Təşəkkür – ədəb və əxlaqın ən üstün şöbələrindən biridir. Çünki təşəkkür etməyi gözəl şəkildə bacaran insan, həm Allahı razı salmış olur, həm də qarşısındakı insana olan hörmətini ifadə etmiş olur, habelə onu sevindirir. Peyğəmbərimiz (ona Salam olsun) buyurmuşdur: “İnsanlara təşəkkür etməyən, Allah’a da şükür etmiş olmaz”. (Musnəd).

 

Lakin, təşəkkür etmək – sadəcə “minnətli qalmamağın” ifadəsi hesab olunmamalıdır. Çünki təşəkkür adlı bir əməlin var olma səbəbləri əslində tamam başqadır.

 

İslam müdriklərinin sözlərinə nəzər yetirdikdə, ‘insanlara təşəkkür etmək’ mövzusunda demək olar ki, heç bilmədiyimiz məsələlərin olduğunu görmüş oluruq:

 

1. Öyrənmiş oluruq ki, qarşı tərəfə təşəkkür etmək – içdən gəlməyən, kökü olmayan, əzbərlənmiş “çox sağol” və ya “Allah razı olsun” kimi ifadələrlə olmamalıdır. Yəni, istənilən gözəl söz və dua -içdən gəlmədikcə- bir önəm kəsb etmir. Deməli, təşəkkür’ün əsas məqsədi var imiş: Qarşı tərəf bu ifadələrin sadəcə dildə deyil, içdən gəldiyini hiss etməlidir.

 

2. Öyrənmiş oluruq ki, təşəkkür’ün digər məqsədi – «xala xətri qalmasın» anlayışı deyil, aradakı münasibətləri möhkəmləndirməkdir. İçdən gəlməyən quru sözlər, təşəkkür’ün yerini doldurmadığı kimi, insanlar arasındakı münasibəti də möhkəmləndirmir. Hətta zamanla süniliyin yayılmasına səbəb olur.

 

3. Bununla yanaşı öyrənmiş oluruq ki, təşəkkür – həmçinin qarşı tərəfi sevindirməyə xidmət etməlidir. Peyğəmbərimiz (ona Salam olsun) demişdir: “Fərzlərdən sonra ən qiymətli əməl, bir müsəlmanı sevindirməkdir.” (Təbərani). Təşəkkürü əsirgəmək və ya doğru formada etməmək – qarşı tərəfin istənilən üstün dəyərlərdən soyumasına belə səbəb ola bilər.

 

Buna görə də, insanlara təşəkkür etməyən və bunu doğru şəkildə etməyən kəs -yuxarıdakı hədisdə də qeyd edildiyi kimi- Allah’a da şükür etmiş sayılmaz. Uca Allah, insanlara dəyər verən, daima səmimi təşəkkürünü ifadə edən kəsləri, Özü də sevər, insanlara da sevdirər.

 

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad vacibdir!

Share Button
Tarix: 06.10.2016 | Oxunma sayı: 1. 712 baxış