Allah, sevdiyi bәndәlәrini, Özünә dost elan etmişdir.. Nә şәrәfli bir mәqam! Bu mәqama çatmaq, çox az insana nәsib olur vә Öz dostları haqqında Uca Allah, Öz әn әziz dostunun (ona Allahın salamı olsun) diliylә görün nә buyurur:

Әbu Hureyradan rəvayət olunan hədisdə Allahın elçisi (ona Allahın salamı olsun) belə buyurmuşdur: “Allah Təala buyurdu: Kim Mənim vəlimə (dostuma) düşmənçilik edərsə, ona qarşı hərb elan edərəm. Qulum Mənə – ona fərz etdiyimdən (fərz əməllərdən) daha sevimli bir şeylə yaxınlaşmamışdır. Qulum nafilə (müstәhәb, sünnә) əməllərlə – onu (qulumu) sevənə qədər – Mənə yaxınlaşmağa davam edər. Onu (qulumu) sevdikdə, onun eşidən qulağı, görən gözü, tutan əli, yeriyən ayağı olaram. Әgər Məndən bir şey istəyərsə, onu verərəm. Әgər Mənə sığınsa, onu qoruyaram”. (Buxari rəvayət etmişdir)

 

Bu hədisdə, çox önəmli əsaslara toxunulmuşdur.. Uca Allah, öz dostlarının dəyərini bu cür ifadə edərək, hədisin davamında O’na yaxınlaşmağı, Ona vəli/dost olmağın yollarını açıqlayaraq, iki hissəyə ayırır: 1) Fərzləri/vacibləri yerinə yetirmək 2) Nafilə əməllərlə Allaha yaxınlaşmaq.

 

Bütün günahlar – Allah’a qarşı müharibә etmәk hesab olunur (!). Həsən b. Adəm demişdir: “Sәnin Allah’la müharibә etmәyә gücün varmı?..” Çünki, Allah’a qarşı asi olub, günah edәn kәs – O’na qarşı hәrb elan etmişdir. Günah nə qədər böyük olarsa, hərbin şiddəti də o qədər güclü olar. Buna görə Uca Allah, faiz yeyənləri, Allaha hərb elan edənlər olaraq vəsf etmişdir. Allahın övliyalarına/dostlarına qarşı düşmənçilik edənlər də, Allaha qarşı hərb elan etmiş sayılırlar. Peyğəmbərimiz (ona Allahın salamı olsun) buyurur: “Səhabələrim haqqında Allahdan qorxun, onları hədəf almayın! Kim onlara əziyyət verərsə, mənə əziyyət vermişdir. Kim mənə əziyyət verərsə, Allaha əziyyət vermiş olar. Kim Allaha əziyyət verərsə, onu cəzalandırması çox yaxındır..” (Tirmizi rəvayət etmişdir).

 

Allaha yaxınlaşdıracaq əməllər: fərzlər və nafilələrdir ki, bunlar da Quran və sәhih hədislərə əsasən bilinir. Buradan da anlamış oluruq ki, başqa yol axtarmaq batildir. Çünki, Məkkə müşrikləri də başqa yollarla Allaha yaxınlaşmaq istədiklərini iddia etsələr də, Allah onların əməllərini puça çıxarmışdır: “Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur. Allahı qoyub (bütləri) özlərinə dost tutanlar: “Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!” (deyirlər). Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində (qiyamət günü) onların arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz!” (Zumər, 3)

 

Әməllərin ən fəzilətlisi – fərzlərdir. Ömər b. Abdul-Aziz (Allah rәhmәt etsin) demişdir: “İbadətlərin ən xeyirlisi, vacibləri yerinə yetirmək və haramlardan çəkinməkdir”. (Hilyə, 5/296) Çünki Allah, Ona yaxınlaşmağı, razılığını və rəhmətini əldə etmək üçün, vacibləri yerinə yetirməyi şərt qoymuşdur. Fərzlərin ən böyüyü isə, Namazdır. Uca Allah buyurur: “..sən ancaq (Rəbbinə) səcdə et və (Ona) yaxınlaş!” (Alaq, 19).

