Allah Rəsulunun (Allahın ona salavat və salamı olsun) Səhabələri haqqında məlumatlı olan və onların saleh həyatları haqqında düşünən hәr bir kimsə, onların həm – ciddi səy, arzu, çalışqanlıq, həm də böyük bir qorxu (Alllah qorxusu) içində olduqlarını rahatlıqla görə bilər.. Lakin, bizlər isə, xeyirli əməllər işləmək yolunda olduqca həvəssiz və hətta səhlənkar olduğumuz kimi, eyni zamanda da özümüzü qorxudan uzaq, güvən hissi içərisində hiss edirik.. Sanki Cәnnәt’lә müjdәlәnmiş kimi, Allah qorxusunu unutmuşuq vә bu azmış kimi, günah bataqlıqlarına yuvarlanırıq..

 

 

Buyurun, bu da — Әbu Bəkr əs-Siddiq (Allah ondan razı olsun)..

 

O, belə buyururdu: «Kaş ki bir möminin bədənində bir tük olsaydım..»

 

Peyğəmbərin dostu, sirdaşı və doğru danışdığından dolayı Rəsulullah tərəfindən «SİDDİQ» (doğru danışan) ləqəbini alan Әbu Bəkr, dilindən də şikayətçi idi.. Belə deyərdi:  «Bu dil məni bəlalara düçar etdi..»

 

Çox ağlayar və:  «Ağlayın.. ağlaya bilməsəniz heç olmasa ağlamış kimi bir hal alın» — deyərdi..

 

Səhabələrdən bir çoxu belə deyərdilər: “Әbu Bəkr  namaza qalxdığı zaman, bədəni Allah qorxusundan sanki odun kimi kəsilərdi..”

 

Bir dəfə ona gətirilən bir quşu əlində tutdu, çoxlu-çoxlu baxdı və sonra belə dedi: «Bir heyvan ovlanıbsa və bir ağac kəsilibsə, bu — mütləq Allahı zikr edib, Onun şəninə təriflər deməyi tərk edib, laqeyd olmaları səbəbilə olmuşdur..»

 

Vəfat edərkən qızı Aişə`yə (Allah ondan razı olsun): : «Ey qızım, mən müsəlmanların malından bu əbanı, bu süd sağanı və bu köləni götürmüşdüm.. Bunları müsәlmanların Xәlifәsi Ömərə apar» — deyirdi..

 

Әbu Bəkr (Allah ondan razı olsun): «Vallahi kaş ki, bu meyvəsi yeyilən və kəsilib dirək edilən ağac olardım..» deyərdi..

 

Qatadə (Allah ondan razı olsun) belə deyir: «Әbu Bəkr belə deyərdi — «Kaş ki heyvanların yediyi bir ot olardım»

 

Bəlkə də, bunları oxuyan kimsə heç əhəmiyyət belə vermədən digər sətrlərə keçməyə üstünlük verir.. Lakin, heç düşünmür ki, haqqında danışılan şəxs — Allah Rəsulunun (Allahın ona salavat və salamı olsun) səhabəsi, Allahın Öz Peyğəmbəri üçün seçdiyi ən yaxın dost, sirdaş və eyni zamanda Onun qayınatası, Quranda adına işarə edilən şəxs, Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) daima sağında olmasını istədiyi insan, Rəsulullahdan sonra bütün müsəlmanların ittifaqına görə ən fəzilətli şəxs, Ondan sonra ilk xəlifə olmuş bir insan olan — Әbu Bəkr əs-Siddiqdir (Allah ondan razı olsun).. Lakin, bunlara baxmayaraq təqvası səbəbilə, heç bir zaman arxayınlaşmamış, aciz bir qul olduğunu heç vaxt unutmamışdı.. Çünki, bu dünyanın bir imtahan olduğunu və qəlblərin sabit qalmasının yalnız Allah qorxusuna bağlı olduğunu gözəl bilirdi.. Bu səbəblərdən də, hər bir müsəlman üçün bu kimi insanların sözləri, əməlləri daima örnək və məsələnin nə dərəcədə ciddi olmasından xəbər verən bir dərs olmalıdır..

 

Buyurun, bu da — Möminlərin Əmiri — Ömər ibn əl-Xattab (Allah ondan razı olsun)..

