İslam dini, insanların əxlaqi keyfiyyətlərinin maksimum dəcərəcəyə çatdırmaq üçün bir çox tövsiyyə və qadağalar irəli sürmüşdür. Bu qadağalardan bir də, ‘nəmmamlıq’ – yəni söz gəzdirmək’dir. Çünki nəmmamlıq kimi iyrənc iş görənlər – qardaşlıq münasibətlərini mənfiləşdirərək, cəmiyyətə və bütün insanınlığa zərər vururlar. Uca Allah bu haqda belə buyurmuşdur:

“Həqiqətən, sənin Rəbbin Haqq yolundan çıxanları da, doğru yolda olanları da çox yaxşı tanıyır. Elə isə Haqqı yalan sayanlara güzəştə getmə. İstəyirlər ki, sən onlara yumşaqlıq göstərəsən, onlar da sənə yumşaqlıq göstərələr! Sərvət və xanədan sahibidir deyə o çoxlu and içən, dəyərsiz adama əsla güzəştə getmə! O qüsurları araşdırıb başqalarına çatdırana, söz gəzdirənə, xeyrə mane olana, (zülm etməkdə) həddi aşana, günaha batana, şərəfsizə, qaba və  soysuz olana!” (Quran, 68/7-14)

 

Təfsir alimlərinə görə, bu ayə, müşriklərdən olan Vəlid b. Muğira haqda nazil olmuş, o şəxsdəki mənfi keyfiyyətlər bir ayədə cəmləşmişdir. Heç bir müşrik insanların eyiblərini araşdırmaqda ona çata bilməzdi. Allah-Təala onun çirkin əməl və xislətlərini ümumi şəkildə bildirməklə bütün insanları bunlardan  uzaq olmağa çağırır. (Məcmu ət-Təfəsir, 6/327-329)

 

Həmmam b. Haris rəvayət edir: “Biz Huzeyfə (Allah ondan razı olsun) ilə birlikdə məsciddə oturmuşduq. Qəflətən bir adam gəlib yanımızda oturdu. Hüzeyfəyə: “Bu adam məlikə (hökmdar, rəis) söz aparıb gətirir,” – dedilər. Bu vaxt Huzeyfə ona eşitdirmək üçün belə dedi: Mən Peyğəmbərimizin (ona salam olsun) “Qətdat (yəni söz-aparıb gətirən) cənnətə girə bilməz” dediyini eşitdim. (Buxari və Muslim)

 

Bir nəfər Vəhb b. Munəbbihə (Allah ona rəhmət etsin): “Filankəs sənin barəndə danışırdı” – dedi.
Vəhb isə: “Şeytan səndən başqa elçi tapmadımı?” – dedi.

 

Bir nəfər böyük alim Şafi’yə (Allah ona rəhmət etsin): “Filankəs sənin barəndə danışırdı” – dedi.
Şafi: “Əgər doğru deyirsə sən sözgəzdirənsən. Yox əgər yalan deyirsə sən fasiqsən (günahkar, azğın)” – dedi.

 

Bizdən öncə yaşamış müdriklərə: “filankəs sənin barəndə danışırdı” – deyildikdə, belə cavab verərdilər:
“O ox atdı, lakin mənə toxunmadı. Sən isə, o oxu gətirib ürəyimə sancdın”.

 

Bir nəfər bir alimə: “Filankəs sənin barəndə danışırdı” – dedi.
Alim dedi: “Sən, üç günah etdin:
Qardaşım ilə aramı vurdun;
Qəlbimi boş şeylə məşğul etdin.
Özün də mənim gözümdən düşdün”.

 

Dedi-qodu və qeybətin, günahsız insanların arxasınca danışmağın axirətdə cəzası ilə əlaqədar xəbərdarlıqlar da vardır. Ənəs (Allah ondan razı olsun) nəql edir: Allahın elçisi (ona salam olsun) buyurdu ki: “Merac gecəsində mis dırnaqlı insanlar gördüm. Üzlərini və sinələrini cırmaqlayırdılar”. “Ey Cəbrail, bunlar kimdir?” – deyə soruşdum. “Bunlar insanların ətlərini yeyənlər (qeybət edənlər), şərəf və namusunu tapdalayanlardır” –  dedi. (Əbu Davud)

 

SÖZÜN ÖZÜ: SÖZ GƏZDİRMƏ, SÖZ GƏZDİRƏNLƏRLƏ ZAMAN KEÇİRMƏ VƏ HƏR DEYİLƏNƏ DƏRHAL İNANMA Kİ, DÜNYA VƏ AXİRƏTDƏ ALLAH’IN QƏZƏBİNƏ UĞRAMAYASAN..

 

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Share Button
Tarix: 29.11.2018 | Oxunma sayı: 489 baxış