Şübhəsiz ki, Peyğəmbərimiz (Ona salam olsun) bizim kimi bir insandır. Lakin insanlara nümunə olaraq göndərilişi – Allahın Ona xitab etməsi üçün gərəkli olan kamal sifətləri və ruh qüvvətinə sahib olması baxımından digər insanlardan, eyni zamanda digər peyğəmbərlərdən fərqli, üstün xüsusiyyətlərə malik olmuşdur.

 

Davamlı olaraq ilahi nəzarət və yardım onunla birlikdə olmasaydı, insan olması baxımından, təbii ki, səhv edə bilərdi. Halbuki həm səhv edə bilməsi, həm də Allahın məmnun olacağı şəkildə insanlara nümunə olması düşünülə bilməz. Bütün sünnələrinin vəhyə dayandı­ğını bildirən ayə və hədislər də eyni xüsusiyyəti isbat edir:

«O, kefi istəyəni (havadan) danışmır. Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir.» (Nəcm surəsi, 4).

 

Miqdam b. Ma’di-Kərib’in rəvayətinə görə Allahın elçisi (Ona salam olsun) belə buyurmuşdur: «Mənə Quran və onunla birlikdə onun kimisi verildi… Bunu yaxşı bilin ki, Allah Rəsulunun haram etdiyi də Allahın haram etdiyi kimidir..» (Mişqat, 1/57).

 

Ayə, qüdsi-hədis hədis arasındakı fərqləri yaxşı anlaya bilmək üçün, vəhyi və onun növlərini bilmək mütləqdir.

 

Vəhy:

Bu söz «vəhy etmək» və «vəhy edilən şey» olaraq iki mənada istifadə edilir.

Birincinin luğəvi mənası: Bir şeyi gizli (qeybi) yoldan bir anda bil­dirmək və izah etməkdir.

Şər’i (dini terminoloji) mənası isə: Qeybi bir yoldan Allahın Öz peyğəmbərlərinə bildirmək istədiyi xəbər və qaydaları -bütün bunların Allah dərgahından olduğunu biləcəkləri bir şəkildə- bildirməsidir. («əl-Hədis va’l-Muhaddisun», səh. 12). Yəni, xəbər gizli/qeybi formada, digər insanların görməyəcəkləri formada bildirilir və ən əsası – bunun Allah dərgahından olduğu da bilinir.

 

Vəhy`in formaları:

Aşağıdakı ayədə Allahın, dilədiyini Öz qullarına bildirmə formaları belə izah olunur: «Allah bəşər övladı ilə ancaq vəhylə (ilham və yuxu ilə), yaxud (Musa kimi) pərdə arxasından danışar və ya bir elçi (mələk) göndərər ki, o da Allahın izni ilə (göndərildiyi kimsəyə) Onun istədiyini vəhy edər. Həqiqətən, O (hər şeydən) ucadır, hikmət sahibidir!» (Şura surəsi, 51).

 

Bu ayəyə əsasən Allahın qullarına xitab etməsinin üç formada olması aydın olur:

1) Vəhylə: Allahın – yuxuda və ya oyaq ikən Öz peyğəmbərinin qəlbinə istədiyi mənanı bir anda və Peyğəmbərin (bu mənanın) Allahdan oldu­ğunu tam əminliklə biləcəyi şəkildə gətirməsi.

2) Pərdə arxasından: Yəni, peyğəmbər Allahı görmədən Onun sözünü eşidir. Musa peyğəmbərlə (Allahın ona salamı olsun) bağlı Tur dağında baş vermiş məşhur hadisənin olduğunu Qurani Kərimdən bilirik (Taha surəsi, 11-49).

3) Uca Allahın, yuxuda və ya oyaq ikən elçi (mələk) göndərərək dilədiyini Öz peyğəmbərinə çatdırması. Vəhyin mələk vasitəsilə gəlməsi iki cür baş vermişdir:

 

a) Görülərək:

I — Mələyi Allahın yaratdığı əsl formasında

II — və ya insan cildində görərək.

Bunlardan birincisi (ilk vəhy və merac hadisəsində olduğu kimi) çox az baş vermişdir. İkincisi isə (məsələn, səhabələrdən Dihyə kimi) bir insana bənzər şəkildə mələyin gəlməsidir və bu, daha çox baş vermişdir.

