Bir çox insanın meyil etdiyinin əksinə olaraq, Qurani-Kərim’də varlılarla oturub-durmaq və ya bunun bir üstünlük olması haqqında deyil, kasıb iman əhliylə daha çox vaxt keçirməyə çalışmaq barəsində ayə vardır.

 

Məşhur müfəssir Beydavi’nin təfsirinə görə, Məkkə müşrikləri, Peyğəmbərimizdən (Ona salam olsun) yanında olan kasıb müsəlmanları yanından qovaraq, onlara təhvil verməsini tələb etmiş, yalnız bu halda təzyiqləri azaldaraq dialoqa gedəcəklərini bildirmiş və bunun üzərinə aşağıdakı ayələr nazil olmuşdur:

 

“Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbrli apar (nəfsini qoru). Fani dünyanın bər-bəzəyini arzu edib nəzərlərini onlardan (yoxsul möminlərdən) çevirmə. Qəlbini Bizi (Quranı) xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və (hər) işində ifrata varan bir kimsəyə itaət etmə!” (Kəhf surəsi, 28).

 

Göründüyü kimi, İslam dininə görə üstünlük – şan-şöhrət və mal-mülklə deyil, iman’ın dərəcəsi və dünya bər-bəzəyi sevdasının azlığına görə bilinir. Lakin təəssüflər olsun ki, bir çox insanlar, bunun tam əksinə olaraq, insanları kateqoriyalara bölərək maddi cəhətdən imkanlıları daha üstün hesab edir, maddi vəziyyəti aşağı olanları isə, öz “səviyyəsinə” uyğun hesab etməyərək böyük ayrı-seçkiliyə yol verirlər. Bu isə, Allah qatında -təkəbbür əhlinə xas olduğuna görə- ən çox nifrət edilən günahlardan hesab olunur.

 

Uca Allah, bəndələrinə əsl şərəf və üstünlüyün nədə olduğunu bu cür bəyan etmişdir:

“Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır.” (Hucurat surəsi, 13).

 

Sözün özü: Allah qatında ən üstün kateqoriya’ya – maddi və vəzifə cəhətdən üstün olanlar deyil; iman, Allah’a bağlılıq və dünya üçün deyil, axirət üçün çalışan insanlar daxildir!

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad vacibdir!

Bənzər Məqalələr