Üzülmə! Allah səni qoruyacaq, mələklər sənin üçün Allahdan bağışlanma diləyəcək, möminlər isə, hər namazda sənin üçün dua edəcəklər. Qiyamət günü Peyğəmbərin arxasında olacaqsan (şəfaətinə nail olacaqsan). Quranın sənin üçün gözəl vədləri vardır. Daha da önəmlisi – mərhəmətlilərin ən mərhəmətlisi olan Allahın rəhmi var.

 

Üzülmə! Çünki yaxşılıqların qarşılığı 10 qatdan 700 qata qədər veriləcək. Bir pisliyin qarşılığı isə, yalnız öz misli qədər veriləcək. Hətta Rəbbin onu bağışlaya bilər. Bil ki, Allah hələ heç kimin eşidib-görmədiyi qədər üstün bir comərdliyə sahibdir.

 

Üzülmə! Sən İslam dininə mənsub və qibləyə doğru yönələn kəslərdənsən. Sən Allahı və Onun peyğəmbərini öz canından da çox sevirsən. Bir günah etdiyin zaman peşman olar, yaxşılıq etdiyin zaman isə, sevinc içərisində olarsan. Qəlbində çox gözəlliklər var. Lakin bunu bilmirsən..

 

Üzülmə! Sən azlıqda da, bolluqda da, kasıblıqda da, zənginlikdə də şükür etməyi bacarırsan. Peyğəmbərimiz (Allahın Ona salamı olsun) demişdir: “Möminin işi qəribədir! Həqiqətən, onun bütün işləri xeyirdir. Bu, mömindən başqa bir kəsə məxsus deyildir. Ona sevindirici bir şey gəldikdə, şükür edər, bu, onun üçün xeyir olar. Ona xoşagəlməz bir şey gəldikdə isə səbir edər, bu, onun üçün xeyir olar.” (Muslim).

 

Üzülmə! Bəyənmədiyin şeylərə səbir etmək və sıxıntılara qarşı dözümlü olmaq uğur və xoşbəxtliyin yeganə yoludur.

“Səbir et. Sənin səbir etməyin yalnız Allahın köməyi ilədir.” (Nəhl surəsi, 127).

“Mətanətlə (heç bir təlaş, narahatlıq keçirmədən) səbir et.” (Məaric surəsi, 5).

 

Hz. Ömər demişdir: “Biz yalnız səbir sayəsində gözəl yaşayışa nail olduq.” Bizdən öncə yaşamış xeyirli insanların çətinliklər qarşısındakı duruşları üç əsasa dayanardı: Səbir, dua və qurtuluşu (çətinliklərdən) gözləmək.

 

Bu onların Allah və rəsulundan aldıqları tərbiyə idi. Peyğəmbərimiz (Allahın Ona salamı olsun) belə demişdir: “(Özü haqda) eşitdiyi nalayiq sözlərə Allahdan daha çox səbir edən bir kimsə, yaxud bir məxluq yoxdur. Belə ki, (qulları) Ona övlad isnad edirlər, O isə onlara can sağlığı və (çoxlu) ruzi bəxş edir.” (Buxari).

 

Həmçinin, Onun (Allahın Ona salamı olsun) başına bir çətinlik gəldiyi zaman, buna görə üzülməz, əksinə belə deyərdi: “Allah Musaya rəhmət etsin. O, məndən daha çox imtahan edildi. Lakin buna səbir etdi.” (Muslim).

 

Müdriklər belə demişlər: “Hər kəs qollarını çırmalayıb, var gücü ilə çalışarkən, sən izzət və şərəf əldə etmək üçün çalışdın. Bir çoxu gücü tükənənə qədər şərəflə səbir etdi, vəfalı olan və səbir edən isə, izzət və şərəf qazandı. Düşünmə ki, şərəf – yediyin xurmadır (hər hansı bir dünyəvi ləzzətdir), səbirli olmadıqca şərəfə nail ola bilməzsən. Yüksəkliklərə xəyal və yuxu ilə deyil, yalnız səbir və qərarlılıqla çata bilərsən.”

 

Uca Allah buyurur: “Ey iman gətirənlər! Səbir edin, dözün, hazır olun və Allahdan qorxun ki, bəlkə, nicat tapasınız!” (Ali İmran surəsi, 200).

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad vacibdir!

Share Button
Tarix: 07.03.2017 | Oxunma sayı: 3. 004 baxış