Optimist olmaq üçün nə etməli?

 

1. Allaha təvəkkül etmək. Bir çoxumuzun ən az diqqət yetirdiyimiz məsələ – məhz budur. İnsan, öz gücünə inanmamışdan öncə, öz gücünü – Rəbbinin gücü və insanı xeyirə müvəffəq etməsi qarşısında bir heç hesab etməyi, hətta işi – tamamilə Allaha həvalə etməyi bacarmalıdır. Peyğəmbərimiz demişdir: “Siz Allaha layiqincə təvəkkül etsəydiniz, O, sizlərə də quşlar kimi ruzi verərdi. Səhər (evi­nizdən) ac çıxar, axşama tox qayıdardınız”. (Tirmizi)

 

2.Düşünmək vacibdir: Müsbət düşünmək, özünə və öz gücünə inanmaq lazımdır. Əgər hazırda gördüyünüz işi səmimi qəlbdən yerinə yetirirsinizsə, öz gücünüzə inanın. Təvəkküldən sonra insanın özünə inamı – uğurun açarıdır: “Bir nəfər Rəsulullahın hüzuruna gələrək: “Heyvanımı bağlayıb Allaha təvəkkül edim, yox­sa açıq buraxıb?” – soruşur. Allahın elçisi (ona salam olsun): “Bağla və təvəkkül et!” – buyurur”. (Tirmizi) Yəni, əməl etmədən, öz gücünə inanmadan edilən təvəkkül də, yetərsizdir.

 

3. Başqa insanların həyatınıza qarışmasına icazə verməyin: Bütün insanlar eynilə sizin kimi düşünmür. Dostlarınız yaxud qohumlarınız sizi şübhələrə sala biləcək məsləhətlər verə bilərlər. Digərlərinə deyil, dua və istixarə edərək, öz ürəyinizə qulaq asın. Cabir b. Abdullahın belə dediyi rəvayət olunmuşdur: “Allahın elçisi, bütün mühüm işlərdə bizə Qurandan bir surə öyrədirmiş kimi istixarəni də öyrədərdi…” (Buxari)

 

4. Yalandan və ikiüzlülükdən uzaq olun: Özünüz və ətrafınızdakı insanlara qarşı dürüst olun. İnsanlar bunu ictimaiyyət içərisində bildirməsələr belə, bu hər zaman yüksək qiymətləndirilir. Uca Allah buyurmuşdur: “Şübhəsiz: “Rəbbimiz Allahdır!” – deyən, sonra da (sözündə) düz olan kəslərə (ölüm ayağında) mələklər nazil olub (belə deyəcəklər): “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!” (Fussilət, 30)

 

5. Xeyirxahlığa inanın: Hər bir insanın müsbət və mənfi cəhətləri var, siz hansına üstünlük verirsiniz? Ətrafınızdakı insanların ləyaqətini qiymətləndirin və səmimi qəlbdən onların yaxşı cəhətlərini sadalayın, tərifləyin. Zaman keçdikcə görəcəksiniz ki, insanlar sizə qarşı daha yaxşı və mehriban olublar. “Yaxşılıqla pislik eyni ola bilməz! Sən (pisliyi) yaxşılıqla dəf et! Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!” (Fussilət, 34)

 

6. Çətinliklərə hazır olun: Həyata optimist yanaşma o demək deyil ki, sizin həyatınızda hər zaman hər şey çox yaxşı olacaq. Lakin optimist olmaq – bütün çətinliklərin öhdəsindən daha rahat gəlməyə zəmanət verir. Çətinliklərə – imtahan, savab və Allah qatında ucalma prizmasından yanaşmadıqca, optimist olmaq mümkün deyildir. Düstur olaraq bu ayə kifayət edər: “Biz onlardan əvvəlkiləri (keçmiş ümmətləri) də imtahana çəkmişdik. Şübhəsiz ki, Allah düz danışanları da (həqiqi iman sahiblərini də), yalançıları da çox gözəl tanıyar!” (Ənkəbut, 3)

 

7. Uğursuzluqları və səhvləri qəbul edin. Sizin bütün uğursuzluqlarınız və kiçik məğlubiyyətləriniz, əsl uğur divarınızı hörən kərpiclərdir. Məğlubiyyətsiz uğur yoxdur. Öz səhvləriniz və uğursuzluqlarınızdan dərs alın. Uğursuz təcrübənin özü də, əslində böyük bir təcrübədir. Necə deyərlər: Hər işdə bir xeyir var, biz bunu öncədən şərr kimi görsək belə..

