Kitabımızı bu keçidlər vasitəsilə tam şəkildə endirə bilərsiniz:

DOC | PDF

 

İslam peyğəmbəri nəyə görə doqquz yaşında biriylə evlənib? Bu suala müxtəlif başlıqlar altında yanaşa bilərik. Məsələn, yazımıza 1809-cu ildə anadan olmuş  məşhur rus yazıçısı Qoqolun valideynini misal çəkərək başlamaq olar. Onun anası ilə Aişə arasında min ildən çox vaxt və minlərlə kilometr məsafə olmasına baxmayaraq, Qoqolun anası 14 yaşında evlənib. Dünyada mövcud olan isti iqlimin həddi büluğ çağına, dolaysıyla evlilik yaşına necə təsir etdiyi haqqında Bancroft, Fritz, Speroff kimi seksoloqlardan istinadlar gətirərək də mövzumuza başlıq aça bilərik, həmçinin yalnız qərb adları olan yazılara etibar edənlər üçün, Orta əsrlərdə  Avropada qeydlərə düşmüş evliliklərdən faktlar gətirməklə, Avropada tarixən və hal-hazırda mövcud olan cinsi əlaqəyə razılıq yaşı ilə əlaqədar müqayisələr aparmaqla və yaxud evlilik yaşına təsir edən sosial faktorları saymaqla da mövzuya giriş etmək mümkündür.

 

Lakin ilk öncə bütün bunları bir qədər təxirə salaraq sizi “sxolastik” düşüncəyə dəvət etmək istəyirik.

 

Tənbeh: Yazılardan daima tam fərqli mənalar çıxaran şəxslər olur. Ona görə də demək istəyirik ki, biz kimsəni qızını 9 yaşında evləndirməsinə təşviq etmirik, əksinə, yazıdan da anlaşılacağı kimi, İslam alimləri Aişənin evliliyini qızların müəyyən yaşda ərə getməsinə heç bir zaman dəlil kimi istifadə etməyiblər. Ümumiyyətlə, Orta əsrlərdə istər Avropada, istər Şərqdə erkən evliliklərin əsas səbəbi heç bir zaman din amili olmayıb və biz bunu yazıda daha ətraflı izah edəcəyik. Qızları ərə verməkdə ən uyğunu cəmiyyətin örfünə və ya cəmiyyətdə qəbul edilmiş standartlara müvafiq olmaqdır.

 

Bir insanın həyatından, yaşadığı cəmiyyətindən tamamilə bixəbər olub, onun müccərəd bir əməlini öz dövrünün standartlarıyla ələ alaraq o şəxs haqqında hökm vermək ədalətsizlikdir, üstəlik, bu insan əsrlər boyu qəsdli şəkildə edilən antipropaqandaya uğrayan bir şəxsdirsə, dərhal qərar verməkdən öncə biraz araşdırmağımız daha insaflı olar. Montgomery Watt`ın da gözəl işarə etdiyi kimi: “Gəlib keçmiş böyük şəxsiyyətlər arasında Muhammad qədər çox şərlənən birisi yoxdur.” (W. Montgomery Watt, 1956, Muhammad at Madina, London, Oxford University Press, p. 321).

 

Oriyentalistlərin atdığı iftiralardan biri də ona “sadəcə şəhvətini düşünən birisi” damğasını vurmaq idi. Gəlin Allah Rəsulunun həyatından və cəmiyyətindən bəzi həqiqətlərə göz gəzdirək və siz isə bunları oxuyaraq Muhəmmədin (Ona salam olsun) necə bir şəxsiyyət olduğu haqqında yenidən düşünün:

 

1) İslamdan öncə Məkkə cəmiyyəti zina, içki, qumar, riba, kölə qadınları fahişəliyə məcbur etmə və digər çirkin əməllər ilə dolu idi. Hətta vəziyyət o həddə çatmışdı ki, Məkkə əhli kişili qadınlı Kəbə ətrafında tamamilə çılpaq şəkildə təvaf edirdilər və bunun ibadət olduğuna inanırdılar. (Səhih Muslim, Kitəbut-təfsir, 3028, Dər İhyə Turas Arabi, Beyrut). Allah Rəsulunun zina etdiyi, şərab evindən çıxdığı, Kəbə ətrafında nəinki çılpaq təvaf etdiyi, hətta məkkəlilərin bu batil ibadəti zamanı orda olub qadınlara baxdığı heç vaxt görülməyib. Qayəsi şəhvətini güdmək olan birisi bu fürsəti əldən verərdimi?! Yeniyetmə yaşlarında bunları etməyən əlbəttə, sonralar da şəhvət düşkünü ola bilməzdi. Peyğəmbərlik dövründə Allah Rəsulu İslamı qəbul etmiş qadınlarla görüşər, suallarına cavab verər, onlardan beyət belə alardı. Lakin Aişə özü bizə xəbər verir ki, Allah Rəsulunun əli heç bir zaman yad qadının əlinə dəyməyib. (Səhih Muslim, Kitabul İmərati, 1866).