 

b) Allahın elçisi (Ona salam olsun) bəzən mələyi görməz, lakin zınqırov səsinə (və ya arı vızıltısına) bənzər bir səs eşidərdi. Bu zaman səhabələr Peyğəmbəri həmişə görmədikləri bir halda görərdilər. Bu şəkildə gələn vəhy çox baş vermişdir.

Vəhyin növləri haqqında dahi İslam alimi Buxarinin «Səhih»ində xüsusi bir «bab» (fəsil) mövcuddur. (1-ci cild, bab: 1)

 

«Vəhy edilən şey» mənasındakı vəhy.

Vəhy edilənlər bu baxımdan iki hissəyə ayrılırlar:

a) Oxunan vəhy: Bu Qurani-Kərimdir və bu məsələdə İslam ümməti yekdil rəydədir. Özəlliklər:

 

1 — Peyğəmbərimizə (Ona salam olsun) oyaq olarkən vəhy vəzifəsini icra edən mələk olan Cəbrayıl (Allahın ona salamı olsun) vasitəsiylə gəl­mişdir.

2 — Bu vəhy, yuxuda və ya yuxarıda qeyd etdiyimiz digər vəhy yollarıyla gəl­məmişdir.

(Bunlardan əlavə, Qurani-Kərimin bu xüsusiyyətləri də vardır:)

3 — İstər namazda, istərsə də namaz xaricində oxunaraq ibadət edilir.

4 — Yalnız mənası ilə nəqli (rəvayəti) icazəli deyil. Mətn məna olaraq oxuna bilməz, dəqiq olaraq (hərf-hərf) nəql edilməlidir.

5 — Həm söz, həm də mənasıyla mu’cizdir (bənzərini gətirmək mümkün deyil).

6 — Şəkli və mənası Allah tərəfindən qorunur.

7 — Dəstəmazı olmayanın ona (Quranın original mushafına) toxunması haramdır.

8 — Qüslu olmayan (şifahi belə olsa) onu oxuya bilməz.

9 — Original mətndən olan hər hərfini oxumanın 10 savabı vardır.

10 — Müəyyən qismlərinə ayə və surə adı verilir («Qavaidu’t-Təhdis» səh. 65; «əl-Hədis va’l-Muhəddisun» səh. 15).

 

b) Oxunmayan vəhy: Bu – Sünnədir (“Sünnə” və ya “sünnət” olaraq deyilə bilər). Xüsusiyyətləri:

1 — Yalnız mənası Allah tərəfindən vəhy edilmişdir, sözləri Rəsulullaha aiddir.

2 — Bu səbəblə də, mənanı başa düşən insan, hədisi (original mətnlə olmasa belə) yalnız mənasıyla nəql edə bilər.

3 — Ləfzi mu’ciz deyil.

4 — Oxunaraq ibadət edilməz (Namazda ayə yerinə oxunmaz).

5 — Yuxuda və oyaq olarkən, mələksiz və mələk vasitəsilə olmaqla müxtəlif vəhy formaları ilə nazil olmuşdur.

6 — Quran üçün yuxarıda qeyd olunmuş digər xüsusiyyətlər, burada axtarılmaz.

 

Qeyd: Peyğəmbərimizin (Ona salam olsun) bəzi ictihadları (dünyəvi məsələlərdə öz ağlıyla/vəhysiz məsələləri həll edib hökm vermə halları) olmuş və bunlar arasında bəzilərində isabət olmadığı (yalnışlıq olduğu) Allah tərəfindən bildirilmiş və düzəldilmişdir. Buna görə müasir dövrdə ortaya çıxmış bəzi əsassız fikir sahibləri (sünnə inkarçıları), Onun hər Sünnəsinin vəhyə söykənmiş olduğuna etiraz edirlər. Halbuki:

a) İctihad etmə və bu zaman baş verə biləcək (elmi) xətanın qadağan olmaması, Rəsulullahın (ona salam olsun) öz ümmətinə təbliğ etməsi vacib olduğu məsələlərdəndir. Məhz bu anlayışı təbliğ etmək üçün xəta etməsi də mümkündür.

b) Xətası dini bir qayda olaraq qalmamış, bunun əsasında əməl edilməsi vacib edilməmişdir. Yuxarıda bəhs etdiyimiz İlahi idarə, bu səhvləri dərhal təshih etmiş və beləcə Onun hər bir Sünnəsini, vəhyin süzgəcindən keçmişdir.

