Uca Allah hər bir insanı fərqli bacarıq və özəlliklərlə yaratmışdır. Fərqli rəng, fərqli dil və fərqli qabiliyyətə malik olan insan – Allahın bir möcüzəsidir. Bu fərqliliklər, heç bir insanı, digərindən tam mənada deyil, müəyyən özəlliklərdə üstün edir. Bir sözlə, fərqliliklər balanslı şəkildə yaradılmışdır.

 

“Verdiyi nemətlərlə sınamaq üçün sizi yer üzünün xələfləri təyin edən, dərəcələrə görə birinizi digərinizdən üstün edən Odur..” (Ənam surəsi, 165).

 

Buna görə də, heç kim “niyə filan şey filankəsə verilib, mənə isə yox” kimi yanlış düşüncələrə qapılaraq narazılıq etməməli, əksinə, özünə bəxş edilmiş üstün keyfiyyətlərə baxmalıdır. Çünki Uca Rəbbimiz, hər kəsə fərqli xüsusi keyfiyyətlər vermişdir. Bundan yararlanmaq və ya bunu axtarıb tapmaq isə, bir fərasət işidir.

 

Hz. Peyğəmbərin (Ona Salam olsun) hər səhabəsinə fərqli özəllik və bacarıqlarına görə müxtəlif vəzifələr verməsi də, yuxarıda qeyd etdiklərimizin ən əsas arqumentlərindəndir. Məsələn; Əli b. Əbu Talib’i qazilik, Muaz b. Cəbəl’i elm öyrətmək, Ubey’i Quran oxumaq, Xalid b. Valid’i döyüş, Hassan’ı şairliklə vəzifələndirmişdir.

 

Başqalarında olan özəlliklərə həsəd edən, başqalarının həyatını müşahidə edən və onlara “uyğunlaşmağa” çalışan insan – öz fərqli keyfiyyətlərini görməyi, və nəticədə, öz həyatını yaşamağı qaçırar. Necə deyərlər: “Başqalarının özəlliklərinə bürünməyə çalışmaq – intihardır.” Buna çalışan insan, daima narahat həyat sürdüyünə görə, psixoloji cəhətdən sarsıntı keçirər. Bunun müalicəsi – həsəddən uzaq olmaq və Allahın təqdirilə razı olmaqdadır.

 

Hz. Əbu Bəkr şəfqət və yumşaqlığı ilə, Hz. Ömər isə sərtliyi ilə Allah’ın dininə çox faydalı xidmət etmişlər. Heç biri, digərinin bu fitri fərqliliyinə bənzəməyə çalışmamışlar. Səhabənin biri kasıb, digəri varlı; biri digərindən daha yaraşıqlı; biri digərindən daha müdrik olmuşdur.

 

“Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər..” (Bəqərə surəsi, 286).

 

Başqalarının kimliklərinə bürünməyə çalışma, həsəd və paxıllıq etmə, öz bacarıqlarını, fərqli özəlliklərini görməyə çalış. Sənə verilmiş bacarıqlara razı ol, onları kəşf edib inkişaf etdirməyə çalış ki, xoşbəxt olasan və başqalarına da fayda verə biləsən..

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad vacibdir!

Bənzər Məqalələr