Ramazan ayının son 10 günü bu ayın ən əsas və ən əhəmiyyətli günləri sayılır. Necə ki, Ramazan ayında müsəlmanlar ibadətlərini və xeyir əməllərini başqa aylara nisbətdə artırırlar, Ramazan ayının son 10 günündə də müsəlmanlar Ramazan ayının əvvəlinə nisbətdə ibadətlərini daha da gücləndirməlidirlər.

 

Bu ay, əvvəli rəhmət, ortası bağışlanma və sonu cəhənnəmdən xilas olma ayıdır. Kim bu ayda inanaraq və qarşılığını Allahdan gözləyərək oruc tutarsa, keçmiş günahları bağışlanar. Kim də bu ayın gecəsində inanaraq və qarşılığını Allahdan gözləyərək ibadət edərsə, keçmiş günahları bağışlanar.

 

Bu ayın ən çox savabı olan günləri və gecələri son 10 gündür. Bu son 10 günün gecələri isə, ilin ən üstün gecələridir. Qurani Kərimdə bizlərə “..min aydan daha xeyirlidir.” (Qədr surəsi, 3). – deyə bildirilən Qədr Gecəsinin dəyərini çox yaxşı bilən Peyğəmbərimiz (Ona salam olsun) Ramazanın son 10 günündə daha çox ibadət edər, saleh əməllərini qat-qat artırardı. Başqa vaxtda etmədiyi qədər müxtəlif ibadətlərlə Allaha yaxınlaşmağa çalışardı.

 

Peyğəmbərimiz (Ona salam olsun) belə buyurmuşdur: Qədr gecəsini Ramazanın son on günündə axtarın.” (Muslim).

Başqa bir hədisdə, Peyğəmbərimiz buyurmuşdur: Kim Qədr gecəsini imanla və mükafatını Allahdan umaraq ibadət edərsə, keçmiş günahları bağışlanar.” (Buxari).

 

Bəs, içərisində Qədr gecəsinin də olduğu Ramazanın bu son 10 gününü necə səmərəli keçirə bilərik? Bunun cavabını aşağıdakı 15 bənddə tapa bilərsiniz:

 

1 – Allahın razılığını qazanmaq üçün işinizdən qalan vaxtınızı səmərəli istifadə edin;

Həyatımızda olan boş vaxtlarımızı demək olar ki, hər şey üçün istifadə edirik. Bəs nəyə görə bu dəfə Rəbbimizə dua və şükür etmək üçün bu vaxtımızı sərf etməyək? Heç olmasa, Ramazanın son 10 günündə Rəbbimiz üçün qalxıb gecə namaz qılsaq, Quran oxusaq, zikr etsək, dua etsək, bunlar bizim üçün Allahın razılığına aparacaq səbəblər ola bilər.

 

2 – Etikaf edin;

Etikaf – Peyğəmbərimizin Ramazanın son 10 günündə məsciddə etdiyi bir ibadətdir. Etikaf edənlər son 10 günü məsciddə keçirər və müxtəlif zikrlər edərək, Quran oxuyaraq/öyrənərək/əzbərləyərək xalis bir niyyətlə Allahın razılığını qazanmağa çalışarlar. Vacib bir şey olmadığı halda məsciddə çıxmadıqları kimi, gecəni də məsciddə ibadət edərək və yataraq keçirərlər. Etikaf edən kəsin yemək ehtiyacını isə məsciddə vəzifəli olan şəxs və ya o kəsin ailəsi təmir edər. Əgər kimsə 10 günlük etikaf edə bilmirsə, bir gecəlik, bir günlük və ya bir neçə günlük də etikaf edə bilər.

 

3 – Son 10 gündə aşağıdakı duanı çoxlu edin;

Aişə anamız (Allah ondan razı olsun) belə demişdir: “Mən dedim: “Ey Allahın Elçisi, de görüm, hansı gecənin Qədr gecəsi olduğunu bilsəm, nə deyim?”

