Övlad tərbiyəsi çox mühümdür. Lakin, təəssüflər olsun ki, bir çox valideyn, övladlarını doğru şəkildə tərbiyə etmək üçün gərəkli məlumatlara sahib deyil. Nəticədə isə, övladına istəmədən də olsa zərər vurur və bunun da əsas günahları elə məhz özü olur. Gələcəkdə isə, ilkin tərbiyə mərhələsindəki buraxılmış boşluqları heç bilmir, xatırlamır və günahkar olaraq da yaddaşlarda təbii ki, övlad qalır.. Bunların olmaması və ya qismən bərpası üçün, diqqət edilməsi vacib olan bir çox mühüm məsələdən, beşini qeyd etməkdə fayda vardır:

1. Hər bir valideyn, öz övladın qorumaq istəyər. Hətta bunu, özü üçün övladı qarşısındakı ilk vəzifəsi olaraq qəbul edər. Lakin, qorumaq ilk olaraq nələrdən başlanmalıdır? Qorumaq – ilk olaraq: ona ədəb öyrədərək, əxlaqını tər-təmiz etməklə başlanmalıdır. Bunun üçün övladı, pis dostlardan qorumaq lazım olduğu qədər, onun nemət bolluğu içərisində sərxoş olmasına qapı açmamaq, bər-bəzək və lyuks həyatı ona sevdirməmək lazımdır. Çünki, əgər bu cür yetişdirilməzsə, böyüdükdə sadəcə bunların arxasıyla qaçaraq, həyatını darmadağın etmiş bir dünya quluna çevrilərək, əbədi həyatını da puç etmiş olacaq. Fikri-zikri yalnız kimlərinsə qarşısında öyünməkdən, pul və mal-mülk qazanmaqdan ibarət olan birisi, təbii ki Allahı xatırlamaz..

2. Uşaq – utanaraq bəzi şeyləri etməkdən boyun qaçırırsa, deməli ağlın nuru, artıq onun üzərinə işıq saçmağa başlamışdır. Bu, Uca Allahın uşağa bəxş etmiş olduğu bir hədiyyədir. Vəziyyətin belə olması, uşağın əxlaqi inkişafının və qəlbinin saflığa qovuşduğunun göstəricisidir. Habelə, həddi-buluğ yaşına doğru, ağlının daha da kamilləşəcəyinin müjdəsidir. Lakin, bununla yanaşı, utancaq uşağı tam nəzarətsiz buraxmaq da olmaz. Çünki, hər bir şeydə olduğu kimi, utancaqlıqda da sərhədlər vardır. Məsələn, başqalarıyla ünsiyyət qurma utancaqlığı, gələcəkdə, gündəlik sosial həyat üçün əngəllər törədə bilər.

3. Uşağa lyuks geyimləri deyil, sadə geyimləri sevdirmək lazımdır.
Müsəlmanın övladı dünya qulu olmaz, dünyanın, əbədi həyat olan axirəti qazanmaq üçün bir fürsət olduğunu özünə həyat düsturu edər. Bunun üçün isə onu, zövq üçün yaşayan və israfçılığa aludə olmuş dostlardan uzaqlaşdırmaq mütləqdir. Çünki, ətrafdakı insanların təsir qüvvəsi, insanın ilkin inkişaf mərhələsi olan kiçik yaşlarda, inanılmaz dərəcədə qüvvətli və cəlb edici olur. Bir sözlə, övladına dünya bəzəklərini sevdirmisinizsə, gələcəkdə də bunun təsirini görəcəksiniz. Yox əgər, Allah və mənəvi dəyərləri sevdirmisinizsə, bunun meyvələrini mütləq toplayacaqsınız.

