Səbir – elə bir ipdir ki, sən ‘qopacaq’ sanırsan, lakin o, getdikcə daha da güclənir. Sən ‘qurtaracaq’ deyə sanırsan, o isə, daha da artır..

Bəli! Səbir haqqında bildiklərimizi, yeniləməyə və hətta – tam sıfırlayaraq, başdan öyrənməyə ehtiyacımız var. Niyə? Çünki, səbir etməyin nə olduğunu anlamaq lazımdır ki, səbirsizlik – həyatdan küsdürməsin..

Yaqub peyğəmbər, öz oğlu Yusuf’un ölüm xəbəri gəldikdə: “…Mənə gözəl səbir gərəkdir. Söylədiklərinizin müqabilində Allahdan kömək diləmək lazımdır” – demişdi (Yusuf, 18). Çünki o, gələcəyə baxır, nikbin düşünür və beləliklə – səbir edirdi..

Çünki, SƏBİR ETMƏK – sakitcə durub gözləmək deyil, irəli baxışlı olmaqdır.
Tikana baxıb gül’ü;
Gecəyə baxıb gündüzü – düşünməkdir.. Yeni ayın (hilalın) gəlməsi üçün, sadəcə olaraq zaman lazımdır..

Bəli, səbir elə budur. Gecəyə baxıb, gecədə qalmayacaqsan, gündüzü düşünəcəksən.. Çünki, bütün gözəl nəticələr, məhz səbirdən sonra gəlir. Peyğəmbərimiz (ona salam olsun) demişdir:

“Ən üstün ibadət – sıxıntıya səbir etməkdir”. (Tirmizi)

Əgər yaxşı olacağına inanırsansa, əmin ol ki müjdə artıq qapıdadır. Əgər səbir etsən və heç vaxt vaz keçməsən, o zaman daha da böyük müjdələrə artıq çox az qalıb.. Uca Allah buyurmuşdur:

“Səbir et! Həqiqətən, Allah yaxşı iş görənlərin mükafatını puç etməz”. (Hud, 115)

  

Sıxıntılar – bir qonaqdır, gəldikləri kimi, çıxıb gedəcəklər.. O zaman, səni sınaq etmək üçün bu qonaqları göndərən (Allah) üçün, səbir et.. Bil ki, “..şübhəsiz ki Allah səbir edənlərlə bərabərdir”. (Bəqərə, 153)

Əgər deyilən şəkildə səbir etsən, səhərlər, dünənləri unutduracaq. Səbr – qapını döymək deyil, qapıda gözləməkdir. Qapının açılacağına əmin ol və tələsmə..
Ümidsiz olma, dua var; tələsmə, səbir var; mümkünsüzlük yoxdur – Allah var..

Məhz buna görə də, “..Allah səbir edənləri sevir..” (Ali İmran, 146)

  

SÖZÜN ÖZÜ: Gücünə çox güvənmə.. Səbrimiz – gücümüzdən çox şey bacarar!

 

 

 

 Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad vacibdir!

Share Button
Tarix: 18.05.2016 | Oxunma sayı: 4. 363 baxış