 

Allaha yaxınlaşdıran əməllərdən biri də, ədalətli olmaqdır. Hər bir rəhbər, öz idarәçiliyi altında olanlara qarşı, ailə başçısı isə, ‘kiçik dövlət’ sayılan ailəyə qarşı ədalətli davranmağa borcludur. Peyğəmbərimiz buyurmuşdur: “Hamınız çobansınız (başçısınız) və hamınız, öz rəiyyəti/idarәçiliyi altında olanlara qarşı məsuliyyət daşıyırsınız” (Buxari və Muslim). Digər hədisdə Allahın elçisi (ona Allahın salamı olsun) buyurmuşdur: “Qiyamət günü qulların Allaha ən sevimlisi və O’na ən yaxın olanı – ədalətli öndərdir” (Tirmizi).

 

Allahın sevdiyi kəslər, Onu zikr etməklə, Onu daima xatırlamaqla məşğul olarlar. İbn Rəcəb demişdir: “Allah kimi sevərsə, ona sevgisini və itaətini bəxş edərək, onu zikrlə məşğul etdirər”. Davud peyğəmbər belə dua edərdi: “Allahım, məni sevdiklərindən et. Çünki, sən bir bəndəni sevərsənsə, onun günahlarını bağışlayarsan, əməllərini -istər böyük olsun, istər kiçik- qəbul edərsən..” Başqa duasında buyurur: “Allahım, Səndən – Sənin sevgini, sevdiyin kimsələrin sevgisini və Sənin sevginə müvəffəq edəcək əməllərin sevgisini istəyirəm..” (Tirmizi, 3485) Peyğəmbərimiz (onlara Allahın salamı olsun) demişdir: “Rəbbimi yuxuda gördüm, mənə: “Ey Muhəmməd! De ki: Allahım, Səndən – Sənin sevgini, sevdiyin kimsənin sevgisini və sevginə müvəffəq edəcək şeyin sevgisini istəyirəm..” (Tirmizi, 3233 və Әhməd).

Bizdən öncə yaşamış xeyirli insanlardan biri belə demişdir: “Qorxu ilə edilən əməli, ümid bəlkə dəyişə bilər. Lakin, sevgi ilə edilən əməldə məsuliyyətsizlik ola bilməz..” Bəziləri isə belə deyərdilər: “Qəhrəmanlar, qəhrəmanlıqdan bezsələr də, Səni sevənlər – Səni çağırmaqdan və səni xatırlamaqdan bezməzlər..”

Salehlәrdәn Fətih əl-Musilli (Allah rәhmәt etsin) demişdir: “Allahı sevən kəs, Allah sevgisiylə birlikdə dünyadan ləzzət tapa bilməz, Allahın zikrindən, hətta göz açıb-bağlayana qədər belə qafil qalmaz..”

 

Fәrz әmәllәrdәn sonra, nafilәlәr (müstәhәb, sünnә әmәllәr), insanı Allaha doğru yavaş-yavaş yaxınlaşdırar.. Nafilələlər arasında bəndənin Allaha yaxınlaşdığı şeylərin ən böyüyü isә – Quran oxumaq və onu anlayaraq təfəkkür etməkdir. Təfəkkür etmək – nafilə ibadətlərdən daha üstündür. Həbab b. Әrat (Allah rәhmәt etsin) demişdir: “Gücün çatdığı qədər Allaha yaxınlaş! Bil ki, sən Ona, Onun kəlamından daha sevimli bir şeylə yaxınlaşa bilməzsən!” (Hakim rəvayət etmişdir). Hz. Osman (Allah ondan razı olsun) demişdir: “Әgər qəlbləriniz təmiz olsaydı, Rəbbinizin kəlamından doymazdınız..” (Hilyə, 7/300). Bizlәr isә, Qurandan deyil, dünyadan doymaz hala gәldik..

 

Ariflərdən biri, öz tələbəsinə belə deyərdi:

– Quran oxuyub, öyrənirsənmi?

Tələbə:

Xeyr -deyincə, arif belə demişdi: “Quranı əzbərləməyən bir tələbə, axı nə ilə nemətlənəcək, Rəbbinə nə ilə yalvarıb-yaxaracaq?!” (İbn Racәb, Cәmiul-Usul).

