Uca Allah Ramazan və Zilhiccə aylarını müsəlmanlar üçün xüsusi olaraq seçmiş və bu ayların çox əlamətdar olduğunu bildirmişdir. Xüsusən də Fəcr surəsində bu günlərin əlamətdar olduğuna dair işarələr vardır:

 

“And olsun on gecəyə (zülhiccə ayının birinci on gecəsinə); And olsun cütə və təkə (tək olan Yaradana, erkək və dişi olmaqla cüt olan məxluqata; yaxud Qurban bayramına və yaxud Ərəfa gününə)..” (Fəcr, 2-3)

 

Uca Allah yuxarıdakı ayələrdə, diqqətləri – əzəmətləndirdiyi günlərə çəkir, sonra isə, ağılları işə salmağa çağırır:

“And olsun keçib getməkdə olan gecəyə (ki, qiyamət haqdır)! Məgər bu (andlar) ağıl sahibi üçün kifayət deyilmi?” (Fəcr, 4-5)

Yenə də ağıl sahiblərinə çatdırılmaq istənən mesajların qoxusu hiss olunur.. Bizə çatdırılmaq istənənlər nədir? Diqqətlər nəyə doğru çəkilmək istənir?

Fəcr surəsinin davamında Uca Allah bizlərə, həlak edilmiş bəzi millətləri/qövmləri xatırladır. Lakin, onları, sənətkarlıq detalları ilə birlikdə vurğulayır. Sütunları ilə məşhur olan İrəm`dən dən bəhs olunur. Başqa ayələrdə isə, onların hündür binaları, nəhəng bəndləri/sədləri, e.ə 2500-cü illərdə yaşamış Səba Kraliçası Bilqeysin (Bəlqis) ölkəsi haqda bəhs olunur. Aşağıdakı ayələrə diqqət yetirməkdə fayda vardır:

 

“Məgər görmədinmi ki, Rəbbin nələr etdi (Hud peyğəmbərin) Ad (qövmünə), sütunlar sahibi İrəm (qəbiləsinə) – (Elə bir qövm ki) məmləkətlər (əhli) arasında onun kimisi yaradılmamışdı.” (Fəcr, 6-8)

Səba mirası (Yəmən)
İrəm sütunları

Qeyd etdiyimiz surənin 9-cu ayəsində isə Uca Allah, Saleh peyğəmbərin qövmü olan Səmudu xatırladır. Şəhərlərini qayalarla əhatə olunmuş vadilərdə inşa etdiklərini və bunu, qayaları yonaraq etdiklərini vurğulayır. Eramızın 400-cü illərində itən şəhər, əsrlər sonrasında 1812-ci ildə İsveçrəli bir səyyah olan Johann Burckhardt tərəfindən tapıldı. Petra UNESCO tərəfindən Dünya Mədəniyyət Mirasına daxil edilmişdir. Quran bu qövmün varlığını və hətta, həlak edilməsini belə, 14 əsr bundan öncə onlar haqda heç bir məlumatın olmadığı vaxtlarda xəbər vermişdi..

Haqqında bəhs olunan həmin qövm də, öz peyğəmbərlərinin gətirmiş olduğu haqq çağırısına məhəl qoymamış və beləcə həlak edilərək tarix səhnəsindən silinib getmişlər. Qurduqları şəhər tikililəri isə, insanlara ibrət olsun deyə, günümüzə qədər mövcudluğunu qorumuşdur. Nəbatilərin paytaxt şəhəri olan Petra:

Tarixi Petra (İordaniya)
Qayalar içindəki möhtəşəm saray (Petra)

Növbəti ayə isə, özünü ilah hesab edən Firon və onun sütunları (paya, dirək) haqqındadır:

“Eləcə də sütunlar sahibi Firona?” (Fəcr, 10)

 

Bəzi mənbələr, burada qəsd olunanın böyük çadır dirəkləri olduğunu qeyd etsə də, hündür tikili daşlar (obelisk) olması daha ehtimallı görünür. Çünki, həmin dönəmlərdə bir çox dövlətlərin orduları və nəhəng dirəkli çadırları var idi. Qədim Misirə xas olan bu deyil, obelisklərdir. Dünyanın ən böyük obeliski hesab olunan Firon Hatşepsut abidəsi də, Karnak-dadır (Misirdədir).

 

Hatşepsut obeliski (Karnak, Misir)

Uca Allah, bu ayələrdə Zilhiccə ayının bərəkət və əzəmətinə işarə edərək, bizləri bunun fərqinə varmağa, bu gözəlliklərdən faydalanmağa dəvət edir. Davamında isə, bol-bol nemətlər verərək ucaltdığı bir çox qövmlər/millətlərə diqqət çəkərək, tarix elmini oxumağa və ibrətlər alaraq, Allahın varlığı və bizləri, vermiş olduğu Cənnət şansını dəyərləndirməyə çağırır. Həmin millətlərin, məhz nankorluq edərək, Allahın yolundan azmaları, tövhid inancından uzaqlaşdıqları, habelə Uca Yaradanın əmr və qadağalarına məhəl qoymayaraq həddi aşmaları səbəbilə həlak edildikləri, inşa etdikləri möhtəşəm sənət əsərlərinin isə, bu gün sahibsiz olaraq bizlər üçün ibrət olaraq saxlanıldığı da, xüsusi olaraq xatırladılır:

 

“Onlar o kəslər idi ki, ölkələrində həddi aşmış, çoxlu fitnə-fəsad törətmişdilər. (Nəhayət) Rəbbin də onları əzabla qamçıladı. Şübhəsiz ki, Rəbbin (bəndələrinin bütün əməllərinə) nəzarət edir.” (Fəcr, 11-14)


Qurani-Kərim, bizləri tarix və sənət elmini öyrənməyə və çoxlu ibrətlər alaraq həyatımıza işıq tutmağa çağırır. Elmsiz yanaşanlara bu ayələr quru gələr.. Bütün bu qeyd etdiklərimizin hamısının bircə surədə cəmləşməsi isə, həqiqətən də çox möhtəşəmdir.

 

Məqaləni PDF formatında: YÜKLƏ

 

Hazırladı: Ayxan Yaquboğlu

 

Bənzər Məqalələr