İnsan – təbiət olaraq günahlara meyilli şəkildə yaradılmışdır. Lakin, Uca Allah, bunun müqabilində Öz bəndəsinə iman yolunu tövsiyə etmişdir. Çünki, insanı pis əməllərdən yalnız Allaha olan imanı, Ona olan sevgi və qorxusu çəkindirə bilər. İnsanın öz Rəbbinə olan bağlılığı nə qədər çox olarsa bu, onun daxilindən başlayaraq, zahiri görkəminə və simasına qədər öz təsirini əks etdirər. Lakin, pis əməllərlə, günah işlərlə öz həyatını keçirən insan, heç vaxt qəlb rahatlığı tapmaz, xasiyyəti, davranışları və siması belə bundan öz bəd nəsibini almış olar.

 

Qısası – günahların insana bir çox zərərləri vardır. Bunlardan bəziləri aşağıdakılardır:

 

1. Davranışları və zahiri görünüşü dəyişər, pisləşər. Çünki, Uca Allah, nur’u yalnız saleh bəndələrinə bəxş edər, günahkar bəndələri isə bundan məhrum olarlar. İbn Abbas demişdir: “Günahlar – simaya qaralıq, qəlbə qaranlıq gətirər..”

 

2. Günahlar, insandan ədalət sifətini alıb götürər və beləliklə günahlara düçar olmuş insan, haqqı gizlətməkdən həya etməz, vicdanı sızlamaz.

 

3. Günümüzdə, “nə olsun ki günah edirəm, nə olsun ki ibadət etmirəm, amma qəlbim təmizdir” – sözü ilə özünü aldadanlar hələ də vardır. Halbuki, günahlar insanın qəlbini əsla təmizləməz, əksinə kirləndirər.

 

4. Günahlar, insanı Allahı yad/zikr etməyin ləzzətindən də məhrum edər. Beləliklə insan, zikrin mənasını da anlamaz.

 

5. Günahlar, insanı faydalı işlərdən məhrum edər və vaxtını zay edər. Çünki, günahkarın vaxtı yalnız günahlara “həsr olunar”.

 

6. Günahkar insan, digər insanların sevgisini qazanmaz, əksinə – günlər keçdikcə, sevilməyən, nifrət edilən birisinə çevrilər.

 

7. Duası qəbul olmaz. Həsən əl-Basri demişdir: “Dua edirəm, lakin qəbul olunmur – demə! Çünki sən, günahlarınla onun qəbuluna əngəl olmusan!”

 

8. Qəlbi qatılaşar. Peyğəmbərimiz buyurmuşdur: “Bəndə bir günah işləyəndə qəlbində qara bir ləkə əmələ gələr. Əgər tövbə edərsə, o ləkə silinər və qəlb yenə parlayar. Lakin yenə qayıdıb günah işlərsə, o ləkə artar, nəhayət, bütün qəlbi tutar.” (İbn Macə).

 

9. Ruzisi və ömrü bərəkətsiz olar. Peyğəmbərimiz demişdir: “İnsan, etdiyi günahından dolayı ruzidən məhrum edilər.” (Hakim). Bərəkətin həyatdan getməsi isə, ruzinin azalmasından daha ağır bir şeydir..

 

10. Elmdən məhrum olar. Uca Allah buyurmuşdur: “..Allahdan qorxun, Allah da sizi öyrətsin. Allah hər şeyi bilir.” (Quran, Bəqərə, 282).

 

11. Qəlbini və vaxtını öldürən pis dostlara qoşular. Peyğəmbərimiz demişdir: “İnsan öz dostunun dinindədir.” (Əbu Davud). Yəni, insan özü necə birisidirsə, ətrafında da yalnız özünə bənzəyənlər olar.

 

12. Qəmgin və pessimist olar. Çünki, bu dünyadan doğru şəkildə yararlanmır, əksinə ona zərər verən şeylərə (günahlara) aludə olur. Beləliklə də həqiqi xoşbəxtliyi dada bilmir..

 

13. Günahlara mübtəla olmuş insan, zəlalətə bürünər, içi daralar, daima sıxıntı hiss edər, dolanışı sıxıntılı keçər. Uca Allah buyurmuşdur: “Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik.” (Quran, Taha, 124).

 

 

Bu yazının hazırlanmasında Dahi alim İbn əl-Qayyim’in “Fəvaid” adlı əsərindən istifadə olunmuşdur.

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad vacibdir!

Share Button
Tarix: 06.08.2017 | Oxunma sayı: 1. 332 baxış