Peyğəmbərimiz belə buyurdu: “De:

اَللَّهُمَّ إِنَّكَ عَفُوٌّ تُحِبُّ الْعَفْوَ فَاعْفُ عَنِّي

Allahummə innəkə afuvvun tuhibbul-afva fə’fu-anni.”

Duanın mənası: Ey Allahım, Şübhəsiz ki, Sən çox bağışlayansan və bağışlamağı sevirsən, məni bağışla! (Tirmizi).

 

4 – Quran oxuyun və ondan bacardığınız qədər əzbərləyin;

Əgər Quranı uzun müddətdir ki, oxumursunuzsa və ya az oxuyursunuzsa, bu günlər sizin üçün fürsətdir. Bu günlərdə Quran oxumağınızı və Qurandan bacardığınızı əzbərləməyi çoxalda bilərsiniz. Oxumağı və əzbərləməyi müəyyən plan çərçivəsində etməyiniz bu əməli məsuliyyətli və davamlı etməyinizə səbəb olacaq.

 

5 – Qurandakı mənalara diqqət yetirin;

Qurandan oxuduğunuz və ya əzbərlədiyiniz hissələrin mənasına və təfsirinə (izahına) də diqqət yetirin. Onların təsirini təfəkkür edin, düşünün və sosial həyatınızda bunları tətbiq etməyə çalışın.

 

6 – Günahlardan təmizlənin;

Peyğəmbərimiz (Ona salam olsun) buyurmuşdur: “Kim Qədr gecəsini imanla və mükafatını Allahdan umaraq ibadət edərsə, keçmiş günahları bağışlanar.” (Buxari).

Namazınızı qısa surələr oxuyaraq qılmaqdansa, uzun surələrlə qılmağa çalışın. Dualarınızı uzun, ürəkdən və səmimi bir şəkildə edin. Dualarınızı Qurandakı ayələrdə olan dualarla bəzəyin..

Əgər ancaq qısa surələri bilirsinizsə, bu surələrin mənalarını və təfsirini oxuyaraq da, bu ayələri öz duanıza əlavə edə bilərsiniz. Məsələn, Əsr surəsini bu cür dua halına çevirə bilərsiniz: “Ey Rəbbim, həqiqətən də, insanlar ziyan içərisindədirlər. Bizi iman gətirən, yaxşı işlər görən, biri-birinə haqqı və səbri tövsiyə edən qullarından elə. Amin!”

 

7 – Özünüz üçün dua siyahısı tərtib edin;

Özünüzə “Mən Allahdan nə istəyirəm?” – sualını verin. Bütün istəklərinizi bir siyahı tərtib edərək oraya yazın. “Bu istəyim (duam) olmaz. Bunu necə istəyim?” – deməyin. Allahın mərhəməti sonsuzdur və şübhəsiz ki, O, qullarının dualarına cavab verər. Siyahını tərtib etdikdən sonra aşağıdakı üç bəndə də diqqət yetirin:

1) İstəklərinizi ancaq Allahdan istəyin;
2) Bu istəkləriniz üçün nələr etdiyinizə nəzər yetirin;
3) İstəklərinizə (məqsədlərinizə) çatmaq üçün bir proqram/plan tərtib edin.

 

8 – Özünüzü hesaba çəkin;

Özünüzdən soruşulması lazım olan sualları soruşun. Özünüzə “Haradayam və haraya doğru gedirəm?” – sualını verin. Bu sualın nəticəsində, sizdə etdiyiniz yaxşı işlər üçün şükür və pis işlər üçün isə peşmançılıq hissi oyanmalıdır. Hiss etdiyiniz peşmançılıqla Allahdan bağışlanma diləmək üçün dua edin və bu peşmançılığın sizin ümidlərinizi puç etməsinə izn verməyin. Daha çox yaxşılığa diqqət yetirin və özünüzü Allahın rəhmətini xatırlayaraq motivasiya edin.