 

Bu ad — cəsarət, şücaət və igidlikdən xəbər verir, elə deyilmi?.. O insan sərt xasiyyətli və güclü bir səhabə idi.. Bir haqsızlıq görərkən:«Ey Allahın Rəsulun, izn ver, bunu edənin boynunu vurum!» -ləfzini olduqca çoxlu sayda rəvayətlərdə görmüşük.. Lakin, bu insanın yumşaldığı, cəsarətinin qırıldığı bir məqam var idi — ALLAH QORXUSU..

 

Bir gün Tur surəsini oxuyarkən «Şübhəsiz Rəbbinin əzabı mütləq baş verəcək» (Tur, 7) ayəsinə çatarkən, xəstələnib yataqlara düşənə qədər hönkür-hönkür ağladı və hətta insanlar Onun şiddətli dərəcədə xəstələndiyini görərək, ziyarət etməyə gəldilər..

 

Ölümünə az qalmış oğluna:

 

«Vay sənin halına!.. Yanağımı torpağa qoy.. Bəlkə Rəbbim ona mərhəmət edər..» — deyirdi..

 

Sonra üç dəfə:  «Әgər bağışlanmasam vay halıma!..» — dedi və beləcə ruhunu təslim etdi..

 

Dəfələrlə Quran oxuyarkən bir ayə səbəbilə dəhşətə düşüb xəstə olduğu, günlərlə evində qaldığı və insanların onu xəstə sanaraq ziyarət etmələri rəvayət olunur..

 

Üzündə çoxlu ağladığından dolayı meydana gəlmiş iki qara xətt var idi..

 

İbn Abbas (Allah ondan razı olsun) ona:  «Allah sənin vəsilənlə şəhərlər saldırdı, səninlə fəthlər etdirdi və belə belə etdirdi..» – dediyi zaman:

 

 «Kaş ki, nə savabım, nə də, günahım olmayardı və beləcə əzabdan xilas olardım..» — deyirdi…

 

Buyurun, bu da Osman ibn Afvan (Allah ondan razı olsun)..

 

Allah Rəsulunun (Allahın ona salavat və salamı olsun) iki qızını ərə verdiyi və: «Rəhmanın Mələkləri belə Ondan həya edir» – dediyi kimsə..

 

Bir qəbrin başında dayanarkən saqqalı yaşayarana qədər ağlayar və: — «Әgər hansına girməklə əmr olunacağımı bilmədən Cənnət ilə Cəhənnəm arasında olsam, kölə olmağı tərcih edərdim..» – deyərdi..

 

Buyurun, bu da Әli ibn Əbu Talib (Allah ondan razı olsun) və (Onun) təqvası…

 

İslamı ən erkən qəbul edən gənc və Rəsulullahın: «Әli məndəndir, mən də Əlidən» — dediyi kimsə..

 

Onun fəzilətləri haqqında danışsaq, Allaha and olsun ki, buna nə saatlar, nə günlər, nə də, illər kifayət etməz..

 

Uzun-uzun əməllər etmək və həva-həvəsinə uymaq – Hz. Әlinin ən şiddətlə qorxuduğu şeylərdən idi..

 

Belə deyərdi: «Uzun (saysız-hesabsız) əməl — axirəti unutdurar, həva-həvəsə uyğun davranmaq isə, haqdan uzaqlaşdırar.. Diqqət edin!.. Dünya çəkib gedir, axirət isə, bizə doğru gəlir.. Hər ikisinin də, adamları var.. Siz dünyanın deyil, axirətin adamlarından olun.. Çünki, bu gün əməl var hesab yoxdur, sabah isə, hesab olacaq əməl isə yox..»  

 

..Әbu Dərda (Allah ondan razı olsun) belə deyərdi:  «Qiyamət günü ən çox qorxduğum şey — mənə: «Ey Әbu Dərda!.. Bilirdin.. Bəs bildiyinlə necə əməl etdin?!» — deyilməsidir..

 

Həmçinin, belə deyərdi:  «Ölümünüzdən sonra sizləri nələrin gözlədiyini bilsəydiniz, iştahla yemək yeməz, su içməz, kölgələnmək üçün evlərə girməzdiniz.. Dağlara çıxar sinələrinizə vurar və özünüz üçün hönkür-hönkür ağlayardınız.. Ehh.. Kaş ki, yetişdirilən və meyvəsi yeyilən bir ağac olardım..»

