Günlərimizi cürbəcür qayğıların, çəkişmələrin əhatəsində keçirə-keçirə gözləmədiyimiz nöqtələrdən müxtəlif zədələr alırıq. Bir gün çox xoşbəxt, növbəti gün isə, tamamilə əhval-ruhiyyəsiz ola bilirik. Yorğun oluruq, başımız ağrıyır, bəzən özümüzü o qədər halsız, taqətsiz hiss edirik ki, qalxıb evə getməyə belə, əziyyət çəkirik. Bütün bu problemlərin təməlində dəhşətli bir xəstəlik dayanır: stress..

Stress – orqanizmdə əsəb sistemlərinin normal vəziyyətdən kənara çıxması deməkdir. Tibb lüğətində stress adlı bir xəstəliyə rast gəlinməsə də, əksər xəstəliklərin əmələ gəlməsi məhz bu amillə bağlıdır. Stres’in müalicəsi, aşağıda qeyd etdiyimiz bəzi əsaslarla mümkündür:

 

1. “ər-Rizqu aləl-lah” – Ruzini verən Allahdır. Hər işdə bir xeyir olduğunu daima düşün, başqasının qarşısında qul olma və düşünmə ki, ruzin kəsiləcək və ya ac qalacaqsan. Uca Allah buyurur:

“Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. Allah onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir..” (Quran, 11/6)

Peyğəmbərimiz belə demişdir: “Əgər Adəm övladı ruzisindən, ölümdən qaçdığı kimi qaçsaydı, ölüm onu haqladığı kimi ruzisi də onu mütləq haqlayardı.” (Səhihə, 952)

 

2. “Təvakkəltu aləl-lah” – Allaha təvəkkül et. Bir problem baş verən kimi, dərhal “arxamda filankəs var, o mənə kömək edəcək” deyə düşünürsən, elə deyilmi? Halbuki müsəlman şəxs, ilk olaraq “məni bu sıxıntıdan, Allahdan başqa heç kim qurtara bilməz! Yalnız Onadır ümidim! Bəndələr isə, ancaq vasitə ola bilərlər!” – deyə düşünməli, ilk olaraq öz Rəbbini ağlına gətirməlidir. Uca Allah buyurmuşdur:

“..Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu göstərər. Və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər..” (Quran, 65/2-3)

 

3. “Nəsib (qismət)..” – əgər nəsibində varsa, o özü gəlib səni tapacaq. Buna görə də, heç üzülmə. İşin başında Allahdan sənin üçün xeyirli olanı istə və gerisini düşünmə. Çünki, insan özü üçün nəyin xeyirli, nəyin isə zərərli olduğunu bilməz. Bəlkə də arzuladığın həmin şey, sənin üçün çox zərərli olacaqdı və Rəbbin səni qorudu. Sənə, bundan daha xeyirlisini nəsib edəcək, həm də – heç ummadığın bir zamanda.. Uca Allah buyurmuşdur:

“..Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər.(Onu) Allah bilir, siz bilməzsiniz..” (Quran, 2/216)

 

4. “Səbr, səbr, səbr..” Səbr etməyi bacar. Vaxtından öncə bahar gəlməz. Payız və qışı gözləmədən bahara tələsməklə, yalnız özünə zərər vuracaq və heç bir şey əldə etməyəcəksən. Səbr etməklə isə, Allahın sevgisini və yardımını qazanacaqsan. Bu yardım elə bir yardımdır ki, qəlbində səni yeyib bitirnən kədər, öz yerini mətanət və sevincə verəcək. Şablon sözlər deyil, sən sına və nəticəyə özün şahid ol.. Uca Allah demişdir:

“Səbr edənlər və yaxşı işlər görənlər müstəsnadır. Məhz onları (günahlardan) bağışlanma və böyük bir mükafat gözləyir.” (Quran, 11/11)

 

5. “Bu da keçib gedəcək..” Bu həyatda daimi olan heç bir şey yoxdur. Dünən sağlam idinsə, bu gün xəstələnə bilərsən, dünən pulun çox idisə, bu gün ‘əli aşağı’ ola bilərsən.. Eləcə də, bunun əksi üçün də bu keçərlidir. Düşünmə ki, çətinliyin daimi olacaq, xeyr! Unutma ki, çətinliklə sadəcə olaraq imtahan olunursan. Sən səbrli ol, Allah’a üsyan etmə.. Qalanı, onsuz da keçib gedəcək zamanla.. Əsas odur ki, bu imtahandan ‘kəsilmə’.. Quranda Şərh surəsi (94-cü surə) var. O surənin 5-ci ayəsini biz qeyd edirik, 6-cı ayəni özün oxuyub, çətinlik anlarında daima bu iki ayəni xatırlayarsan :)

“Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr!” (Quran, 94/5)

 

  • Qeyd: Çoxlu dua etməyi unutma! Dua – hər şeyin çarəsidir, özünü məhrum etmə!

 

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Bənzər Məqalələr