Gələcək barədə qayğılar, bir çox insanın narahat bir həyat yaşamasına səbəb olan ən əsas amillərdəndir. Bu narahatlıqlar, həm psixoloji, həm də dini-mənəvi olaraq mənfi təsirlərini göstərə bilir. Çox zaman isə, bu qayğı və narahatlıqların əsaslı bir real səbəbi belə olmur. Yəni, sadəcə vəsvəsələrlə əlaqəli olaraq, insana gərəksiz qorxular verməkdən başqa heç bir işə yaramır.. Halbuki, əsası olmayan qayğı və şübhələrin çoxu, əslində heç baş vermir, reallaşmır. Tövratda da “qorxulan şeylərin çox baş verməz” – deyilmişdir.

 

Yəni, olacağından qorxulan şeylərin çoxu gələcəkdə baş verməz. Narahatlığa səbəb olan minlərlə ehtimaldan, bəlkə də heç biri də reallaşmayacaq.

Zehnlərdəki düşüncə və qayğılar, real həyatda baş verən hadisələrdən qat-qat çoxdur. Böyük alim Həsən əl-Basri‘nin dediyi bu sözlər, bəhs etdiyimiz mövzudakı doğru və sağlam düşüncəni çox gözəl ifadə edir:

“Dünya üç gündür. Biri dünən idi, o artıq geri dönməyəcək. Biri sabahdır, onu yaşayıb görəcəyinə dəqiq ümidin/ehtimalın yoxdur. Sənin bircə günün var – o da bu gündür. Ondan doğru istifadə et!”

 

Bizdən öncə yaşamış müdriklər belə deyərdilər: “Qəlbimə dedim ki, əgər içinə narahatlıq çökərsə, rahat ol. Çünki, qorxulan şeylərin çoxu əsassızdır.”

 

Gələcəyi doğru formada düşünmək, doğru hədəflər seçərək, bu yolda çalışmaq – müsbət bir xüsusiyyətdir. Lakin, əsassız narahatlıqlara görə üzülmək və həyatı qaraldaraq psixoloji gərginliklərə qapılmaq – üstün bir şəxsiyyət olan müsəlman’a yaraşmaz. Buna görə də, hər hansı bir xəbər və ya müsibət qulağa gəlib çatdıqda, tələsərək panikaya qapılmaq və kədərlənmək doğru deyildir. Çünki, xəbərlərin və gözləntilərin də çoxu əsassızdır. Soyuqqanlı bir şəkildə tələsməmək və araşdırma yolunu tutmaq, Uca Rəbbimizin bizlərə olan qızıl tövsiyəsidir:

 

“Ey iman edənlər! Əgər bir fəsadçı sizə bir xəbər gətirsə, (onu) araşdırın..” (Hucurat, 6)

 

Bilmək lazımdır ki, hələ baş verməmiş və baş verəcəyi də dəqiq bilinməyən şeylərə görə narahatlıq keçirmək, Allahın yazdığı Qədər’ə (taleyə) bir təsir etməz, sadəcə insanın özünə mənəvi və psixoloji zərbələr vurmuş olar. Müsəlman şəxs, qorxduqlarından Allah’a sığınmalı, bol-bol dua etməli və işlərini – ədalət və hikmət sahibi olan Uca Rəbbinə həvalə etməyi bacarmalıdır.

 

“..Mən öz işimi Allaha həvalə edirəm. Həqiqətən, Allah qullarını görür.” (Ğafir, 44)

 

Bununla yanaşı olaraq deməliyik ki, gələcək barədə pessimist düşüncədə olmaq və bu səbəblə də narahatlıq keçirmək, Allah haqda pis zəndə (bədgüman) olmaq – deməkdir. Bu isə, Allaha qarşı edilən ən ağır günahlardandır. Qüdsi bir hədisdə, Rəbbimiz belə buyurur: “Mən qulumla, (onun) mənə qarşı bəslədiyi zənnə görə davranıram, artıq qulum mənim barəmdə istədiyi zənndə olsun..” Gözəl zənndə olan kimsə, Rəbbinin Öz bəndəsinin etdiyi yaxşılıqların əvəzini verəcəyinə, vədindən dönməyəcəyinə, tövbəsini qəbul edəcəyinə, günahlarını bağışlayacağına, dünyada da, axirətdə də ona rəhm edəcəyinə və digər bu kimi müsbət düşüncələrə – səmimiyyətlə inanmalı, gələcəyə pozitiv baxmalıdır.

 

Bir nəfər, böyük alim Şafi’dən, ‘Allaha qarşı pis zənn necə olur?’ – deyə soruşduqda, o, belə cavab vermişdir:

“Vəsvəsə, başına bir müsibətin gələcəyi və əlindəki nemətin gedəcəyinə dair daima qorxu içərisində olmaq kimi bütün şeylər – Mərhəmətli və Rəhmli olan Allah barəsindəki pis zənnlərdəndir.” (Hilyətul-Əvliyə, 9/123)

 

İslam dini, əbədi həyatı qazandırmaqla yanaşı, insanı dünyanın psixoloji sarsıntılarından da qoruyur.

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad vacibdir!

Bənzər Məqalələr