Allah bizləri, həyatımızın hər bir anında yüksək əhval-ruhiyyəli və ali hədəfli olaraq görmək istəyər. Çünki, dünyadakı bütün sıxıntılar müvəqqətidir. Hətta ölüm belə, müsəlman üçün son deyil, əbədi və gözəl həyatın başlanğıcıdır. Bu halda nəyə görə üzülsün ki? Bunu gözəl şəkildə dərk edən və həyatına tətbiq edən hər bir kəs, ən sıxıntılı anında belə xoşbəxt olar. Bəli, ölüm anı gəlib çatsa belə..

Əbu Reyhan əl-Biruni.. Çoxumuz adını eşitmişik. Elm tarixinə adını qızıl hərflərlə yazdırmış Biruni, 440-cı (hicri) ildə vəfat etmiş, 78 illik uzun bir ömrü elmə öyrənməyə və kitab yazmağa həsr edərək keçirmişdir. Öyrəndiklərinin hər birini öz kitablarında yazıya çevirərək gələcək nəsillərə böyük bir miras buraxmağı arzulayan əl-Biruninin əlindən qələm heç düşməmiş, gözləri daima oxumaqla, qəlbi isə təfəkkürlə məşğul olmuşdur.

İslam fiqhi müdriklərindən Əbu Həsən İbn İsa, onun haqda olan xatirəni bölüşərkən demişdir: <Ölüm ayağında ikən Biruninin olduğu otağa daxil oldum. Artıq canı boğazına gəlmiş, nəfəsi daralmış, xırıltılı bir halda olduğu halda mənə belə dedi: “Ana tərəfdən olan nənələrin miras bölgüsü haqda mənə bir şey demişdin. Necə idi o? Təkrarlaya bilərsənmi?” Mən isə, halına üzülərək dedim ki: “İndi heç onun zamanıdırmı?” Mənə belə cavab verdi: “Ay adam! Bu mövzunu bilərək dünyadan ayrılmağım, bilmədən ayrılmaqdan daha xeyirli deyilmi?!” Bunu eşidincə, həmin İslam hüquq elminə aid mövzunu ona təkrar olaraq izah etdim, o da diqqətlə qulaq asdı və söz verdiyi (digər elmi) mövzuları da mənə öyrətdi. Yanından ayrıldıqdan qısa bir müddət sonra qışqırıq səsləri ucaldı.. Qorxduğumuz şey (vəfatı) başımıza gəlmişdi>

Bu insanlar, dünyadan köçməklə artıq əməl dəftərlərinin bağlandığını çox gözəl başa düşürdülər. Buna görə də, son anlarında belə elm öyrənmək və öyrətməklə, savab qazanaraq Allahın hüzuruna çıxmaq istəyirdilər. Buna digər bir misal verəcək olsaq, Ömər b. Xattabı (Allah ondan razı olun) unuda bilmərik.. Namaz qılarkən xəncərlə çox sayda yara alan və ölüm ayağında olan bu böyük şəxsiyyət, yanındakılara “görəsən namazı tamamlamağım lazımdırmı” – sualını soruşur, dünyadan köçmək anında ölmək istəməyən bir həyat aşiqi kimi davranmırdı.

Sad b. Rabi, Uhud döyüşü günü qanlar içində son nəfəsini verərkən, öz ölümü haqda düşünmür, Hz. Peyğəmbərin halını soruşurdu. Bütün bunlar, onların necə soyuqqanlı, güclü, həssas olduqlarının sübutu və həyatlarının son anlarında dərdlərinin nə olduğunun göstəricisidir.

Hazırladı: Ayxan Yaquboğlu

Bənzər Məqalələr