 

Təfsirçilərin padşahı və Peyğəmbərin (Allahın ona salavat və salamı olsun): “Allahım, onu dində fəqih (doğru, geniş anlayışlı) et!” – deyə dua etdiyi bir şəxs arxayınlaşmadığı halda, kimsə arxayınlaşaraq, özünü sanki dünyada ikən Cənnətlə müjdələnmiş kimi hiss edə bilərmi?!.. Rəvayət olunur ki, Abdullah İbn Abbasın (Allah ondan razı olsun) iki gözünün altında göz yaşından meydana gəlmiş, ayaqqabı bağına bənzər iki iz var idi..

 

Әbu Zər (Allah ondan razı olsun) belə deyərdi:  «Kaş ki, bir ağac olardım, kaş ki yaradılmayardım..»

 

Ona Beytul-Mal`dan (dövlət xəzinəsindən) maaş təklif edildiyi zaman: «Bizdə südünü içdiyimiz bir keçi, üzərində əşya daşıdığımız eşşək, xidmətçi və bir də, əba var.. Mən bunların hesabından qorxuram!.. Belə halda maaşın hesabını necə verim?!»

 

Təmim əd-Dari (Allah ondan razı olsun) bir gecə Casiyə surəsini oxuyarkən: «Yoxsa günah qazanan kəslər onları həyatda olduğu kimi, ölümündən sonra da iman gətirib yaxşı işllər görənlərlə eyni tutacağımızı güman edirlər?..» (Casiyə, 21) — ayəsinə çatdığı zaman bu ayəni səhərə qədər ağlayaraq təkrarladı..

 

Әbu Ubeydə Amir ibn Cərrah (Allah ondan razı olsun) belə buyurur: «Kaş ki bir qoç olardım, sahibim məni kəsərdi, ətimi yeyib, şorbamı içərdilər.. və belə qurtulardım..»

 

Səhabələrin bu və bundan daha artıq keyfiyyətlərə sahib olduqları hər kəsə məlumdur.. Məhz buna görə, Uca Allah onları Öz Peyğəmbəri (Allahın ona salavat və salamı olsun) üçün seçdi və onlardan razı oldu.. Bu səbəbdən də istənilən halda Onların bu cür fəzilətləri haqqında danışılan sözlər, yazılan kitablar tam olaraq haqqını verə bilmir ki, bilmir.. Gəlmiş geçmiş bir çox alim, səhabələr haqqında -haqqını tam verə bilməyəcəyi qorxusuyla- çox danışmaq riskinə girməyiblər.. Buna görə biz də, mövzunu çox uzatmaq istəmirik..

 

İbrahim Təmimi (Allah ona rəhmət etsin) buyurur:  «Hər dəfə sözümlə əməlimi müqayisə edərkən, yalançı olmaqdan qorxmuşam..»

 

İbn Әbu Malik (Allah ona rəhmət etsin) belə buyurur: «Otuz səhabə gördüm.. Hamısı özləri haqda qorxu içində idilər.. Onların heç biri, imanının Cəbrayıl və Mikayılın imanı kimi olduğunu söyləmirdi..»

 

Həsən əl-Bəsridən (Allah ona rəhmət etsin) belə rəvayət olunur:  «Allahdan yalnız mömin qorxar, Ondan (Onun əzabından) yalnız münafiqlər özünü rahat, əmin hiss edərlər..»

 

Uca Allah Öz Peyğəmbərinə münafiqlərin adlarını vəhy etmişdi.. Bu sirri Peyğəmbərimiz yalnız Huzeyfəyə (Allah ondan razı olsun) bildirmişdi.. Ömər (Allah ondan razı olsun) Huzeyfə`yə:  «Allah xatirinə söylə, Rəsulullah münafiqlərin adları arasında mənim də adımı zikr etdimi?» — dəyincə, O: «Xeyr» — cavabını vermiş, sonra: «Səndən sonra heç kimə Peyğəmbərin söylədiyi adlar arasında olub-olmadığını söyləməyəcəyəm» dedi.. Bundan sonra Allaha həmd və şükr etdi.. Baxmayaraq ki, artıq bundan əvvəl Uca Allah bütün Səhabələrdən razı qaldığını bildirərək, onların hamısını Cənnətlə müjdələmişdi..

 

Həqiqətən qorxulmağa, həya edilməyə ən layiq olan — Pak və Nöqsansız olan aləmlərin Rəbbi — Uca Allahdır.. Allahdan qorxmayan bir qəlb — qəlblərin ən şərlisidir.. Allahdan qorxmayan insanın istənilən zaman, istənilən hərəkəti etməsi gözlənilməlidir..

