İslam dini, insanın axirət xoşbəxtliyini təmin etməklə bərabər, dünyada gözəl həyat sürməsinə də xidmət edir. Dinimiz, gündəlik məişət həyatımızın qızıl qaydalarını bizlərə çox gözəl izah etmişdir. Misal üçün, sağlam qidalanma qaydaları haqqında Peyğəmbərimiz belə demişdir:

 “Bir çox xəstəliyin səbəbi, çox yeməkdir”. (C. Sağir, 1/36)

 

Həqiqətən də, mədəyə diqqət etməmək, insanın sağlamlığına ciddi təsir edir. Peyğəmbərimizin, bizlərə öyrətmiş olduğu yemə-içmə tərbiyəsi də, buna işarədir. Məşhur rəvayətdə belə deyilir: “Allahın elçisi, arpa çörəyindən belə doyunca yemədən bu dünyadan köçüb getdi..” (Buxari)

 

Toxluq, insanı qəflətə sürükləyərək, insanın ən böyük sərmayəsi olan həyatını, boşa xərcləməsinə səbəb olur. Vaxt – boş söhbətlər, çayxanalar, serial və kinoteatrlarla israf edilərək, insanı Allahı xatırlamaqdan uzaqlaşdırar. Halbuki Uca Allah buyurmuşdur:

“Elə ki (dünya işlərindən) azad oldun, qalx (dua et)! (Axirət üçün çalış-vuruş!)” (Quran, 94/7).

 

Peyğəmbərimiz’in (ona salam olsun) aşağıdakı sözləri, əlavə izaha ehtiyac duyulmayan gözəl tövsiyyələr hesab olunur: “Adəm oğlunun doldurduğu ən zərərli qab – onun qarnıdır. Adəm övladına, belini düz tutmağa yardım edəcək bir neçə tikə kifayət edər. Mütləq bundan çox yemək istəsə, mədəsini üç yerə bölsün: üçdə birini yemək, üçdə birini su, digər üçdə birini isə hava üçün ayırsın”. (İbn Macə)

 

Çox yemək çəkinin artmasına səbəb olur. Çəkinin artması isə (xüsusilə də qarının çıxmasıyla başlayarsa) müxtəlif xəstəliklərə, o cümlədən şəkər, ürək xəstəlikləri, infarkt və hətta xərçəng kimi ölümə bais olan bu dörd xəstəliklərə tutula bilərsiniz. Köklük, çəkinizin 20% faiz öz normal həddindən artıq olması deməkdir. Artıq çəki ürək və bütün bədən üzvlərinin sıxıntısına səbəb olur.

 

Məşhur amerikan alim Dr. Sheldon Pinnel (v. 2013) bu haqda belə demişdir: “Kim öz bədəninin normasını bilib o qədər yesə və o həddi aşmasa, sağlam qalar. Amma kim həddən artıq yeməyə adət edərsə öz əllərilə xəstəlik yaradır. Bu vəziyyətdə onun və heç kimin əlindən bir iş gəlməz”.

 

Buna görə də, İslam dini bu mövzuya çox həssaslıqla diqqət etmiş və çox yeməyi çirkin bir yenilik hesab etmişdir. Aişə anamız belə buyurmuşdur:

“Hz. Peyğəmbərdən sonra icad edilmiş ilk bidət (dində yenilik) – çox yemək yeməkdir”. (İhya, 3/86)

 

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Share Button
Tarix: 19.02.2018 | Oxunma sayı: 3. 839 baxış