 

8. Dəyərli insan olmağa hədəflənin. Buna isə, ancaq yaxşı vә xeyirxah insanlar nail ola bilirlər. Onlar, insanlar tәrәfindәn daima sevgi vә diqqәt әhatәsindә olurlar. Onlar bir yerdә olduqları zaman, oradakılar sevincli olarlar. Uzaq olduqları zaman isә, hәmişә axtarılar vә dua ilә xatırlanarlar. Gözəl demişlər: “İnsanın nəyə nail olduğu deyil, digər insanlara nə verə biləcəyi vacibdir. Əsl dəyərlilik də bununla bağlıdır. Müvəffəqiyyətli deyil, dəyərli bir insan olmağa çalışın”. (A. Eynşteyn)

 

9. Motivasiya – bu hər şey deməkdir: Əsl motivasiya olmadan müsbət düşünmək faydasızdır. İnsan fitrətindən doğan psixoloji amillər – nəyəsə görə yaşamağı və buna nail olmaq üçün motivasiyaya sahib olmağı – mütləq/vacib etmişdir. Təbii ki, dinimizin verdiyi motivasiyadan daha üstünü ola bilməz. Ayağa batan kiçicik tikana görə belə savab vəd edərək, günahları silən və təbəsssümü əmr edən bir gözəl yaşam tərzi olan İslam’dan daha üstün bir motivasiya ola bilərmi? 🙂

 

10. Müsbət düşüncə kifayət deyil: Müsbət düşüncəni tamamlamaq üçün sizi əhatə edən insanları sevin, sahib olduğunuz hər şeyə görə Yaradana (sonra isə yaradılmışlara) minnətdar olun və səmimi qəlbdən gülümsəyin. Bunun üçün ilk olaraq Allaha çoxlu şükr etmək, Onu sevmək və Onun qoymuş olduğu nizam çərçivələrinə maksimum dərəcədə riayət etmək lazımdır. Bu, Rəbbimizə qarşı ədəbli olmaq deməkdir. Bundan sonra isə insanlara qarşı gözəl davranışlı və təşəkkür adətli olmağa çalışmaq lazımdır. Peyğəmbərimiz (ona salam olsun) demişdir: “İnsanlara təşəkkür etməyən kəs, Allaha da şükür etməz”. (Əbu Davud)

 

11. Optimist olmaq vərdişi: Həyatda baş verənləri optimizm prizmasından qəbul etməyi özünüzə vərdiş edin. Məlumdur ki, vərdiş, insanın ikinci təbiətinə çevrilir. “İnsan tələsən (hövsələsiz) yaradılmışdır. (İnsan təbiəti etibarilə hövsələsizdir, tələskəndir)..” (Ənbiya, 37) Bu xüsusiyyət, insanı uçurumlara apara biləcəyi üçün, dinimiz hər zaman optimist olmağa, əsla ümidsiz olmamağa və hər iki dünyanın gözəlliklərini əldə etmək üçün dua etməyə təşviq etmişdir: “..Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi cəhənnəm əzabından qoru..” (Bəqərə, 201). Bu dua üçün belə mükafat verəcəyini vəd verən Rəbbimiz, Öz peyğəmbəri vasitəsilə, insanları optimist olmağa çağırmış, ümidsizlik və intihar kimi zəif xarakterləri isə, qadağan etmişdir (Buxari və Muslim).

 

Sözün özü: “OPTİMİST İNSAN – HƏR FƏLAKƏTDƏ BİR FÜRSƏT; PESSİMİST İNSAN İSƏ, HƏR FÜRSƏTDƏ BİR FƏLAKƏT GÖRƏR”.

 

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad vacibdir!

Share Button
Tarix: 14.08.2016 | Oxunma sayı: 4. 510 baxış