İslam, mövhümat və xurafatlardan tam uzaq bir dindir. Bu dinin ən əsas dəvətçisi olan Hz. Məhəmməd (ona salam olsun), öz həyat və yaşamında bu ‘uzaqlığı’ o cür gözəl təbliğ etmişdir ki, ona müxalif olan fikir və qüvvələr heç vaxt əsaslı, güclü arqumentli bir anti-İslam mübarizəsi apara bilməmişlər. Buna görə də aciz və elmsiz şəkildə iftiralar, qara yaxmalar’dan başqa əllərindən heç bir şey gəlməmişdir.

Dinimizin nağıl və xurafatlar qarşısında möhkəm bir sədd olması haqda, qeyri-müsəlmanlar belə bəhs etmişlər. Məşhur fransız yazıçı Emile Dermenghem, Peyğəmbərimizin oğlunun vəfatı hadisəsi haqda danışarkən belə demişdir:

“Erkək varisinin (oğlunun) ölməsi Məhəmmədi çox kədərləndirdi və o, ağlayaraq kiçik cəsədi öz əlləri ilə torpağa tapşırdı. Eyni gündə günəş tutulması baş verdi və insanlar bunun (İbrahimin ölümü səbəbi ilə baş verən) matəm əlaməti olduğunu dedilər. Lakin Məhəmməd, bu mövhumatı inkar etmək üçün kifayət qədər açıq fikirli birisi idi. O, yalançı birinin deməyəcəyi sözləri dedi: “Səmavi cisimlər insanların ölümü səbəbi ilə tutulmur”
(Emile Dermenghem, 1930, The Life of Mahomet, George Routledge & Sons. Ltd. London, pp 285)

Fransız yazıçısı Emile Dermenghem (1892-1971) demək istəyir ki, əgər Allah Rəsulu yalandan peyğəmbərlik (Allah elçiliyi) iddia edən birisi olsa idi, oğlunun ölümü ilə eyni gündə baş verən günəş tutulmasını fürsət olaraq istifadə edərdi. Bu hadisəni İbrahimin ölümü ilə əlaqələndirənlərə “bəli, günəş İbrahimin ölümünə görə tutulub, bu da mənim Allah qatında yüksək məqamıma sübutdur” – deyərdi. O isə belə etmədi. Çünki İslam, haqq dindir və bu cür şeylər, yalnız doğruluqdan uzaq yalançı və xurafatçıların işləri ola bilər. Allahın və Onun dininin və peyğəmbərinin məqsədi, insan toplamaq deyil, onları dünya və əbədi həyat olan axirətdə qurtuluşa çıxarmaqdır. Nəticə çıxarmağı bacaranlar üçün bunlar böyük örnəklərdir.

Bənzər Məqalələr