Allaha iman etmiş birisi üçün Ramazan ayının önəmi çox böyükdür. Çünki bu ay, günahların bağışlanması və əbədi həyat olan Cənnətin qazanılması yolundakı ən böyük fürsətdir. Elə böyük bir fürsətdir ki, Peyğəmbərimiz (ona salam olsun) “Ramazana çatıb, bu ayda bağışlanmayanın burunu yerlə sürtülsün” – deməklə, bizlərə bunun ciddiliyini izah etməyə çalışmışdır. 

Əslində bunları çoxumuz bilirik. Lakin insan, bəzən bol-bol savab qazandığını düşünsə də, əslində özünü daha böyük xeyirlərdən məhrum edə bilir. Yalnış və ya əksik anlaşılmış mövzulara bir neçə önəmli misal verə bilərik:

1 – İlk qeyd etməli olduğumuz ana mövzu Qurani-Kərimdəki məşhur oruc ayəsi haqqındadır. Uca Allah buyurur:

“Ey (Allaha) iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” (Quran, 2/183)

Əminik ki, bu ayəni çox adam bəlkə də əzbər bilir. Lakin, bu ayədə çox önəmli bir məqam vardır: oruc tutan insanın Allaha qarşı sevgi və qorxusu əmələ gəlməlidir. Ayədə qeyd edildiyi kimi oruc, məhz elə bunun üçün hər bir müsəlmana vacib edilmişdir. Oruc tutan insan, oruc tutmadığı günlərdə etmiş olduğu yalnış və günah əməlləri yenə də təkrarlayırsa, o zaman böyük fikir islahatlarına ehtiyac vardır. Peyğəmbərimiz (ona salam olsun), oruc sayəsində edilə biləcək dəyişikliklərə belə misal vermişdir:

“Qoy oruc tutan adam günah işlər görməsin və cahillik etməsin. Əgər kimsə onun­la dalaşmaq istəsə və ya onu söysə, qoy iki dəfə: “Mən oruc tutmuşam” – de­sin..” (Buxari)

Yuxarıda qeyd etdiyimiz hədis, sadəcə olaraq bu mövzuya verilmiş bir misal idi. Demək istədiyimiz budur ki, oruc tutmuş şəxs, insani, imani və əxlaqi olaraq mütləq müsbətə doğru dəyişməli və bu dəyişiklikləri özündə hiss etməlidir. Təbii ki bunun üçün, Allahın murad etdiyi formada oruc tutmalı, sadəcə mədəsinin boş qalması ilə kifayətlənməməlidir. Peyğəmbərimiz, bu haqda digər bir çox misallara da toxunmuşdur.


2 – Oruc tutarkən, təkcə mədə deyil, digər orqanlar da bu işdə fəal şəkildə iştirak etməlidir. Göz harama baxırsa, dil yalan və ya qeybət olan sözlər danışırsa, qulaq haramlara qulaq asırsa, ayaqlar yenə də haram olan yerlərə addımlayırsa bu, oruc məfhumunun yalnış anlaşıldığının bir göstəricisidir. Peyğəmbərimiz (ona salam olsun) buyurmuşdur:

“Kim yalan danışmağı və bu yalanı ilə əməl etməyi tərk etməzsə onun yeməyini və içməyini tərk etməsinə Allahın ehtiyacı yoxdur.” (Buxari, 1903)

Qeyd etdiyimiz hədisdə çox önəmli bir məqam vardır. Hədisdə verilən misalda, dil başda olmaqla digər orqanların oruc tutmadığı təqdirdə bu əmələ ‘oruc’ adının verilmədiyini, sadəcə olaraq “yemək və içməyin dayandırılması” deyildiyini görmüş oluruq.

