Burdan anladığımız budur ki, əslində bu yaşda bağlanılan evliliklər daha çox idi, məhkəmə qeydlərinə düşən sadəcə cinsi əlaqənin olmadığı evliliklərdir, cinsi əlaqənin olduğu evliliklər isə ləğv olunmurdu. Amerikalı yazıçı Washington İrving`in 1849-cu ildə yazdığı kitabda Allah Rəsulunun evliliyini qeyd etdikdən sonra onu nəyə görə tənqid etmədiyini anlamış oluruq.[19]

 

Britaniyada baş verən qanun dəyişiklikləri Amerikaya da təsir edir və 1920-ci ilə qədər əksər ştatlarda razılıq yaşı 16-a qaldırılır. Lakin qeyd etmək lazımdır ki, bu qanun qaradərili qul qadınlara və bakirəliyini itirmiş “natəmizlərə” aid deyildi.[20] Digər araşdırmaçılara görə isə, Amerikada bu gün də bəzi ştatlarda 12 yaş minimum yaş həddidir (Alabama və Louisiana), digər cənubi ştatlarda isə 13 yaşdır.[21] [22] Digər Britaniya koloniyası Hindistan da Britaniyada baş verən qanun dəyişikliklərindən təsirlənir və ən aşağı yaş həddi 1891-ci ildə 10-dan 12-ə qaldırılır. Daha doğru desək, Britaniya höküməti onları razılıq yaşını qaldırmağa məcbur edir.[23]

 

Fikir verirsizsə, Hindistan daha isti və ekvatora daha yaxın ölkə olduğu üçün orada minimum razılıq yaşı Britaniyadan daha aşağı idi. Eyni şeyi digər koloniya – Avstraliya haqqında da deyə bilərik. Hətta Britaniya hökuməti Avstraliya hökumətindən razılıq yaşını qaldırmağı tələb etdikdə, Avstraliya hökuməti bunu etməmək üçün Avstraliyada yaşayan qızların Britaniyaya nisbətdə daha tez “yetişdiyini” dəlil olaraq göstərmişdir.

 

Müasir zamanımıza baxsaq görəcəyik ki, Avropada ən aşağı razılıq yaşı 12 (Malta), ən yuxarı yaş isə 17-dir. Avropa ölkələrinin yarısı 14 yaşda cinsi əlaqəni qanunlaşdırır, 72 faizi ölkələr 15 yaş, 16 yaşda icazə verənlər isə ölkələrin 98 faizidir.[24]

 

Razılıq yaşının tarixi olaraq necə olduğunu gördüyümüzdə orta əsrlərdə erkən evliliklərin yetəri qədər normal və adi hal olduğunu görürük. Sırf buna görə də, 20-ci əsrə qədər Aişənin yaşının oriyentalistlər tərəfindən tənqid obyekti olmadığını anlamış oluruq. 1830-cu illərdə Misiri ziyarət edən Britaniyalı etnoqraf E.W.Lane Misir qızlarının 10 yaşında ərə getdiyini gördüyünü deyir, lakin əlavə edir ki, bu qızlar daha soyuq ölkələrdə yaşayan həmyaşıdlarından daha tez həddi büluğa çatır. Təsəvvür edin ki, sadəcə bir əsr sonra Misirdə qadınların artıq sadəcə 10 faizi iyirmi yaşdan tez ərə gedirdilər.[25] 20-ci əsrin əvvəlində Amerikada ortalama qızlarda ilk menstruasiya 14.5 yaşda baş verirdirsə, bu gün bu göstərici 12.8 yaşa enib.[26] Dünya üzərində inkişaf etmiş ölkələrdə isə bu göstərici 12.5-ə düşüb.[27] Ortalama həddi büluğ yaşı sadəcə bir əsr boyu bu qədər artıb və ya azala bilirsə 14 əsrin necə təsir göstərə biləcəyini özünüz düşünün.

