Şeytan kimdir? Nə üçün var?.. Bu sualların cavablarını bilirik.. İmtahan dünyasında, insanın əbədi həyat və ya üç günlük dünya arasında seçim etməsi, sınaqlardan keçməsi üçün öz nəfsindən sonra var olan – və hətta düşmən olan bir varlıqdır.. Bizdən nə istəyir? Məqsədi – insanı əbədi həyatdan məhrum etməkdir. İlk özəlliyini elə indi qeyd edək: qısqancdır! Adəm’i qısqandı, təkəbbürləndi və həm özü ədəbi həyatdan məhrum oldu, həm də hər bir insanı məhrum etmək üçün var gücü ilə çalışır.. Məhz buna görə də, bu acımasız düşməni və onun özəlliklərini bilmək mütləqdir..

 

1. Verdiyi vədə xilaf çıxar və yalan vədlər verər:

“İş bitdikdə şeytan deyəcək: “Həqiqətən də, Allah sizə gerçək vəd vermişdi. Mən də sizə vəd vermişdim, lakin (vədimə) xilaf çıxdım. Mənim sizin üstünüzdə heç bir hökmranlığım yox idi. Mən sizi (azğınlığa) dəvət etdim, siz də (dəvətimi) qəbul etdiniz. Buna görə də məni yox, özünüzü qınayın. Nə mən sizin köməyinizə çata bilərəm, nə də siz mənim köməyimə çata bilərsiniz..” (İbrahim, 22)

 

2. Allaha üsyan edər, asi olar: “..və Allaha asi olmuş hər bir şeytana uyan insanlar da vardır”. (Həcc, 3)

 

3. Yalnız azğınlığa çağırmağa gücü çatar:

“..Lakin mən sizi (günah işlətməyə, Allaha asi olmağa) çağırdım, siz də mənə uydunuz. İndi məni yox, özünüzü qınayın. Nə mən sizin dadınıza çata bilərəm, nə də siz mənim dadıma…” (İbrahim, 22)

 

4. İnadkardır:

“..(Məkkə müşrikləri) yalnız asi (inadkar) Şeytana ibadət edirlər..” (Nisa, 117)

 

5. Yalnız pisliklərlə vəsvəsələndirər. (Ənfal, 8)

 

6. İnsanların şükr etmələrini əngəlləmək üçün çalışar:

“Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm (soxulacağam) və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!” (Əraf, 17)

 

7. İnsanları qorxutmağa çalışar:

“O şeytan sadəcə sizi öz dostları ilə qorxudur. Möminsinizsə, onlardan qorxmayın, Məndən qorxun!” (Ali-İmran, 175)

 

8. Araya ədavət salmaq və NAMAZ’dan çəkindirmək üçün var gücüylə çalışar:

“Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?” (Maidə, 91)

 

9. Yaxşılıq etməsi yalanıyla aldadar:

“Həm də onlara (Adəm və Həvvaya): “Mən, əlbəttə, sizin xeyirxah məsləhətçilərinizdənəm”, – deyə and içdi”. (Əraf, 21)

 

10. İnsanlıq üçün açıq-aydın düşməndir:

“Həqiqətən, Şeytan sizin düşməninizdir, onu (özünüzə) düşmən tutun. O özünə uyanları cəhənnəm əhli olmağa çağırır”. (Fatir, 6)

 

11. Gücdən salmağa çalışar:

“(Uhudda) iki qoşun qarşılaşdığı gün içərinizdən üz döndərənləri şeytan, qazandıqları bəzi günahlar üzündən səhv etməyə (büdrəməyə) vadar etdi. Allah artıq onları bağışladı. Həqiqətən, Allah Bağışlayandır, Həlimdir”. (Ali-İmran, 155)

 

12. Boş xəyallara daldırar:

“Onları hökmən (doğru yoldan) sapdıracaq, (puç) xülyalara salacağam..” (Nisa, 119)

 

13. Pis əməlləri, gözəl göstərərək aldadar:

“..Şeytan (çirkin) əməllərini onlara gözəl göstərmiş, onları (doğru) yoldan sapdırmışdır. Buna görə də haqq yolunu tapa bilmirlər..” (Nəml, 24)

 

14. Kasıblıqla aldadar:

“Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər, Allah isə (əksinə) sizə bağışlanmaq və bərəkət vədəsi verər. Allah (mərhəməti ilə) genişdir. (Allah hər şeyi) biləndir”. (Bəqərə, 268)

 

15. Təkəbbürlüdür:

“Yalnız İblisdən başqa! O (səcdə etməyə) təkəbbür göstərdi və kafirlərdən oldu”. (Sad, 74)

 

16. İnsanlara göstəriş üçün əməl etməyə təşviq edər:

“Öz mallarını xalqa göstərmək (şöhrət qazanmaq) xətrinə xərcləyənləri, Allaha və axirət gününə inanmayanları da (Allah sevməz). Şeytanla yoldaşlıq edənlərin yoldaşı necə də pisdir!” (Nisa, 38)

 

17. Allahın ayələrindən, zikrindən üz döndərənlərə yoldaş olar:

“Kim Mərhəmətli (Allahın) zikrindən üz döndərsə, Biz şeytanı ona calayarıq və o da ona yoldaş olar”. (Zuxruf, 36)

 

18. Unutqanlıq verər:

“..Doğrusu, onu xatırlamağı mənə yalnız şeytan unutdurdu..” (Kəhf, 63)

 

19. Beyinləri gərəksiz incəliklərlə məşğul edər: (Bəqərə, 67-71)

 

20. Nankordur: (İsra, 27)

 

21. İsraf edənlərə qardaşdır:

“Həqiqətən, (malını əbəs yerə) sağa-sola səpələyənlər şeytanların qardaşlarıdır..” (İsra, 27)

 

Şeytanın heç bir gücü yoxdur. O, yalnız insanların imtahanı üçün mövcuddur. Kim Allaha itaət edər, Onun əmrlərinə riayət edər və Allaha boyun əyərək, şeytandan sığınarsa, Allah həmin kəsi qoruyar.

“Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir”. (Əraf, 200)

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad vacibdir!

Share Button
Tarix: 21.07.2016 | Oxunma sayı: 3. 319 baxış