Dünya – axirәtә gedәn yolun üzәrindә durmuş bir imtahan masasıdır. Bu imtahan masasını özünә doğma vә әbәdi hesab edәn insanlar, böyük bir yanılqı içәrisindәdirlәr. Bәli, insandan tәlәb olunan – dünyadan әlini üzәrәk tәrki-dünya olmaq deyil. İnsandan tәlәb olunan – qәlbin dünya sevgisilә dolmaması, dünyadan ehtiyacı olduğu әn gözәl şәkildә istifadә edәrәk, әsas mәqsәd olan – axirәt üçün hazırlıq görmәsidir. Çünki dünya – çox qısa vә aldadıcı; axirәt yurdu isә, әbәdi vә mükәmmәldir. Buna görә dә, әziz peyğәmbәrimiz, biz müsәlmanları, dünyaya çox bağlanmamağı tövsiyyә etmişdir. İbn Ömәr demişdir: “Allahın elçisi (ona Allahın salamı olsun) çiynimdәn tutdu vә belә buyurdu: “Bu dünyada bir qәrib vә ya yolun bir tәrәfindәn o biri tәrәfinә keçәn birisi kimi ol”. İbn Ömәr belә deyәrdi: “Axşama çatdıqda, sabahı gözlәmә, sabaha çıxdıqda, axşamı gözlәmә. Sağlam olduğun zaman xәstәlik üçün, yaşadığın hәyatında isә ölümün üçün tәdarük gör” (Buxari rәvayәt etmişdir). Digәr rәvayәtdә “Allah’a – sanki O’nu görürsәnmiş kimi ibadәt et” әlavәsi vardır.

 

Uca Allah, Firon zamanında yaşamış saleh insanın belә dediyini buyurmuşdur: “Ey qövmüm! Bu dünya həyatı keçici bir şeydir (fanidir), axirət isə əbədi yurddur!” (Ğafir, 39). Allahın elçisi (ona Allahın salamı olsun) buyurmuşdur: “Bu dünya mәnim nәyimә gәrәkdir?! Mәnimlә dünyanın misalı – bir yolçunun, ağacın kölgәsindә günorta yuxusu aldıqdan sonra, oranı tәrk etmәsi misalı kimidir”. (Tirmizi, 2378)

 

İsa peyğәmbәrin belә dediyi rәvayәt olunur: “Axı kim dәniz dalğasının üzәrindә bina tikәr?.. O bina – dünyadır, onu özünüz üçün davamlı qalacağınız yer hesab etmәyin”. (Әhmәd, Kitab әz-Zuhd)

 

Әbu Zәr’in (Allah ondan razı olsun) evinә qonaq gәlmiş birisi, orada çox az sayda әşya görür vә ikili arasındakı dialoq belә davam edir:

– Ey Әbu Zәr, әşyalarınız haradadır?

✔ Bizim gedәcәyimiz evimiz var..

– Axı burada yaşadığın müddәtdә, mütlәq әşyalar lazımdır..

Әbu Zәr son olaraq belә dedi:

– Evin sahibi (yәni, Allah), bizim burada qalmamızı istәmir (әsl evimiz olan – axirәt yurduna hazırlaşmamızı istәyir). 

Bәzi salehlәrә “evin yolçu evi kimidir” deyildikdә, “yolçuluq etmirәm, (dünyadan) qovuluram” deyәrdi.. (Cәmiul-Ulum)

 

Әli b. Әbu Talib (Allah ondan razı olsun) demişdir: “Həqiqətən, dünya gəldi-gedərdir və o, artıq geridә qalmaqdadır. Axirət isə qarşıda hər kəsi gözləməkdədir. İkisinin də öz oğulları (qəlbən ona bağlı olan adamlar) vardır. Siz dünya oğullarından deyil, axirət oğullarından olun! Bu gün bir әmәl edirsiniz, amma sorğu-sual olunmursunuz. Sabah isə sorğu-sual olunacaq və heç bir әmәl edә bilməyəcəksiniz”.