 

Uca Allah, Xaliqdən (Yaradandan) qorxmayanın, məxluqdan qorxacağını vacib etmişdir.. Çünki, Allahdan qorxan kəs, başqa heç bir şeydən qorxmaz.. Allahdan qorxmayan kəs isə, İlahi duyğulardan uzaq qaldığı üçün acizləşər və zəlil olar.. Bunu istədiyi qədər gizlətməyə çalışsada..

 

Səhabələr Cənnətlə müjdələnmiş, mübarək şəxslərdir.. Uca Allah onlara rəhmət etsin.. Lakin, buna baxmayaraq öz Müəllimləri (ona Allahın salamı olsun) kimi heç vaxt bununla arxayınlaşmamış, qəlblərin Rəhmanın әlindә olduğunu heç vaxt unutmamışdılar..

 

Onlar bizim burnumuza qonan, sonra isə əlimizlə qovduğumuz bir milçək kimi dəyər vermədiyimiz, bəlkə də, heç günah belə hesab etmədiyimiz əməlləri dağlar boyda günah hesab edirdilər..

 

Onlar namazlarını 2-3 dəqiqəlik bir iş hesab etmirdilər.. Rəbblərinin hüzurunda duracaqları üçün qəlbləri titrəyər, ayaqları əsərdi..

 

Onlar dəstəmaz alarkən, isti havada sadəcə sərinləmək və ya soyuq havada biraz soyuq su görən kimi dəstəmaz almaq fikrindən dönən kəslər kimi deyildilər.. O kəslərin dəstəmaz alarkən rəngləri saralardı.. Bunun səbəbi soruşulduqda isə:

«İndi kimin hüzurunda duracağımı bilirsənmi?!» — deyə cavab verərdilər..

  

Onlar gəzərkən «birdən ayağımın altında kiçik bir həşərat qalar və Allahın yaratdığı bir canlıya aziyyət vermiş olaram» düşüncəsi ilə ehtiyatla gedərdilər..

  

Onlar ayaqlarının altındakı torpaqdan, daşdan və hətta tozdan belə zövq alırdılar.. Çünki onlar, bu şeylәri Allahın yaratdığını və O’nun heç bir şeyi boş-boşuna yaratmadığını bilən, düşünən bir təfəkkür əhli idilər..

  

Onlar əməllərini «birdən görən olar, savablarım puç olar və mənə riya olaraq yazılar» qorxusuyla gizlincə etməyə çalışardılar..

 

Onlar bir-iki ayə, hədis öyrənən kimi özlərini alim hesab etmirdilər.. Öyrəndiklərini əmələ çevirməyənə qədər bunu elm saymaz, bundan qürur duymazdılar..

 

Onlar ölümü sadəcə basdırılmaq və dünyəvi bir itki kimi qəbul etmirdilər.. Ölüm haqda daima fikirləşər, tədarük görərdilər.. Tədarükləri isə — təqva, əxlaq, elm vә әmәl idi..

 

Sufyan əs-Səvri (Allah ona rəhmət etsin) buyurur: «Әgər heyvanlar sizin kimi ölümün nə olduğunu dərk etsəydilər, yeməyə bir dənə belə olsun kök heyvan tapmazdınız..»

 

Qorxu – yalnız ümidlə cəm edildiyi təqdirdə fayda verər.. Alimlər gözəl buyurmuşlar:

 

«Әgər qorxu qəlbini parça-parça edərək, səni ümidsizliyə doğru apararsa, o zaman Allahın rəhmətini yadına sal və ümidini heç bir zaman itirmə.. Әgər Allahın rəhmətinə ümid edərək, əməllərini yetərli hesab edərək və özünü arxayınlaşmış hiss edirsənsə, o zaman Allahın əzabını xatırlayaraq Qorxunu yada sal..»

 

Uca Allah bizləri sevib seçdiyi və razı qaldığını bildirdiyi Rəsulullah’ın, onun şәrәfli ailәsinin (әhli-beytinin) vә sәhabәlәrinin yolunda sabit etsin və bizləri O`ndan həqiqi mənada qorxan və eyni zamanda ümidini itirməyən qullarından etsin..

 

 Bu yazının bir qismində «əl-Fəvaid» adlı kitabdan istifadə olunmuşdur.

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad vacibdir!

 

Bənzər Məqalələr