Salam aleykum. Mən bilmək istəyirəm ki, bu hədis səhihdirmi? RasulAllah buyurub ki, məni öz ata-anasından çox sevməyən müsəlman deyil. Bu səhihdirmi? Ve bir şeyi də bilmək istəyirəm, biz nəyə görə mütləq Məhəmməd (s) kimi davranmalıyıq hər şeyde? Yəni, məsələn onun kimi su içməliyik, onun kimi yatmaq, durmaq, gəzmək ve s. Hər insanın öz davranış tərzi olur düzdürmü? Yəni insan, birisinin yaxşı əməllərini özünə örnək götürə bilər əlbəttə, amma nəyə görə Məhəmməd (s) kimi hərəkət etməliyik? Bunun səbəbini bilmək istəyirəm. Məqsədim sadəcə anlayaraq öyrənməkdir. İnşallah ki cavablandırarsız sualımı.

va aleykum Salam. Qeyd etdiyiniz hədis, “Məni, öz ana-atanızdan daha çox sevmədikcə, həqiqi mənada iman etmiş olmazsınız” formasında səhihdir, doğrudur. Buradan anladığımız budur ki, Əziz peyğəmbərimizi tam mənada sevmədikcə, Onun yoluyla getmədikcə, Allaha doğru şəkildə inanmaq mümkün deyildir. Çünki, Allahın dinini bizlərə məhz O (ona salam olsun) təbliğ etmişdir. Uca Allah buyurmuşdur: “(Ey Peyğəmbər, insanlara) De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir” (Quran, 3/31). Valideynlərimiz bizim üçün nə qədər xeyir istəyirsə, Peyğəmbərimiz hətta daha çox bizim əbədi olaraq xoşbəxt olmamızı istəyir. Bizə bu dini öyrətməklə Allah sevgisini və əbədi xoşbəxt həyatı qazanmamıza səbəb olan bir insanı sevmək, Ona bənzəməyə çalışmaq çox normal və təqdirə layiq bir haldır. Peyğəmbərimizi (ona salam olsun) dəyərli edən, təkcə onun cismi, fiziki varlığı deyil, bizlərə Uca Allahın sözlərini çatdıran, bizim üçün bir həyat müəllimi olmasıdır.

Hər bir şeydə peyğəmbərin etdiyi kimi etmək məsələsinə gəlincə, bu – tələb olunmur. Çünki gəzmək, qaçmaq, oturmaq kimi hərəkətlər təbii hərəkətlərdir, insanlar bu cür hərəkətlərdə öz tərzlərinə uyğun hərəkət edirlər. Lakin elə əməllər var ki, orada Peyğəmbər (ona salam olsun) bizləri müəyyən tərzdə etməyə təşviq etmişdir. Misal üçün sağ əl ilə yemək, yatarkən sağ tərəf üstündə yatmaq, sol və qarın üstündə yatmamaq, yeməyi və içməyi oturaraq etmək, ayaq yolunda ehtiyacı ödəyərkən bunu oturaraq etmək və sair… Bütün bunların bir çoxunun, insanın özü üçün xeyirli olduğunu başa düşmək çətin deyildir. Misal üçün tək əl ilə yemək, iki əl ilə yeməkdən yaxşıdır, çünki tək əl ilə yedikdə daha yavaş yeyilir və bu, mədə üçün, orqanizm üçün çox yaxşıdır. Oturduqda dizlər qarını sıxır və tez doyursan, bu da orqanizmə xeyirdir. Həmçinin, suyu oturaraq içdikdə, su daha çox təmizlənmiş halda bağırsaqlara çata bilir. Bu kimi əməllərdə Peyğəmbərə tabe olmağımız sünnə-dir. Daha doğrusunu Allah bilir!

Suallar www.islamevi.az saytının elmi heyəti tərəfindən cavablandırılır. Tərtib: Ayxan Yaquboğlu

Share Button
Tarix: 25.02.2019 | Oxunma sayı: 1. 292 baxış