Ömәr b. Abdul-Aziz demişdir: “Dünya – sizin üçün qәrar/mәqam yeri deyildir! Allah, dünya üçün fanilik (yәni, dünyanın fani olduğunu), onun әhli üçün isә, yolçuluq yazmışdır.. Yolçuluq başlamadan öncә, sәfәr üçün gözәl şәkildә hazırlaşın, azuqә toplayın. Şübhәsiz ki, azuqәlәrin әn xeyirlisi – tәqvadır (Allah qorxusu)”. 

 

Bir müsәlman, bu tәsiredici sözlәri oxuduqdan sonra mütlәq düşünmәli vә islah olunmaq üçün addımlar atmağa çalışmalıdır. Bir insan ‘bu dünyada qәrib vә ya bir yolçu kimi ol‘ şüurunu öz hәyatına necә tәtbiq etmәlidir? Bu mühüm suala dahi İslam alimi İbn Racәb bu cür aydınlıq gәtirmişdir: “Dünya – mömin üçün daimi qalacaq yer vә vәtәn (mәskәn) yeri ola bilmәz. Belә olduqda, iki haldan biri olmalıdır: 

1) Bir mәmlәkәtdә olan qonaq, qeyri-әhali – tәkrar öz vәtәninә qayıdacaq olan birisi kimi olmalı; 

2) vә ya yolda olan yolçu kimi olmalıdır.

Әgәr insan bu iki düşüncәdәn birini fәrz edәrәk, bu cür yaşasa, dünya arzuları onun qәlbinә hakim ola bilmәz. Mәsәlәn, әgәr qeyd etdiyimiz birinci hal üzrә düşünәr vә yaşayarsa, özünü – harada olursa-olsun (istәr öz hәqiqi vәtәnindә, istәrsә dә yad bir ölkәdә) qәrib kimi hiss edәr, vәtәninә (axirәt yurduna) gözәl şәkildә qayıtmağı arzulayan birisi kimi yaşayar. Hәmin insanın qәlbi, qayıdacağı vәtәninә bağlıdır.. Fudeyl (Allah rәhmәt etsin) demişdir: “Mömin dünyada qayğılıdır. Onun qayğısı – әşyalarını (axirәt üçün azuqәsini) hazırlamaqdır..”

 

Hәqiqәtәn, dünya kimin üçün belә olarsa, hәmin insanın dәrdi – vәtәninә qayıdacağı әsnada, ona fayda verәcәk şeylәri hazırlamaq olar.. Orada (dünyada) yad/qәrib olduğu üçün, hәmin mәmlәkәtdә yaşayan insanlarla izzәt vә şan-şöhtәt yarışına girmәz. Hәmçinin, onların yanında aşağı dәrәcәli olmaqdan da qorxmaz.. Hәsәn әl-Basri (Allah rәhmәt etsin) bu mövzuda demişdir: “Mömin dünyada yad kimidir.. Oradakı zillәtdәn qorxmaz, oradakı qürur üçün yarışmaz.. Onun öz (axirәt) dәrdi, başqalarının öz dәrdi vardır..”

 

İnsan – daima ilk vәtәni üçün darıxar. Onun ilk vәtәni isә, Cәnnәtdir. Allah Adәmi yaratdıqda, onu Cәnnәtinә yerlәşdirdi, sonra oradan endirdi, lakin tәkrar olaraq geri dönәcәyinә dair vәd verdi. Demәli, әsl vәtәn – Cәnnәtdir! Vәtәnin qәdrini bilmәmәk isә, zәlillik vә alçaqlıqdır. Bu zәlilliyin ünvanı isә, vәtәnin ziddi olan Cәhәnnәmdir. Allaha sığınırıq..