 

Üstəlik, Ərəbistan ekvatora daha yaxın və daha isti ölkədir və şübhəsiz ki, qadınlar isti ölkələrdə daha tez həddi büluğa çatırlar.[28] Jonh Bancroft Aralıq dənizi və ekvatora yaxın yerlərdə yaşayan qızların cənubda və ya şimal ölkələrində yaşayan qızlardan daha tez həddi büluğa çatdığını təsdiqləyir.[29] Eyniylə Fritz və Speroff dünyaca məşhur ginekologiya kitablarında da bu həqiqəti təsdiqləyirlər.[30] Məsələyə belə də baxa bilərik: bu gün Avropanın şimalında (Böyük Britaniya) razılıq yaşı 16-dır, Avropanın cənubunda isə (Malta) 12-dir, eyni zamanda eyni qitədə fərq 4 yaş təşkil edirsə, o zaman əgər 13-cü əsrdə Britaniyada razılıq yaşı 12-dirsə, ondan 6 əsr öncə ekvatora daha yaxın olan Ərəbistan yarımadasında bu göstəricinin 9 yaş olmasında (fərq 3 yaş) qəribə nə ola bilər?

 

[1] Cathy Hartley, A Historical Dictionary of British Women, 2003
[2] https://warwick.ac.uk/fac/arts/history/ecc/emforum/projects/brieflives/george_berkeley_8th/
[3] Reilly, Bernard F., 1982, The Kingdom of Leon-Castilla under Queen Urraca. New York: Princeton University Press; Theresa Earenfight, 2013, Queenship in Medieval Europe, Palgrave Macmillian, p.161
[4] Elena Woodacre, 2013, The Queens Regnant of Navarre, Palgrave Macmillian, New York, p. 32; Elizabeth A.R. Brown, “The Prince is Father of the King: The Character and Childhood of Philip the Fair of France,” Mediaeval Studies 49, 1987, p. 330
[5] Béatrice Leroy, “Les débuts de la dynastie d’Evreux en Navarre: des experiences mutuelles, de nouvelles situations,” En la Espa a Medieval 1994, 17
[6] Karen Green, Constant J. Mews, 2011, Virtue Ethics for Women 1250–1500, Springer, p. 46
[7] Belə bir etirazın olacağını gözləyirik: burada qeyd olunan bütün evliliklər kral və zadəgan təbəqəsində baş verən evliliklərdir, bu evliliklər isə dövlətlər arası siyasət üçün bağlanılırdı. Cavab olaraq deyəcəyik ki, bəli, həqiqətən qeyd etdiyimiz bu evliliklərin əksəriyyəti hakim təbəqənin evlilikləridir. Lakin çıxarılan nəticə yanlışdır, bunu anlamaq üçün iki nöqtəyə diqqət etməniz lazımdır: 1) tarix kitablarında, tarixi arxivlərdə qeyd olunan və bizə çatan evliliklərin əksəriyyəti bu təbəqənin evlilikləridir, çünki adi kəndlilərin həyatını heç kim tarixi mənbələrə adbaad daxil etmirdi, onların evlilikləri haqqında biz sadəcə ümumi məlumatlara sahibik. 2) əslində evliliyin hansı təbəqədə baş verməsinin və onun səbəbinin heç bir önəmi yoxdur. Qeyd etdiyimiz evliliklərin erkən baş verməsi bizə o dövrdə erkən evliliklərin kifayət qədər normal bir şey olduğuna işarə edir. Əgər zadəgan təbəqəsinin evlənmək səbəbi siyasət idisə, kasıb təbəqənin də öz səbəbləri var idi və biz bu səbəbləri irəlidə qeyd etmişik. Burdan aldığımız nəticə evliliyin səbəbləri deyil, erkən evliliklərin baş verməsidir və cəmiyyətdə normal qarşılanmasıdır. Üstəlik, biz bu etirazı gözlədiyimizə görə növbəti paraqrafdan etibarən qərb ölkələrində mövcud olan “razılıq yaşları” haqda söhbət açırıq. Bu qanunlar isə universal xarakter daşıyır və bütün vətəndaşlara şamil edilir.
[8] Vern L. Bullough, Age of Consent, Encyclopedia of Children and Childhood In History and Society, p. 95
