Düşünürük ki, başımıza pis bir hadisə gəldiyi zaman dərhal bəddua və qarğış etməklə rahatlaşacaq və bir addım öndə olacağıq.. Əslində isə heç də belə deyildir. Bunu etməklə, bəlkə də zülm etmiş insana “yaxşılıq” etmiş oluruq. Hz. Aişə demişdir: “Mənim örtüm oğurlandı, oğruya qarşı Allaha dua etdim və Peyğəmbər (Ona Salam olsun) belə dedi: “Onun halını yüngülləşdirmə, onu öz günahı ilə baş-başa qoy!” (Musnəd, 6/45).

Burada qəsd olunan budur ki, malın oğurlanması və buna bənzər işlərin baş verməsi dünyada baş verən müsibətlərin bir hissəsidir və müsibətlərin hamısı insanın günahları üçün kəffarədir. Bu cür işlərdə səbir etmək, səbir edənə Allah tərəfindən bol-bol mükafat/savab gətirir.

 

Əgər müsibət oğru, qəsbkar və bunun kimi zalım bir insan əməlindən doğursa, məzlum tərəf qiyamət günü zalımın savabından götürməyə haqq qazanır və əgər onun (zalımın) savabı yoxdursa, məzlumun günahları onun üzərinə yüklənir.

Beləliklə əgər məzlum biri bu dünyada ona zülm edənə bəddua edərsə, duası ilə haqqının bir hissəsini almış olur və bununla zalımın günahını yüngülləşdirmiş sayılır. Buna görə də Allahın Elçisi, Aişəyə səbir etməsini və ona qarşı dua etməməsini buyurdu, çünki (ona qarşı dua etməsi) zalımın halını xəfifləşdirir. Peyğəmbərimiz demişdir: “Kim, ona zülm edənə bəd-dua edərsə artıq intiqam almışdır.” (Tirmizi, 3552).

 

Böyük alim Mucahid deyir: “Heç kəsi söymə, çünki bu, onun halını yüngülləşdirir. Allah üçün qəlbində sev və Allah üçün qəlbində nifrət et!”

Dahi şəxsiyyət Ömər b. Abdulaziz buyurmuşdur: “Bir nəfərə haqsızlıq ilə zülm edilər və məzlum, o, zalımı davamlı olaraq o qədər söyüb alçaldar ki, sonunda məzlum, öz haqqını alar və (bu azmış kimi) zalımın onun üzərində artıq haqqı olar.”

 

Bizdən öncə yaşamış xeyirli insanlardan biri belə dedi: “Əgər insanlar öz hökmdarlarına qarşı bəddua etməsəydilər, hökmdarlarının (bu dünyadakı) cəzası tez gələrdi.” Bu sözlərin mənası budur ki, o, bununla insanların onlara bəddua etməklə zalımdan haqlarını və ya haqlarının bir hissəsini almaqlarına işarə edir, beləliklə bunun nəticəsində onların (bu dünyadakı) aqibətləri dəf olunur.

Əhməd b. Hənbəl demişdir: “Zülm edənə qarşı bəddua edən, səbir edən sayılmaz.”

 

Peyğəmbərimiz buyurmuşdur: “Haqsızlıq ilə zülm olunmuş və Allah rizası üçün bu zülm haqqında susmuş elə bir qul yoxdur ki, Allah bu səbəblə ona güclü dəstək olmasın.” (Musnəd, 2/436). Başqa bir hədisdə buyurulmuşdur: “Əfv etdiyinə görə bir qulunun Allah yalnız izzətini artırar.” (Muslim, 2588).

Müdriklər deyərdilər: “Sənə zülm edənin zülmü sənə ağır gəlməsin, çünki əslində o, yalnız özünə zərər verməyə, sənə isə fayda verməyə nail oldu.”

 

Həccac bin əl-Furafisa dedi: “Kim ona zülm edən kəs üçün bağışlanma diləyərsə, şeytanı məğlub etmiş sayılır.”

Fudeyl b. İyad dedi: “Düşmənindən qazandığın savablar dostundan qazandığın savablardan daha çoxdur! Çünki düşmənin sənin qeybətini edir və gecə-gündüz sənə haqqını ödəyir (yəni, ya savablarını sənə verir, ya da sənin günahların ona yüklənir). Sənin hüzurunda onun adını çəksələr “Allahım, onu həlak et” – deməkdən razı olma, əksinə onun üçün Allaha dua et: “Allahım, onu islah et!” – de. Beləliklə, Allah sənə etdiyin duaların mükafatını verəcək. Əgər kimsə bir nəfərə “Allahım, onu həlak et” – şəklində dua edərsə, şeytanın arzusunu həyata keçirmiş olur, çünki Allah Adəmi yaradandan bəri şeytan yalnız insanların həlakı üçün çalışmışdır.”

 

Odur ki, bəddua və qarğışı deyil; səbir etməyi, Allah tərəfindən bol-bol mükafat və razılıq qazanmağı seçək!

 

Dahi alim İbn Rəcəb’in “Muxtəsar fi Muamələt’iz-Zalim əs-Sariq” adlı əsərindən istifadə olunmuşdur.

 

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad vacibdir!

Share Button
Tarix: 08.01.2017 | Oxunma sayı: 1. 394 baxış