3 – İftara qədər “vaxt öldürmə”. Orucun mahiyyətini anlayan insan, bunun yalnış bir düşüncə olduğunu hiss etməyə başlamalıdır. Mədənin boş qalması, insanı ən azından nahar və çay “dərdindən” qurtardığı üçün, əlavə vaxt qazandırmış olur. Bu zamanın insana verilməsi – çox böyük bir hikmətə əsaslanır. Yəni, beyin qidaya fokuslanmır və beləliklə də daha çox kitab (xüsusilə də Quran) oxumağa, daha çox zikr və dua etməyə nəhəng bir fürsət yaranır. Ramazandan öncə insanın “vaxt tapmadığı”, əslində isə tənbəllik etdiyi bir çox xeyirli əməlləri etmək üçün daha böyük bir fürsəti axı başqa nə vaxt tapmaq mümkün ola bilər? Bizdən öncə yaşamış xeyirli insanlar bu mübarək ayda, hətta İslamla əlaqəli elm sahələri haqda kitablar oxumağı və dərslərə qatılmağı belə dayandırar, yalnız Quran mütaliə edərək, mənaları üzərində düşünməklə məşğul olardılar. Məhz buna görə də Allahın elçisi, Ramazana çatıb, bol-bol xeyirli əməllər etməyənləri və Allahla baş-başa qalaraq günahlarından tövbə etməyənləri sərt bir dillə etmişdir.

4 – Ramazanın mahiyyəti həqiqətən də çox dərindir.. Bu ay, təkcə ümrəyə getmək və ya “əlində telefon”, başqalarına orucla bağlı hədis falan göndərməkdən ibarət də deyil. Kasıb və yetim ailələri, qapısını açan kimsələrin olmadığına görə qəlbləri ağlayan, gözləri yol çəkən kimsəsizləri öz iftar süfrəsinə dəvət edən, evində yemək bişirərək onlara aparan səmimi və mərd insanlardır – Ramazan’ı həqiqi mənada yaşayanlar. Həyatında fərqli dəyişikliklər etməyən insan, Ramazanın möhtəşəm mükafatlarından payını ala bilməz, bunun ləzzətini, etdiyi əməllərin Allah tərəfindən qəbul olunduğunu hiss edə bilməz.

Kasıb insanlarla eyni iftar süfrələrində oturmaq da, dünya sərxoşluğundan oyana bilməyən daşlaşmış qəlblərin yumşalmasına çox müsbət təsirlər göstərə bilər (!).

5 – Təravih namazı. Kimisi bu namazı heç qılmır, kimisi hələ də özünü bu namazı (imamla) sona qədər qılmağa alışdıra bilmir, kimisi dəqiq bilmədiyi şeylərə hələ də “bidət” deyir, kimisi bu namazın məqsədlərindən birinin çoxlu Quran oxunması olduğu halda sadəcə İxlaq və Nas surələrilə bu namazı “yola verir”, kimisi isə bu namazı ildırım sürətilə tez qılıb qurtarmaqla ”qabağa düşdüyünü” zənn edir.. Gördüyümüz kimi, təəssüf ki, yanılqılar bir deyil iki deyil.. 

Fərz olan İşa namazı tezbazar qılınacaqsa; Təravih namazında Fatihə hər rükətdə bir nəfəsə oxunacaqsa və ya (lap hər gün bir cüz xətm edilsə belə) ayələr sanki beyində təkrarlayırmış kimi ildırım sürətilə oxunacaqsa – elə sadəcə fərz namazını normal qılıb, zikrləri rahatca edib, ardından iki rükət sünnə namazını qılıb əlləri açaraq dua edilsə, bəlkə də daha faydalı olar. Bir sözlə, iki rükət qıl, amma doğru formada qıl. 

Allah qatında önəmli olan kəmiyyət deyil, keyfiyyətdir – bir əməlin həvəslə, zövqlə, faydalanaraq edilməsidir. Məscidlər bu mövzuda çox böyük məsuliyyət daşıyırlar. Bircə insanın məsciddən və camaat namazından soyumasına şərait yaradan hər bir kəs, bunun cavabını Allah qatında verəcəyini unutmamalıdır.

Hazırladı: Ayxan Yaquboğlu

Share Button
Tarix: 22.05.2019 | Oxunma sayı: 333 baxış