[9] Temkin, J., 2002, Rape and the Legal Process, second edition, Oxford: Oxford University Press, p. 137
[10] Vern L. Bullough, Age of Consent, Encyclopedia of Children and Childhood In History and Society, p. 95
[11] Temkin, J., Rape and the Legal Process, p. 75
[12] Vern L. Bullough, Age of Consent, Encyclopedia of Children and Childhood In History and Society, p. 96
[13] Larry Wolff, Child Abuse, Encyclopedia of Children and Childhood In History and Society, p. 142
[14] Graupner, H., 2000, Sexual Consent: The Criminal Law in Europe and Overseas’, Archives of Sexual Behavior, Vol. 29, no. 5, p. 419
[15] Matthew Waites, 2005, The Age of Consent: Young People, Sexuality and Citizenship, Palgrave Macmillian, p. 68
[16]  Stephen Robertson, Age of Consent Laws, http://chnm.gmu.edu/cyh/teaching-modules/230
[17] Cocca C.H., 2004, Jailbait: The Politics of Statutory Rape Laws in the United States, New York: State University of New York Press, p. 23-24; Anthony and Harper, eds., state reports on legislative action and laws, in History of Woman Suflage, 4465-1011; Pivar, Purity Crusade, pp. 141-43; Benjamin DeCosta, “Age of Consent Laws-1886,” Philanthrupist, February 1886, p. 5; Leila Robinson, “Age of Consent Laws-1889,” Woman’s Journal, April 5,1889, p. 105
[18] Vern L. Bullough, Age of Consent, Encyclopedia of Children and Childhood In History and Society, p. 96
[19] Washington Irving, Mahomet and His Successors, The Co-Operative Publication Society,  p. 112
[20]  Cocca C.H., Jailbait: The Politics of Statutory Rape Laws in the United States, p. 16-24
[21] Graupner, H., Sexual Consent: The Criminal Law in Europe and Overseas, p. 448-449
[22] Bəlkə də bəziləriniz bugünkü qanunlar haqda araşdırmaçıların necə ixtilaf edə biləcəyinə təəccüblənirsiz. Məsələ budur ki, Amerika ştatlarının qanunlarında və onların interpritasiyasında bəzən ciddi nöqsanlar ola bilir. Düşünün ki, Missisipi ştatında qanunda olan xətaya görə quldarlıq rəsmi olaraq sadəcə 2013-cü ildə ləğv olunmuşdu.
[23] Whitehead, J., 1996, Bodies of Evidence, Bodies of Rule: The Ilbert Bill, Revivalism, and the Age of Consent in Colonial India, Sociological Bulletin: Journal of the Indian Sociological Society, Vol. 45, no. 1, March, pp. 29–54
[24] Graupner, H., Sexual Consent: The Criminal Law in Europe and Overseas, 416-424
[25] Beth Baron, Making and Breaking Marital Bonds in Modern Egypt, p. 282
[26] C. Northrup, 2006, Mother Daughter Wisdom, Random House Publishing Group, p. 429
[27] John Bancroft, Human Sexuality and Its Problems, Churchill Livingstone, p. 191
[28] C. Northrup, 2006, Mother Daughter Wisdom, p. 429
[29] John Bancroft, Human Sexuality and Its Problems, p. 191
[30] Marc A. Fritz and Leon Speroff, 2011 Clinical Gynecologic Endocrinology and Infertility, p. 401. Həmçinin bax: A.E.Aronson and Diane M. Bless, 2009, Clinical Voice Disorders, Thieme, p. 16; və J.S. Berek and E.Novak, 2007, Berek and Novak`s Gynecology, Lippincott Williams and Wilkins, p. 992

 

Bu yazı www.islamevi.az saytının elmi heyəti tərəfindən hazırlanmışdır. (Tərtib: Teymur Əsgərli).

Materiallardan istifadə zamanı istinad mütləqdir!

 

Share Button
Tarix: 27.06.2015 | Oxunma sayı: 20 baxış