 

Allaha yaxınlaşdıran, O’nun sevgisinә müvәffәq edәn әmәllәrdәn biri dә zikr etmәkdir.. Muaz, Peyğəmbərimizdən (ona Allahın salamı olsun) belə soruşdu:

Ey Allahın elçisi! Mənə əməlləri ən üstününü və Allaha ən yaxın olanını bildir. Peyğəmbərimiz belə buyurdu:

“Dilin Allahın zikri ilə yaş olduğu halda vəfat etməndir”. (Bəzzar; Heysəmi, Məcmu 10/74)

 

Allahın sevməklə bərabər, Onun sevdiyi kəsləri sevmək də imandandır vә O’nun sevgisini qazandırır. Nə peyğəmbər, nə də şəhid olmasına baxmayaraq, peyğəmbər və şəhidlərin qibtə edəcəkləri (!) kəslər haqda danışarkən, Peyğəmbərimiz (ona Allahın salamı olsun) belə demişdir:

“Onlar – aralarında qohumluq əlaqələri olmasa belə, bir-birini sevən camaatdır. Onların arasında alış-veriş/ticarət də yoxdur (ki, xüsusi sevgi olsun). Allaha and olsun ki, onların üzləri nurdur, nurdan minbərlər üzərində olacaqlar, insanlar qorxarkən onlar qorxmazlar, insanlar üzüntüdə olarkən onlar üzülməzlər”. Sonra isə bu ayəni oxudu: “Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.” (Yunus, 62) (Nəsai və İbn Hibban rəvayət etmişlər).

 

Bizdən öncə yaşamış xeyirli insanlardan hikmətli sözlər nəql edərkən, mütəfəkkir qadınlardan da bir çox sözlərin şahidi olmuşuq. Onlardan biri, öz övladlarına belə nəsihət edərdi: “Allah sevgisini və Ona itaət etməyi özünüzə adət edin! Çünki, Allahdan qorxanların əzaları imanla möhkəm olar və şeytan onları azdırmaq istədikdə, ona etiraz edərlər, tabe olmazlar!” (Cəmiul-Ulum). Bu mövzuda Hz. Әli (Allah ondan razı olsun) belə demişdir: “Biz, Ömər b. Xattabın şeytanının (qeyd: hər insanın imtahan üçün bir şeytanı vardır), ona bir günah etdirməkdən qorxduğu fikrindәyik!” (Hilyə, 3/357). Bәli! Allah dostlarının halı bu idi..

 

Allah dostları, Allahı elə sevərdilər ki, Onun uğrunda canlarından və mallarından keçməyə razı və hazır idilər. Rəvayətə görə, Abdullah b. Cəhş (Allah ondan razı olsun), Uhud döyüşü günü belə demişdi: “Ey Rəbb! Sabah döyüşdə məni elə bir düşmənlə qarşılaşdır ki, onunla şiddәtli şәkildә döyüşüm vә o da, qulağımı, burnumu kəsəcək qədər mәnimlә şiddətli şəkildə döyüşsün!.. Qiyamət günü Sənin hüzuruna gəldikdə, Sən “Ey Abdullah, sənin burnunu və qulağını kim kəsdi?” – deyə soruşduqda mən: “Allah və Rəsulunun yolunda olmuşdur” deyim və Sən də “Doğru dedin!” deyəsən..” Bu rəvayəti nəql edən Səid, belə demişdir: “Gündüzün sonunda onunla qarşılaşdım, burnu və qulağı ipdən asılı vəziyyətdə idi..” (Hilyə, 1/109).

 

Allahı sevən və Allahın da onları sevdiyi övliyalarının/dostlarının duaları məqbuldur. Sad b. Әbu Vaqqas da (Allah ondan razı olsun), belələrindən idi.. Rəvayətə görə birisi ona çox ağır iftira atmış, o isə belə demişdi: “Allahım, əgər o yalançıdırsa, gözlərini kor, ömrünü uzun et və fitnələrə məruz qalsın!” Cabirin nəql etdiyinə görə, həmin adam yaşlaşmışdı, həyatda çox ağır imtahanlar vermişdi və qonşularına belə deyərdi: “Sad’ın duası mәni tutdu..” (Cəmiul-Usul, 10/12).

Hz. Әli, ona əziyyət verən, söyüb təhqir edən adama bəddua etmiş və həmin adam ayrılmamışdı ki, hürkmüş dəvə həmin adamı iki ayağı ilə ölənə qədər ayaqlamışdı.. (Heysəmi, Məcmə, 9/154).

