İnsan, əslində çox zəif bir varlıqdır. Ətrafındakı insanlardan və hadisələrdən tez təsirlənə bilməsi, onu zəif edən ən mühüm amillərdən biridir. Kimisi dünya malı, kimisi ətrafındakı insanların düşüncə tərzi, kimisi də yaşadığı hadisələrin təsirilə, öz fikirlərini və həyata baxışını asanlıqla dəyişə bilir. Uca Allah da, bu reallıqlara işarə edərək belə buyurmuşdur:

“…insan zəif yaradılmışdır.” (Quran, 4/28).

 

Məhz bu səbəblə də müsəlman, daima özünü bu (mənfi) təsir dairəsinə düşməkdən qorumalı, öz savad və dünya görüşünü artırmağa çalışmalıdır.

 

İnsanın, təkcə ətrafındakı şəxslərdən mənfi mənada təsirlənmə ehtimalı olduqca böyükdür. Buna görə də dinimiz, dostluq üçün seçilmiş insanlar mövzusunda da, çox həssas davranmağa təşviq etmişdir. Peyğəmbərimiz (Ona salam olsun) buyurmuşdur:

“İnsan öz dostunun dinindədir. Elə isə hər biriniz, kiminlə dostluq etdiyinə fikir verin.” (Tirmizi).

 

Yəni, dostun necə birisidirsə, sən də mütləq ona uyğun birisi olacaqsan. Atalarımız gözəl demişlər: “Atı atın yanın bağlayanda, həmcins olmasa da, həmxasiyyət olar.”

 

Qeyd etdiklərimiz, bu məsələnin bir insan üçün nə cür əhəmiyyətli olması haqqında xəbər verir. Lakin, bir insana qarşı “ön yarqılı” olmaq, haqqında dərhal hökm verməyə tələsmək də olmaz. Musa peyğəmbərin hekayəsi, bunun ən gözəl misallarından biri sayıla bilər.

 

Kahinlərin Firon’a, “xalqından, səni məğlub edəcək bir nəfər oğlan doğulacaq” -deyə xəbər etməsi üzərinə, yeni doğulmuş bütün oğlan uşaqları, Zalım Fironun əmriylə öldürülürdü. Yeni doğulmuş körpə Musa’nı, anası bir müddət gizlədə bilmiş, sonra isə Allah tərəfindən belə xəbər gəlmişdi:

“Biz Musanın anasına (ilham yolu ilə, yaxud yuxuda): ‘Onu (Musanı) əmizdir; elə ki ondan ötrü qorxdun, onu dəryaya (Nil çayına) at. (Uşağın suda boğulacağından) qorxma və (ayrılığına da) kədərlənmə. Biz onu sənə qaytaracaq, özünü də peyğəmbərlərdən edəcəyik!’ – deyə bildirdik.” (Quran, 28/7).

 

Musa doğulduqdan sonra anası bir müddət onu əmizdirdi, sonra mamaçanın, onun oğlu olduğunu Firona xəbər verəcəyindən qorxaraq körpəsini bir sandığa qoyub Allaha dua edərək Nil çayına atdı. Bu zaman Firon, xanımı ilə oturub Nilə tamaşa edirdi. Suyun üzündə bir sandığın üzdüyünü görən Firon xidmətçilərə onu tutub gətirməyi əmr etdi:

“Fironun adamları axırda özlərinə düşmən kəsiləcək və başlarına bəla olacaq Musanı (içində olduğu sandıqla birlikdə) götürüb gəldilər. Həqiqətən, Firon, Haman və onların əsgərləri (küfr etdiklərinə, məsum uşaqları öldürdüklərinə görə) günahkar idilər.” (Quran, 28/8).

 

Firon və xanımı, Hz. Musanı özlərinə övlad götürmək istədikləri vaxt, hər halda onun, öz əllərində böyüyərək özlərinə tabe olacağını sanmışdılar. Halbuki, insan həyatının formalaşmasında iki mühüm amil rol oynayır: vərasət və tərbiyə. İnsan, bəzən vərasətin (irsi təsirin), bəzən tərbiyənin, bəzən də hər ikisinin təsiri altında qala bilir.

 

İnsanın öyrəndikləri, onun davranışlarını qismən dəyişir. Bununla bərabər insanın öyrəndikləri, əhatə dairəsindəki insanların təsiri və təhsil ilə tamamilə dəyişə biləcəyini, istənilən formaya rahatlıqla döndürüləcəyini düşünmək də yalnışdır. Yaxşı təhsilə, ətrafa malik savadlı və mədəniyyətli bir çox pis insan olduğu kimi, pis əhatədə yaşayıb böyümüş, təhsili aşağı səviyyədə olan, lakin yaxşı insan olaraq qalmış kəslər də vardır. Bu səbəblə də, insanlara dəyər verməyə çalışarkən, balansı (orta yolu tutaraq) davranmaq mütləqdir!

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad vacibdir!

Bənzər Məqalələr