Məhəmməd peyğəmbər (ona Salam olsun) Allahın ən sevimli bəndəsi olmaqla yanaşı, bütün insanlıq üçün də ən önəmli şəxsiyyətdir. Çünki o, ömrünün sonuna qədər insanları cahilliyin qaranlıq və bataqlıqlarından çıxarmaq üçün çalışmış və insanları, Rəbbimizin gözəl yoluna çağırmaq üçün bütün varlığını fəda etmişdir. Belə bir insan sevilməzmi?.. Hər birimiz, O’nu canımızdan da çox sevdiyimizi desək də, bu sevgini test etmək üçün gözəl bir imkana sahib olacağıq. Başlayırıq; kim Allah’ın elçisini (ona və ailəsinə salam olsun) sevdiyini iddia edirsə, bu altı əlaməti özündə hiss etməlidir:

 

1. Tam olaraq Onun getdiyi yol ilə getmək. Peyğəmbərimizin getdiyi yol: Allaha itaət, sülh, axirət üçün çalışmaq yoludur. Peyğəmbərimizin yolundan başqa bütün yollar batildir:

“Şübhəsiz ki, kafir olanlar, (insanları) Allah yolundan azdıranlar və doğru yolu tanıdıqdan sonra Peyğəmbərə qarşı çıxanlar Allaha heç bir zərər vura bilməzlər… (Allah) onların bütün əməllərini PUÇA ÇIXARACAQDIR” (Muhəmməd, 47)

Onun yolunu sevmək və onun yolunda getmək – Allah inancının əsasıdır. Bəs, onu sevmək, bizə nə qazandıracaq? – deyə düşünmək istəsək, ‘Allahın günahlarımızı əfv etməsi’ – cavabına sevinə bilərik.. Həqiqətən də, bundan daha gözəl bir hədiyyı ola bilərmi?.. Uca Allah buyurmuşdur:

“(Ya Rəsulum!) De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!” (Ali-İmran, 31)

 

2. Onu görməyi çox arzulamaq. Səhabələr Allah’ın elçisini çox qısa bir müddət görməyincə, halları pis olur və bundan dolayı sıxılardılar. Bəli, fiziki olaraq görmək imkanımız yoxdur, bunu bilirik. Bəs nə etmək olar?.. Yuxu.. İnsan’ın ən çox düşündüyü/arzuladığı şeyi, real olaraq görməsi bəzən mümkün olmasa da, ən azından yuxusunda görməsi mümkündür. İnsanın, çox düşündüyü bir şeyin yuxusuna gəlməsi, psixoloqların da təsdiqlədiyi bir amildir. Bir insan, Allahı və Rəsulunu nə qədər çox sevərsə, bu gözəl yolun öndəri haqda nə qədər düşünərsə, onu yuxusunda görməsi ehtimalı da çox olar. Onu yuxuda görmək, Allah tərəfindən böyük bir müjdədir..

 

3. Quran oxumaq. Abdullah b. Məsud demişdir: “Kim Allahı və Onun elçisini sevib-sevmədiyini öyrənmək istəyirsə, o zaman (hansı səviyyədə/gözəllikdə) QURAN oxuduğuna nəzər yetirsin”. 

 

4. Peyğəmbərimizin sevdiyi kəsləri sevib, sevmədiklərini sevməmək. Allahın elçisi, Rəbbimizə boyun əyən, xeyirxah işlər görən hər bir insanı sevmiş, bunum əksini edənləri isə, sevməmişdir.

 

5. İslam dini, hər bir məsələdə orta yolu tutmağa təşviq edərək, ifratçılığa qarşı mübarizə aparmışdır. Buna görə də, hətta peyğəmbərimizə qarşı sevgidə belə, ifrata varmaqdan uzaq durmaq – O’nu sevməyin növbəti əlamətidir. Allahın elçisi (ona salam olsun) buyurmuşdur: “Xristianların, Məryəm oğlunu ilahlaşdırdıqları kimi, siz də məni ilahlaşdırmayın! Sözsüz ki, mən də bəndəyəm. Elə isə mənə – Allah’ın qulu və elçisi deyin..” (Buxari)

 

6. Dində olmayan, sonradan əlavə olunmuş yeniliklərdən/bidət və xurafatlardan uzaq olmaq. Bunun üçün elmə yönəlmək, passiv bir həyat sürməkdən uzaq olmaq lazımdır. Çünki, bilməməzlik və tənbəllik, bir çox şər qapılarının açarıdır. Peyğəmbərimiz vida həccində, dinə sonradan əlavə olunan hər bir əlavə və xurafatların, necə də ağır bir günah olması haqda belə buyurmuşdur:
‎وكل بدعه ضلله وكل ضلله في النار
“..Hər bir yenilik/bidət zəlalətdir və hər bir zəlalət də Od’dadır (cəzası cəhənnəm odudur)”.

 

Uca Allah, hər birimizi, əziz peyğəmbərimizi həqiqi mənada sevərək, onun gözəl yoluyla getməyi nəsib etsin!

 

 

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad vacibdir!

Bənzər Məqalələr