 

Sәhabәlәrin әksәriyyәti zәngin deyil, kasıb olaraq yaşayırdılar.. Fars vә Rum diyarlarının fәthi, qızıl-gümüşlәrlә dolu xәzinәlәrin әlә keçirilmәsi, dünya eşqini qәlblәrdә hakim etmәsin deyә, Allahın elçisi (ona Allahın salamı olsun) әvvәlcәdәn xәbәrdarlıq etmişdi.. “Dünyadan – yaşayış üçün normal miqdarda istifadә edin” düşüncәsi, sәhabәlәrin qәlblәrinә hәkk etdiklәri anlayış olmuşdu. Zaman keçdikcә isә, bu xәbәrdarlıq vә nәsihәtlәr yavaş-yavaş unuduldu, sonraki nәsillәr, dünyaya aldanmaq xәstәliyindәn qurtula bilmәdilәr. Az bir qism qurtuldu, qalanlarını isә, dünya sәrxoşluğu aldı apardı.. Müsәlmanların izzәtli olduqları dönәmlәri, ‘zәiflik’ dönәmlәrinә tәhvil vermәlәrinin әn әsas sәbәblәrindәn biri dә mәhz dünya eşqi olmuşdur.. Yәhya b. Muaz (Allah rәhmәt etsin) demişdir: “Dünya – şeytanın içkisidir. Kim onu içәrәk sәrxoş olarsa, qәflәt yuxusundan, ölüm әsgәrlәrinin gәlmәsiylә -zәrәrә düçar olmuşlarla bәrabәr peşmanlıq içәrisindә- oyanar.”

 

İkinci hal olaraq qeyd etdiyimiz ‘dünyada bir yolçu olaraq’ yaşamaq – insanın özünü -sәfәri sona çatana qәdәr- yolçuluq mәnzillәrindә görmәsidir.. Bu sәfәrin sona çatması isә, ölümdür. Kimin dünyadakı halı belә olarsa, onun mәqsәdi – sәfәr üçün azuqә hazırlamaq olar, dünya arzularını çoxaltmağı istәmәz..

Hәsәn әl-Basri (Allah rәhmәt etsin) demişdir: “Sәn ancaq bir yerә toplanmış günlәrsәn. Hәr bir gün keçdikcә, sәnin bir qismin belәcә gedir..” Hәmçinin demişdir: “Ey Adәm oğlu! Sәn, yüklü olan iki minik arasındasan. (O iki minik olan) Gecә, sәni gündüzә, gündüz isә gecәyә mindirir. Nәticә olaraq sәni axirәtә tәslim edirlәr. Ey Adәm oğlu! Sәndәn daha böyük bir tәhlükәdә olan varmı?!..”

 

İnsanların çoxu, axirәti unutmuş, dünyanı sevmiş vәziyyәtdәdirlәr. Elә ki, dünya mәnfәәtlәrini әldә etmәyә sevinәr, axirәti düşünmәzlәr. Halbuki dünya, heç kәsi daima sevindirmәz, әksәr hallarda sıxıntılarla üz-üzә qoyar. Salehlәrdәn biri gözәl demişdir: “Günü ayını, ayı ilini, ili ömrünü xarab edәn kimsә, dünya üçün necә sevinә bilir?!.. Әcәlinә aparan ömrünü, ölümә aparan hәyatını necә sevinir?..” Fudeyl bir nәfәrә belә dedi:

– Neçә il yaşadın?

Cavab: Altmış il.

– Altmış ildir ki, Rәbbinә doğru gedirsәn, qovuşman yaxındır..

Cavab: Hamımız Allahdan gәlmişik, Ona da qayıdacağıq..

– Bunun tәfsirini bilirsәnmi? (Tәfsirini zah edәrәk davam edir:) Mәn Allahın bәndәsiyәm vә Ona qayıdacağam. Kim әgәr Allahın qulu olduğunu vә ona qayıdacağını bilәrsә, sorğu-sual olunacağını bilsin, sorğu-sual olunacağı suallara da cavab hazırlasın.

Hәmin adam belә dedi: – Çıxış yolu nәdir?

Asandır -deyә cavab verildikdә, adam dedi:

– Nәdir?

Son olaraq Fudeyl çox gözәl bir çıxış yolu göstәrәrәk buyurdu: “Qalan ömrünü yaxşı keçir ki, keçmişin bağışlansın. Әgәr ömrünün qalan hissәsini dә günahlar edәrәk keçirәrsәnsә, keçmiş vә gәlәcәk günahlarından da hesaba çәkilәcәksәn”. (Cәmiul-Ulum)

 

Gecә vә gündüz çox sürәtli ötüb keçir vә belәcә ölüm yaxınlaşır.. Salehlәrdәn biri demişdir: “Kimin miniyi gecә vә gündüzlәr olarsa, özü yerimәsә belә, onlar onu aparar”.

