Uca Allah, Ona iman edərək xeyirli əməllər edən insanlara həm dünya, həm də axirətdə xoşbəxt bir həyat vəd etmişdir. Dünya həyatında nə qədər sıxıntı və imtahan olursa olsun, Allahı özünə ən böyük dost seçmiş insanlar, bu xoşbəxt və əmin-amanlıqdan öz paylarını mütləq alarlar. Əsas olan, səbirli və təmkinli olaraq Allaha güvənmək və Onun yolunda tənbəllik etmədən qətiyyətli olmaqdır.
Bununla bərabər Uca Allah, Ondan üz döndərərək pis işlərlə məşğul olanların, insanlara zülm edənlərin və Ona ibadət etməkdə tənbəllik edənlərin, bu dünyada xoşbəxt kimi görünmələrinə baxmayaraq, daima sıxıntılı olacaqlarını da vəd etmişdir:

“Kim Mənim Zikrimdən (Qurandan, öyüd-nəsihətdən) üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik.” (Quran, Taha surəsi, 124).

 

Həqiqətən də xoşbəxtlik və əmin-amanlıq, dünya nemətlərinin çoxluğuna görə deyil, Allah’a bağlılığa görə əldə olunur. Neçə-neçə diyarlar vardır ki, dünya sərvətlərinin bolluğuna baxmayaraq, əhalisi ən çox intihar edən ölkələr siyahısındadır. Neçə-neçə ölkələr isə, Allaha qarşı etdikləri üsyanlar və çirkin əməllər ucbatından bəlalara düçar olmuşdur:

“Biz xoş güzəranına naşükür olub qürrələnən neçə-neçə məmləkəti (məmləkət əhlini) həlak etdik. Bu, onların özlərindən sonra yalnız az bir hissəsi məskun olan (bomboş, xaraba qalmış) yurdlarıdır. Onlara Biz varis olduq.” (Quran, Qasas surəsi, 58).

 

Məkkə müşrikləri də dünya nemətlərilə zəngin bir həyat sürmüş, lakin Allahın bütün insanlığa göndərmiş olduğu yol göstərici bir peyğəmbəri qəbul etməmiş, habelə ona və ona inananlara işgəncələr verərək böyük nankorluq etmişdilər. Allahın yolundan uzaq olmaları səbəbilə də, sıxıntı və bəlalardan qurtula bilməyən Məkkə müşriklərinin bu gün həmin bölgələrdə iz-tozları belə qalmamışdır. Buna görə də Uca Allah, bütün insanlar üçün ibrət naminə onları misal vermişdir:

“Allah təhlükəsizlik və əmin-amanlıq içində olan bir diyarı (Mək­­kəni) misal çəkir. Oranın ruzisi hər yerdən bol-bol gəlirdi. Lakin (əhalisi) Allahın nemətlərinə qarşı nankorluq etmiş, Allah da həmin şəhərə (sakinlərinin) etdikləri əməllərə görə (yeddi il) aclıq və qorxu bəlası daddırdı.” (Quran, Nəhl surəsi, 112).

 

Uca Allah, bizi və bütün müsəlmanları Öz müqəddəs yolundan üz döndərməyən, əmin-amanlıq içində yaşayan bəndələrindən etsin!

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad vacibdir!

Share Button
Tarix: 10.12.2017 | Oxunma sayı: 1. 950 baxış