İslam dini – elm dinidir. Lakin, bir çox insan, İslam’ın təşviq etdiyi elm’in, təkcə dini elmlər olduğunu hesab edir. Əslində isə, bu gözəl dini insanlıq üçün müjdə olaraq göndərən Uca Allah, “dini elm və dünyəvi elm” deyə bir ayırım etməmişdir. Təbii ki, elm’in zirvəsi – Allahın varlığı və ucalığı haqqında olan elmdir/Qurandır. Lakin, ayə və hədislərdən əlavə, digər elm növləri də daima müsəlmanların baş tacı olmuşdur.

 

Dünyəvi elmlərə qiymət vermədikcə, müsəlmanlara “yuxarıdan aşağı” baxanlar, yer üzündə durmadan yüksəlir, biz isə, iş tamamilə onların əlinə keçənə qədər aşağıya doğru gedirik.

 

Dünyamıza hakim/sahib olmaları bir yana, bizi dinimizdən də döndərə bilirlər. Çünki, dünyası olmayanın, Dini də olmaz! Uca Allahın bizdən istədiyi bu deyildir! O bizə yönəlik istəyi haqda buyurur:

“Allah iman edib, yaxşı əməl işləyənlərə onları yer üzündə varislər/hakimlər edəcəyini vəd etmişdir”. (Quran, 24/55)

 

Əgər dünya lazımsız olsaydı, Uca Allah, möminləri varis təyin etməzdi. Çünki, yalnız müsəlmanların gətirdiyi ədalət sistemiylə dünya zalımlardan xilas ola bilər.

 

Donuq fikirli müsəlman anlamır ki, bu yanaşma tərzilə öz millətinin durğunluğuna/həlakına və digər ümmətlərin səviyyəsindən aşağı düşməsinə çalışmış olur.

 

Kainatla əlaqəli (Dünyəvi) elmlərə etinasız yanaşmalarının yaşatdığı müsibətlərdən heç bir şeyin fərqinə varmır. Elə bir etinasızlıq ki, onun nəticəsində içində olduqları zillətə düşmüş, nə bir and, nə bir əhdə riayət etməyən düşmənlərindən asılı hala qalmışlar. Bəzi müsəlmanlar isə, ona fayda verməyəm bəsit məsələlərlə məşğul olaraq, bunu “din” deyə zənn edir.

 

Donuq fikirli müsəlman bu halı görüncə, səbəb olaraq hər şeydən öncə qəza və qədəri (taleyi) göstərər. Məsuliyyəti Qədər’ə yükləyən bütün Dünya tənbəllərin halı budur! Bir çox müsəlmana tənbəlliyi sevdirən, elə bu xüsusiyyətdir! Beləcə onlar arasında işsiz, gücsüz “Dərvişlər” adlanan firqə ortaya çıxdı. Reallıqda bu insanlar, İslam toplumunun bədənində iflic olmuş orqandan başqa bir şey deyillər.

 

Donuq fikirli müsəlman alışdığı təqlid bazalı dini elmdən başqa hər elmlə mübarizə aparır. Lakin unudur ki, Təbiət və Riyaziyyat elmləri, Həndəsə, Mexanika, Astronomiya, Tibb, Kimya, Stratiqrafiya və insan toplumuna faydalı olan digər hər bir elm – elə Dini elmdir! Birbaşa olmasa da, nəticə etibarıyla bu belədir!

 

Bəzi ayələrdə ləfzi və mənəvi işarələr vardır ki, ayədə bəhs olunan elm’in, Dünya elmi olduğuna dəlalət edir. Çünki bunlar, yaradılış haqqında bəhs edən ayələr əsnasında qeyd edilir. Maraqlısı budur ki, Qurani-Kərimdə bu cür ayələr, namaz, oruc kimi əməli ibadətlərdən bəhs edən ayələrdən dəfələrlə çoxdur. Məsələn Uca Allah buyurmuşdur:

“Görmürsənmi Allah səmadan su endirdi və sonra onunla müxtəlif rəngli meyvələr çıxardıq? Dağlarda da müxtəlif rəngli – ağ, qırmızı, və tünd qara cığırlar əmələ gətirdik. Eləcə də insanlar, heyvanlar və mal qara da müxtəlif rənglidir. Qulları içində Allahdan ancaq alimlər qorxar. Allah İzzətlidir və Bağışlayandır”. (Quran, 35/27-28)

 

Fikir verdinizsə, ayədə dünyəvi elmlərə də işarə vardır. Deməli, “dini və dünyəvi elm” deyə ayırım etmək, əslində tam doğru bir şey deyildir. Çünki, yuxarıdakı ayədə haqqında danışılan alimlər, Allahın varlığını dini elmlərlə bərabər, dünyəvi deyə adlandırdığımız elm növləri vasitəsilə daha yaxşı dərk edə bilərlər.

 

“Oxu” deyə əmr edən bir din, sonra “oxudunmu” deyə soruşmazmı?..

 

 

 

Şəkib Arslan’ın “Li Məzə Təəxxaral Muslimun” adlı kitabından (101-137) istifadə olunmuşdur.

 

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Share Button
Tarix: 16.04.2018 | Oxunma sayı: 745 baxış