Hәsәn әl-Basri demişdir: “Gecә vә gündüz, ömürlәri qısaltma vә әcәllәri yaxınlaşdırma baxımından çox sürәtlidirlәr. Bu ikisi (gecә vә gündüz) Nuh, Ad, Sәmud vә digәr bir çox qövmә dostluq etdilәr (vә onları әcәlә tәhvil verdilәr)..”

 

Mәrvәzi dedi:

İmam Әhmәddәn (Allah rәhmәt etsin) soruşuldu:

“Hansı şey dünyada zühddәn sayılır?” Әhmәd b. Hәnbәl belә cavab verdi:

“Qısa әmәl (çox uzun zaman yaşayıb uzun әmәllәr edәcәyәm deyә xәyal etmәmәk) vә sabaha çıxınca “axşama çatmayacam” deyәn adamın halı”.

 

Hәsәn әl-Basri (Allah rәhmәt etsin) demişdir: “Üç alim bir yerә toplaşdı, birinә dedilәr:

– Sәnin әmәlin nәdir? 

Belә cavab verdi:

– Hansı aya qәdәm qoysam, o ayda ölәcәyimi düşünәrәm. 

Digәrlәri belә dedilәr:

– Hәqiqәtәn gözәl әmәldir.

Digәrinә eyni sual verildikdә belә dedi:

– Hansı cümә gününә çatsam, o günü ölәcәyimi düşünürәm.

Digәrlәri belә dedilәr:

– Hәqiqәtәn gözәl әmәldir.

Digәrinә eyni sual verildikdә belә dedi:

– Canı başqasının (yәni, Allahın) әlindә olanın әmәli nә ola bilәr ki?!..” (İbn Mubarәk, Kitәb’uz-Zuhd)

 

Yuxarıda İmam Әhmәd’dәn nәql olunmuş “qısa әmәl” sözü haqda Davud әt-Tai demişdir: Atvan b. Ömәrdәn (Allah hamısına rәhmәt etsin) soruşdum:

– Qısa әmәl nәdir? 

Belә buyurdu:

“Nәfәs alıb-vermә arasındakı zamandır”. Fudeyl dә bunu dedi, ağladı vә dedi: “Nәfәs alıb, nәfәsinin kәsilmәsindәn öncә ölmәkdәn qorxmaqdır”. (İbnul Cәvzi, Sifәt’us-Safva)

 

Salehlәrdәn Hәbib Әbu Muhәmmәd (Allah rәhmәt etsin) hәr dәfә sәhәrә vә hәr dәfә axşama çıxdığı zaman ağlayardı. Hәyat yoldaşı onun haqda “sәhәrә çıxdıqda axşam çıxa bilmәyәcәyindәn, axşama çıxdıqda da sәhәrә çıxa bilmәyәcәyindәn qorxardı” -deyәrdi. Salehlәrdәn Muhәmmәd b. Vasi, hәr gün yatmadan öncә “Allaha әmanәt olun, bәlkә dә bu, yuxudan dura bilmәyәcәyim ölümüm ola bilәr” deyәrdi. Yatmamışdan öncә bu hal, onun adәti idi.

 

Bәkr әl-Muzәni (Allah rәhmәt etsin) demişdir: “Yatdığınız zaman, imkan varsa vәsiyyәtinizi yazmış halda gecәlәyin. Çünki, dünya әhlindәn olaraq gecәlәyәr, axirәt әhlindәn olaraq oyanar (yәni, dünyadan köçmüş olar)”.