 

Qüdsi Hədislər:

Hədislər arasında qüdsi, ilahi və ya rəbbani adlarıyla tanınmış hədislər də vardır ki — bunlar bizə mütəvatir olaraq (Mütәvatir — Yalan üzərində birləşməkləri mümkün olmayacaq sayda ravinin rəvayət etdiyi hәdisә deyilir) deyil, əhəd (Әhәd — mütəvatir olmayan, ondan aşağı dərəcədə olan hәdis rәvayәtinә deyilir) yolla Allah elçisindən (Ona salam olsun) nəql edilmiş və Peyğəmbərimiz tərəfindən də Allaha aid söz olaraq ifadə edilmişdir.

 

Bunlar Allahın sözüdür, yoxsa Rəsulullahın? Qurani-Kərimin xüsusiyyətlərini daşıyır, yoxsa Sünnənin? Bu mövzularda İslam alim­lərinin iki görüşü vardır :

1) Qüdsi hədislərin həm sözləri, həm də mənası Allahdandır. Bu fikri irəli sürənlər, aşağıdakılara diqqət çəkmişlər:

a — Bunlar Allaha nisbət edilmiş və adlarına «qüdsi, rəbbani və ya ilahi» – deyilmişdir.

b — «Ey qullarım…» ifadəsi tipli birinci şəxs (mütəkəllim) əvəzlikləri istifadə olunmuşdur.

c — Bunlar, Allahdan rəvayət edilmiş və bu cür ifadələr istifadə olunmuşdur: (1 – “Rəbbindən rəvayət etdiyi hədisdə Rəsulullah belə buyurdu..” 2 – “Özündən (Allahdan), Rəsulullahın (Ona salam olsun) rəvayət etdiyi hədisdə Allah belə buyurdu..”)

Bu görüş sahibləri, qüdsi hədislərin Allaha aid olduğunu irəli sür­məklə bərabər, Qurani-Kərimin daşıdığı xüsusiyyətləri daşımadığını qeyd edirlər. Onlara görə bu hədislər, digər hədislər kimidir. Yuxarıda qeyd olunanlardan əlavə, digər hədislərdən fərqli məqamlar bunlardır:

(a) — Allahın və nemətlərinin böyüklüyündən bəhs edir.

(b) — Əhəd yolla gəlmişdir.

 

2) Qüdsi hədislər haqqındakı ikinci görüş: Mənası – digər hədislər kimi Allahdan, sözləri isə Rəsulullahdandır. Peyğəmbərimizin (Ona salam olsun) Qüdsi hədisləri «Allah dedi…» şəklində ifadə etməsi, ümmətin diqqətini sadəcə olaraq bu hədislərdə olan önəmli mənalara çəkmə məqsədi daşıyır. («əl-Hədis va’l-Muhəddisun» səh. 18; «Qavaidu’t-Təhdis» səh. 64)

 

Vəhyin bir qisminin həm söz, həm də məna olaraq; bir qisminin isə, yalnız mənasıyla göndərilməsi — Allahın bu ümmətə olan rəhməti və lütfüdür. Çünki, əgər Quranda olduğu kimi sünnədə də təkcə məna deyil, söz də Allahdan olsaydı, kəlmə-kəlmə nəql edilməsi vacib olardı. Bu zaman, xüsusilə ilkin dövr müsəlmanları üçün çətinlik meydana gəlmiş olardı.

Bununla yanaşı, Sünnə – Quranın izahı hesab olunur. Sünnəni kənara qoymaq istəyən insanlar, Quranı öz beyinlərinə görə təfsir/izah etməyi arzulayır, bunun “planlarını” qururlar. Lakin, tarixdə bütün batil və əsassız firqələrin/qrupların olduğu kimi, bu kimi cahil düşüncələrin də sonu olacaqdır. Çünki Uca Allah, Öz dinini qoruyacağını vəd etmişdir.

 

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Share Button
Tarix: 05.08.2019 | Oxunma sayı: 142 baxış