 

Әnəs b. Malik (Allah ondan razı olsun) zamanında Bəsrə şəhərindә quraqlıq hökm sürür, susuzluqdan әkinlәr mәhv olurdu.. Qalxaraq dəstəmaz aldı, iki rükət namaz qıldı və Allaha dua etdi, çox keçmədi ki, buludlar toplaşdı, yağış yağdı və ərazilər sulandı.. Maraqlısı budur ki, yağış, yalnız o bölgəyə yağdı.. (İbn Әbi əd-Dunyə və İbn Sad rəvayət etmişlər).

 

Bir gün Səid b. Cubeyr (Allah rәhmәt etsin), namaza yatıb qalır.. Hər gün onu namaza oyandıran xoruzu, bu dəfə səssiz qalmış və Səid bu duruma çox üzülmüşdü.. “Allah onun səsini kəssin” demiş və bundan sonra o xoruzun bir daha səsi çıxmamışdı.. Anası Səidə: “Oğlum, bundan sonra bir daha heç nəyə bəddua etmə (çünki, duaların dərhal qəbul olunur)..” demişdi.. (Mucəbud-Dəva, no 95). Buna görə də, İslam tarixində zalım hakimlərdən hesab olunan Həccac dönəmində yaşasa da, ona heç vaxt bəddua etmədi. Çünki, onların niyyəti fəsad və qisas deyil, islah idi..

 

Ölüm – çətin və ağır bir andır.. Allah, buna görə, Öz sevdiklərini dünyadan götürməyə, qüdsi-hədisdə deyildiyi kimi “tərəddüd edir” (Buxari). Lakin, bilindiyi üzәrә, Aişə anamızın dediyi kimi, Uca Allah, Öz peyğəmbəri üçün bu anı da asanlaşdırmışdı. (Tabərani; Heysəmi, Məcmə, 10/26). Lakin, Allah dostları olan salehlər, bu anı belə qaçırmaq istəmirdilər.. Çünki, “möminә batan elə bir tikan yoxdur ki, onun üçün kəffarə (günahlarının silinmәsinә sәbәb) olmasın” hədisini tam mənada anlamışdılar.. Ömər b. Abdul-Aziz belə demişdir: “Ölüm sərxoşluğunun/ağırlığının mənim üçün yüngül olmasını istəmirəm! Çünki o, mömin üçün bu dünyada kəffarə olacaq ən son şeydir!..” (İbn Sad, Təbəqat).

 

Dahi alim İbn Rəcəb (Allah rәhmәt etsin) demişdir: “Bizdən öncə yaşamış salehlərdən bəzisi namazda səcdədə ikən vəfat etdi.. Bəzisi isə belə deyirdi: “Mən sizin kimi ölməyəcəm! Dəvət ediləcəm və bu dəvətə icabət edəcəm!” Həmin Allah dostu, bir gün camaatla birlikdə oturmuşdu və birdən “ləbbeyk” (Allahım, əmrinə müntəzirəm) dedi və yerə yıxılaraq canını tapşırdı.. Birisi isə oturub hədis yazarkən qələmi əlindən buraxdı, əllərini yuxarı qaldıraraq dua etdi və öldü.. Allah ona rəhmət etsin!..” (Cəmiul-Usul)

 

Bu insanların halı, bizlәrә yad gәlir, “qәribәdir” elә deyilmi? Bu saleh insanların həyatına baxdıqda vә onların kəramətləri haqda xəbərdar olduqda, ilk başda qeyd etdiyimiz hədisi, daha gözəl formada anlamış oluruq. Onlar bu mәqama, çox çәtinliklә, Allaha sidq ürәklә boyun әymәklә, Onu hәr şeydәn çox sevmәklә nail olmuşdular. Uca Allah bizləri də, Onun sevgisini əldə edib, Onu hər şeydən çox sevən bəndələrindən etsin!

 

 

Bu yazıda, İbn Racәb’in әsәrlәrindәn geniş şәkildә istifadә olunmuşdur.

 

 

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad vacibdir!

Share Button
Tarix: 13.08.2015 | Oxunma sayı: 1. 959 baxış