 

2) Allah Rəsulu 25 yaşında özündən 15 yaş böyük və iki dəfə ərdə olmuş qadınla evlənir.[1] Bu qadınla 25 ildən artıq ailə həyatı sürür və poliqamiyanın yayqın olduğu Məkkədə ikinci evlilik haqqında heç düşünmür.[2]

 

3) Allah Rəsulu dəvətinə başlayanda Qureyş qəbiləsinin başçıları Muhammədə (Ona salam olsun) dəvətini durdurması müqabilində mal istəyirsə onu ən varlı, mülk istəyirsə onu başçıları, qadın istəyirsə ən gözəl qadınlarla evləndirə biləcəklərini demişdilər. Qayəsi şəhvət olan birisi üçün bundan daha gözəl fürsət ola bilərdimi?! Allah Rəsulunun bu təklifi tamamilə rədd etdiyini hamımız bilirik.[3]

 

4) Allah Rəsulu ilk xanımı olan Xədicənin ölümünə qədər başqa heç bir qadın ilə evlənmir. Xədicə vəfat etdikdən sonra o, Sovda bint Zəmə ilə evlənir. Bu qadın səhabənin əri Həbəşistan hicrətindən qayıtdıqdan sonra vəfat edir, ailəsinin yanına qayıtdıqda isə ailəsi onu yenidən müşrik olması üçün məcbur edirdi. Allah Rəsulu onu qorumaq üçün onunla evlənməyə qərar verir. Həmin vaxt Sovdanın təxminən 66 yaşı var idi.[4] Sovdadan sonra isə Allah Rəsulu Mədinədə Aişə ilə evlənir. Deməli, Allah Rəsulu Məkkədə qaldığı üç il ərzində yenə də özündən yaşlı bir xanım ilə ailə həyatı sürür.[5]

 

5) Aişə onun daha öncə ərdə olmamış yeganə xanımıdır. Həmçinin, Aişə onun ən gənc xanımıdır, lakin digər xanımlarının yaşlarına baxdıqda Allah Rəsulunun xüsusi yaş qrupuna aid qadınlara düşkünlüyünün yalan olduğu bizə aydın olur.

 

6) Allah Rəsulunun Aişə ilə evliliyi ilə bağlı bəzi məqamları qeyd etmək yerinə düşər:

a) Allah Rəsulu ona (Aişəyə) elçi düşdüyü zaman Əbu Bəkrin qızını artıq Cubeyr ibn Mut`ım adlı şəxslə nişanladığını öyrənir. Bir müddət sonra Cubeyrin ailəsi onun Əbu Bəkrdən təsirlənib İslamı qəbul edəcəyindən qorxduğuna görə nişanı pozur. Allah Rəsulu bundan sonra Aişə ilə evlənir. (Nabia Abbot, Aishah The Beloved of Mohammed, The University of Chicago Press, Chicago, p. 3-4).

b) Allah Rəsulunun Aişə ilə evlənməsi öz fikri deyil, xalası Xovla bint Hakimin təklifidir. O, Allah Rəsulunun bu qızla evlənməsini təklif edir, bu haqda düşünən Allah Rəsulu da onu elçiliyə göndərir. (Ibid, p. 2-3).

c) Əbu Bəkr və onun həyat yoldaşı qızlarının evliliyinə etiraz etmirlər.

