İnsan həyatının başlanğıcı, çox mühüm bir hadisədir. Başlanğıcın gözəl və əlamətdar olması, gələcək həyatın da bu cür davam edəcəyinə, xeyirli bir insanın yetişəcəyinə bir işarə və müjdədir. Bu səbəblə də dinimiz, bu mühüm hadisəni, daha da gözəlləşdirmək və xeyir-bərəkətli etmək üçün bir neçə tövsiyələr etmişdir. Bunlardan bəzilərini qeyd edəcəyik:

 

1. Yeni doğulmuş körpənin (sağ) qulağına azan və (sola isə) iqamə oxumaq.

Bu, müstəhəbdir (vacib olmasa da, savabı bol olan bir əməl). Rəvayət olunduğuna görə, Peyğəmbərimizin qızı Fatimə, Həsən’i dünyaya gətirərkən, Allahın elçisi (Ona Salam olsun) onun qulağına namazın azanı ilə azan oxumuşdur. (Əbu Davud (5105) və Tirmizi (1514) rəvəyət etmiş, sonuncu hədisə ‘səhih’ demişdir). Böyük alimlər olan Tirmizi və Nəvəvinin dediyinə görə, müsəlmanlar tarix boyu bu hədisə əməl ediblər. (Məvahibul-Cəlil, 1/434).

 

2. Körpənin saçını qırxmaq və (saçın) çəkisi miqdarında sədəqə vermək.

Yeni doğulmuş uşağın saçını qırxmaq müstəhəbdir və alimlər bunun müstəhəb (sünnət, bəyənilən) olması haqda ortaq fikirdədirlər.
Rəvayətə görə, Peyğəmbərimizin qızı Fatimə – Həsən, Hüseyn, Zeynəb və Ummu Kulsum’un saçını çəkmiş və onun çəkisi qədər gümüşü sədəqə vermişdir. (Muvatta, 2/501).

Bəzi alimlərə görə bu əməl, sadəcə oğlan uşaqları üçün olsa da, bir çoxuna görə qız uşağına da edilə bilər. Bunu, doğumdan sonra, yeddinci gündə etmək daha yaxşıdır. Qeyd etmək lazımdır ki, bu işi ehtiyatla görmək, (əgər təcrübəsi olmayan şəxsdirsə) uşağı zədələməkdən ehtiyat etmək lazımdır. Nəticədə bu əməl vacib deyil, savabı bol olan və tibbi cəhətdən də tövsiyə edilən gözəl bir əməldir.

 

3. Körpənin damağına şirin bir şey (məsələn, xurma) sürtmək.

Buna təhnik deyilir. Təhnik, sağlam bir insanın, şirin bir şeyi yaxşıca çeynəyib, çox kiçicik hissəsini uşağın ağzına qoymaq və onu damağına sürtməkdir. Xurma ilə təhnik etmək, uşaq üçün tibbi olaraq olduqca faydalıdır. Lakin, yalnız xurma deyil, digər şeylərlə də (xurmadan sonra ən yaxşısı, təmiz baldır) təhnik etmək icazəlidir. Əbu Musa’nın belə dediyi rəvayət olunur: Mənim bir oğlan uşağım oldu və onu peyğəmbərə (Ona Salam olsun) gətirdim. Ona İbrahim adını verdi və onu bir xurma ilə təhnik etdi”. (Buxari və Muslim).
Alimlərdən bəziləri, bu əməldəki hikmətin, uşağın qidaya alışması olduğunu desələr də, bir çox alim bununla razılaşmamışdır. Bədruddin əl-Ayni demişdir: “Buradakı hikmət, onun üçün imanlı bir gələcək ümid etməkdir, çünki xurma, Allahın elçisinin mömin insana bənzətdiyi bir ağacın meyvəsidir və həmçinin imanın şirinliyi də ümid edilir..” (Umdətul-Qari, 21/84).

Qeyd edək ki, xurmadan başqa şirin şeylərlə təhnik etmədən öncə həkimlə məsləhətləşmək məsləhətdir.

 

4. Əqiqə qurbanı kəsmək.

