İnsanın qәlbindәki istək və dini qüvvələr, üç cür münasibətdə ola bilər:

 

Birinci halda dini güc, istək ordusuna qalib gəlir. Bu da dini gücün istək ordusunu məğlub edərək (istәk ordusundan halal olanları) təmizləri azad etməsidir. Bunu ancaq səbirlə əldə etmək olar. Bu mərtəbəyə ancaq dünya və axirət zəfərini qazananlar çatırlar. Bunlar:

«Şübhəsiz: “Rəbbimiz Allahdır!” – deyən, sonra da düz olan kəslərə mələklər nazil olub: “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin! Biz dünyada da, axirətdə də sizin dostlarınızıq”» (Fussilət, 30-31)- dedikləri kimsələrdir.

 

İkinci hal – istək gücünün dini gücə qalib gəlməsidir. Bu, birinci halın əksinə olaraq istək gücünün qalib gəlməsi və dini gücün tamami ilə savaş meydanından silinməsidir. Bu şəraitdə güclü olub, qalib gələn istək, insanı şeytana və onun ordusuna təslim edir. Onlar da onu istədikləri yerə sürükləyir. O insan bu zaman iki vəziyyətdən birində ola bilər:

 

1. Həmin şəxsin onların ordusundan və onlara uyanlardan olmasıdır ki, bu vəziyyət aciz və zəif kimsənin vəziyyətidir;

2. Şeytanın, o insanın ordusundan olmasıdır ki, bu vəziyyət güclü, hökmü altına alan, bidətə dəvət edən, özündən razı, haram və günaha dalan fasiq kimsənin vəziyyətidir. Belə ki, bu dəstədən olanlardan biri belə demişdir: “Mən şeytanın ordusunda bir nəfər idim. O qədər yüksəldim ki, şeytan mənim ordumda bir nəfər oldu.”

 

Şeytan və onun ordusu belələrinin köməkçilərindən, onlara tabe olanlardan olurlar. Bunlar, şəhvətləri özlərinə üstün gəldiklərindən axirəti verib, dünya həyatını satın alan bədbəxtlərdir. Bunlar, bu hala səbirdən iflas etdikləri üçün düşmüşlər.

 

Bu hal – insanın nə qatlana və nə də dəf etməyə qüdrəti kifayət etməyən güclü və çox çәtin bir haldır. Bu hal insanın ölənə qədər ağırlıq və çətinliklər içində qıvranıb qalması halıdır. Bu hal sahibinin ordusu – hiylə, aldatma, boş arzu və istəklər, şeytan, xeyir işlərə yer verməmək, hirs, tamah və dünyanı axirətdən üstün tutmaqdır. Bu hal sahibləri cürbəcürdür:

 

Kimi Allah və rəsulu ilə müharibə edərək peyğəmbərin gətirdiklərini mənasız saydıqları kimi, Allahın yolunu da əyri yol kimi göstərərək insanları ondan aralayırlar;

 

Kimi Allahın elçisinin gətirdiklərindən üz çevirərək dünyaya yönəlir;

 

Kimi həm kafir, həm də müsəlman kimi görünərək münafiq olur;

 

Kimisi zarafat, əyləncə və oyunla ömrünü başa vurur. Kimisinə də nəsihət verdikdə: “Ah, bircə tövbə edə bilsəydim, amma bu mənim üçün çox çətindir, artıq mənə ümid yoxdur”- deyər;

 

Kimi: “Allah-Tәalanın mənim namazıma, orucuma ehtiyacı yoxdur, mən əməlimlə qurtula bilmərəm, Allah bağışlayandır, rəhmlidir”- deyər;

 

Kimi: “Günahı tərk etmək, Allahın əfvini və bağışlamasını kiçik tutmaqdır”- deyir. Belələrindən biri demişdir: “Onsuz da Kərim olan Allahın hüzuruna gedəcəyik, nə qədər istəyirsən günah et”. Kimi “Mənə  günahlarımın yanında ibadət və itaətim fayda verməz”- deyərək, Allahın rəhmətindən ümidini kəsir;

  

Kimi: “Ölüm mənə yaxınlaşanda tövbə edərəm, tövbəm qəbul olunar”- deyir. 

Belələrinin ağlı, kafirin əlindəki müsəlman əsir kimi şeytanın əsiri olmuşdur. Kafir, o müsəlman əsiri donuz otarmada, şərab işlərində və xaç gəzdirmədə istifadə etdiyi kimi, şeytan da onun ağlını pis işlərdə istifadə etdirir. Ağlını məğlub etdirərək düşmənə təslim olan kəsin Allah dərgahındakı yeri, müsəlmanı yaxalayıb düşmənə satan və təslim edənin yeri kimidir.

 

 

Üçüncü hal – dini güclə istək gücünün növbələşməsidir. Yəni bu iki güc arasındakı savaş, bunlardan hər birinin bəzən lehinə, bəzən də əleyhinə olur. Heç biri digərini tamamilə məğlub edə bilmir. Bu hal yaxşı əməli ilə pis əməli qarışdıran əksər möminlərin halıdır.

 

Qiyamət günündə də insanların halları bu dünyadakı, bu üç hala uyğun olacaqdır. İnsanlardan kimi Cəhənnəmə girmədən Cənnətə girəcəkdir, kimi Cəhənnəmə girib Cənnətə girməyəcəkdir. Kimi də Cəhənnəmə girib sonra Cənnətə girəcəkdir. 

 

İnsanların sağlam və xəstə olmaları da bu üç hal üzrədir. Kiminin qüvvəti xəstəliyinə müqavimət göstərərək onu məğlub edir, üstünlük qüvvətin olur. Kiminin isə xəstəliyi, qüvvətini məğlub edər, bu dəfə üstünlük xəstəliyin olar. Kiminin də xəstəliyi və qüvvəti arasındakı savaş növbələşərək sürər. Belə adam bəzən yaxşı, bəzən də xəstə olur..

 

 

Dahi alim, İbn әl-Qayyimin “Uddәt’us-Sabirin” adlı әsәrindәn istifadә olunmuşdur.

 

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad vacibdir!

Share Button
Tarix: 31.07.2015 | Oxunma sayı: 3. 795 baxış