Sual: Kostyum – şalvar və qalstuk – bantik və s.-dən istifadənin hökmü nədir?

 

Cavab: Bu, örfdən, adətdən asılıdır. Əgər yaşadığın yerdə insanların bu cür geyinməsi normaldırsa, məqbuldursa geyinməkdə bir problem olmamalıdır. Lakin paltarların ətəkləri çox uzun olmamalıdır, əzaları göstərəcək şəkildə dar olmamalıdır. Qadağan edilmiş zəfəran rəngində olmamalıdır, xalis ipəkdən olmamalıdır. Xülasə, adətə aid bir şeydirsə, haram olduğunu iddia edən açıq-aydın dəlil gətirməlidir.

 

Sual: Deyirlər “Bu geyimlər, əsasən qeyri-müsəlmanlara xasdır və biz belə geyinsək qeyri-müsəlmanlara oxşamış olarıq ki, bu da qadağandır.” Deyirsiz ki, yuxarıda qeyd etdiklərimi müsəlmanların istifadə etməsində bir problem yoxdur?

 

Cavab: Əvvəla, kostyum, qalstuk – qeyri-müsəlmanların simvol, onlara məxsus geyimlərdən hesab olunmur, bütün dünya bu cür rahatlıqla geyinir. Onlara xas olan geyimlər – misal üçün, rahiblərin bellərinə bağladıqları, çiyinlərinə atdıqları müxtəlif geyimlərdir. İkincisi isə, bir geyimin qeyri-müsəlmanlara aid olması, onu avtomatik olaraq haram etmir. Peyğəmbərimizə (Allahın ona salavat və salamı olsun) peyğəmbərlik gəldiyi zaman bütün səhabələr elə Məkkə müşrikləri geyindikləri kimi – o adət üzərə geyinirdilər və yeni bir geyim də icad etmədilər. Bununla yanaşı, yahudilərə xas olan “Teylasam” deyə bir geyim var idi (çiyinlərinə atdıqları şal idi). Buna görə də, Bizdən öncə yaşamış xeyirli insanlar – bu cür geyinməyi məkruh (bəyənilməyən) hesab edirdilər. Lakin sonralar bu geyim ətraf bölgələrə, hətta müsəlmanların arasına yayıldı və hər kəs bu cür geyinməyə başladı. Alimlər də bunu mübah (icazəli) hesab etdilər. Misal üçün İbn Həcər “Fəthul-Bari”-də bu haqda danışarkən demişdir ki, artıq bu geyim yahudilərə xas hesab olunmadığı üçün bunu geyinmək məkruh (bəyənilmir) yox, mübahdır (icazəlidir), çünki artıq hamı tərəfindən qəbul olunmuşdur. Kostyum, qalstuk kimi geyimlər də həmçinin.. Bu cür geyimlər də qeyri-müsəlmanlara xas olan bir mahiyyət qalmamışdır və buna görə bu cür geyinmək məkruh (bəyənilməyən) hesab olunmaz – qalmışdı ki, haram. Daha doğrusunu Allah bilir.

 

www.islamevi.az saytının elmi heyəti tərəfindən cavablandırıldı. Tərtib: Ayxan Yaquboğlu

Share Button
Tarix: 06.02.2016 | Oxunma sayı: 2. 144 baxış