d) Aişə özü də heç bir zaman bu evliliyə və ya yaşına etiraz etməmişdir. Təbii ki, kimsə “Aişə etiraz edə bilməzdi” – deyə bilər. Əslində, bu belə deyil. Allah Rəsulunun maddi sıxıntısına görə Allah onun xanımlarına onunla qalıb və ya ondan ayrılmaları haqda ixtiyar vermişdir. Qurani Kərimdə buyurulur: “Ey Peyğəmbər! Zövcələrinə de: “Əgər siz dünya həyatını və onun bərbəzəyini istəyirsinizsə, gəlin sizi (dünya malıyla) məmnun edib gözəl tərzdə sərbəst buraxım. Yox, əgər Allahı, Onun Elçisini və Axirət yurdunu istəyirsinizsə, (bilin ki), Allah aranızdan yaxşı işlər görənlər üçün böyük bir mükafat hazırlamışdır”.(Quran, 33/28-29). Aişə özü bizə xəbər verir ki, Allah Rəsulu ilk öncə ona, sonra isə digər xanımlarına bu seçimi tanımışdır. Onlardan heç biri Allah Rəsulundan ayrılmadı. (Səhih Buxari, 2468). “Peyğəmbər hesab olunan şəxsdən ayrılsa idi o cəmiyyətdə yaşaya bilməzdi” – deyənlərə isə deyəcəyik ki, Allah Rəsulu heç bir zaman heç bir qadını onunla evlənməyə məcbur etməmişdir. Buxarinin rəvayət etdiyi hədisdə Allah Rəsulu bir qadınla evlənir, lakin bu qadın daha sonra evliliyi davam etdirmək istəmir, Allah Rəsulu da onu boşayır. (Səhih Buxari, 5254). Həmçinin, Allah Rəsulu Ummu Həni adlı qadına elçi düşür, lakin bu səhabə qadın evlənməkdən imtina edir.[6]

 

Aişə Allah Rəsulu öldükdən sonra 47 il yaşamış[7] və ərini daim xeyirlə yad etmişdir, onun haqda bir dənə də olsun xoşagəlməz söz deməmişdir. Allah Rəsulunu Aişənin yaşına görə qınayanlardan kimsə öz xanımına özü haqda bir dənə də olsun mənfi söz dedirtməyəcək qədər rəftar etmişdirmi?! “İslam cəmiyyətində kimsə Muhamməd haqqında pis söz deyə bilməzdi” – etirazı isə əsassızdır, çünki belə olsa idi, Aişə sadəcə susardı, amma o belə etmir, əksinə, Allah Rəsulundan öyrəndiyi dini gələcək nəsillərə ötürür. Aişədən toplamda 2210 hədis rəvayət edilmiş və bu rəqəmdə sadəcə Əbu Hureyradan geridə qalmışdır, ittifaq ilə ümmətin ən fəqih (elmli) qadını olmuş, hətta, səhabələr belə bir çox məsələləri ondan öyrənmişdir.[8] Bu məsələlərdən biri də oruclunun xanımını öpməsi məsələsidir. Aişə deyir: ”Allah Rəsulu oruclu ikən xanımlarını öpərdi, lakin o, öz (cinsi) ehtiyaclarını sizin hamınızdan daha yaxşı idarə edə bilirdi.” (Səhih Buxari, 1927). Aişənin bu sözü ilə, Aişəni “müdafiə” edənlərin sözlərini müqayisə edin.

 

[1] Bu vəsflər qətiyyən möminlərin anası Xədicə bint Xuveylid üçün eyib deyildir, lakin qayəsi şəhvət olan birisi çətin ilk evliliyini belə edərdi.
[2] İbn Qeyyim Cövziyyə, 1994, Zədul Məad, Muəssəsətur Risələ, Beyrut, səh. 102.
[3] Siratun Nəbəviyyə libni Hişəm, 1955, Şərikə Məktəbə Və Mətbəə Mustafa Əlbəbi Əlhələbi va Əvlədih, Misir, səh. 295.
[4] Əbu Zuhrata, Muhammad ibn Əhməd,  h. 1425, Xatəmun Nəbiyyin, Darul Fikril Arabi, Qahirə, p. 1097; M. Watt, Muhammad at Medina, p. 309.
[5] Səhih Buxari, h. 1422, Dar Tuq Nəcət, 3894.
[6] Səhih Muslim, Kitəbu fədəil səhabəti, babu min fədaili nisai qureyş.
[7] Zəhəbi, Siyər A`ləm Nubələ, Darul Hadis, Qahirə, 3c. Səh. 462.
[8] Ibid, 3c. Səh. 428.

 

Bu yazı www.islamevi.az saytının elmi heyəti tərəfindən hazırlanmışdır. (Tərtib: Teymur Əsgərli).

Materiallardan istifadə zamanı istinad mütləqdir!

 

Share Button
Tarix: 25.06.2015 | Oxunma sayı: 243 baxış