 

Avn b. Abdullah (Allah rәhmәt etsin) demişdir: “Sabahkı günü, öz әcәlindәn hesab edәn insan – ölümü(n mahiyyәtini) lazım olduğu yerә qoya bilmәmişdir. Neçә-neçә günü qarşılayan vardır ki, onu tamamlaya bilmәdi.. Neçә-neçә sabah’ı ümid edәnlәr vardır ki, sәhәrә çata bilmәdi.. Әgәr siz, әcәli vә onun necә cәrәyan etdiyini görsәydiniz, ‘gәlәcәkdә çoxlu (xeyir) әmәllәr edәcәm’ düşüncәsinә nifrәt edәrdiniz..”

 

✔ Sual: Bir insan üçün dünyada keçirdiyi әn faydalı günü hansı gün ola bilәr?

Böyük İslam alimi Avn b. Abdullah (Allah rәhmәt etsin) belә demişdir: “Dünyada mömin üçün әn faydalı gün – sonuna çata bilmәyәcәyini zәnn etdiyi gündür”. 

Bәli, hәqiqәtәn dә belәdir! Bir insan gününü bu düşüncә ilә başlayarsa, hәmin insan o gündәn maksimum dәrәcәdә istifadә edәr, günahlardan çәkinәr vә bol-bol, yorulmadan saleh әmәllәr edәr!

İnsan bu düşüncәylә yaşayarsa, ibadәtlәrә hәvәsi artar vә tәnbәllik etmәz. Bәkr әl-Muzәni (Allah rәhmәt etsin) demişdir: “Namazının sәnә fayda vermәsini istәyirsәnsә, ‘bәlkә bundan başqa namaz qılmaq mәnә nәsib olmayacaq’ de (vә bu düşüncәylә qıl). Bu,  Peyğәmbәrin “vidalaşan insanın namazı kimi qıl” hәdisindәn alınmışdır”. (Bu hәdisi Әhmәd, İbn Macә rәvayәt etmişdir)

 

Salehlәrdәn Mәruf Kәrhi (Allah rәhmәt etsin) demişdir: “Uzun әmәl(edәcәm deyә düşünmәk)dәn Allah’a sığınırıq. Çünki o, xeyirli әmәl(etmәy)ә әngәldir”.

 

Buna görә dә, fürsәtlәri lazımınca qiymәtlәndirmәk, xeyirli әmәllәri gecikdirmәmәk vacibdir. İbn Abbasın rәvayәtinә görә Peyğәmbәrimiz (ona Allahın salamı olsun) bir nәfәrә öyüd-nәsihәt verәrkәn demişdir:

“Beş şey gәlmәmişdәn öncә beş şeyi qәnimәt bil: yaşlılıqdan öncә gәncliyini; xәstәlikdәn öncә sağlamlığını; kasıblıqdan öncә varlılığını; mәşğuliyyәtdәn öncә boş vaxtını; ölümdәn öncә hәyatını”. (Hakim, Sәhih)

 

Tövbә – bütün günahların dәrmanıdır. Müsәlman, heç vaxt Allahdan ümidini üzmәmәli, Ona sidq ürәklә bağlanaraq, sәmimi şәkildә, peşmanlıq çәkәrәk tövbә etmәkdәn tәnbәl olmamalıdır. Çünki, Allah mәrhәmәtli vә rәhmlidir. Peyğәmbәrimiz buyurmuşdur: “Allah-Tәala, qәrb tәrәfdә, genişliyi yetmiş illik (mәsafә qәdәr olan) tövbә qapısı açmışdır. Günәş oradan çıxana (yәni, qiyamәt günü günәş qәrbdәn çıxana) qәdәr, o qapı bağlanmayacaq” (Әhmәd, İbn Macә, Nәsai vә Tirmizi rәvayәt etmiş, sonuncu “hәsәn-sәhih” demişdir)

 

Uca Allah bu mübarәk sözlәrini xatırlamaqda fayda vardır:

✔ “(Tövbə edib) Rəbbinizə dönün. Әzab sizə gəlməmişdən əvvəl Ona təslim olun. Sonra sizə heç bir kömək olunmaz! Qəfil əzab özünüz də bilmədən başınızın üstünü almamışdan əvvəl Rəbbinizdən sizə nazil edilmiş ən gözəl sözə (Qurana) tabe olun! (Elə edin ki, sonradan) bir kəs: “Allaha itaət barəsində etdiyim təqsirlərə görə vay halıma! Həqiqətən, mən (Allahın hökmlərinə, Qurana, Peyğəmbərə və möminlərə) istehza edirdim!” – deməsin.