 

9 – Dualarınız uzun, ürəkdən və səmimi olsun;

Duanı hər zaman edə bilərsiniz. Gecənin son üçdə bir hissəsi dua etmək üçün yaxşı vaxtlardan biridir.
Peyğəmbərimiz (Ona salam olsun) belə buyurmuşdur: Uca və Ulu Rəbbimiz hər gecənin axır üçdə birində dünya səmasına enir və buyurur: “Kim Mənə dua edir ki, Mən də onun duasını qəbul edim?! Kim Məndən diləyir ki, Mən də ona dilədiyini verim?! Kim Məndən bağışlanma diləyir ki, Mən də onu bağışlayım?!” (Buxari və Muslim).

 

10 – Hər gecə fərqli bir dua öyrənin;

Öyrəndiyiniz duaların uzun olması şərt deyildir. Bir sətirlik də dua öyrənə bilərsiniz. Kəlimə-kəlimə nə mənaya gəldiyini bilməsəniz də, heç olmasa ümumən hansı mənanı ifadə etdiyini bilin. Bu duaları bir yerə də yaza bilərsiniz. Beləliklə, bütün günü üstünüzdə daşıya və nə zaman lazım olsa baxa bilərsiniz. Gecə olduğu zaman onları təkrarlayıb dualarınızda bu qısa duaları da edə bilərsiniz.

 

11 – İftarı ailənizlə birlikdə etməyə çalışın;

Ramazanın son günlərində iftarı ailənizlə etməyə çalışın. Unutmayın ki, ana-atanızı, yoldaşınızı xoşbəxt etmək tutduğunuz orucun savabını daha da artıracaq.

 

12 – Ailənizlə birlikdə Təravih namazına gedin;

Əgər yoldaşınızla və uşaqlarınızla bu Ramazanda təravih namazına getmək fürsətiniz olmadısa, heç olmasa Ramazanın son 10 gecəsində bunu edin və birlikdə təravih namazına gedin. Unutmayın ki, uşaqlarınız üçün gələcəkdə xatırlayacaqları və sizin üçün dua edəcəkləri xoş xatirələri etmək sizin əlinizdədir.

 

13 – Peyğəmbərimiz haqqında bir kitab oxuyun;

Məhəmməd Peyğəmbərin həyatından bəhs edən bir kitab oxuyun. Allahın razılığına çatmaq üçün Peyğəmbərimizin həyatı boyu nə qədər çaba göstərdiyini öyrənib, İslama və Peyğəmbərimizə olan sevgimizi nəzərdən keçirməliyik. Fədakarlıqla bugünkü günə gəlmiş İslam ümmətinin halını başa düşməli və Ramazanın son 10 gecəsini haqqı ilə keçirməliyik.

 

14 – Gələn il üçün plan qurun;

Özünüzü hesaba çəkdikdən sonra, qarşınızdakı 12 ay ərzində çatmaq istədiyiniz hədəflərinizi müəyyənləşdirin. Özünüzlə tək başına qaldığınız və özünüzü hesaba çəkdiyiniz bu 10 günün bir gününü (ibadətlərinizi axsatmadan) özünüzü hesaba çəkməyə, digər bir gününü isə plan tərtib etmək üçün ayırın.

 

15 – Qədr gecəsində edəcəkləriniz üçün bir siyahı tərtib edin;

Peyğəmbərimiz (Ona salam olsun) belə buyurmuşdur: “Qədr gecəsini Ramazanın son on günündə axtarın.” (Muslim).

Bu gecələr üçün edəcəklərinizin siyahısını tərtib edin. Etmək istədiyiniz ibadətləri, duaları yazın və gecənizi min aydan daha xeyirli bir şəkildə keçirin. Bu siyahı, sizi faydasız söhbətlərə qoşulmağa və zamanınızı boşuna keçirməyinizə mane olacaq.

 

Uca Rəbbimiz bizləri Ramazanın son 10 gününü haqqı ilə keçirənlərdən etsin.. Amin!

 

 

www.islamevi.az saytının elmi heyəti tərəfindən hazırlandı.

Materiallardan istifadə edərkən istinad vacibdir!

Share Button
Tarix: 19.06.2017 | Oxunma sayı: 195 baxış