Mal-dövləti ilə qürrələnən, keçmişini unudaraq lovğalanan və dikbaşlıq edənlər üçün – Qarun ən gözəl misallardan biridir. Özünü çox sevdiyi və buna görə də üstün tutduğu üçün başqalarını bəyənməyən Qarun, Allahın elçisi olan Musa peyğəmbərin haqq dəvətinə qarşı çıxır, ona əzab-əziyyət verirdi. Buna görə də öz xalqı Qarun’a, belə deyirdi:

“(Malına qürrələnib) öyünmə. Şübhəsiz ki, Allah (malına qürrələnib) sevinənləri sevməz!”

Hər kəs, əsl ucalıq və üstünlüyün, Allahın verdiyi nemətlərdən doğru şəkildə istifadə etməkdə olduğunu bilir və bu səbəblə də harınlamış Qarun’a, belə deyirdilər:

“Allahın sənə verdiyi ilə, özünə axirət qazan (malını Allah yolunda sərf et). Dünyadakı nəsibini də unutma (faydalan, amma mənasız yerə sağa-sola səpələmə; səhhətinin, sərvətinin, gəncliyinin qədrini bil). Allah sənə (sərvət verməklə) yaxşılıq etdiyi kimi, sən də (varından yoxsullara, qohum-əqrəbaya xərcləməklə) yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə. Həqiqətən, Allah fitnə-fəsad törədənləri sevməz!”

Qarun isə, bu nemətləri ona Allahın nəsib etdiyini unudaraq, hər şeyi öz şəxsinə bağlayır, bütün üstünlüyə öz “ali dərəcə” və “savadı” səbəbilə nail olduğunu iddia edirdi:

“(Qarun) dedi: “Bu (var-dövlət) mənə yalnız məndə olan elm (Tövratı gözəl bilmək, yaxud kimyaya yaxşı bələd olmaq, ticarətdən baş çıxartmaq) sayəsində verilmişdir. Məgər o (Qarun), Allahın ondan əvvəl özündən daha qüvvətli və daha varlı olan neçə-neçə kəsləri məhv etdiyini bilmirdimi? Günahkarlar öz günahları barəsində sorğu-sual olunmazlar. (Onların günahkar olduqları üzlərindən bilinər və buna görə də heç bir sorğu-sual edilmədən cəhənnəm oduna atılarlar).”

 

Təbii ki insanların çoxu, şanlı və maddi olaraq zəngin həyata meyllidirlər. Buna görə də onun yerində olmağı arzulayanların sayı çox idi. Günümüzdə də Allah’a düşmənçilik edən, lakin ‘lyuks’ həyat sürənlərin yerində olmağı arzulayanların sayı-hesabı yoxdur..

“(Bir gün Qarun) faxir libas geyib öz zinəti (ehtişamı) içində (dörd min vəznəli-çuxalı əyanın, qızıl-gümüş yəhərli atların müşayiətilə) xalqının qarşısına çıxdı. Dünyaya həris olanlar dedilər: “Kaş ki, Qaruna verilən (dövlət) bizə də veriləydi. Həqiqətən, o, böyük bəxt (qismət) sahibidir!”

 

Lakin, dünyanın gəldi-gedər olduğunu dərk edərək, Allahın verdiyi nemətlərə qane olaraq naşükürlük etməyənlər müdrik insanlar, dövründən asılı olmayaraq həmişə ən ali düşüncə sahibi olmuşlar:

“(Axirət barəsində) elm verilmiş (müdrik) kəslər isə belə dedilər: “Vay halınıza! (Ay yazıqlar!) İman gətirib yaxşı əməl edən kimsə üçün Allahın mükafatı (təmənnasında olduğunuz var-dövlətdən, dəbdəbədən) daha yaxşıdır. Buna (bu nemətə) yalnız səbr edənlər (Allaha itaət və ibadət etməyi fani dünya malından üstün tutanlar, həyatın çətinliklərinə dözənlər) qovuşarlar!”

 

Allaha, Onun peyğəmbərinə və doğrulara qarşı çıxan təkəbbür sahibi Qarunun sonu necə oldu? Aşağıdakı ayələr, bu haqda xəbər verir:

“Nəhayət, (Musanın duasını qəbul buyurub bir zəlzələ nəticəsində) onu (Qarunu) sarayı ilə birlikdə yerə gömdük. Allaha qarşı ona yardım edə biləcək (Allahın əzabından onu qurtaracaq) bir camaat da yox idi. O heç özü özünə də heç bir köməklik edə bilmədi (Bu qədər cah-calalın, dəbdəbənin müqabilində nə özü, nə də başqası Allahın əzabını ondan dəf etməyə qadir olmadı).”

 

Ona həsəd aparanlar isə, artıq fərqli düşünürdülər.. Halbuki, cəmi bir gün öncə, tam fərqli düşüncə və arzularda idilər:

“Dünən (dünyada) onun (Qarunun) yerində olmaq istəyənlər ertəsi gün səhər belə deyirdilər: “Vay (biz heç bilməmişik)! Sən demə, Allah Öz bəndələrindən istədiyinin ruzisini artırarmış da, azaldarmış da! Əgər Allah bizə lütf etməsəydi, yəqin ki, bizi də yerə gömərdi. Sən demə, kafirlər nicat tapmayacaqlarmış (qurtulmayacaqlarmış)!”

 

Həqiqətən də Uca Allah, dünya nemətlərini hər kəsə bəxş edə bilər. Lakin bu, axirətdə heç illərinin sayını belə xatırlamayamaraq, bir neçə gün yaşadığımızı zənn edəcəyimiz qısa bir insan ömrünü əhatə edə bilər. Heç vaxt sonu olmayacaq əbədi xoşbəxt həyatı isə, yalnız O’na ibadət edərək, boyun əyən sevimli bəndələrinə bəxş edəcək:

“Biz bu axirət yurdunu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə-fəsad törətməyənlərə qismət edərik. (Ən gözəl) aqibət ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlərindir!” (Qasas, 76-83)

 

Tarixdən ibrətlər almaq üçün Quran – çox böyük bir vasitədir.

➡️Bu mövzu barədə ətraflı oxumaq üçün tıkla ⬅️

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Share Button
Tarix: 18.09.2019 | Oxunma sayı: 1. 440 baxış