Əqiqə kəsmək cahilliyyə dövründə ərəblərdə mövcud olan bir adət idi. Lakin cahiliyyə zamanında əqiqə mərasimi ilə bağlı digər əməllər də edilirdi. İslam şəriəti əqiqədəki mənfəət və məsləhətləri dəyərləndirərək onu müsəlmanlar üçün də bir sünnət etmişdir, lakin əqiqə ilə bağlı olaraq keçirilən bir çox əməli qadağan etmişdir. Bunu Bureydə’nin hədisində görə bilirik. Belə ki, Abdullah bin Bureydə deyir: “Atamı belə deyərkən eşitdim: Cahillikdə bizdən birimizin oğlu olduqda bir qoyun kəsib, onun qanını uşağın başına sürtərdik. Allah İslamı göndərdikdən sonra bir qoyun kəsərdik, uşağın başını qırxardıq və ona zəfəran sürtərdik”. (Əbu Davud (2843) və Hakim).

Ummu Kurz deyir: “Allahın elçisini (Ona Salam olsun) belə deyərkən eşitdim: Oğlan uşağı üçün eyni bərabərdə iki qoyun, qız uşağı üçün isə bir qoyun (əqiqə qurbanı) vardır”. (İbn Məcə (3162) və Tirmizi).

Əqiqə qurbanı, atanın üzərinə düşən müstəhəb (bəyənilən) bir əməldir və qurbanlıqda mövcud olan şərtlər əqiqəyə də aiddir. Ən yaxşısı isə, yeddinci gündə kəsməkdir (öncə də icazəlidir). Əqiqə hər bir heyvandan olmaz, lakin qoyun, keçi, dəvə və inəkdən əqiqə kəsmək olar. Heyvan qüsursuz olmalıdır. Qoyunda bir yaşdan kiçik, inəkdə iki yaşdan kiçik, dəvədə isə beş yaşdan kiçik olanı əqiqə kimi kəsmək olmaz. Alimlərin əksəriyyətinə görə həmin ətlə istədiyi kimi davrana bilər, diləsə ev əhli yeyər, diləsə ondan bir hissəsini sədəqə kimi paylayar. Çox sayda alim ətin çiy şəklində paylanması əvəzinə evdə bişirildikdən sonra paylanmasını və ya ziyafət verilməsini xoş görüblər.

 

5. Ad vermək.

Yeddinci gündə uşağa ad vermək müstəhəbdir. Ad vermək hüququ, ilk olaraq ataya məxsusdur. Valideynlərin, gözəl ad seçmələri, xeyirli bir övlad yetişdirmə yolunda ilk ən böyük addınlardan biridir. Peyğəmbərimiz (Ona Salam olsun) demişdir: “Siz Qiyamət günü adlarınız və atalarınızın adları ilə çağırılacaqsınız, ona görə də adlarınızı gözəl edin!” (Əbu Davud, 4948).

Allaha xas olan adlar və ya mənaları pis olan digər adlar istisna olmaqla, istənilən adı qoymaq icazəlidir. Peyğəmbərlərin, səhabələrin, saleh insanların adlarını və ya digər gözəl mənalı adları qoymaq, ən gözəlidir.

 

6. Sünnət etmək.

Cabir belə demişdir: Allahın elçisi, Həsən və Hüseyn (Allah hər ikisindən razı olsun) üçün əqiqə kəsdi və yeddinci gün onları sünnət etdi”. (Tabərani).

Qeyd edək ki, İslam dinində uşağın sünnət ediləcəyi vaxt barəsində qəti olaraq bir vaxt məhdudiyyəti yoxdur. Bu məsələ valideynlərin öhdəsinə və cəmiyyətin adət-ənənəsinə buraxılmışdır. Lakin, uşağın yeddinci günündə və ya həddi-büluğ çağında (7-13 yaş) sünnət edilməsi də uşağın həm psixoloji, həm də fiziki inkişafı baxımından daha doğru olduğu ifadə edlmişdir. Bu gün müasir tibb də bu məsələni təsdiq edir.

 

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad vacibdir!

Share Button
Tarix: 29.08.2016 | Oxunma sayı: 2. 823 baxış