Yaxud: “Әgər Allah məni doğru yola yönəltsəydi, mən mütləq müttəqilərdən olardım!” – söyləməsin. Və ya əzabı gördüyü zaman: “Kaş bir dəfə də (dünyaya) qayıda biləydim; yaxşı işlər görənlərdən olardım!” – deməsin!” (Zumәr, 54-58). 

 

✔ “Nəhayət, onlardan birinə ölüm gəldiyi zaman deyər: “Ey Rəbbim! Məni geri qaytar. Bəlkə, tərk etdiyim yaxşı əməlləri (indi) edəm”. Xeyr! Onun bu dedikləri ancaq (boş) bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər bərzəx vardır.” (Muminun 99-100)

 

✔ “Birinizin ölümü çatıb: “Ey Rəbbim! Mənə bir az möhlət versəydin, sədəqə verib salehlərdən olardım! – deməmişdən əvvəl sizə verdiyim ruzidən (Allah yolunda) xərcləyin. Və (bilin ki) Allah əcəli çatan heç kəsə möhlət verməz. Allah sizin nə etdiklərinizdən xəbərdardır!” (Munafiqun, 10-11) 

 

Әbu Hureyradan rәvayәt olunan hәdisdә peyğәmbәrimiz (ona Salam olsun) buyurmuşdur: “Hәr vәfat edәn peşman olacaqdır”. Dedilәr: “Peşmanlığın sәbәbi nәdir?” Dedi: “Әgәr yaxşılıq sahibi insandırsa, (dünyada yaşayarkәn) daha çox yaxşı әmәl edә bilmәdiyinә görә peşman olacaq, әgәr günahkar insandırsa, Allahı razı salacaq әmәllәr etmәdiyi üçün peşman olacaq”. (Tirmizi, 2405).

Buna görә dә müsәlmanın, ömrünün qalan hissәsini dәyәrli şәkildә, Allaha itaәt edәrәk keçirmәsi lazımdır.

 

Sәid b. Cubeyr (Allah rәhmәt etsin) demişdir: “Möminin yaşadığı hәr gün qәnimәtdir”. Bәkr әl-Muzәni demişdir: “Allahın dünyaya çıxardığı hәr gün belә deyir: Ey Adәm oğlu! Mәni qәnimәt bil! Bәlkә dә sәnin üçün mәndәn sonra gün yoxdur..” Bәzi salehlәr belә deyәrdilәr: “Boş olduğun vaxt, rüku etmәyi (namaz qılmağı) qәnimәt bil, ölüm ansız olur. Neçә-neçә sağlam insan vardır ki, sağlığı yerindә olaraq canını tapşırdı..”

 

Salehlәrdәn Mahmud әl-Varraq (Allah rәhmәt etsin) demişdir: “Keçmiş günün, sәnә әdalәtli şahid olaraq keçdi, ardınca isә yeni bir gün gәldi.. Әgәr sәn dünәn bir günah etmisәnsә, arxasından yaxşılıq et ki, (Allah qatında) tәriflәnmiş olasan. Bu (günah etdiyin) günün ardından yaxşı әmәllәr etsәn, onun sәnә faydası toxunacaq. Lakin, keçmiş günün bir daha geri qayıtmayacaq. Xeyir әmәl etmәyi sabaha gecikdirmә.. Bәlkә dә sabah gәlәcәk vә sәn itirmişlәrdәn olacaqsan..” (Cәmiul-Ulum)

 

 

Uca Allah, bizlәri bu nәsihәtlәrә әmәl edәn bәndәlәrindәn etsin!

 

 

 

Bu yazıda Dahi İslam alimi İbn Rәcәb’in “Cәmi’ul-Ulum va’l-Hikәm” adlı әsәrindәn geniş şәkildә istifadә olunmuşdur.

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad vacibdir!

Share Button
Tarix: 11.10.2015 | Oxunma sayı: 1. 884 baxış