4. Övlad tərbiyəsi üçün ilk ana sütun – zamandır. Yəni, müəyyən bir zaman periodu vardır ki, o zaman müddəti ərzində diqqətli və həssas davranılmazsa, övladın tərbiyəsi doğru kök üzərində bitməmək təhlükəsi ilə üz-üzə olacaq. Uşağın ilkin yetişmə zamanı, məhz həmin perioddur. Burada buraxılmış xırda bir boşluq – ədəbsiz, yalançı, paxıl (həsədçi), nəmmam (söz gəzdirən), ibrət almaqdan uzaq bir israrçı, çox danışan, çox gülən, hiyləgər və həyasız insanın təməllərinin atılmasına səbəb olacaq. Bu cür mənfi keyfiyyətli insanlara hər gün dəfələrlə rast gəlirik, elə deyilmi? Hətta, bir çoxumuzda da bu qəlbi xəstəliklərin əksəriyyəti mövcuddur. İnsan bu cür pis əxlaqi keyfiyyətlərdən, yalnız gözəl və doğru tərbiyə sayəsində qoruna bilər.

5. Uşaq məktəbdən evə qayıtdığı zaman, ona, oyunlar oynayaraq dərslərin vermiş olduğu beyin yorğunluğundan qurtulması üçün fürsətlər vermək lazımdır. Çünki, oyun oynamağı daima qadağan etmək və həmişə oxumağa məcbur etmək, uşağın qəlbini öldürür və zəkasını dumanlandırır. Habelə, həyatını alt-üst edər.. Hətta bu səbəblə uşaq, “güclü nəzarətdən” qurtulmaq üçün, elmdən uzaqlaşmaq istəyər və növbənöv hiylə yollarını axtarmağa da məcbur qalar. Düşünün, beyin inkişafının ən sürətli dönəmində, bu inkişafı doğru tərəfə yönəltmək üçün ideal bir şans var ikən, bu inkişaf, hiyləli yollar axtarışlarında fəda edilmiş olacaq.

Uca Allah, hər bir ailə başçısını, yalnız özü üçün deyil, ailə üzvlərinin də dünya və axirət xoşbəxtliyi uğrunda çalışmağa çağıraraq buyurmuşdur:

“Ey (Allah) inananlar! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan (cəhənnəmdən) qoruyun!..” (Quran, 66/6)

ÖVLADA DİQQƏT GÖSTƏRMƏK LAZIMDIR! DİQQƏT – TƏKCƏ ONU GEYİM VƏ QİDA İLƏ TƏMİN ETMƏKDƏN İBARƏT DEYİL! UŞAQLARI DİNLƏMƏK, ONLARIN SÖZLƏRİNƏ, MARAQSIZ KİMİ GÖRÜNƏN SUALLARINA VƏ İNCƏ DAVRANIŞLARINA DİQQƏT GÖSTƏRMƏK LAZIMDIR. VALİDEYNİNİ, ÖZÜNƏ QARŞI DİQQƏTCİL DEYİL, TƏNBƏL VƏ LAQEYD GÖRƏN BİR ÖVLAD, TƏBİİ Kİ DAŞ QƏLBLİ OLARAQ YETİŞƏCƏK!

“MƏNİ YUXUSUZ QOYUR”, “MƏNİ YORUR” DEYƏ ƏSƏBLƏRİNİ CİLOVLAYA BİLMƏYƏRƏK, NAŞÜKÜRLÜK EDƏN, QƏZƏBLİ VƏ TƏNBƏL DAVRANAN VALİDEYN! UNUTMA Kİ, BU NEMƏTİ ARZULAYAN NEÇƏ-NEÇƏ İNSAN VARDIR! HƏMÇİNİN, GƏLƏCƏKDƏ YETİŞDİRDİYİN MEYVƏNİN LƏZZƏTİNİ HİSS ETDİKDƏ, BU YUXUSUZLUQ VƏ YORĞUNLUĞU RƏBBİN SƏNƏ UNUTDURARAQ, QƏLBİNƏ SEVİNC BƏXŞ EDƏCƏK!

ÖVLADLARIMIZA DOĞRU TƏRBİYƏ VERƏK! ONLARA FAYDA VERMƏNİN YOLLARINI İLK OLARAQ ÖZÜMÜZ ÖYRƏNƏK Kİ, GƏLƏCƏK NƏSİLLƏR ÜÇÜN YARARSIZ İNSANLARIN YETİŞMƏSİNDƏ ƏSAS SƏBƏBKARLAR OLMAYAQ!


Bu yazının hazırlanmasında “İhya”-dan istifadə olunmuşdur. Hazırladı: Ayxan Yaquboğlu

Share Button
Tarix: 28.03.2019 | Oxunma sayı: 1. 416 baxış